Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-128/2025 30.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 16:25-də Şirvan Şəhər Məhkəməsinin hakiminin sədrliyi, katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi – Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Əli Bayramlı Şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şirvan şəhəri, Vidadi küçəsi ev 76-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 22 may 2025-ci il tarixdə saat 16:30 radələrində sürücülük hüququ olmaqla sərxoş olmadan idarə etdiyi özünə məxsus “Mercedes Benz D-YÜK” markalı, ** UF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində avtomobili geriyə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, təhlükəsiz manevr edərək hərəkətin digər iştirakçılarına maneə yaratmamalı və lazım gəldikdə başqa şəxslərin köməyindən istifadə edərək manevr etməli olduğu halda lazimi diqqətlilik və ehtiyatlılıq göstərməyərək bunları etməmiş və ehtiyatsızlıqdan avtomobilin arxasında dayanmış qızı, piyada, xx.xx.2023-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq sonuncunun baş beyinin diffuz travması baş beyin maddəsinə qansızma ilə, sağ gicgahda, sağ bazuda, döş qəfəsinin sağ yan səthində, gövdənin sağ yan səthinin aşağı şöbəsində sıyrıq xəsarətləri ilə müşayiət edilən və dərəcsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər alması və aldığı xəsarətlər nəticəsində baş beyinin diffuz travması səbəbindən ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 may 2025-ci il tarixdə təxminən saat 16 radələrində yaşadığı evin həyətində olan avtomobil təmiri yerindən çıxıb evlərinin sağ tərəfində saxladığı özünə məxsus Mersedes Benz D-YÜK markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmişdir. Avtomobili işə salaraq təxminən 1 metr arxaya verən zaman avtomobilin arxasından toxunma səsi gəlmişdir. O dərhal avtomobili saxlayıb düşərək arxa tərəfə qaçmışdır. Görmüşdür ki, avtomobilinin arxasında olan pilləkən azyaşlı qızı Lətafətə toxunmuş və Lətafət yerə yıxılmışdır. Həmin vaxt səsinə evdə olan anası Şahid çıxmışdır. O dərhal anası ilə birlikdə qızı Lətafəti öz avtomobili ilə Şirvan Şəhər Mərkəzi Xəstaxanasına gətirmişdir. Xəstəxanada bildirmişlər ki, Lətafət sağ gicgah hissəsindən xəsarət alıb. Təxminən 2 saat Lətafətə tibbi yardım göstərilməsinə baxmayaraq Lətafət aldığı xəsarətdən vəfat etmişdir. Həyətlərində olan avtomobil təmiri yerindən çıxıb avtomobilinə əyləşmək üçün gedəndə avtomobilinin arxasına diqqət etmiş, həmin vaxt avtomobilinin arxasında heç kim yox imiş. Qızı Lətafət o, avtomobilinə əyləşən vaxt evlərinin qapısından çıxıb avtomobilinin arxasına keçərək orada dayanmışdır. O, avtomobili arxaya verərkən avtomobilinin sağ və sol güzgülərindən arxaya baxdıqda heç bir maneə olmadığına əmin olaraq hərəkət etdirmişdir. Avtomobili saz vəziyyətdə olmuş, qızı Lətafət o avtomobilə gedib əyləşən vaxtı qəfildən avtomobilinin arxasına gəlib dayanmışdır. Bu səbəbdən də o, Lətafətin avtomobilinin arxasında olmasını görməmişdir. Hadisə vaxtı o, avtomobilini arxaya təxminən 1 metr verdikdə avtomobilə toxunma səsini eşidib dərhal saxlamış, həmin vaxt avtomobilinin sürəti 3-5 km/saat olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. xx.xx.2025-ci il tarixdə saat 16 radəlində qaynanası Şahid ilə birlikdə evdə olduqları vaxt mərhum qızı Zərərçəkmiş şəxs də onların yanında olmuşdur. Həmin vaxt onların mətbəxdə iş görməyə başları qarışdığı vaxt qızı Lətafətin həyətə çıxmağından xəbərləri olmamışdır. Qəfildən həyətdən həyat yoldaşı Əlisahibin qışqırığını eşidib çölə çıxmışlar. Görmüşlər ki, Əlisahib idarə etdiyi avtomobillə arxaya sürərkən qızı Lətafəti ehtiyyatsızlıqdan vurmuş və qızı yerə yıxılmışdır. Əlisahib və qayınanası ilə birlikdə onlar qızı Lətafəti avtomobilə mindirərək xəstəxanaya aparmışlar. Xəstəxanada qızı Lətafətə tibbi yardım göstərilməyinə baxmayaraq o vəfat etmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: 22 may 2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 22 may 2025-cü il tarixli 13 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər- baş beyinin diffuz travması baş beyin maddəsinə qansızma ilə, sağ gicgahda, sağ bazuda, döş qəfəsinin sağ yan səthində, gövdənin sağ yan səthinin aşağı şöbəsində sıyrıqlar - küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 22 may 2025-ci il tarixdə “Mercedes Benz D-yük” markalı avtomobilin piyada ilə toqquşması nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilir. Zərərçəkmiş şəxs ölümünə səbəb qeyd olunan xəsarətlər nəticəsində baş vermiş baş beyinin diffuz travması olmuşdur. Meyitdə baş verən ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 2-4 saat əvvəl baş vermişdir. Yol-nəqliyyat hadisələri üzrə məhkəmə ekspertizasının 22 iyul 2025-ci il tarixli 8/1502 nömrəli rəyində göstərilmişdir ki, İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Mercedes-Benz D yük markalı 90 Uf 269 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 23 may 2025-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, meyit təşrih masası üzərində arxası üstə uzadılmış, çılpaq vəziyyətdə, qadın cinsli meyit vardır. Meyit yaşına uyğun inkişaf etmiş, düzgün bədən qurluşludur. Dəri səthi istidir, avazımış meyit rəngindədir. Meyit qacıması və meyit ləkləri zəif inkişaf etmişlər. Boyunun uzunluğu 95 sm-ə bərabərdir. Başının tükləri qırxılmışdır. Kəllə tağı sümüklərini əllədikdə sümük-destruktiv dəyişikliklər hiss edilmir. Gözləri qapalıdır, bəbəklər bərabər genişlənir, ağlı qişalar parlaqdır. Hər iki burun dəlikləri və xarici qulaq keçəcəkləri sərbəst keçiricidir, ifrazat, yad cism aşkar olunmadı. Qulaq seyvanları düzgün inkişaf etmişlər. Burnunun sümük və qığırdaqlarını, həmçinin üz skeleti sümüklərini əllədikdə sümük-destruktiv dəyişiklik hiss edilmir. Ağzı yarıaçıq vəziyyətdədir, öndən görünən süd dişləri təbii və tamdır. Dili diş cərgəsi arxasında yerləşir. Boynu bədənə mütənasibdir, adi hərəkətlidir. Döş qəfəsi silindirik formadadır, simmetrikdir. Qarnı döş qəfəsi səviyyəsindədir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmiş, qadın tiplidir. Hər iki yuxarı və aşağı ətraflar tamdır. Anal dəlik ətrafı təmiz və zədəsizdir. Əllədikdə çanaq sümüklərində, qabırğalarında, onurğa sütununda sümük destruktiv dəyişikliklər hiss olunmur. Xarici müayinə zamanı meyitin bədən səthində aşkar olunan xəsarətlər: sağ gicgahda 6,0x4,0 sm ölçülərdə, sağ bazuda 15,0x6,0 sm ölçülərdə, döş qəfəsinin sağ yan səthində 8,0x7,0 sm ölçülərdə, gövdənin sağ yan səthinin aşağı şöbəsində 7,0x5,0 sm ölçülərdə sıyrıqlar var. Digər xəsarət aşkar olunmadı. 23 may 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsidir. Həyətanı sahəyə daxil olduqda düz istiqamətdə 18 metr məsafədə yaşayış evi və qarşısında sağa doğru talvar yerləşir. Həyətə daxil oluqda sol tərəfdə 6x8 metr ölçüdə təmir sexi, sağ tərəfdə bağ sahəsi yerləşir. 29 may 2025-ci il tarixli şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin hansı şəraitdə baş verməsini, hadisə vaxtı özü üçün təhlükənin hansı anda yaranmasını hadisə yerində əyani göstərməklə istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Şirvan regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin 05 iyun 2025-ci il tarixli 3-13-16-7/2-4009/2025 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə “B,C” kateqoriyalı AE-534760 nömrəli sürücülük vəsiqəsi verilmiş və hal-hazırda onun adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X7 18 iyun 2024-cü il tarixli 18-1-35/2-761/2025 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMX PHŞ-in Polikilinika şöbəsində narkoloji, ruhi-əsəb və nevroloji kabinetində qeydiyyatda yoxdur. 06 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, 06 avqust 2025-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrlə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 10 avqust 2025-ci il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X5 Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, Vidadi küçəsi, ev 76-da qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X3 adlı bir azyaşlı övladı vardır. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 337.1-ci maddəsinə istinad edərək vəsatət qaldırmış, ittihamın təsdiqi üçün tədqiq edilmiş sübutların kifayət etdiyini, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı əməlini etiraf etdiyini, iş materiallarından da göründüyü kimi, dindirilməmiş şahidin istintaq mərhələsində verdiyi ifadəsinin məhkəmədə dindirilmiş şəxslərin ifadəsi ilə mahiyyətcə uyğun və eyni məzmunlu olduğunu bildirmişdir. AR CMP-in 337.1.1-ci maddəsinə əsasən, məhkəmə cinayət prosesi tərəflərinin hər birini dinlədikdən sonra ittiham tərəfinin təqdim etdiyi sübutların tədqiqinin məhkəmə istintaqında baxılmış sübutlarla məhdudlaşdırılması barədə vəsatəti təmin edə bilər. İş materiallarının araşdırılmasından müəyyən olunur ki: • Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə əməlini tam etiraf etmişdir; • Məhkəmədə dindirilmiş şəxslərin ifadəsi ilə istintaq zamanı ifadə vermiş, lakin məhkəmə iclasına gəlməyən şahidin ifadəsi mahiyyətcə üst-üstə düşür, hadisənin eyni faktiki halları təsdiqlənir; Məhkəmə hesab edir ki, mövcud sübutlar ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv araşdırılması üçün kifayətlidir və şahidin dindirilməsi sübutların məcmusuna yeni, əhəmiyyətli məlumat gətirməyəcəkdir. Bu səbəbdən, CMP-nin 337.1 və 337.1.1-ci maddələrinin tələblərinə uyğun olaraq, dövlət ittihamçısının verdiyi vəsatət təmin edilmiş, sübutların tədqiqi məhkəmə istintaqında baxılmış materiallarla məhdudlaşdırılmışdır. Cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143cü və 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmə iclasında verdiyi ifadəsi, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri, iş materiallarına əlavə edilmiş istintaq hərəkətlərinin protokolları, maddi sübutlar və digər təkzibedilməz və mötəbər sübutlarla Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması və bunun nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yol Hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü bəndinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. “Yol hərəkəti haqqında” Qanunun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol-nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol-nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Lakin nəzərə alınmalıdır ki, “Yol hərəkəti haqqında” Qanunda yuxarıda qeyd olunan vəzifələr baş vermiş hadisənin nəticələrinin ağırlaşdırılmasının qarşısının dərhal alınmasına və hadisə ilə bağlı obyektiv həqiqətin aşkar olunmasına yönəlsə belə, onlara riayət edilməməsi özü-özlüyündə məsuliyyətin yaranmasına səbəb ola bilməz. Məhz bu mövqedən çıxış edərək qanunverici yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsini yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qayda ilə şərtləndirmişdir (“Yol hərəkəti haqqında” Qanunun 81-ci maddəsi). Bu mənada, məsuliyyətin yaranması hüquqi, eləcə də cinayət-hüquqi nəticələr törətdiyi üçün buna səbəb olan hansı hərəkətin (və ya hərəkətsizliyin) edilməsi, o cümlədən məhz hansı vəzifənin yerinə yetirilməməsi hüquqi müəyyənlik prinsipinə uyğun olaraq qanunda dəqiq və aydın göstərilməlidir. Bu cür yanaşmanın əhəmiyyətinə Avropa ölkələrinin məhkəmə təcrübəsində də rast gəlmək olar. Belə ki, Belçikanın Konstitusiya Məhkəməsinin 2005-ci il 13 iyul tarixli qərarında göstərilmişdir ki, nullum crimen, nulla poena sine lege prinsipi bu ideyadan irəli gəlir ki, cinayət qanunu hər kəsə edəcəyi hərəkətlərin cəzalandırılmalı olub-olmamasını bilmək imkanını verən ifadələrdən ibarət olmalıdır. Bu, ilk növbədə, tələb edir ki, hüquqi müəyyənlik prinsipinə cavab verən kifayət qədər ətraflı və aydın ifadələrlə hansı hərəkətlərin cəzalandırılmalı olması qanunvericilikdə göstərilsin. Belə olan halda, hər hansı müəyyən hərəkəti edən şəxs bu hərəkətin səbəb ola biləcəyi nəticələri əvvəlcədən qiymətləndirə bilər. Bununla da, məhkəmələrə həddən artıq mülahizənin verilməsinin qarşısı alınmış olar. Korbely Macarıstana qarşı iş üzrə Avropa Məhkəməsinin Böyük Palatasının 19 sentyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət-hüquqi normaların geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər, həmin maddə özündə daha ümumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayətin tərkibini və buna görə cəzanı müəyyən edə bilər (nullum crimen, nulla poena sine lege), o cümlədən ittiham olunan şəxsin ziyanına, məsələn, analogiya üzrə, cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Bu prinsiplərin mahiyyətindən aydın olur ki, milli qanunvericilik cinayətin tərkibini dəqiq müəyyən etməlidir (§ 70). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası “Yol Hərəkəti haqqında” qanunun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, təhlükəsiz manevr edərək hərəkətin digər iştirakçılarına maneə yaratmamalı və lazım gəldikdə başqa şəxslərin köməyindən istifadə edərək manevr etməli olduğu halda lazimi diqqətlilik və ehtiyatlılıq göstərməyərək yol hərəkəti qaydalarının pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Beləliklə, mexaniki nəqliyyat vasitəsinin idarə edilməsi zamanı yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Cinayət tərkibinin bütün elementləri – obyekt (yol hərəkəti təhlükəsizliyi), obyektiv tərəf (42.13 tələblərinin pozulması, geriyə hərəkətin təhlükəsiz təşkil edilməməsi, texniki cəhətdən qarşısı alına bilən nəticənin baş verməsi), subyekt (sürücülük hüququ olan şəxs) və subyektiv tərəf (ehtiyatsızlıq) – toplanmış sübutlarla mübahisəsiz təsdiq edilir; səbəbli əlaqə ekspertiza nəticələri və faktiki hallarla dəqiqliklə uzlaşır. Məhkəmə həm Konstitusiyanın 63-cü maddəsində, AİHK-nın 6-cı maddəsində və CPM-in 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyasını, həmçinin hüquqi müəyyənlik və mütənasiblik prinsiplərini rəhbər tutur, sübutların daxili inam əsasında (İXM 84.1 analoji prinsipi; CPM sistematikası) qiymətləndirilməsi nəticəsində belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və əmələ verilən hüquqi qiymət əsaslıdır. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərin təşkil etməsini, cinayət əməlinin ehtiyatsızlıqdan törədilməsini, az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini nəzərə alır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə iş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası hədləri daxilində cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 43.3-cü maddəsinə əsasən xüsusi və ya hərbi rütbədən, fəxri addan yaxud dövlət təltifindən məhrum etmə, nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növləri yalnız əlavə cəza kimi tətbiq edilir; 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmənin cəza təyini ilə bağlı mövqeyi: Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən təkcə Cinayət Məcəlləsinin mücərrəd normalarını deyil, həm də həyatın özünün qarşısına qoyduğu dərin insani dramı nəzərdə tutur. Təqsirləndirilən şəxs burada adi bir cinayətkar deyil - faciəvi bir təsadüf nəticəsində öz övladını “dünyadan köçürən” bir atadır. Onun bu andan etibarən çəkəcəyi əzab-əziyyət, məhkəmənin təyin edə biləcəyi cəzadan daha ağırdır. Məhkəmə hesab edir ki, belə bir şəxsi cəmiyyətdən təcrid etməklə azadlıqdan məhrum etmək, nə onu daha çox islah edər, nə də sosial ədalətə xidmət. Əksinə, bu, artıq ağır iztirablar içində qalan bir ailəni rəsmi olaraq atadan da məhrum edərək ikinci bir cəza kimi onlara təsir göstərəcək. Cəmiyyətin məhz belə şəxslər üçün nəzərdə tutduğu ən mühüm məqsəd – onun yenidən bərpa olunması və normal həyata qayıtmasıdır. Buna görə də məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş imkandan istifadə edərək, aşağıdakı qərara gəlir ki, cəza anlayışının əsasını təşkil edən ədalət, yalnız cəzalandırmaqla deyil, mərhəmət və islah etməklə də təmin oluna bilər. Məhkəmənin ümidi odur ki, verilən bu fürsətdən istifadə edən təqsirləndirilən şəxs, ömrünün qalan hissəsini itirdiyi övladının xatirəsini hörmətlə yad etməklə, qalan ailə üzvlərinin dəsteyinə çevrilməklə və cəmiyyətin faydalı bir üzvü olmaqla öz günahını ödəyəcək. Hadisə nəticəsində dünyasını dəyişən uşaq — Zərərçəkmiş şəxs — onun öz övladı olmuşdur. Təqsirləndirilən şəxs bu faciənin həm hüquqi, həm də mənəvi ağırlığını daşıması, onun üçün heç bir qanunun, heç bir cəza növünün ölçə bilməyəcəyi qədər dərindir. Məhkəmə bu halı qiymətləndirərkən anlayır ki, bəzən insanın öz vicdanı onun üçün ən sərt məhkəmə, öz peşmançılığı isə ən uzunmüddətli cəza olur Məhkəmə cəzanın təyini məsələsini həll edərkən işin faktiki hallarını, törədilmiş əməlın hüquqi qiymətini, təqsirləndirilən şəxsin şəxsiyyətini və hadisənin dərin mənəvi mahiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl nəticəsində cəmiyyət üçün təhlükəli bir nəticə doğurmuş, lakin bu təhlükə qəsddən deyil, ata qəlbinin ən ağır sınağı olan ehtiyatsızlıq nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən, tətbiq edilən cəza ədalətli olmalı, cinayətin xarakterinə və təqsirkarın şəxsiyyətinə uyğun seçilməlidir. Təqsirləndirilən şəxs hadisə baş verən andan etibarən nə hadisə yerini tərk etmiş, nə məsuliyyətdən yayınmış, əksinə, dərhal uşağının taleyinə ağrı ilə sahib çıxmış, onu xilas etməyə səy göstərmişdir. Məhkəmə onun bu davranışını səmimi peşmançılığın, vicdan əzabının və humanist hisslərin təzahürü kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti, yüngülləşdirici hallar və cəzanın ailənin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, ictimaiyyət arasında müsbət xasiyyətnaməyə malik, ailə dəyərlərinə sadiq bir şəxs kimi səciyyələnir. O, hadisədən dərhal sonra səmimi peşmançılıq hissi keçirmiş, orqanlardan gizlənməmiş, cinayət prosesinə tam əməkdaşlıq etmişdir. Hadisə nəticəsində bir övladını itirmiş, digər övladının isə mənəvi dayağı olaraq qalmaqdadır. Bu mənzərə onun üçün azadlığın məhdudlaşdırılmasından daha ağır bir məhkumluqdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli 4 nömrəli Plenum qərarında da qeyd olunduğu kimi, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxslər barəsində daha yüngül cəza təyin edilməsi, cəzanın məqsədlərinə daha səmərəli xidmət edir. Təqsirləndirilən şəxs davranışı, vicdan yükü və ailə vəziyyəti bu prinsipə tam uyğun gəlir. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən, əgər məhkəmə hesab edirsə ki, məhkumun cəza çəkmədən islah olunması mümkündür, cəza şərti hesab edilə bilər. Bu halda sınaq müddətində şəxs öz davranışı ilə islahını təsdiq etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldən sonra keçirdiyi mənəvi sarsıntı, onun bundan sonra cəmiyyət üçün təhlükə törətməyəcəyini, əksinə, baş vermiş faciənin əbədi dərsi ilə yaşayacağını göstərir. Məhkəmə təyin olunaaq cəzadan əvvəl şərti məhkum etməyə izah verməsini onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin olunmuş əsas cəza şərti hesab edilməklə, sınaq müddəti müəyyən edilməklə tətbiq edilməlidir. Çünki, bu qərar yalnız qanunun ədalətini deyil, həm də insan vicdanının, ata qəlbinin və hüququn humanist mahiyyətinin təntənəsini ifadə edir. Azərbaycan Respublikası CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcələnin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa Məhkəmə, təyin edilən əsas cəzanın şərti hesab edilməsi ilə yanaşı, əlavə cəza növü olan nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmənin minimum hədddə –tətbiq edilməsini məqsədəuyğun hesab edir. Bu qərar həm qanunun məntiqinə, həm də ədalət prinsiplərinə söykənir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzası cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla bir ildən beş ilədək müddətə təyin edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət hərəkəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olduğu üçün, bu hüquqdan məhrumetmə yalnız formal əlavə cəza kimi deyil, həm də dövlətin nəzarət funksiyasının davamlılığını təmin edən hüquqi mexanizm kimi çıxış edir. Məhkəmə nəzərə alır ki, əsas cəzanın şərti tətbiqi təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islahına yönəlmiş humanist tədbirdir. Lakin bu, onun törətdiyi əməl üzrə ictimai məsuliyyət hissini tamamilə nəzarətdən kənar buraxmaq anlamına gəlməməlidir. Hadisə nəqliyyat vasitəsini idarəetmə qaydalarının pozulması nəticəsində baş verdiyindən, məhz həmin sferada – yəni yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında – cəmiyyətin etimadının bərpası üçün əlavə cəza zəruridir. Şəxsin törətdiyi əməl istənilmədən, ehtiyatsızlıq nəticəsində baş vermiş olsa da, bu əməl “cinayət” faktı olaraq ictimai münasibətlərin ən həssas sahəsi – insan həyatının qorunması ilə bilavasitə bağlı olan yol hərəkəti qaydalarının pozulması ilə nəticələnmişdir. Buna görə də, təqsirləndirilən şəxsin yalnız mənəvi cəza – vicdan əzabı – çəkməsi, onun hüquqi məsuliyyətini tam şəkildə əvəz etmir. Hüququn məqsədi insanın vicdanını sınağa çəkməklə yanaşı, dövlətin nəzarət və tərbiyəedici funksiyasını da həyata keçirməkdir. Məhkəmə bu mövqedən çıxış edərək hesab edir ki, nəqliyyat vasitəsini idarəetmə hüququnun minimum həddə məhdudlaşdırılması şəxsin islahına yönəlmiş əsas cəzanın mahiyyətini pozmur, əksinə, onu tamamlayır. Bu, təqsirləndirilən şəxsə cəmiyyət qarşısında törətdiyi səhvin hüquqi nəticələrini dərk etməyə, gələcəkdə oxşar halların qarşısının alınması üçün məsuliyyət hissini gücləndirməyə imkan verəcəkdir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci maddəsinə, əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və yuxarıda təsvir olunan xüsusatları CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. AR CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, əlavə cəza şəxsə qarşı “ikinci cəza” deyil, cəmiyyətin hüquqi yaddaşında nizam və məsuliyyət prinsipinin qorunması vasitəsidir. Bu tədbir onun mənəvi cəzasına paralel olaraq, dövlət nəzarəti çərçivəsində hüquqi məsuliyyət hissinin bərpasını təmin etmiş olacaqdır. İş üzrə maddi sübut olan “Mercedes Benz D-YÜK” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 128 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanları və Azərbaycan Respublikası CPM-nın 344-347-ci, 351- 353-cü, 381-ci , 384-cü, 385-ci maddələrini rəhbər tutub, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il azadlıqdan məhrumetmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “Mercedes Benz D-YÜK” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan – 128 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Əli İmanov
Məhkəmə qərarları › İş №1(032)-128/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-128/2025
30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver