Məhkəmə qərarları › İş №1(032)-141/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-141/2023

21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-141/2023 21.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 12:45 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxx 1991-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Kristal 1 ünvanında yerləşən “Zeytun” aptekdə əczaçı vəzifəsində işləyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Kristal 1 yaşayış kompleksində yaşayan, barəsində xx.xx.2023cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanasında “Resepşn” vəzifəsinə işə düzəldəcəyini yalan vəd verərək, aralarında yaranmış yaxın münasibətə görə Zərərçəkmiş şəxs ona qarşı yaranmış inam və etimadından istifadə edərək 2022-ci ilin sentyabr ayının 1-ci on günlüyündə saat 12 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən Şirvan şəhər Sənaye Texnikomunun yataqxanasının qarşısında 4000 manat pul alıb şəxsi ehtiyaclarına xərcləyərək vədinə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 2022-ci ilin mart ayından başlayaraq Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Zeytun 16-da aptek idarəçisi işləmişdir. Bu müddət ərzində həmin aptekə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs gəlib və oradan müxtəlif növlərdə dərman pereparatları aldığı üçün aralarında münasibət yaranmışdır. 2022-ci ilin sentyabr ayında o, Zərərçəkmiş şəxs zəng vurub yalandan onu Şirvan şəhər Mərkəzi Xəstəxanasına “Resepşn” vəzifəsinə 4000 (dörd) min manata işə düzəldə biləcəyini bildirmişdir. Vüsalə ona bildirmişdir ki, anası ilə məsləhət edib ona xəbər edəcək. Həmin gün, yəni 2022-ci ilin sentyabr ayının 1-ci on günlüyündə anası Mahirə ilə birlikdə gətirib saat 12 radələrində Şirvan şəhər, Sənayə Texnikomunun yataqxanasının qarşısında Mahirə ilə birlikdə onun dediyi 4000 (dörd) min manatı və sənədlərinin surətini gətirib ona vermişlər. Həmin vaxt X2 işə düzəlmə əmrinin nə vaxta gəlməsini soruşduqda o, 2022-ci ilin sentyabr ayının sonlarına qədər əmrinin gələcəyini bildirmiş və həmin pulu götürüb öz şəxsi tələbatına xərcləmişdir. Bu gündən sonra Vüsalə və anası Mahirə onunla əlaqə saxlasa da onları müxtəlif bəhanələrlə aldatmışdır ki, həmin pulu geri qaytaracaq. Törətmiş olduğu cinayət əməlindən peşmandır. Hazırda törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, maddi ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan tələb və ya şikayətinin olmamasını nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs Qardaşəli qızını 2022-ci ildən tanıyır. 2022-ci ilin sentyabr ayında anası Mahirə bildirmişdir ki, tandığı bir qadın var adı Əminədir, Rövşən şadlıq sarayı ilə üzbəüz “Zeytun” aptekdə işləyir. Onu Şirvan şəhər Mərkəzi Xəstəxanasına “Resepşn” vəzifəsinə 4000 (dörd) min manata düzəldə bilər. Bundan sonra anası ona bildirmişdir ki, gedib 4000 (dörd) min manatı düzəldib versinlər. Həmin gün, yəni 2022-ci ilin sentyabr ayının 1-ci on günlüyündə anası Mahirə ilə birlikdə Əminənin ona dediyi 4000 (dörd) min manatı düzəldib gətirib, saat 12 radələrində Şirvan şəhər, Sənayə Texnikomunun yataqxanasının qarşısında anası ilə birlikdə 4000 (dörd) min manatı və sənədlərin surətini Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt anası Əminəyə onun işə düzəltmə əmrinin nə vaxta gəlməsini soruşduda, Əminə 2022-ci ilin sentyabr ayının sonlarına qədər gələcəyini bildirmişdir. Həmin gündən sonra onlar oturub sentyabr ayının sonun gözləsələr də işdən bir xəbər çıxmamış və Əminəyə zəng etdikdə onları müxtəlif bəhanələrlə aldadıb vaxtı uzatmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ondan heç bir tələb və ya şikayəti yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 25 aprel 2023-cü il tarixli, PHŞ-6-35/2-215/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMPnın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 298 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Təqsirləndirilən şəxs təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, dəymiş ziyanı tam şəkildə ödəmiş, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və ya tələbi yoxdur, barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir; Zərərçəkmiş şəxs təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur, onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq, məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəmiş, onunla barışıq əldə etmiş, zərərçəkmiş şəxs isə məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın ödənilməsini və heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi üçün o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 351, 353, 384-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar