Məhkəmə qərarları › İş №1(032)-134/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-134/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-134/2023 05.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 11.55-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 10 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, təmiz çəkisi 1,529 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 16 mart 2023-cü il tarixdə, saat 12 radələrində şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şirvan şəhəri, Neftçilər küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz olaraq saxladığı həmin çəkidə narkotik vasitə heroin əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə aşkar olunaraq götürülmüşdür Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 mart 2023-cü il tarixdə saat 12 radələrində Neftçilər küçəsində piyada hərəkətdə olduğu vaxt üzdən tanıdığı, lakin adlarını bilmədiyi Şirvan şəhər Polis Şöbəsinin mülki geyimli əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparmaq istədiklərini bildirmişlər. O, polis əməkdaşlarına üzərində qanunsuz heçnəyin olmadığını bildirmiş, Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılmışdır. Polis şöbəsində təzyiqlərə tab gətirmədiyinə görə polis əməkdaşları tərəfindən ona verilmiş narkotik vasitənin guya özünə məxsus olmasını etiraf etməsinə məcbur qalmışdır. İbtidai istintaq zamanı isə təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü təqsirli bilərək müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroindən istifadə etmişdir. 16 mart 2023-cü il tarixdə, saat 10 radələrində yaşadığı evin yaxınlığında hərəkət edən zaman zibilqabının yaxılığında yerdə bir ədəd polietilen büküm diqqətini çəkmişdir. O, həmin bükümü yerdən götürüb açmış və narkotik vasitə heroin olduğunu görmüşdür. Əvvəllər də bir neçə dəfə heroin istifadə etdiyi üçün həmin bükümü şalvarının cibinə qoymuşdur ki, sonra istifadə etsin. Həmin gün saat 12 radələrində Neftçilər küçəsində piyada hərəkətdə olduğu vaxt üzdən tanıdığı, lakin adlarını bilmədiyi Şirvan şəhər Polis Şöbəsinin mülki geyimli əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparmaq istədiklərini bildirmişlər. O, polis əməkdaşlarına üzərində belə bir şeyin olmadığını bildirib onlardan yayınmaq istəmişdir. Çünki həmin vaxt narkotik vasitə heroin cibində olmuşdur. Lakin polislər ona Şirvan şəhər Polis Şöbəsinə dəvət etmişlər. O, əvvəlcə polis əməkdaşlarına polis şöbəsinə getmək istəmədiyini bildirsə də, sonradan onlarla razılaşıb birlikdə Şirvan şəhər Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah ediləndən sonra vəkillərin siyahısı təqdim olunmuşdur. O, həmin siyahıda adı qeyd olunmuş vəkil X1 hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Vəkil Kənan Əbdurəhmanov polis şöbəsinə gələndən sonra polis əməkdaşları vəkilin yanında videoçəkilişlə üzərində qanunsuz olaraq saxlanılan narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər varsa könüllü təqdim etməyini istəyəndə o, əynində olan şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü, həmin narkotik vasitəni istifadə etmək üçün əvvələr də istifadə etmiş olduğu tibbi şprisi çıxardaraq təqdim etmişdir və üzərində ondan başqa heç bir narkotik vasitə və qanunsuz əşya olmadığını bildirmişdir. Həmin bükülü vəkilin iştirakı ilə açılaraq içərisinə baxıldıqda içərisində heroinə bənzər maddə olduğu bildirilmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış aparılsa da, üzərindən başqa heç bir narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər aşkar olunmamışdır. Polis işçilərinin sorğusuna cavab olaraq bildirmişdir ki, şəxsi axtarış zamanı könüllü olaraq təqdim etdiyi bir ədəd bükülünün içərisindəki heroindir. Həmin maddəni yaşadığı evin yaxınlığından tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını demişdir. Aşkar olunan bükümdəki maddə və tibbi şpris bir ədəd içərisi boş zərfə qablaşdırılmışdır. Üzəri möhürlə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış aparılması ilə əlaqədar polis işçiləri tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayəti və tələbi olmadığından tərtib edilmiş protokolu özü də imzalamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini daha inandırıcı hesab edərək, məhkəmə araşdırması zamanı vermiş olduğu ifadəsini onun cinayət məsuliyyətindən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs təqsirli olması özünün ibtidai istintaq zamanı etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Şirvan şəhər polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 mart 2023-cü il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq üzərində saxlaması və istifadə etməsi ilə bağlı ona əməliyyat məlumatı daxil olmuş, bundan sonra o, dərhal rəhbərliyə raportla müraciət etmiş və tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında özü, ŞPŞ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Farid Vəliyev, ŞPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis baş serjantı Şahid2 və ŞPŞ-nin təhqiqat bölməsinin baş təhqiqatçısı polis baş leytenantı İnqilab Məmmədzadədən ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə, saat 12 radələrində Şirvan şəhəri Neftçilər küçəsində hərəkət edərkən saxlanılaraq Şirvan şəhər polis şöbəsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümün içərisində narkotik vasitə olan heroin bənzər kütlə və 1 ədəd tibbi şpris aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu və həmin şpris vasitəsilə istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya vasitə aşkar edilməmişdir. Şəxsi axtarış aparılması ilə əlaqədar olaraq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, əlavə və düzəliş edən olmamış, düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir.( i.v.85-87) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə, saat 12:40-da saxlanılmış, həmin tarixdə, saat 13:10-da şübhəli şəxs qismində tutulmuş, 17 mart 2023-cü il tarixdə Şirvan şəhər Məhkəməsinin qərarı ilə barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.(i.v. 25-26, 98-100) Şəxsi axtarış və götürmə aparılması haqqında 16 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan tünd göy rəngli cins idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümündə narkotik vasitə heroinə bənzər kütlə və bir ədəd tibbi şpris aşkar olunmuşdur. Protokol təqsirləndirilən şəxs, müdafiəçi və şahidlər tərəfindən imzalanmışdır. (i.v 29-30) Məhkəmə iclasında nümayiş etdirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan tünd göy rəngli cins idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq bükümün içərisində narkotik vasitə heroin olduğunu, təqdim etdiyi tibbi şprislə də həmin narkotik vasitədən isitfadə etdiyini bildirir. Büküm qablaşdırılır və zərf möhürlənir, əlavə axtarış zamanı təqsirləndirilənin üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir. (i.v 31) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 17 mart 2023-cü il tarixli, 18/309 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-1,529 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi - 0,05 qr, qalıq-1,479 qr. (i.v.38-40) Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 01 ədəd kağız paketdəki qablaşdırılmış tədqiqatdan sonra təmiz çəkisi 1,479 qram qalan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izi olan 1 ədəd 1ml-lik şpris cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (i.v.101-106) Məhkəmə-narkoloji ekspertizasının 26 may 2023-cü il tarixli, 3252 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.96-97) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v.88-90) Şirvan şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş 26 may 2023-cü il tarixli 274920- 2022/10-25 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilən 2 il 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən 10 ay 26 gün müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmişdir. (i.v.95) Azərbaycan Respublikası İcbari Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən daxil olmuş 17 aprel 2023-cü tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nin narkoloji kabinetində “opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. (i.v. 79) Şirvan şəhər prokurorluğundan daxil olmuş 19 sentyabr 2023-cü il tarixli, 75C-23 nömrəli məktub və ona əlavə edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasına dair toplanmış material üzrə Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və qeyrilərinin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respunlikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Elektron məhkəmə portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü X4 adında uşağı var. xx.xx.2022-ci il tarixli, 279286 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2008-ci ildə ölmüşdür. Məhkəmə cinayət işi ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən - cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməməsi özünümüdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bundan əlavə təqsirləndirilən şəxsin istintaq zamanı polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması, fiziki zor göstərilərək döyülməsilə əlaqədar bildirdiklərinə gəldikdə isə, qeyd etdikləri ilə əlaqədar müvafiq prokurorluq orqanında araşdırma aparılmış, hüquqi qiymət verilərək faktın öz təsdiqini tapmaması səbəbindən və polis əməkdaşlarının əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlində cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının müvafiq rəyinə əsasən Təqsirləndirilən şəxs oğlu barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X13 maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,479 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər məhkum olunmasını, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun cəza təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş 10 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki cəza ilə qismən birləşdirilərək barəsində qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 16 mart 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – X13 maddi sübutların saxlanma otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,479 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar