Məhkəmə qərarları › İş №1(032)-142/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-142/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-142/2023 05.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:25-də Şirvan şəhər Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3-cü madddəsinə əsasən 06 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində başqa yer getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 8,65 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla saxlamış, 11 mart 2023-cü il tarixdə saat 18:37-də Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri, X9 küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin içəri sol cibində olan bir ədəd kibrit qutusunda təmiz çəkisi 8,65 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 08 mart 2023-cü il tarixdə təxminən saat 20 radələrində yaşadığı Şirvan şəhəri, X9 küçəsində gəzən zaman yaşadığı evin yaxınlığında yerdə bir ədəd kibrit qutusu görmüş və onun marağını cəlb etdiyi üçün həmin kibrit qutusunu yerdən götürüb açmış, tanıdığı üçün içərisinə baxan zaman narkotik vasitə qurudulmuş marixuana olmasını bilmiş və əynindəki qara rəngli gödəkçəsinin sol iç cibinə gələcəkdə istifadə etmək məqsədilə qoymuşdur. Qara rəngli gödəkçəni aparıb evə qoymuş, digər gödəkçəni geyinib işləri ilə məşğul olmuşdur. 11 mart 2023-cü il tarixdə saat 18:30 radələrində həmin gödəkçəni geyinib küçəyə çıxmış, yaşadığı Şirvan şəhəri, X9 küçəsində piyada hərəkətdə olarkən bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini təqdim etmiş və polis əməkdaşları olmasını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamağında və narkotik vasitədən istifadə etməyində şübhəli olduğunu və üzərində şəxsi axtarış aparacaqlarını demişlər. Həmin vaxt ətrafda başqa insanlar olduğu üçün, həmçinin onun üzərində narkotik vasitə qurudulmuş marixuana olduğu üçün şəxsi axtarış aparılmasına etiraz etmişdir. Həmin vaxt polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş, o, da etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Şirvan şəhər polis şöbəsinə getmişdir. Polis şöbəsində olarkən otaqların birində ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bir qədər sonra vəkil Bəxtiyar Babayev gəldikdən sonra polis əməkdaşlarının, vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya olubolmamasını soruşmuş, olduğu halda könüllü təqdim etməyini təklif etmişdir. O, da əynində olan qara rəngli gödəkçənin sol içəri cibindən 1 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı masanın üzərinə qoymuş və həmin kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını söyləmişdir. Üzərindən aşkar edilib götürülmüş 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana, polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş, 12,26 qram olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı polis əməkdaşına 1 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evin yaxınlığından tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, əynindəki qara rəngli cins şalvarın sol yan cibindən üç ədəd açar və bir ədəd alışqan aşkar olunmuşdur. Üzərində başqa narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşı təqdim etdiyi bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana kibrit qutusu ilə birlikdə bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, zərfin üzərində o, vəkili və digər polis əməkdaşları kimi imza etmişdir. Əməlindən peşmandır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, xx.xx.2023-cü il tarixdə icraatına ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə istifadə etməkdə, üzərində saxlaması və satışı ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün həmin gün raportla Şirvan ŞPŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qəbul edilmiş qərar əsasında ŞPŞ-nin ƏİÜ rəis müavini, polis polkovnik leytenantı Farid Vəliyev, PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2, Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X5 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən Təqsirləndirilən şəxs yeri müəyyən edilərək xx.xx.2023-cü il tarixdə saat 18:37 radələrində Şirvan şəhər, M.Ə.Rəsulzadə küçəsində hərəkət edən zaman saxlanılmış, Şirvan şəhər polis şöbəsinə gətirilmişdir. Şirvan Şəhər polis şöbəsinin inzibati binasının otaqların birində saat 19:15-də videoçəkiliş vasitəsilə vəkilin və polis əməkdaşı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuş, həmin kibrit qutusunun içərisində narkotik vasitə olan marixuananın olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən, əynindəki qara rəngli cins şalvarın sol yan cibindən üç ədəd açar və bir ədəd alışqan aşkar olunmuş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə baş təhqiqatçı, X5 tərəfindən protokol tərtib olunmuşdur. Həmin protokol onun, digər polis əməkdaşı, vəkil və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin barəsində ekspertiza rəyi alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan Regional ekspertizası mərkəzinə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verib onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən üç ədəd açar və bir ədəd alışqan aşkar olunmuş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə haqqında 11 mart 2023-cü il tarixli protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən çətənə (kannabis) bitikisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə, saat 19.05-də şübhəli şəxs qismində tutulmuş, 13 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 13 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Şirvan şəhər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3-cü madddəsinə əsasən 06 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını sonu ilə azad edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 12 mart 2023-cü il tarixli, 18/289 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi – 8,65 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 8,65 qram, tədqiqata istifadə olundu-0,02 qram, qalıq-8,63 qramdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 11 aprel 2023-cü il tarixli 2078 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorun birgə qəbul edilməsi nəticəsində yaranan nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 26 aprel 2023-cü il tarixdə verilmiş 2480 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs M.Ə.Rəsulzadə küçəsi ev 17/2, mənzil 7-də ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 26 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 06 aprel 2023-cü il tarixli, 160(5) nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs «Tiryək narkomaniyası» diaqnozu ilə ŞMP-nın narkoloji kabinetində qeydiyyatdadır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlində cinayətin residivinin olmasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəzaçəkmə müddətinin əvvəli 05 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında həbsə alınmalı, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomoniyadan məcburi müalicə təyin edilməli, onun ərazi narkoloji dispanserində qeydiyyatda olduğu nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi subutların saxlanılıması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 8,63 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 11 mart 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti təyin edilmiş cəzadan çıxılaraq qəti olaraq ona 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalında həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 iyul 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutları saxlama anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,63 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar