Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-136/2025 13.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 15:50-də Şirvan Şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Krılov A.İ. küçəsi, ev 28-də qeydiyyatda olan, Şirvan şəhəri, Vidadi küçəsi, döngə 4, ev 3A-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,307 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 21 iyun 2025-ci il tarixdə saat 16:57-dən 17:17-dək olan müddət ərzində Şirvan şəhər polis şöbəsinin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri, Gülbala Şıxbala küçəsində yerləşən “Bahar” adlı kafenin qarşısında saxlanılaraq üzərində yoxlama aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibində olan bir ədəd kağız bükümdə təmiz çəkisi 0,307 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsnın təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, ekspertiza rəyləri, cinayət işinin materiallarına əlavə edilmiş maddi sübutlar və digər mötəbər və təkzibedilməz sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə metamfetamindən istifadə edir. 21 iyun 2025-ci il tarixdə saat 10 radələrində yaşadığı evdən çıxıb məhəllədə gəzərkən yerdə bir ədəd bükülü görmüş və həmin bükülü onun diqqətini cəlb etdiyi üçün onu yerdən götürüb içərisinə baxmış və bükülünün içərisində psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. O, özü də metamfetamin və marixuanadan istifadə etdiyi üçün həmin bükülünü cibinə qoymuşdur ki, ondan sonra istifadə edər. Daha sonra yenidən yaşadığı evə getmişdir. O, səhəri gün yəni 21 iyun 2025-ci il tarixində saat 16 radələrində evdən çıxaraq Şirvan şəhərində yerləşən Bahar adlı kafeyə getmişdir. Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsində yerləşən “Bahar” adlı kafenin qarşısında bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşı olduqlarını bildirmişlər. Bu vaxt o, polis əməkdaşlarından yayınaraq, oradan qaçmışdır. Lakin polislər onu tutmuşlar. Onun üzərində həmin yerdə videoçəkilişdən istifadə edilməklə yoxlama aparılmışdır. Yoxlama zamanı onun əynində olan şalvarın cibindən 4 ədəd bükümdə qurudulmuş marixuana və 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra onu polis şöbəsinə gətirərək təhqiqatçıya təhvil vermişlər. Polis şöbəsinin Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil seçmişdir. Bir qədər keçdikdən sonra vəkil gəldikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onun üzərindən götürülmüş predmetlərə baxış keçirilmişdir. Daha sonra protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Hazırda əməlindən peşmandır, səhhətində problemlər olduğu üçün psixiatriya xəstəxanasında müalicə alır, 1-ci Qarabağ müharibəsində iştirak etmişdir, 3-cü qrup əlilliyi var, himayəsində bir azyaşlı övladı vardır. Barəsində amnistiyanın tətbiq olunmasını və barəsində olan cinayət təqibinə qeyribəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid3 məhkəməyə gəlmədiyindən onların ibtidai istintaqda verdiyi ifadələri elan olunmuşdur. Onlar həmin ifadələrində eyni məzmunlu ifadə verib bildirmişlər ki, 21 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Krılov A.İ. küçəsi ev 28-də qeydiyyatda olmaqla, Şirvan şəhəri Vidadi küçəsi ev 3A-da yaşayan Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumatı şəhər polis şöbəsinin rəhbərliyinə məruzə etmişlər. Təxirə salınmadan əməliyyataxtarış tədbirləri keçirilməsi üçün qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri isə Şahid1, Şahid2, Şahid3 və Şirvan ŞPŞ-nin ƏRQ-nın kiçik inspektoru, polis nəfəri, polis baş serjantı Şahid4 ibarət olmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə həmin tarixdə avtomobillə əməliyyat qrupunun üzvləri ilə birlikdə Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsinə yollanmışlar. Bir qədər vaxt sonra qeyd olunan ünvana çatmışlar. Bundan sonra Təqsirləndirilən şəxs həmin küçədə Bahar adlı kafenin qarşısında dayandığını görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları olduqlarını demişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah edib üzərində yoxlama aparacaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs onların təklifini qəbul edib hüquqlarının və vəzifələrinin ona aydın olduğunu bildirərək üzərində yoxlama aparılmasına razılıq vermişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlanmışdır. Üstünü yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və 4 ədəd siqaret kəsiyi bükümündə narkotik vasitə olan qurudulmuş marixuana aşakar edilərək götürülmüşdür və qeyd olunan predmetlər qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-yə gətirilərək təhqiqatçı Ziya Əhmədova təqdim edilmişdir. Ziya Əhmədov tərəfindən yoxlama zamanı aşkar edilmiş predmetlərə baxış keçirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 21 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 24 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə-bioloji ekspertizanın 23 iyun 2025-ci il tarixli 18/489-490 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən 02 ədəd” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,243 qram olan xırda dənəvari formada ağımtıl rəngli maddə narkotik vasitələrə və psixotrop maddələrə aid deyildir. 01 ədəd bükümdə təmiz çəkisi-0,307 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən 04 ədəd” sözləri yazılmış kağız paketdə 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0, qram, 0,18 qram, 0, 23 qram, 0,18 qram, ümumi təmiz çəkisi 0,79 qram olan bitki mənşəli kütlələr tərkibində nrakotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 22 iyul 2025-ci il tarixli 4373 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostilmulyartorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdəb RNM-da (F12x2) diaqnozu ilə qeydiyyatdadır. 21 iyun 2025-ci il tarixli Təqsirləndirilən şəxs üzərində yoxalama aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilrək götürülmüşdür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə və hökmün sürətinə əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Sirvan şəhər məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 69.3 və 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay 12 gün azadlağın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü X3 adlı övladı vardır. Azərbaycan Respublikasının Müharibə Veteranının vəsiqəsindən görünür ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs M/V 084862 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. AZEMİS Elektron məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü qrup olduğu üçün 330 manat, əqli geriliyə görə 2-ci qrup əlil olduğu üçün 410 manat 12 qəpik pensiya alır. Məhkəmə istintaqı zamanı müdafiəçi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 337.2-ci maddəsinə istinad edərək vəsatət qaldırmış, ittihamın təsdiqi üçün tədqiq edilmiş sübutların kifayət etdiyini, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı əməlini etiraf etdiyini, iş materiallarından da göründüyü kimi, dindirilməmiş şahidlərin dindirilməsinin sübutların məcmusuna yeni, əhəmiyyətli məlumat gətirməyəcəyini bildirmişdir. AR CMP-in 337.2-ci maddəsinə əsasən müdafiə tərəfi cinayət işini başlamış şəxs tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş və ya təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, qanuni nümayəndəsinin, habelə mülki cavabdehin və ya onun nümayəndəsinin vəsatəti əsasında məhkəməyə təqdim edilmiş, lakin məhkəmədə hələ ki baxılmamış sübutların tədqiq edilməsindən imtina etmək hüququna malikdir. Belə imtina hər bir halda məhkəmə tərəfindən qəbul olunmalıdır. Məhkəmə hesab edir ki, mövcud sübutlar ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv araşdırılması üçün kifayətlidir və şahidlərin dindirilməsi sübutların məcmusuna yeni, əhəmiyyətli məlumat gətirməyəcəkdir. Bu səbəbdən, CMP-nin 337.2-ci maddəsinin tələblərinə uyğun olaraq müdafiəçinin verdiyi vəsatət təmin edilmiş, sübutların tədqiqi məhkəmə istintaqında baxılmış materiallarla məhdudlaşdırılmışdır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub- olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. İstər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olubolmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli qanununun lİ siyahısının 118-ci bəndində metamfetaminin məsuliyyətə cəlb etməyə imkan verən çəkisi xeyli miqdar olaraq 0,15 qramdan 2 qramadək müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə təqsirləndirilən şəxsin ifadəsini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən xeyli miqdarda psixotrop maddəni əldə edib, daşımaqla saxlamışdır. Beləliklə məhkəmə müəyyən etmişdir ki, cinayət hadisəsi törədilmişdir, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyəti sübuta yetirilmiş, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, yəni təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur. Eyni zamanda məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü təqsirli bildiyini, səhhətində problemlər olduğu üçün psixiatriya xəstəxanasında müalicə aldığını, 1-ci Qarabağ müharibəsində iştirak etdiyini, 2-ci və 3-cü qrup əlilliyinin olduğunu, himayəsində bir azyaşlı övladının olduğunu bildirib, barəsində «Konstitusiya və Suverenlik İli» münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilərək təqsirləndirildiyi hazırki cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilmiş amnistiya aktının 1.1, 1.15 və 1.16-cı bəndlərinin təsir dairəsinə düşür. Belə ki, Belə ki, «“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilir ki, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.1. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları; 1.15. bu Qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər; 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Həmin Qərarın 5.1-ci bəndində qeyd edilir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 24-cü bəndində qeyd edilir ki, birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxsnın barəsində yuxarıda qeyd olunan amnistiya aktının 6 və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə məhkəmə yekun nəticəyə gələrək hesab edir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respbulikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktı tətbiq edilməli və Azərbaycan Respbulikası CPM-in 43.3-cü maddəsinə əsasən aparılan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata olması nəzər alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri - 63 manat 90 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,257 qram psixotrop maddə metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 348, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində AR Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktı tətbiq edilsin və AR CPM-in 43.3-cü maddəsinə əsasən aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata olması nəzər alınsın. Ekspertiza tədqiqatının dəyəri - 63 manat 90 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,257 qram psixotrop maddə metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada 20 gün müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №1(032)-136/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-136/2025
13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver