Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-14/2023 12.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 16:55-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Heydərov Fərrux Fəttah oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1983-cü ildə Sabirabad rayonu, Çöl-Dəllək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri, M.Mirzəyev küçəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayaraq oğurluq əməli törətmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı və qohumu X4 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, 19 yanvar 2022-ci il tarixdə, saat 16 radələrində Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən "xxxx" MMC-nə məxsus fəaliyyəti müvəqqəti dayandırılmış armatur sexinin 2120 manat dəyərində dəmir materialdan olan giriş darvazasını və kiçik qapısını dəmir kəsən alətlə kəsib gizli talayaraq, zərər çəkmiş şəxs "xxxx" MMC-nə 2120 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X4 onun əmisi nəvəsidir. Aralarında düşmənçilik və ədavət olmamış, münasibətləri normal olmuşdur. 19 yanvar 2022-ci il tarixdə, saat 15 radələrində o, bacısı Natavan Mütəllimovanın yaşadığı Şirvan şəhəri, M.Mirzəyev küçəsində olan zaman əmisi nəvəsi Mübarizlə rastlaşmış, söhbət edən zaman Mübariz ona qapı aldığını və həmin qapını kəsərək satmaq lazım olduğunu bildirmişdir. O, Mübarizdən qapının oğurluq olub-olmamasını soruşmuş, Mübariz də ona qapının oğurluq olmadığını qapının bir hissəsini kəsdiyini bildirmişdir. Daha sonra Mübarizdən qapını kimdən aldığını soruşmuş, Mübarizə ona qapını kimdən aldığını deməmiş və demişdir ki, “sənin nəyinə gərəkdir kimdən almışam”. Bundan sonra o, həmin gün saat təxminən 16 radələrində Mübarizlə birlikdə Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən zavodun qarşısına getmiş, o, Mübarizin ona göstərdiyi qapının yanında dəmirkəsən aparat olduğunu görmüş, Mübariz ona qapının bir hissəsini əvvəlcədən həmin aparatla kəsdiyini bildirmişdir. Mübariz aparatı qoşub darvazanı kəsməyə başlamış, o da kənardan Mübarizə baxmış, Mübariz aparatla darvazanın kənarlarında olan 2 ədəd dəmir borunu kəsən kimi darvaza yerə aşmış, yerə aşdıqdan sonra Mübariz darvazanı 4 yerə bölmüşdür. Həmin vaxt zavodun mühafizəçisi onların olduqları yerə gəlmiş, Mübariz həmin tanımadığı və xatırlamadığı mühafizəçinin yanına getmiş və onunla söhbət etmişdir. O, onların nə haqqında söhbət etdiklərini bilməmişdir. Mübariz onun yanına gəldikdə o, Mübarizdən mühafizəçinin nə dediyini soruşmuş, Mübariz yenə ona heçnə deməmiş, Darvazanın yanında olan zaman Mübariz telefonla “Qazel” sürücüsünə zəng etmişdir. Biraz sonra “Qazel” markalı avtomobil həmin yerə gəlmiş, o, Mübarizlə birlikdə yerdə olan dəmir darvazanın hissələrini “Qazel” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə yükləmişdir. Mübariz tanımadığı “Qazel” sürücüsünə avtomobili metalqəbuletmə məntəqəsinə sürməsini demişdir. “Qazel” sürücüsü də avtomobili Səbuhinin metalqəbuletmə məntəqəsinə sürmüşdür. O, Mübarizlə birlikdə avtomobilin yük yerinə yığdıqları darvazanın hissələrini metalqəbuletmə məntəqəsinə təhvil vermiş, sonra Səbuhi həmin yerə gəlib Mübarizə onun bilmədiyi miqdarda pul vermişdir. Mübariz həmin puldan ona 100 manat pul vermiş, onlar birlikdə yaşadıqları küçəyə getmişlər. xx.xx.2022-ci il tarixdə o, Rusiya Federasiyasının Moskva şəhərinə bilet almış, işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində evdə olduğu zaman polis əməkdaşları evə gələrək onu polis şöbəsinə dəvət etmiş, o da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində ona dövlətlərarası axtarışda olduğunu bildirmişlər. Daha sonra ona məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə isə o, ekstradisiya ilə Azərbaycana çatmış və 3 saylı istintaq tədridxanasına yerləşdirilmişdir. Rusiya Federasiyasına getmək üçün bilet alarkən və Rusiya Federasiyasını gedərkən, həmçinin Rusiya Federasiyasında olarkən o, axtarıldığını və axtarışda olduğunu bilməmişdir. Mütəmadi olaraq ailə üzvləri ilə də əlaqə saxlamış, onlar da ona axtarılmağı barəsində hərhansı məlumat verməmişdir. Mübarizlə aralarındakı dialoq qeyd etdiyi kimi olmuşdur. O, Mübariz ona dəmirkəsən aparatın qapının yanında olduğunu bildirdiyi və qapının üstünü kəsdiyini dediyi üçün arxayınlaşmış və qapını həqiqətən də Mübariz tərəfindən alındığını düşünmüş, kəsib doğrayaraq metalqəbuletmə məntəqəsinə satmış olduqları qapının kiməsə məxsus olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də onun təqsirli olması zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayından "xxxx" MMC-də mühafizə rəisi işləyir. Onun işi MMC-nə məxsus olan obyektlərin mühafizəsindən ibarətdir. 24 yanvar 2022-ci il tarixdə, saat 09 radələrində MMC-nə məxsus obyektləri yoxlamışdır. Həmin vaxt MMC-nə məxsus Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən faəliyyəti müvəqqəti dayandırılmış armatur sexinin giriş darvazasının olmadığını müşahidə etmiş, həmin darvaza iki laylıdır və böyük olmuşdur. Bundan sonra o, bu barədə MMC-nin rəhbərliyinə bildirmiş və ona şifahi olaraq bildirmişlər ki, həmin darvazanın qiyməti 2000 manatdır. Rəhbərliklə əlaqə saxlayandan sonra bu barədə Şirvan şəhər polis şöbəsinə ərizə ilə müraciət etmiş, ərizə verən zaman rəhbərliklə şifahi əlaqə yaratmışdır. Bu zaman təxmini darvazanın 2000 manat qiyməti olduğu məlum olmuşdur. Sonradan MMC-nə dəymiş ziyanı dəqiqləşdirərək bu barədə istintaqa məktub ünvanlamışdır. MMC-nə dəymiş ziyanın məktubda göstərilən məbləğə istinad edilməsini xahiş edir. Hazırki zamanadək şirkətə vurulmuş ziyan ödənilməmişdir, vurulmuş ziyanın ödənilməsini, əks halda isə təqsirləndirilən şəxs barəsində ən ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, etibarnamə ilə ona məxsus “QAZ-33021 yük” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, həmin yük avtomobili ilə müxtəlif əşyalar daşıyaraq ailəsinin dolanışığını təmin edir. X2 Şirvan şəhər sakini kimi üzdən tanıyır. 19 yanvar 2022-ci il tarixdə axşam saatlarında Mübariz hardansa onun nömrəsini tapıb zəng etmiş, dəmir olduğunu və onu metal qəbuluna aparmaq üçün yük avtomobili lazım olduğunu bildirmişdir. O, ilk öncə razı olmasa da sonradan razılaşmış və Mübarizin dediyi yerə getmişdir. Orada Mübarizdən başqa digər şəxs də olmuşdur. Onlar dəmir listləri avtomobilinin yük yerinə yığmışlar. Bundan sonra həmin dəmirləri Çılpaqlı qəsəbəsində olan Səbuhinin metal alqı-satqısı məntəqəsinə aparmışdır. Onlar yükü boşaldanda sonra ona 45 manat pul vermişlər. Bundan sonra o, evinə getmişdir. Həmin şəxslər dəmir listlərin oğurluq olması barədə hər hansı məlumat verməmişlər. Məhkəmənin suallarına cavab olaraq təqsirləndirilən şəxsi üzdən tanıdığını, hadisə zamanı orada olan şəxsin simasını hazırda xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Şirvan şəhəri, M.Mirzəyev küçəsində "xxxx" MMC-nin anbarı yerləşir. Həmin yerdə mən müxtəlif dəmir məmulatlarını alır, MMC-i X7 məxsusdur. İşi dəmirlərin alqı-satqısına nəzarət etməkdən ibarətdir. X3 təxminən 15 ildir ki, tanıyır, aralarında ədavət və düşmənçilik olmamışdır. 19 yanvar 2022-ci il tarixdə, saat təxminən 22 radələrində Mübariz Mütəllimov MMC-nin anbarına gəlmiş, həmin vaxt Qazel markalı avtomobildən kəsilmiş darvaza endirmiş və satmaq istədiyini demişdir. Mübariz həmin darvazanı həyətindən gətirdiyini və pula ehtiyacı olduğu üçün satdığını demiş, o, həmin dəmiri çəkmiş və 1 tona yaxın olduğunu bilmiş, bundan sonra dəmirləri qəbul edib təxminən 510 manat pul vermiş, bundan sonra Mübariz getmiş, həmin vaxt Mübarizin yanında sürücüdən başqa digər şəxs də olmuş, səhərisi gün həmin dəmirlərlə birlikdə digər dəmirləri “X13”yə satmışdır. Hazırki cinayət işi üzrə tədqiq edilən X1 Şirvan şəhər Məhkəməsinin icraatında olan 1(032)-117/2022 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi nəvəsidir. Əvvəllər "xxxx" MMC-də fəhlə işləmişdir. 2022ci ilin əvvəllərində imkanı olmadığına görə oğurluq etmək qərarına gəlmişlər. Onlar Loğmanla qərarlaşdırmışlar ki, Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən köhnə kərpic zavodun dəmir darvazasını oğurlayıb satsınlar. 19 yanvar 2022-ci il tarixdə, saat 16 radələrində zavodun darvazasının qarşısına getmişlər. Onlar ətrafda heç kimin olmadığına əmin olandan sonra darvazanı dəmir kəsən mişarla kəsməyə başlamşlar. Təxminən 1 saat ərzində darvazanı tumbalarından kəsmişlər, bu zaman darvazanın hər iki layı yerə aşmışdır. Bundan sonra darvazanın yanında olan balaca dəmir qapını da çıxartmışlar. Bundan sonra darvazanı ortadan bölmüşlər. Daha sonra yük avtomobili idarə edən Zərərçəkmiş şəxs1 telefonla zəng edib dəmir olduğunu və satmaq üçün aparıb-apara bilməyəcəyini soruşmuşdur. Həmin vaxt artıq saat 22 radələri olmuşdur. Maarif “Qazel”lə dediyi yerə gəlmiş və onlar birlikdə dəmirləri yük yerinə yığmışlar. Bundan sonra həmin dəmirləri Şirvan şəhəri Çılpaqlı qəsəbəsində dəmir alqı-satqısı ilə məşğul olan Səbuhinin yanına aparmışlar. Səbuhi ondan heç nə soruşmamışdır. Səbuhi həmin dəmirləri çəkərək 1 tona yaxın olduğunu bilmişlər. Bundan sonra Səbuhi ona 517 manat pul vermişdir. Sürücüyə 45 manat pul vermişdir. Qalan pulu isə yarıbayarı Loğmanla bölmüşlər. Oğurluq edən zaman onları heç kim görməmişdir. Yük avtomobilinin sürücüsü Maarif və dəmir alqı-satqısı ilə məşğul olan Səbuhi həmin malların oğurluq olduğunu bilməmişlər. Əməlindən peşmandır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Baxış keçirilməsi haqqında 24 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən "xxxx" MMC-yə məxsus fəaliyyəti müvəqqəti dayandırılmış armatur sexidir. Həmin sex M.Mirzəyev küçəsində yerləşməklə sexə daxil olmaq üçün giriş darvazası olmuşdur. Həmçinin sexə giriş üçün kiçik dəmir qapı da olmuşdur. Böyük darvazanın hündürlüyü 4 metr, eni isə 5 metr olmuşdur. Kiçik qapı 2x1 metr ölçüdə olmuşdur. ( i.v. 11-13) Şirvan şəhər mərkəzi xəstəxanasının 24 oktyabr 2022-ci il tarixli, 1094 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ŞMP-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (i.v. 138-139) Retro Holding” MMC-nin 27 yanvar 2022-ci il tarixli, 73 nömrəli məktubunda göstərilmişdir ki, baş vermiş hadisə nəticəsində MMC-yə 2120 manat ziyan dəymişdir. (i.v. 67) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.166-167) İbtidai istintaq aparılan zaman xx.xx.2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. (i.v 125) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya Kommunikasiya İdarəsi tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 020-14923-1222 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasının səlahiyyətli nümayəndələri tərəfindən qəbul edilərək 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. (i.v.129) Şirvan şəhər Məhkəməsinin 1(032)-117/2022 saylı, 26 aprel 2022-ci il tarixli hökmünün surətindən görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.(i.v. 137-138) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bundan əlavə məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin cinayəti bir qrup şəxs halında törətməsini, özünü təqsirli bilməyərək cinayət məsuliyyətindən yaxa qurtarmaq cəhdini, onun cinayət törətdikdən sonra uzun müddət istintaqdan yayınmasını, bu məqsədlə ölkə hüdudlarını tərk etməsini, beynəlxalq axtarışda olmasını və yalnız həyata keçirilən əməliyyat-axtarış tədbirlərindən sonra ölkəyə ekstradisiya olunaraq gətirilməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsini və sonuncunun təqsirləndirilən şəxsdən şikayətçi olmasını işin faktiki halları qismində nəzərə alır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs oğlunun əməlində cəzasını yüngülləşdirən hallar qismində qardaşı X6 xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmasını cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə işin yuxarıda sadalanan obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır, həmçinin zərərçəkmiş şəxsin də ona qarşı şikayətçi olmasını, vurulmuş ziyanın həcmini, ödənilməməsini diqqətdən qaçırmır və təqsirləndirilən şəxs barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, cəza çəkmə müddətinin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Həmçinin, zərərçəkmiş şəxsə dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsə izah edilsin ki, dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ var. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-14/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-14/2023
12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver