Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-13/2025 15.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:45-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Şirvan şəhər Məhkəməsinin 05 iyul 2024-cü il tarixli qərarı ilə əvvəli 03 iyul 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq xeyli miqdarda, yəni 0,481 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək əynində olan boz rəngli şalvarının sağ yan cibində saxlamaqla daşımış və 03 iyul 2024-cü il tarixdə, saat 11:05-də Şirvan şəhər polis şöbəsinin CAB-ın əməkdaşları tərəfindən Şirvan şəhəri, General Mehmandarov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı həmin çəkidə narkotik vasitə olan heroin əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bildi, ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etməyərək bildirdi ki, təxminən 2 ildən artıq müddətdir ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. 03 iyul 2024-cü il tarixdə saat 11 radələrində Şirvan şəhəri, General Mehmandarov küçəsində, yaşadığı evin yaxınlığında iki nəfər polis əməkdaşı tərəfindən saxlanılaraq Şirvan şəhər polis şöbəsinə aparılmışdır. Saxlanılan zaman üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis şöbəsində olarkən ona bir ədəd sellofan bükümdə narkotik vasitə heroin təqdim edilmiş və həmin narkotik vasitənin ona məxsus olmasını təsdiq etməsini tələb edilmiş, əks təqdirdə külli miqdarda narkotik vasitə ilə rəsmiləşdirmə aparılacağı bildirilmişdir. O da qorxduğundan təqdim edilən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinin ona məxsus olması barədə etirafedici ifadə vermişdir. Videoçəkiliş aparılan zaman bu barədə vəkilinə bildirməmişdir. Eləcə də şübhəli və təqsirləndirilən şəxs kimi dindirilərkən, həmçinin məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən bu barədə bildirməmiş, narkotik vasitənin özünə məxsus olmasını təsdiq etməklə ittiham olunduğu cinayət əməlini etiraf etmişdir. İbtidai araşdırma zamanı isə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş, bununla bağlı müalicə almamışdır. Əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmişdir. Narkotik vasitə və psixotrop maddə istifadə edir. 03 iyul 2024-cü il tarixdə saat 10 radələrində Şirvan şəhəri, G.Mehmandarov küçəsində piyada gəzən zamanı yolda sellofan bükümün olduğunu görmüş, həmin bükümü yerdən götürmüş, bükümün içərsinə baxan zaman narkotik vasitə olan heroinin olduğunu görmüş, həmin bükümü cibinə qoymuşdur. Həmin bükümdə olan narkotik vasitədən istifadə etməmişdir. 03 iyul 2024-cü il tarixdə saat 11 radələrində Şirvan şəhəri, G.Mehmandarov küçəsində piyada hərəkətdə olduğu zaman bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşmış, özlərini təqdim edib, üzərində narkotik və psixotrop maddə olması barədə onlara məlumat daxil olduğunu bildirmiş, onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarının təklifini qəbul etmiş, polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçmiş, bir müddət sonra vəkil Müdafiəçi gəldikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, üzərində narkotik vasitə olan heroinin olduğunu bildirmişdir. Sonra əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü təqdim etmişdir. Həmin bükümün içərsində narkotik vasitə olan heroinin olmasını bildirmişdir. Həmin büküm onun və şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə açıldıqda içərsində narkotik vasitə olan heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Polis əməkdaşları ona həmin bükümü hardan əldə etdiyini soruşduqda həmin bükümü Şirvan şəhəri, G.Mehmandarov küçəsindən yerdən tapdığını bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə elektron tərəzidə çəkilmiş, çəkisinin 0,48 qram olduğu müəyyən edilmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sol yan cibindən özünə məxsus olan “İPRO” markalı mobil telefonu, 01 ədəd alışqan və acar aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin 01 ədəd zərfdə qablaşdırılmış, zərfin ağzı möhürlənmiş, o və digər iştirakçılar zərfin üzərini imzalamışlar. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, lakin narkotik vasitə istifadə etmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini 03 iyul 2024-cü il tarixdə Şirvan şəhəri, G.Mehmandarov küçəsindən yerdən tapmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələri, şahid ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, iş üzrə keçirilmiş ekspertiza rəyləri, videoçəkiliş və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CABnin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirdi ki, Şirvan şəhəri, Mehmandarov küçəsi, ev 2, mənzil 10-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə etdiyi narkotik vasitələri və və psixotrop maddələri daşımaqla saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. 03 iyul 2024-cü il tarixdə saat 11 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, G.Mehmandarov küçəsinə getmişlər. Həmin küçədə saat 11:05 radələrində Təqsirləndirilən şəxs küçədə hərəkət etdiyini görmüşlər, barəsində məlumat daxil olduğu üçün qərara gəlmişlər ki, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər polis şöbəsinə dəvət etsinlər. Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirdikdə, o, onların polis əməkdaşı olduğunu görüb özünü şübhəli apararaq onlardan yayınıb getmək istəmiş, buna baxmayaraq Təqsirləndirilən şəxs polis şöbəsinə gətirməyə müvəffəq olmuşlar. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs Təhqiqat bölməsində vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçmiş, vəkil Müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş, buna hər hansı bir etirazının olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm təqdim etmiş, təqdim etdiyi bükümdə narkotik vasitə olan heroinin olmasını bildirmişdir. Daha sonra şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının cibindən 01 ədəd “İPRO” markalı mobil telefon, 01 ədəd alışqan və 01 acar aşkar olunmuşdur. Şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi sellofan bükümdə narkotik vasitə olan heroindir. Təqdim etdiyi narkotik vasitəni 03 iyul 2024-cü il tarixdə Şirvan şəhəri, G.Mehmandarov küçəsindən yerdən tapıb və istifadə etmək üçün üzərində gəzdirib. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitəyə bənzər kütlə zərfdə qablaşdırılaraq möhürlənmiş, həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Saxlanıldığı zaman, eləcə də Şirvan şəhər polis şöbəsinə gətirilib orada üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətə, o cümlədən qanunsuz təsir və təzyiqə yol verilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduğu ifadəsində Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuş, həmin sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə saat 12:10-da tutulmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 3-16-16/2-18/637 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs üzərindən….” sözləri yazılmış kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,481 qram olan maddə narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). Heroinin təmiz çəkisi - 0,481 qram, tədqiqata istifadə olundu - 0,05 qram, qalıq 0,431 qramdır; xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və cinayət işi aidiyyəti üzrə Şirvan şəhər polis şöbəsinin İB-yə verilmişdir; xx.xx.2024-cü il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X2 icraatına qəbul edilmiş və istintaqı davam etdirilmişdir; xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Şirvan şəhər Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 4(032)-153/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Şirvan ŞPŞ-nə daxil olmuş tələbnamədən və Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(032)-130/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilmiş, sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə olduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır; “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 18-1-35/2-1318/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1984-cü il təvəllüdlü Şirvan şəhərində doğulmuş, evli, orta təhsilli, məhkum olunmuş, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in poliklinika şöbəsinin psixoloji-nevroloji kabinetlərində qeydiyyatda yoxdur; Məhkəmə - narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6407 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllılıq sindiromu narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 987 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; AZE 12238452 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rasulzadə Zeynəb xx.xx.2015-ci il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Rasulova Ülviyyədir; Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ziddiyyətli ifadəsinə, yəni Şirvan şəhər polis şöbəsində ona qarşı qanunsuz təsirin olması barədə bildirdiklərinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) qiymət verərək onları qəbul etmir və qeyd edir ki, həmin ifadə işin halları ilə təsdiq olunmur. Təqsirləndirilən şəxs ibtidai araşdırmanın bütün mərhələsində onunla bağlı olan istintaq hərəkətlərində müdafiəçi iştirak etməklə, şübhəli və təqsirləndirilən şəxs qismində etirafedici izahat və ifadələr vermiş, nə müdafiəçisinə, nə videoçəkiliş zamanı, həmçinin məhkəmədə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən hər hansı narazılığını, etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Şirvan şəhər Polis şöbəsində ona qarşı qanunsuz təsirin olması barədə bildirdikləri işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə ilə tam təkzib olunur. Belə olan vəziyyətdə Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsinə inanıb onu qəbul etmək üçün məhkəmədə heç bir əsas yoxdur. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respbulikası CM-nin 59.1.4-cü, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır, habelə onun şəxsiyyətini və digər zəruri halları nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum edilməzdən əvvəl törətdiyindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər cinayət işi üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə saxlanıldığı Şirvan şəhər Polis şöbəsinin MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən həmin hal nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan və keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,431 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır . İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin . Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi şübhəli şəxs qismində həbsdə saxlanılma müddəti 02 gün təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq ona 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,431 qram narkotik vasitə heroin məhv edilsin. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-13/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-13/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver