Məhkəmə qərarları › İş №1(032)-128/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-128/2024

04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-128/2024 04.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:57-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilib cəzası 01 il 06 ay sınaq müddəti təyin edilməklə şərti hesab edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilməklə və CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 11 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 04 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,287 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 24 mart 2024-cü il tarixdə saat 19:00 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyattədbiri nəticəsində Şirvan şəhəri, Füzuli küçəsində hərəkət edərkən saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sol yan cibində olan həmin 1 ədəd bükümdə təmiz çəkisi 0,287 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, təxminən 1 ilə yaxındır ki, psixotrop maddə metamfetamindən istifadə edir, xx.xx.2024-cü il tarixdə, axşam vaxtı Şirvan şəhərində yaşadığı küçənin yaxınlığında yerdə 1 ədəd büküm görmüş, həmin bükümü yerdən götürüb açmış, əvvəllər də psixotrop maddə metamfetamin istifadə etdiyi üçün tanıdığına görə içərisində psixotop maddə metamfetamin olmasını bilmiş və həmin metamfetamini bükümdə əynindəki şalvarının sol yan cibinə istifadə etmək məqsədilə qoymuşdur. Həmin tarixdə, təxminən saat 19:00 radələrində Şirvan şəhəri, Füzuli küçəsində gəzərkən Şirvan şəhər polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və ona üzərində narkotik vasitə saxlamaqda, narkotik vasitədən və psixotrop maddədən istifadə etməkdə şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış aparılması üçün Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Şirvan şəhər polis şöbəsinə getmişdir. Polis şöbəsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuş, vəkil gəldikdən sonra polis əməkdaşlarının, vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya olubolmamasını soruşub, olduğu halda könüllü təqdim etməyini təklif etmişdir. O da, əynində olan qara rəngli şalvarın sol yan cibində olan bir bükümdə psixotrop maddə metamfetamini masanın üzərinə qoymuş və həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını söyləmişdir. Sorğu zamanı polis əməkdaşına bir bükümdə psixotrop maddə metamfetamini yaşadığı evin yaxınlığında tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərində olan 1 ədəd ona məxsus “Redmi Note11” markalı və 1 ədəd “Kgtel” markalı mobil telefonu polis əməkdaşına təqdim etmişdir. Üzərində başqa narkotik vasitə, psixotrop maddə və ya hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Ondan aşkar edilib götürülmüş bir bükümdə psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş, daha sonra zərfə qablaşdırılmış, üzəri möhürlənmiş, zərfin üzərində vəkili, digər polis əməkdaşları imza etmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol vəkil, polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Narkotik vasitələrin və psixotrop maddələrin alqısatqısı ilə məşğul olmamış, yalnız istifadə etmiş, psixotrop maddədən istifadə edərkən tək olmuş, yanında heç kim olmamışdır. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 göstərdi ki, hazırda Şirvan şəhər Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili işləyir. 24 mart 2024-cü il tarixdə Şirvan şəhəri, Füzuli küçəsi, ev 4-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olması barədə daxil olan məlumat və tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar əsasında ŞPŞ-nin CAB-nin rəisi, polis polkovnikleytenantı X5, Şirvan ŞPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2, Şirvan ŞPŞ-nin TBnin təhqiqatçısı, polis baş leytenantı X2 və ondan ibarət əməliyyat qrupu yaradılmış, daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:00 radələrində Şirvan şəhəri, Füzuli küçəsində saxlanılıb şəhər polis şöbəsinə gətirilmiş, şəhər polis şöbəsinin inzibati binasında saat 19:30-da videoçəkiliş vasitəsilə vəkilin və adı çəkilən polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmiş, əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “Redmi” markalı və 1 ədəd “Kgtel” markalı mobil telefonları çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümdə olan metamfetaminə bənzər kütləni yaşadığı Şirvan şəhərindəki küçənin yaxınlığında yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən başqa heç bir qadağan olunmuş əşya və ya predmet aşkar olunmamış, elektron tərəzi vasitəsi ilə Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümdə olan memtamfetaminə bənzər kütlə çəkilərkən sellofan bükümlə birlikdə çəkisinin 0,4 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümdə metamfetaminə bənzər kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol onun, digər polis əməkdaşı, vəkil və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Şahid2 həmin ifadəsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamini 24 mart 2024-cü il tarixdə yaşadığı küçədə yerdən tapdığını bildirmişdir. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd “REDMİ” markalı mobil telefon və 1 ədəd “KGTEL” markalı mobil telefon aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24 mart 2024-cü il tarixli “şübhəli şəxsi tutma haqqında protokoldan və qərardan” görünür ki, Təqsirləndirilən şəxs hüquqları 24 mart 2024-cü il tarixdə saat 19:00-da məhdudlaşdırılmış, saat 19:15-də şübhəli şəxs qismində tutulmuşdur. 24 mart 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamini 24 mart 2024-cü il tarixdə yaşadığı küçədə yerdən tapdığını bildirmişdir. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd “REDMİ” markalı mobil telefon və 1 ədəd “KGTEL” markalı mobil telefon aşkar olunmuşdur. İstintaq zamanı videoçəkiliş tətbiq edilməklə şəxsi-axtarış istintaq hərəkəti aparılmasını əks etdirən kompakt diskdə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar edilməsinin videolentə alınması müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış keçirilməsinin video kadrları əks olunan kompakt disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 25 mart 2024-cü il tarixli, 3-16-16/2-18/322 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,287 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi- 0,05 qram, qalıq- 0,237 qramdır. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. 26 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 26 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 mart 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 xx.xx.2024-cü il tarixli, 154 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. Məhkəmə-narkoloji ekspertizasının 26 aprel 2024-cü il tarixli 2723 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X10 xx.xx.2024-cü il tarixli 18-1-35/2-593/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in polikilinika şöbəsinin Ruhi-əsəb narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-109841/2024 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs Mərkəzi Filial tərəfindən hər hansı növ əmək pensiyası ödənilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 08 may 2024cü il tarixli, 3-17-1/2-108969/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs əlilliyinin olması barədə məlumat aşkar olunmayıb və ona əlilliyə görə sosial ödəniş təyin edilməyib. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2024-cü il tarixə anadan olmuş X6 adlı övladı var. İş materiallarında olan, cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Şirvan ŞPŞ-nə daxil olmuş tələbnaməyə verilən cavabdan, Abşeron rayon Məhkəməsinin 1(012)-33/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən və Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Əhmədov X3 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilib cəzası 01 il 06 ay sınaq müddəti təyin edilməklə şərti hesab edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilməklə və CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 11 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 04 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş, onun tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»na əsasən ittiham aktında göstərilən psixotrop maddənin miqdarı (0,287 qram psixotrop maddə metamfetamin) xeyli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını,qəsdin obyektinin psixotrop maddələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi müəyyən edir. Eyni zamanda həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratdığından onun cəzasını ağırlaşdıran hal kimi qəbul edir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Əhmədov X3 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilib cəzası 01 il 06 ay sınaq müddəti təyin edilməklə şərti hesab edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilməklə və CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 11 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 04 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır. Məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli şübhəi şəxs qismində tutulduğu tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,237 qram psixotrop maddə metamfetamin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən müvafiq qaydada məhv edilməlidir. İş üzrə maddi sübut 01 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 31 manat 95 qəpik Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 24 mart 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlama anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,237 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 31 manat 95 qəpik pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar