Məhkəmə qərarları › İş №1(032)-132/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-132/2025

21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-132/2025 21.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 09:25-də Şirvan Şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, 05 avqust 2001-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq xeyli miqdarda 1,381 qram psixotrop maddə olan metamfetamini əldə edib 1 ədəd kağız kəsiyi bükümündə qablaşdırılmış halda daşıyaraq yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində saxlamış, 07 iyun 2025-ci il tarixdə saat 09:50-dən 10:20-dək olan müddət ərzində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz qaydada binalara, hasarlanmış tikinti obyektlərinə, qurğulara daxil olma və baxış keçirilməsi haqqında əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1-də yaşadığı evə və evinin həyətyanı sahəsinə baxış keçirilən zaman evin həyətyani sahəsində olan köhnə kafellərin içərsində gizlətdiyi “SOBRANİE” markalı siqaret qutusunun içərsindən 01 ədəd bükümdə təmiz çəkisi 1,381 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, o, narkotik vasitə və psixotrop maddə istifadə edir. 06 iyun 2025-ci il tarixdə saat 15 radələrində Şirvan şəhəri, Xəqani küçəsində yol ilə piyada gedən zaman yerdə 01 ədəd bükümün olduğunu görmüş, həmin bükümü yerdən götürmüş və bükümün içərsinə baxan zaman psixotrop maddə olan metamfetaminin olduğunu görmüşdür. Həmin bükümü cibinə qoymuş, bükümdə olan psixotrop maddədən bir qədər istifadə etmişdir. Sonra həmin bükümü üzərində olan “SOBRANİE” markalı siqaret qutusunun içərisinə qoymuşdur. Sonra həmin siqaret qutusunu yaşadığı evin həyətində olan köhnə kafellərin içərisində gizlətmişdir. 07 iyun 2025-ci il tarixdə saat 10 radələrində ünvan 1-də olduğu zaman polis əməkdaşları yaşadığı evə gəlmişlər. Özlərini təqdim edib ona üzərində və yaşadığı evdə narkotik və psixotrop maddə olması barədə onlara məlumat daxil olduğunu bildirmişlər. Sonra üstünü yoxlamışlar və üstündən qanunsuz heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşları yaşadığı evin həyətini axtardıqları zaman evin həyətyanı sahəsində olan köhnə kafellərin içərsindən 01 ədəd bükümdə ona məxsus olan psixotrop maddə metamfetamini aşkar etmişlər. Aşkar olunmuş büküm zərfə qoyulmuş, zərfin üzərini imza etmişdir. Sonra polis əməkdaşları onu Şirvan Şəhər Polis Şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarının təklifini qəbul etmiş və onlarla birlikdə Şirvan Şəhər Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil seçmişdir. Bir müddət sonra vəkil gəldikdən sonra onun yaşadığı evin həyətyanı sahəsində olan köhnə kafellərin içərsindən aşkar olunaraq zərfə qoyulmuş 1 ədəd psixotrop maddə olan metamfetaminə baxış keçirilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş, daha sonra aşkar olunmuş 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin 01 ədəd zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənmiş və o digər iştirakçılarla birlikdə zərfi imzalamışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 07 iyun 2025-ci il tarixdə Şirvan şəhəri, Xaqani küçəsi ev 44-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat tərəfindən polis şöbəsinin rəhbərliyinə məruzə edildikdən sonra təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri isə o, Şahid3 Qabil oğlu və Şahid2 ibarət olmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə həmin tarixdə avtomobillə əməliyyat qrupunun üzvləri ilə birlikdə Şirvan şəhəri, Xəqani küçəsinə yollanmışlar. İlk əvvəl Təqsirləndirilən şəxs üzərində yoxlama aparsalar da, onun üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sonuncunun evinə öz razılığı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs evinin arxasında yerləşən köhnə kafellərin yanından 1 ədəd siqaret kağızı bükümündə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən bükülüdə olan psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, tapdığını və istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin 01 ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-yə gətirilərək təhqiqatçıya təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Qabil oğlu Şahid1 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai istintaqda Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Qabil oğlunun ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 07 iyun 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 07 iyun 2025-ci il tarixli təxirəsalınmaz qaydada binalara, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, 07 iyun 2025-ci il tarixdə saat 10:18-də başlanmış ve videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı ünvan 3 ünvanına daxil olub, həyətyanı sahəsinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs saxlanılmış və ona saxlanmasının səbəbi izah edilmişdir. Onun üzərində şəxsi axtarış və baxış keçirdikdən sonra fərdi yaşayış evinin arxa hissəsinə baxış keçirilmiş, köhnə kafellərin yanında siqaret kağızına bükülmüş 0l ədəd bükülü aşkar olunmuşdur. Bükülünün içərisinə baxış keçirildikdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş psixotrop maddəyə bənzər kütlə iştirakçıların qarşısında videoçəkilişlə müvafiq qaydada zərfə qablaşdırılmış və DİN-nin 55 saylı möhürü ilə möhürlənərək yapışqanla bərkidilmişdir. Bundan sonra zərfin üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmış və həmin vaxt heç bir şikayət və təklif daxil olmadığından protokol tərtib olunması və digər sənədləşmə aparılması üçün videoçəkiliş dayandırıimışdır. Videoçəkiliş DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Bununla da əməliyyat-axtarış tədbiri başa çatdırılmışdır. İş materiallarında olan 07 iyun 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokoldan görünür ki, 07 iyun 2025-ci il tarixdə saat 10:18-dən saat 14:55-dək olan müddət ərzində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanının həyətinin arxa hissəsində istifadə olunmayan kafellərin kənarında"Sobranie" markalı siqaret qtusunun içərisində qızılı siqaret kağızına bükülmüş, içərisində psixotrop maddəyə bənzər 01 ədəd kütlə aşkar edilib götürülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanının həyətinin arxa hissəsində istifadə olunmayan kafellərin kənarında "Sobranie" markalı siqaret qutusunun içərisində qızılı siqaret kağızına bükülmüş, içərisində psixotrop maddəyə bənzər 01 ədəd kütlənin qablaşdırıldığı zərf təkrar açılaraq həmin bükümə baxış keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs fərdi yaşayış evinin arxa hissəsində yerləşən istifadə olunmayan kafellərin kənarında aşkar edilib götürülmüş 1 büküm açılarkən içərisində kristallik formada psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs fərdi yaşayış evinin arxa hissəsindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə oxşar kütləni 06 iyun 2025-ci il tarixdə Şirvan şəhəri ərazisindən tapdığını, həmin metamfetaminə oşxar kütlədən az miqdarda istifadə etdiyini bildirmişdir. Aşkar edilmiş kütlə qablaşdırma ilə birlikdə elektron tərəzidə ölçülmüş və çəkisi 1,8 qram göstərmişdir, həmin büküm içərisi boş olan 1 ədəd ağ zərfdə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təxminən 2-3 aydır narkotik vasitələrdən istifadə etdiyini, polis əməkdaşları tərəfindən yaxalanan zaman ona qarşı heç bir fiziki zorakılıq olunmadığını bildirmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 14 iyun 2025-ci il tarixli, 18/436 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “imza Təqsirləndirilən şəxs” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd kağız bükümdə təmiz çəkisi 1,381 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi-1,381 qram, tədqiqata sərf olundu- 0,10 qram, qalıq-1,281 qram. İş materiallarında olan 09 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 09 iyun 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 12 avqust 2025-ci il tarixli, 4906 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində disponser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzası 1 (bir)il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası həddinədək azaldılmış, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü hissəsi tətbiq olunmaqla, ona təyin olunmuş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi, yəni 1 (bir) il 3 üç) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası 6 (altı) ay azaldılmış və qərar elan olunduğu gündən, yəni 06 dekabr 2021-ci il tarixdən etibarən Təqsirləndirilən şəxs çəkiləcək azadlıqdan məhrumetmə cəzasının müddəti 9 (doqquz) ay 8 (səkkiz) gün müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 ay 10 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmişdir.xx.xx.2022-ci il tarixdə cəza müddəti bitmişdir. Məhkumluğu ödənilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 avqust 2025-ci il tarixdə verilmiş 3885 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, məhkumluğunun ödənilməsini, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 iyun 2025-ci il tarixdən 09 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbsə alınmalı, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı 21 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri - 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 1,281 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs evinə baçış keçirilməsini özündə əks etdirən 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 iyun 2025-ci il tarixdən 09 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 21 oktyabr 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 1,281 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs evinə baxış keçirilməsini özündə əks etdirən 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar