Məhkəmə qərarları › İş №1(032)-14/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-14/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-14/2025 27.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, saat 14:10 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1992-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 15 oktyabr 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 29 may 2024-cü il tarixdə saat 07 radələrində idarəetdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Mercedes Benz 310 DKA" markalı ** LP *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində Salyan rayonu istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli halda bunu etməyib, nəticədə ehtiyatsızlıqdan yolun sağından yola çıxan Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21011” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsi ilə toqquşaraq, həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 “sağ İ, İİ, İİİ, İV qabırğaların, sol İ, İİ qabırğaların az yerdəyişmiş sınıqları, sağtərəfli hidropnevmotoraks, pnevmomediastium, sol tərəfli minimal hidrotoraks, döş qəfəsinin sağ yuxarı yarısında və boyun nahiyyəsində dərialtı emfizemalar” kimi və Zərərçəkmiş şəxs2 “ikitərəfli hidrotoraks, hər iki ağ ciyər aşağı pay arxa bazal seqmetdə konsolidasiya sahəsi (kontuziya), sol tərəfli qabırğaların çoxsaylı yerdəyişmiş ikili sınıqları, sağ V qabırğa qövsündə az yerdəyişmiş sınıq, soltərəfli pnevmotoraks, pnevmomediastinum, döş qəfəsinin sol yuxarı hissəsində sol qoltuqaltı və boyun nahiyyəsində dərialtı emfizema” kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almalarına səbəb olmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edən zaman yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmadan ibarət cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, “Mercedes Benz 310 DKA” markalı ** LP *** dövlət qeydiyyat nişanlı mikroavtobus ilə Şirvan şəhərində 9 saylı marşurut üzrə fəaliyyət göstərmiş, həmin mikroavtobusu özü idarə etmişdir. Mikroavtobus anası X1 mülkiyyətindədir. 29 may 2024cü il tarixdə qrafik üzrə iş günü olmadığından o, mikroavtobusun salon hissəsini təmir etdirmək üçün Salyan rayonuna aparmışdır. Həmin gün saat 07 radələrində həmin məqsədlə Salyan-Şirvan yolu ilə Hacıqəhrəmanlı qəsəbəsində mikroavtobusla hərəkətdə olarkən 12 saylı tam orta məktəbin qarşısından keçərkən “Vaz 21011” markalı avtomobil qarşısında anidən dönmə hərəkəti etməyə başlamış, həmin vaxt aralarında təxminən 5-6 metr məsafə olmuş, o, “Vaz 21011” markalı avtomobillə toqquşmaqdan qaçmaq üçün yayınmağa çalışsa da, bu mümkün olmamışdır. “Vaz 21011” markalı avtomobil anidən onun hərəkət zolağına çıxdığından, surətlə manevr etməyə çalışsa da, bu mümkün olmamışdır. Həmin vaxt idarə etdiyi avtomobilin ön hissəsi “Vaz 21011” markalı avtomobilin sol tərəfinə dəymişdir. Zərbənin təsirindən “Vaz 21011” markalı avtomobil biraz aralı düşmüşdür. O, dərhal mikroavtobusdan düşmüş və həmin “Vaz 21011” markalı avtomobilə yaxınlaşmış və görmüşdür ki, avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs2 xəsarət almışlar. Həmin vaxt TTYS-nə zəng edərək bu barədə məlumat vermiş və yardım çağırmışdır. Bir neçə dəqiqə sonra hadisə yerinə TTYS-dan və polis şöbəsindən əməkdaşlar gəlmişlər və Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışlar. O da polis əməkdaşlarına hadisə yeri barədə məlumat vermiş, hadisə yerinin şəkilləri çəkilmiş, sonra bu barədə müvafiq protokol və sxem tərtib edilmiş, o da tərtib edilmiş sxemlə tanış olaraq ora imza etmişdir. Sonra isə hadisə yerindən birbaşa X2 gəlmiş və sonuncuların səhhəti ilə maraqlanmışdır. Hadisə vaxtı heç bir xəsarət almamış, o, “Mercedes Benz 310 DKA” markalı ** LP *** dövlət qeydiyyat nişanlı mikroavtobusu təxminən 70 km/saat sürətlə idarə etmiş, hadisə vaxtı mikroavtobusda tək olmuş, başqa şəxs olmamış, o, “Vaz 21011” markalı avtomobili təxminən 5-6 metr aralarında məsafə qalan zaman görmüş, hadisədən əvvəl və ya hadisə vaxtı spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. Hazırda zərərçəkmiş şəxslər ilə barışmış və onlara dəymiş ziyanı tam olaraq ödəmişdir, bu halların, həmçinin himayəsində iki azyaşlı uşağının və onkoloji xəstə anasının olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərəçəkmiş şəxslərin ifadələri, baxış protokolları, iş üzrə keçirilmiş ekspertiza rəyləri və cinayət işinə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür, Zərərçəkmiş şəxs1 onun oğludur, sonuncunun idarə etdiyi “Vaz 21011” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir, həmin avtomobili oğlu İsmayıl idarə edir, lakin oğlu İsmayıla etibarnamə verməmişdir. 29 may 2024-cü il tarixdə, saat 07 radələrində o, oğlu İsmayıl və sonuncunun övladları “Vaz 21011” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları evdən çıxmışlar, oradan Hacıqəhrəmanlı qəsəbəsində yerləşən 12 saylı tam orta məktəbin qarşısına gəlmişlər və nəvələrini məktəbə düşürtmüşlər. Sonra Zərərçəkmiş şəxs1 idarə etdiyi “Vaz 21011” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə məktəbin yolundan Salyan-Şirvan yoluna çıxaraq üzü Şirvan şəhər istiqamətinə dönərkən “Mercedes Benz 310 DKA” markalı ** LP *** dövlət qeydiyyat nişanlı mikroavtobusun üzü Salyan istiqamətində gəldiyini görmüşlər. Həmin vaxt İsmayıl avtomobil ilə dönməyə çalışarkən mikroavtobusun ön hissəsi idarə etdiyi avtomobilin sol tərəfinə dəymiş və avtomobillər toqquşmuşdur. Toqquşma zamanı o və oğlu İsmayıl xəsarət almışlar. Onlar avtomobildə olarkən mikroavtobusun sürücüsü onlara yaxınlaşıb səhhətləri ilə maraqlanmış, sonra TTYS-nə zəng edərək bu barədə məlumat vermiş və yardım çağırmışdır. Bir müddət sonra hadisə yerinə TTYS-dan və polis şöbəsindən əməkdaşlar gəlmişlər, onu və oğlu İsmayılı Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada onlara ilkin tibbi yardım olunmuşdur. Hazırda təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 göstərdiklərini təsdiq etməklə oxşar məzmunlu ifadə vermiş, həmçinin hazırda təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 26 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; hadisə yerinə baxış keçirilməsi haqqında 29 may 2024-cü il tarixli protokoldan və sxemdən görünür ki, hadisə baş verən yer şəhərin Hacıqəhrəmanlı qəsəbəsində yerləşən 12 saylı məktəbin qarşısından keçən yoldur. Hadisə yeri yaşayış məntəqəsi daxilidir, yol asfalt örtüklü, quru, düz və hamardır. Hərəkət iki istiqamətlidir, hərəkət istiqamətləri 1.3 üfüqi nişanlanma xətti ilə ayrılır. Bir istiqamətdə hərəkət zolaqları düz xətlə bölünmüşdür. 4 hərəkət zolağı olmaqla, hərəkət hissənin eni bir istiqamətdə 3,5 metrdir; sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə 29 may 2024-cü il tarixli, 42686 saylı protokollaşdırma sənədindən görünür ki, Təqsirləndirilən şəxs alkoqol miqdarı 0,00% olaraq müəyyən edilmiş və hadisə vaxtı ayıq olmuşdur; məhkəmə tibbi ekspertizasının 29 may 2024-cü il tarixli, 262 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunan xəsarətlər-ikitərəfli hidrotoraks, hər iki ağ ciyər aşağı pay arxa bazal seqmetdə konsolidasiya sahəsi (kontuziya), sol tərəfli qabırğaların çoxsaylı yerdəyişmiş ikili sınıqları, sağ V qabırğa qövsündə az yerdəyişmiş sınıq, soltərəfli pnevmotoraks, pnevmomediastinum, döş qəfəsinin sol yuxarı hissəsində sol qoltuqaltı və boyun nahiyyəsində dərialtı emfizema-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 29 may 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir; məhkəmə tibbi ekspertizasının 29 may 2024-cü il tarixli, 263 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunan xəsarətlər-sağ İ, İİ, İİİ, İV qabırğaların, sol İ, İİ qabırğaların az yerdəyişmiş sınıqları, sağtərəfli hidropnevmotoraks, pnevmomediastium, sol tərəfli minimal hidrotoraks, döş qəfəsinin sağ yuxarı yarısında və boyun nahiyyəsində dərialtı emfizemalar-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 29 may 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir; Zərərçəkmiş şəxs2 cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur; Zərərçəkmiş şəxs1 cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Şirvan RQİ və TB şöbəsinin 07 avqust 2024-cü il tarixli, 3-13-16-7/2-6398/2024 saylı məktubundan görünür ki, Şirvan şəhəri, S.Zeynalov küçəsi ev 53/5-də yaşayan Təqsirləndirilən şəxs ilk dəfə xx.xx.2011-ci il tarixdə AB-595839 nömrəli “B,C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Lakin sonradan həmin sürücülük vəsiqəsi etibarlıq müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə BC 440928 saylı sürücülük vəsiqəsinə dəyişdirilmişdir. Hal-hazırda onun adı sürücülük hüququ məhdudlaşdırılmış şəxslərin siyahısında mövcud deyildir; “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 10 avqust 2024-cü il tarixli, 18-1-35/2-1190/2024 nömrəli məktubundan görünür ki, xx xxxxxx 1992-ci il təvəllüdlü, Əli- Bayramlı şəhərində doğulmuş, Şirvan şəhəri, S.Zeynalov küçəsi, ev 583/5-də yaşayan Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanasının ruhi-əsəb narkoloji kabinetlərində qeydiyyatda yoxdur; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 359 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; zərərçəkmiş şəxs qismində tanımaq haqqında 29 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır; maddi sübutun tanınması haqqında 05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 310 DKA” markalı ** LP *** dövlət qeydiyyat nişanlı mikroavtobus və “VAZ 21011” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi qiymətləndirilmiş, “Mercedes Benz 310 DKA” markalı ** LP *** dövlət qeydiyyat nişanlı mikroavtobus Təqsirləndirilən şəxs və “VAZ 21011” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 məhkəmə baxışınadək saxlanılması üçün təhvil verilmişdir; məhkəmə yol nəqliyyat hadisələrinə dair 30 sentyabr 2024-cü il tarixli, 3-16-16/2- 8/2169 nömrəli rəydən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes-Benz 310 DKA markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur; cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 30 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Zərərçəkmiş şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır; cinayət təqibinə xitam verilməsi haqqında 05 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə istintaqı aparılan cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir; cinayət işinin icraatına xitam verilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsinə dair 15 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Şirvan şəhər polis şöbəsinin İB-nin baş müstəntiqi Əhməd Baloğlanov tərəfindən qəbul edilmiş 05 oktyabr 2024-cü il tarixli qərar ləğv edilməklə, cinayət işi üzrə əməl CM-nin 263-1.2-ci maddəsinə tövsif edilmiş və cinayət işi əlavə istintaqı aparılması üçün Şirvan şəhər PŞ-nin İstintaq bölməsinə göndərilmişdir; cinayət işinin icraata qəbul edilməsi haqqında 15 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Şirvan şəhər polis şöbəsinin İB-nin baş müstəntiqi Əhməd Baloğlanovun icraatına qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir; zərərçəkmiş şəxs qismində tanımaq haqqında 15 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır; təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 15 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; qətimkan tədbirinin seçilməsi barədə 15 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; şəxsin qohumluq əlaqələri barədə “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşağı var; şəxsin qohumluq əlaqələri barədə “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X5 adlı uşağı var; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin iş materiallarında olan, həmçinin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinə əsasən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 43.3-cü maddəsinə əsasən xüsusi və ya hərbi rütbədən, fəxri addan yaxud dövlət təltifindən məhrum etmə, nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növləri yalnız əlavə cəza kimi tətbiq edilir; 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respbulikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, onun tərəfindən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə, törətmiş olduğu cinayəti etiraf edib əməlindən peşman olduğunu, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, himayəsində yaşlı və onkoloji xəstə anasının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cinayəti törətdikdən sonrakı müddətdə davranışını, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməli məsələlərdən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə yuxarıda qeyd olunan qənaətə gələrkən onu əsas tutur ki, cinayət nəticəsində təyin olunan cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəldilməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəzanı əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial, iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut olan “Mercedes Benz 310 DKA” markalı, ** LP *** dövlət nömrə qeydiyyat nişanlı mikroavtobusun Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan “Mercedes Benz 310 DKA” markalı, ** LP *** dövlət nömrə qeydiyyat nişanlı mikroavtobusun Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar