Məhkəmə qərarları › İş №1(032)-131/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-131/2024

08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-131/2024 08.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 09:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi - X3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X9 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxx 1995-ci il tarixdə Sabirabad rayonu, Şıxsalahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X18 Xidmətinin Şirvan şəhər X18 Dəstəsinin 58 nömrəli yanğından mühafizə hissəsində sürücü vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Osmanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində 01 iyun 2024cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası FHN tərəfindən sürücülük üçün təşkil olunmuş ilkin hazırlıq kursundan və təcrübəsindən keçib xx.xx.2022-ci il tarixli, 1268/ş nömrəli əmrlə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) X18 Xidmətinin (DYMX) Şirvan şəhər X18 Dəstəsinin (DYMD) 58 nömrəli yanğından mühafizə hissəsində sürücü vəzifəsinə təyin olunmaqla sürücülər üçün nəzərdə tutulmuş xx.xx.2018-ci il tarixli, 37/01-10 nömrəli vəzifə təlimatında öz əksini tapmış qarajda olan avadanlıqlardan istifadə qaydalarına əməl etmək, təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarını yerinə yetirməklə təhkim olunmuş texnikaya qulluğu müəyyən edilmiş qaydada həyata keçirmək, təhkim olunmuş avtomototexnikanın texniki funksiyalarını, istifadə qaydalarını bilmək kimi vəzifə öhdəliklərini öz üzərinə götürməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixdə növbətçi sürücü qismində növbədə olan zaman 58 nömrəli yanğından mühafizə hissəsinin rəisi tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş əməkdaşların rüblük hazırlığı üçün nəzərdə tutulmuş məşğələ cədvəlinə əsasən xx.xx.2024-cü il tarixdə, saat 16:00-dan 16:45-dək keçirilməli olan təlim qülləsi məşqləri baş tutduqdan sonra təxminən saat 16:50-də Şirvan şəhər DYMD-nın rəisinin xx.xx.2024cü il tarixli, 026 nömrəli əmri ilə təhkimçiliyinə verilmiş “MAN” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı yanğın söndürmə avtomaşınını Şirvan şəhəri, Mahir Mirzəyev küçəsində yerləşən 58 nömrəli yanğından mühafizə hissəsinin ərazisində olan qaraja arxa-arxaya yerləşdirən zaman avtomobili arxaya hərəkət etdirməzdən əvvəl yaxınlıqda (arxada) insanın olmadığını dəqiqləşdirmədən hərəkətə başlamamaq və yanğın söndürmə avtomobili ilə divar arasında 2 metr məsafəni qorumaqdan ibarət olan “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29-cu bəndinin və “SSRİ DİN X2 X5”nın 37-ci bəndinin 5-ci abzasının tələblərini pozaraq həmin yanğından mühafizə hissəsində yanğın söndürən vəzifəsində işləyən və texnikanın qaraja yerləşdirilməsində xahişinə əsasən ona köməklik göstərən X4 avtomaşının arxasına keçməsini yetəri qədər diqqətlilik göstərib görməli olduğu halda cinayətkarcasına etinasızlıq nümayiş etdirməklə sonuncunu görməyib texnikanı arxaya doğru hərəkət etdirməklə sonuncunu qarajın divarı ilə avtomobil arasında sıxıb travmatik hemotoraks, sol tərəfli qabırğaların sınığı kimi dərəcəsinə görə ağır dərəcəli bədən xəsarətləri yetirib travmatik şok keçirməsi nəticəsində ehtiyyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq edib bildirdi ki, 2022-ci ildən Azərbaycan Respublikası FHN DYMX-nın 58 nömrəli yanğından mühafizə hissəsində sürücü vəzifəsində işləyir. Ailəlidir, üç uşağı var. 07 mart 2024-cü il tarixdə saat 16 radələrində təlim məqsədi ilə qülləyə getmişlər, təlim qurtardıqdan sonra saat 16:50 radələrində yanğın söndürmə avtomobilini qaraja yerləşdirmək məqsədi ilə arxa-arxaya sürən zaman sözügedən hadisə baş vermişdir. Belə ki, həmin vaxt Fərid Həzrətquliyev ondan sağ tərəfdə dayanmaqla, “ver-ver” deyərək avtomobili arxaya tərəf sürməsində ona köməklik göstərmişdir. Avtomobilin boruya dəyməməsi üçün sol güzgüyə baxmış, daha sonra sağ tərəfə baxan Fərid Həzrətquliyevin orada olmamasını görmüşdür. Həmin vaxt səs eşitmiş və avtomobili saxlamışdır. Avtomobildən düşüb arxaya keçən zaman Fəridin divara söykənili, yarı oturaq vəziyyətdə olduğunu görmüşdür. Hadisə ehtiyatsızlıq nəticəsində törədilmiş olsa da, baş vermiş hadisə onun diqqətsizliyi üzündən baş verdiyindən əməlindən peşmandır. Həmçinin bildirdi ki, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, ona dəymiş ziyanı tam şəkildə ödəmiş, ondan heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Fərid Həzrətquliyev ikinci övladıdır. Təxminən iki il bundan qabaq Fərid Azərbaycan Respublikası FHN DYMX-nın Şirvan şəhər DYMD-nın 58 nömrəli yanğından mühafizə hissəsinə yanğın söndürən qismində işə qəbul olmuşdur. Fərid işlədiyi 3 il müddət ərzində xidmətində heç vaxt pozuntuya yol verməmiş, tam peşəkar əməkdaş olmuşdur. xx.xx.2024-cü il tarixdə, təxminən saat 17 radələrində şəhər ərazisində olan zaman böyük oğlu Tural ona zəng edərək Fəridin təlim zamanı zədələndiyini və hazırda xəstəxanaya yerləşdirildiyini bildirmişdir. O, dərhal xəstəxanaya getmiş, “Acil” bölməsinə yaxınlaşdıqda həkim oğlunun vəfat etdiyini bildirmişdir. Daha sonra oğlunun meyiti müayinə edilməsi üçün morqa yerləşdirilmişdir. Meyit müayinə olunduqdan sonra onlara təhvil verilmiş və dəfn mərasimini həyata keçirmişlər. Hadisənin necə baş verməsini sonradan öyrənmişdir. Hadisənin şahidlərinin deməsinə görə oğlunun iş yoldaşı Təqsirləndirilən şəxs “Man” markalı yanğın söndürmə texnikasını qapalı qaraja yerləşdirərkən avtomobili arxa-arxaya vermiş, həmin zaman Fərid sonuncuya köməklik göstərmişdir. Lakin bilinməyən səbəbdən Fərid avtomobilin arxa hissəsinə keçmiş, avtomobil divara yaxınlaşaraq Fəridi sıxmışdır. Bununla da Fərid ağır dərəcəli bədən xəsarəti almışıdır. X14 ölümü ilə bağlı hər hansı şikayət və ya tələbi olmamışdır. Baş vermiş hadisədə hər hansı qəsd mövcud olmamış, hadisə ehtiyatsızlıqdan baş vermişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, ondan heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, 2022-ci ildən Azərbaycan Respublikası FHN DYMX-nın 58 nömrəli yanğından mühafizə hissəsində yanğınsöndürən vəzifəsində işləmişdir. Fərid Həzrətquliyev onun iş yoldaşıdır, həmin şəxs hissədə yanğın söndürən vəzifəsində işləmişdir. Yanğınsöndürən qismində iş rejimi 1 sutka iş, 2 sutka isə istirahətdən ibarət olmuşdur. Növbəlilik illik olaraq tərtib olunmuşdur. Növbətçilik qrafikinə əsasən hadisə günü hissənin qapı postu üzrə xidmətə təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 08:45-də növbəyə daxil olmuş, ilk olaraq sıra düzülüşü həyata keçirilmişdir. Daha sonra təhvil təslim həyata keçirilmişdir. Daha sonra nizamnaməyə əsasən fiziki hazırlıq və dərslərin keçirilməsi həyata keçirilmişdir. Dərs cədvəlinə əsasən saat 16-da ikidizli nərdivan ilə təlim qülləsinə qalxmaq təlimi həyata keçirilməli olmuşdur. Təlimin yerinə yetirilməsi üçün sürücü Təqsirləndirilən şəxs “Man” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobil yarı-açıq duracaqdan çıxararaq ərazidə saxlamışdır. Daha sona Fərid və digər yanğınsöndürənlər avtomobilin üzərindəki ikidizli nərdivanları götürərərək təlim qülləsinə getmişlər. Təlim qülləsində təxminən 45 dəqiqə ərzində təlim həyata keçirilmişdir. Təlim bitdikdən sonra Fərid nərdivanı avtomobilin yanına gətirmiş və özü avtomobilin yuxarı hissəsinə çıxmışdır. O və Rauf Baxışov avtomobilin aşağısından nərdivanı yuxarıya doğru ötürmüşlər. Fərid nərdivanı yerləşdirdikdən sonra pilləkən vasitəsilə aşağı düşmüşdür. Döyüş paltarlarını çıxarmaq üçün bütün şəxsi heyət qaraja daxil olmuş və paltarları çıxardıqdan sonra dərhal qapı postuna geri qayıtmışdır. Avtomobilin sürücüsü avtomobili hərəkətə keçirib duracağın qarşısına gətirmişdir. Nurlan avtomibili arxa-arxaya verərək duracağa yerləşdirməli idi. O, qapı postunda olduğu üçün dəqiq şəkildə Nurlanın avtomobili hərəkət etdirməsini izliyə bilmişdir. Nurlan avtomobili hərəkət etdirən zaman Fərid də avtomobilin yanında olmuşdur. Nurlan avtomobili arxa-arxaya verən zaman Fəridin “ver, ver, ver” səsini eşitmişdir. X31 yönləndirmiş və Nurlan da avtomobil yavaş-yavaş arxaya doğru vermişdir. Anidən Fəridin qışqıraq səsini eşitmiş və o, dərhal həmin istiqamətə, yəni avtomobilin soluna keçmişdir. O, avtomobilin soluna keçən zaman Fəridin avtomobilin arxa hissəsi ilə divar arasında sıxıldığını görmüşdür. Bunu görən zaman dərhal qışqırıb kömək çağırmış və sürücünün qapısını döymüş, lakin həmin zaman sürücü aşağı düşmüşdür. Fərid təxminən 2-3 saniyə sıxılmış vəziyyətdə qalmışdır. Avtomobil aralandıqdan sonra Fərid yarı oturaq vəziyyətdə yerdə uzanmışdır. O, Fəridə yaxınlaşan zaman sonuncunun ürəyi bulanaraq qaytardığını görmüşdür. Dərhal Fəridin üzünə su vurmuş və üst geyimini çıxartmışlar. Fərid çox halsız olmuş, anlamsız cümlələr qurmuşdur. Təcili tibbi yardım avtomobili təxminən 5-10 dəqiqə ərzində gəlmişdir. Fəridi təcili tibbi yardım avtomobilinə yerləşdirmişlər və bir nəfər işçi Fəridlə birlikdə xəstəxanaya getmişdir. Hadisənin baş verdiyi yerdə hər hansı qan olmamış, daha sonra onlara Fəridin xəstəxanada ölməsi barədə məlumat verilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: cinayət işinin başlanması haqqında 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; cinayət işinin icraata qəbul edilməsi haqqında 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Şirvan şəhər prokurorluğunun böyük müstəntiq vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Sabir Hüseynlinin icraatına qəbul edilmişdir; “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 02 aprel 2024-cü il tarixli, 18-1-35/2-522/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1995-ci il tarixdə Sabirabad rayonu, Şıxsalahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə məhkumluğu olmayan, orta təhsilli, evli, azərbaycanlı, Sabirabad rayonu Osmanlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs (AA******* №li şəxsiyyət vəsiqəsi) Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in ruhi-əsəb, narkoloji və nevroloji kabinetində qeydiyyatda yoxdur; zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X7 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 08 nömrəli rəyindən görünür ki, X4 bədən səthində aşkar olunan xəsarətlər-travmatik hemotoraks, sol tərəfli qabırğaların sınığı-küt əşyanın zərbəvi təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə “Man” markalı yanğınsöndürən avtomobilinin arxaya doğru hərəkət etdirən zaman avtomobillə divar arasında qalması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə bu xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. X4 ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olmuşdur. Meyitdə baş verən ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 2-4 saat əvvəl baş vermişdir. X1 ölümündən əvvəl spirtli içki və narkotik vasitələr qəbul etməmişdir ki, bu da məhkəmə-kimya tədqiqatının nəticələri ilə təsdiq olunur; əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/2122 nömrəli rəyindən görünür ki, FHN DYMX-nın 58 nömrəli yanğındna mühafizə hissəsində sürücü vəzifəsində işləyən Təqsirləndirilən şəxs növbədə olarkən ona təhkim edilmiş “MAN” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı yanğın söndürən avtomobilini qaraja salmaq məqsədi ilə arxaya hərəkət etdirməzdən əvvəl yaxınlığda (arxada) insanın olmadığını dəqiqləşdirmədən hərəkətə başlaması və qaydalara uyğun olaraq avtomobillə divar arasında 2 m məsafəni saxlamaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29-cu bəndinin və “SSRİ DİN X2 X5”-nın 37-ci bədninin 5-ci abzasının tələbi pozulmuşdur. FHN DYMX-nın 58 nömrəli yanğındna mühafizə hissəsində sürücü vəzifəsində işləyən Təqsirləndirilən şəxs növbədə olarkən ona təhkim edilmiş “MAN” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı yanğınsöndürən avtomobilini qaraja salmaq məqsədi ilə arxaya hərəkət etdirməzdən əvvəl yaxınlıqda (arxada) insanın olmadığını dəqiqləşdirmədən hərəkətə başlayıb və bununla da qaydalara uyğun olaraq avtomobillə divar arasında 2 m məsafəni saxlamadığına görə onun tərəfindən “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”-nın 17.29-cu bəndinin və “SSRİ DİN X2 X5”nın 37-ci bədninin 5-ci abzasının tələbi pozulmuşdur; Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Şıxsalahlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs haqqında nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsindən, həmin Məcəllənin 124.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; zərərçəkmiş şəxsin hüquqi varisi X3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir; təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir; qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 iyun 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; xx.xx.2016-cı il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin (AZ-İİ № 252593) surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə X19 ilə nikaha daxil olmuşdur; xx.xx.2019-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin (AZ-İV № 267766) surətindən görünür ki, X16 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X8r; xx.xx.2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin (AZ-İV № 387719) surətindən görünür ki, X17 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X8r; xx.xx.2022-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin (AZ-İV № 708478) surətindən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X8r; xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin (AZ-İİ № 065235) surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X12 xx.xx.2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr nəticəsində Şuşa şəhərində ölmüşdür; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 002142 və 002143 nömrəli vəsiqələrin surətindən görünür ki, X20 və X13 şəhid ailəsi hesab edilmişdir; Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi, yəni ehtiyatsızlıqdan adam öldürməsi və onun həmin əməli törətməkdə təqsirli olması özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X10 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini Azərbaycan Respbulikası CM-nin 59.1.1-ci maddəsinə, himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respbulikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini CM-nin 59.1.12ci maddəsinə, qardaşı X6 “Vətən Müharibəsi” zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Şəhid” olmasını, törətmiş olduğu cinayəti etiraf etməklə əməlindən peşman olduğunu, yaşayış və iş yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə, həmçinin azadlığın məhdudlaşdırılması növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə və nisbətən ağır olan azadlığın məhdudlaşdırılması növündə cəza çəkməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində islah işləri növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası onun iş yeri üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 100 (yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin və cəzaçəkməsinin əvvəli onun qazancından ilkin tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs iş yeri üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar