Məhkəmə qərarları › İş №1(032)-14/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-14/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-14/2024 17.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:00-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Abuşova Pakizə Müşfiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (köhnə redaksiyada) təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 0,538 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki şalvarının sol cibində daşıyaraq saxlamış, 09 avqust 2023-cü il tarixdə, saat 01:50 radələrində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Şirvan şəhər Polis Şöbəsinə gətirilərək keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin 01 (bir) ədəd polietilen kəsiyi bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi – 0,538 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 avqust 2023-cü il tarixdə Şirvan şəhəri, 1 May küçəsində gəzən zaman yerdən 01 (bir) ədəd sellofan bükülü tapmış, həmin bükülünü açıb içərisinə baxdıqda narkotik vasitə olan heroin olduğunu görüb istifadə etmək üçün şalvarının sol yan cibinə qoyub saxlamış, 9 avqust 2023-cü il tarixdə saat 01:50 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb onlarla birlikdə polis şöbəsinə getməyini təklif etmiş, o da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərinə şəxsi-axtarış keçirilmiş, şəxsiaxtarış zamanı əynindəki şalvarının sol yan cibindən içərisində narkotik vasitə heroin olan həmin bükülü aşkar olunaraq götürülmüşdür. Həmin büküm çəkildikdən sonra zərfə qoyularaq möhürlənmiş, daha sonra isə polis işçiləri bu barədə protokol tərtib etmiş, o həmin protokolla tanış olmuş, düzgün tərtib olunduğuna görə o da digər iştirakçılar kimi protokola və zərfə imza etmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, şəxsi axtarış və digər istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübut və digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, 08 avqust 2023-cü il tarixdə polis şöbəsində olan zaman məlumat daxil oldu ki, xx.xx.1987-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı, saxlaması və istifadəsi ilə məşğuldur. O bu barədə rəhbərliyə məlumat vermiş, əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 ilə birlikdə xx.xx.2023-cü il tarixdə, təxminən saat 01:35 radələrində Şirvan şəhəri, 1 May küçəsində Təvəkkülü hərəkətdə olarkən görmüş, ona yaxınlaşıb özlərini təqdim etmiş, onu polis şöbəsinə dəvət etmiş, ona hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə onun üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynindəki şalvarının sol yan cibindən 01 ədəd polietilen kəsiyi bükümündə və həmin bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuş, sorğu-sual zamanı Təqsirləndirilən şəxs özü həmin 01 ədəd sellofan bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin sellofan bükümdə olan heroini yaşadığı evin yaxınlığında yerdən tapdığını və üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etmək olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlə müdafiəçi-vəkilin iştirakı ilə və video çəkilişlə çəkilib qablaşdırılaraq zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, iştirakçılardan irad və təklif daxil olmamış, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasına dair heç bir sübut, hal müəyyən edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Fuad Şahbazlı Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2023-cü il tarixdə, saat 01:50-də polis əməkdaşları tərəfindən saxlanılmış, həmin tarixdə, saat 02:40-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v 25-26) 10 avqust 2023-cü il tarixli qərarla təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(i.v. 64-65) Şəxsi axtarış və götürmə aparılması haqqında 09 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (i.v. 29-31) Məhkəmə iclasında nümayiş etdirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, o, üzərində olan 1 ədəd “Kgtel” markalı mobil telefon və 5 manatlıq əskinası masanın üzərinə qoyaraq könüllü təqdim edir. Ardınca əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin sellofan bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirir. Daha sonra üzərindən aşkar edilərək götürülmüş sellofan bükümün içərisində narkotik vasitə olan heroin elektron tərəzi vasitəsi ilə çəkildikdə 0,60 qram olması müəyyən olunmuşdur. Bundan sonra maddə zərfə qoyularaq qablaşdırılır. (i.v 30) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/789 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen kəsiyi bükümündə, təmiz çəkisi 0,538 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra narkotik vasitənin qalığı - 0,488 qr. Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 04 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə Şirvan Apelyasiya məhkəməsinin qərarı ilə xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilmiş, azadlıqdan məhrum etmə cəzası qəti olaraq 01 il 01 ay 27 gün saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v 78-86) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 23 avqust 2023-cü il tarixli 5397 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 99-100) Sübutların qiymətləndirilməsi haqqında 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsini özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzrərindən aşkar olunmuş narkotik vasitə olan heroin ekspertiza təhqiqatından sonrakı 4,88 qram qalığı xüsusiyyətinə, əlamətinə, aşkar edildiyi vaxta və yerə görə iş üçün əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq maddi sübut hesab edilmiş və təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları və maddi sübutla tanış olduqdan sonra saxlanılması üçün Şirvan şəhər polis şöbəsinin maddi sübutların saxlama otağına təhvil verilmişdir. (i.v 102-106) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (köhnə redaksiyada) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətmiş olduğu əməli səmimi etiraf etməsi, peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, barəsində olan yüngülləşdirici halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır, onun barəsində Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə olduğu müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini və üzərinə daimi yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini yaşayış və iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmasını məqsədəmüvafiq olması qənaətinə gəlir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 23 avqust 2023-cü il tarixli 5397 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X2 maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,488 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (köhnə redaksiya) təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il saat 02.40-dan xx.xx.2023-cü il saat 16.00-dək şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 04 gün çıxılsın, barəsində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanını hər gün saat 22:00-dan saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini yaşayış və iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – X3 maddi sübutların saxlanma otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,488 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar