Məhkəmə qərarları › İş №1(032)-142/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-142/2025

11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-142/2025 11.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:15 Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2007-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 10 iyul 2025-ci il tarixdə saat 10 radələrində ictimai yer hesab edilən Şirvan şəhəri, Xəqani küçəsində yerləşən “Heydər Əliyev” adına parkda Zərərçəkmiş şəxs bacısı Şahid3 ilə söhbət etməsini bəhanə edərək Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncu ilə mübahisə edib öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, özünü müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə, ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib, insanların mütəmadi olaraq giriş çıxışının olduğu həmin yerdə, kənar şəxslərin gözü qarşısında, silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçaqla həmin vaxt parkda olan vətəndaşlara məhəl qoymayaraq Zərərçəkmiş şəxs bıçaqla iki dəfə vuraraq ona döş qəfəsinin sol yarısının yuxarı şöbəsində 13,0x0,3 sm ölçülərdə köndələn istiqamətdə, səthi bir qədər qabarıq, bərk konsistensiyalı, üzərində 15 ədəd cərrahi tikiş olan qırmızımtıl rəngli çapıq (döş qəfəsinə nüfuz etməyən) kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, döş qəfəsinin sol qoltuq xətti üzrə məmə kəsişməsi üzərində 1,0x0,5 sm ölçülərdə üzərində cərrahi tikiş olmayan çapıq kimi sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib ifadə verərək bildirdi ki, o, Zərərçəkmiş şəxs əvvələr tanımamış, sonuncunu ilk dəfə 10 iyul 2025-ci il tarixdə bacısı Şahid3 yanında görmüşdür. xx.xx.2025-ci il tarixdə səhər saat 09 radələrində özünə telefon nömrəsi almaq üçün Şirvan şəhərində yerləşən “Elit” adlı bazara getmişdir. Bazardan özünə 1 ədəd telefon nömrəsi almış və bazardan çıxan zaman bacısı Aysunun tanımadığı 1 nəfər oğlanla birlikdə əl-ələ tutmuş vəziyyətdə bazardan çıxdığını görmüşdür. O, bacısı ilə həmin şəxsi birlikdə gördükdən sonra bazarın içəsinə qayıtmış, bazardan 1 ədəd 4 manata mətbəx bıçağı almış və həmin bıçağı kəmərinin aldında gizlətmişdir. Bazardan çıxıb kənara boylansa da bacısı və yanında olan şəxsi görməmişdir. Bundan sonra onları axtarmaq üçün bazardan çıxmış, bazardan çıxan zaman dostu Şahid1 Fizuli oğlunu görmüşdür. O, Süleymanı görüb yanına yaxınlaşan zaman bacısı ilə həmin şəxsin, yəni sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxsin bazarın yaxınlığındakı parkda birlikdə skamyada oturub baş-başa söhbət etdiklərini görmüşdür. O, Süleymanla görüşmədən qaça-qaça bacısı ilə Rasimin yanına yaxınlaşmışdır. Rasim ona nə isə demiş, lakin o, həmin sözü eşitməmiş və belindəki bıçağı çıxarıb heç bir söz demədən qorxutmaq məqsədi ilə Rasimi vurmaq istəmiş, lakin ilk atdığı bıçaq Rasimə dəyməmiş, sonuncu qaçmağa başlamış, onu vurmaq istədiyi yerdən təxminən 4-5 metr kənarlaşanda onu bir dəfə arxadan bıçaqla vurmuşdur. Həmin şəxs ayaq saxlamayaraq qaçmağa davam etmiş, o da Rasimin arxasıyla bir qədər qaçdıqdan sonra dayanmış və bıçağı tullamışdır. Bundan sonra atasının yanına getmiş və atasına baş verənləri danışaraq polisə təslim olacağını bildirmişdir. O, Zərərçəkmiş şəxs bıçaqla vuran zaman aralıda bacısı Aysu, dostu Süleyman olmuşdur, həmin vaxt əsəbi olduğundan ətrafda başqa şəxslərin olubolmamasını xatırlamır. Təqsirləndirilən şəxs son olaraq Zərərçəkmiş şəxsla barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ona dəymiş ziyanın ödənildiyini, Zərərçəkmiş şəxs artıq onun bacısı Aysu ilə nişanlandığını nəzərə alınmasını, bundan başqa özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bildiyini, bununla əlaqədar törətdiyi cinayət əməlinin CM-nin 128-ci maddəsinə tövsif edilməklə barəsində amnistiyanın tətbiq olunmasını və cinayət təqibinə qeyri-bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Elcanı xx.xx.2025-ci il tarixdə onu bıçaqlayan zaman tanımış və sevdiyi qız olan Şahid3 qardaşı olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxsla əvvəllər heç bir münasibəti ədavət və ya düşmənçiliyi olmamışdır. O, Şahid3 ilə xx.xx.2025-ci il tarixdə “Elit” bazarında tanış olmuşdur. Aysu ilə onların aralarında telefon danışığı olmasa da Aysu arada bir Elit bazarına gəlir və onlar söhbət edirlərmiş. xx.xx.2025-ci il tarixdə Aysunun bazarda olduğunu görmüş, bazardan çıxıb Aysunun arxasıyca getmiş və onlar Şirvan şəhəri Xaqani küçəsində yerləşən H.Əliyev parkında görüşüb və söhbət etməyə başlamışlar, həmin vaxt sonradan adının Süleyman olduğunu bildiyi şəxs onları görmüş, Aysu Süleymana nə isə demiş, sonradan Aysu ona Süleymandan onları gördüyünü heç kimə deməməsini xahiş etdiyini bildirmişdir. Bir qədər söhbət etdikdən sonra evə getmək istəyən zaman Təqsirləndirilən şəxs qaçaqaça onlara yaxınlaşmış, o, Elcana söhbət etmək istədiyini desə də Elcan ona qulaq asmayaraq belindən bıçağı çıxarıb onu vurmuş, həmin bıçaq ona cuzi xəsarət yetirmiş və o Elcanın əlindən qaçmışdır. Elcan qaçarkan arxadan 1 dəfə bıçaqla vurmuş, o, isə dayanmayaraq qaça-qaça parkdan çıxmışdır, Elcan isə onu bir qədər qovduqdan sonra dayanmışdır. Yolun kənarında belindən qan axdığı üçün dayanmış və həmin vaxt bir nəfər tanımadığı şəxs onu xəstəxanaya aparmışdır. O xəstəxanada müalicə olunmuşdur. Mübahisə zamanı orada Elcan, o və bir qədər kənarda isə Aysu və Süleyman olmuş, ətrafda başqa şəxslər olmamışdır. Zərərçəkmiş şəxs son olaraq Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncunun bacısı Aysu ilə nişanlandıqlarını və evlənəcəklərini, Təqsirləndirilən şəxs heç bir şikayətinin olmadığını bildirərək bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə 10 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində idarə etdiyi avtomobillə hərəkətdə olan zaman 1 nəfər tanımadığı şəxsin “Urfa” restoranının yanında piyada getdiyini görmüş, həmin şəxs köynəyini qaldıran zaman gövdəsinin sol tərəfindən qan olduğunu görmüşdür. O, avtomobilini həmin şəxsin yanında saxlayıb avtomobilə əyləşməsini və onu xəstəxanaya aparacağını bildirmiş, daha sonra onu avtomobili ilə Şirvan şəhər xəstəxanasına aparmışdır. O, avtomobili ilə xəstəxanaya apardığı şəxsin kim olduğunu və adının nə olduğunu öyrənməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun qardaşı, Zərərçəkmiş şəxs isə sevdiyi oğlandır. O, Zərərçəkmiş şəxsla xx.xx.2025-ci il tarixdə “Elit” bazarında tanış olmuşdur. Rasimlə onların aralarında telefon danışığı olmasa da o, arada bir Elit bazarına getmiş və Rasimlə söhbət etmişdir. xx.xx.2025-ci il tarixdə qardaşı Elcanla anası Səhnəbanı evdən çıxmış və o da Rasimlə görüşmək üçün Elit bazarına getmişdir. Bazarda Rasim onu görmüş və o, bazarın yaxınlığında olan parka tərəf getmişdir. Rasim də onunla həmin parka gəlmişdir. Parkda onlar bir qədər söhbət edikdən sonra o, evə getmək istəyəndə qardaşı Elcanla rastlaşmışdır. Elcan ondan bazara nə üçün gəldiyini soruşmuş, o, isə Elcana heç bir söz deməmişdir. Bundan sonra Elcan Rasimə yaxınlaşmış, onların aralarında olan söhbəti eşitməmişdir. Bir qədər sonra Rasim qaçmağa başlamış, Elcanın isə Rasimin dalınca qaçmasını görmüşdür. O, nə isə pis bir şey olacağından şübhələnərək Rasimlə Elcanın arxasıyca parkdan çıxmışdır. Bir qədər qaçdıqdan sonra Rasim binaların arasına girmiş, Elcan isə geri qayıtmışdır. Sonradan Rasimin bıçaqlandığını öyrənmişdir. Hadisə vaxtı onlardan başqa qardaşının dostu Şahid1 da yaxınlıqda olmuş, başqa kənar şəxs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 iştirakı ilə ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır, Elcan onun uşaqlıqdan dostudur. Elcanla normal münasibəti olmuş və aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Zərərçəkmiş şəxs Şirvan şəhər sakini kimi tanıyır, Zərərçəkmiş şəxsla heç bir münasibəti və ya düşmənçiliyi olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Şirvan şəhərində yerləşən “Elit” bazarının yanındakı “Sevgililər” parkından piyada keçən zaman dostu Elcanın bacısının Rasimlə söhbət ediklərini görmüşdür. Aysu ona onları gördüyünü bildiyi üçün ona yaxınlaşaraq valideynlərinə bu barədə heç bir söz deməməyini xahiş edərək bir-birlərini sevdiyini bildirmişdir. O da Aysuya bu barədə valideynlərinə heç bir söz deməyəcəyini, lakin evə getməli olduğunu bildirmişdir. Bundan sonra o, onların yanından uzaqlaşmışdır. Bir qədər piyada yol qət etdikdən sonra Təqsirləndirilən şəxs görmüş, Elcan ondan bacısını görüb-görmədiyini soruşmuşdur. O, isə Elcana bacısını görmədiyini bildirmişdir. Bundan sonra Elcan onunla görüşmədən bacısını görüb qaçmış, o da Elcanın arxasıyca qaçmışdır ki, əsəbi halda nə isə hadisə törətməsin, Elcan ondan qabaq bacısı ilə Rasimin yanına çatmış və Rasimi tutmuşdur. O, həmin vaxt nə baş verdiyini bilməmişdir. Qısa zaman kəsiyində Rasim qaçmış və Elcan Rasimi qovmağa başlamışdır. O da Rasimlə Elcanın dalınca qaçmış, Rasim qaçıb uzaqlaşmış, o isə Elcanın əlindəki bıçağı alıb zibil maşınına atmışdır. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişlərdən görünür ki, 10 iyul 2025-ci il tarixdə saat 10:16-da Şirvan şəhəri, Xaqani küçəsində yerləşən Heydər Əliyev parkında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs parkdan çıxıb Şirvan şəhəri, Xaqani küçəsi ilə qaçdığı, Təqsirləndirilən şəxs onun arxasıyca qaçdığı, onlardan bir qədər arxada Şahid1 və Şahid3 qaçdığı müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Şəxsin şübhəli şəxs qismində tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 13:50-də şübhəli şəxs qismində tutulmuşdur; cinayət işi başlanmaq və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X1 icraatına qəbul edilmişdir; zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; Baxış keçirilməsi və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi hadisə zamanı üzərində olan 1 ədəd mayka və 1 ədəd köynək cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(032)-108/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır; Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli ,4(032)-121/2025 saylı qərarından görünür ki, müdafiəçinin vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs dərhal həbsdən azad olunmuşdur. Şirvan şəhər-İsmayıllı rayon MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2020-ci ildən ünvan 3 ünvanında yaşayır. Qəsəbədə yaşadığı dövür ərzindən MKİS-nə heç bir şikayyət daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" X4 329-2025/MTKŞ saylı xx.xx.2025-ci il tarixli Ekspert rəyindən görünür ki, maddi sübutun məhkəmə-kriminalistik tədqiqi, qərarın təsviri hissəsində iş haqqında olan məlumatlar və ekspertiza qarşısında qoyulan suallara əsasən, aşağıdakı nəticəyə gəlinmişdir:

1. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın arxa səthinin sol yarısının orta hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdirlər.

2. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus maykanın arxa səthinin sağ və orta nahiyələrinin yuxarı hissəsində 01 (bir) ədəd cırılma zədəsi vardır. Bu zədə maykanın müvafiq nahiyəsinə küt qüvvətəsir etməklə, yəni kəskin dartılaraq cırılması nəticəsində əmələ gələ bilərdi.

3. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş və cırılma zədələrinin müxtəlif şəraitlərlə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlmələrinin mümkünlüyü istisna olunmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" X4in 12 sentyabr 2025-ci il tarixli 503/2025-TBŞ №-li rəyindən görünür ki, maddi sübutların məhkəmə-tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir: 1.Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ), şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən; 2.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd mayka və 01(bir) ədəd köynək üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “B” antigeni alındı. ABO sistemi üzrə alınmış B antigeni tək halda B(İİİ) qruplu qanı formalaşdırdığı üçün qan ləkələrinin həmin qruplu şəxsə (şəxslərə) məxsus olduğunu söyləmək olar. Göstərilən halda bu qan ləkələrinin ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur. Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 365 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və tibbi sənədlərə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər- döş qəfəsinin sol yarısının yuxarı şöbəsində 13,0x0,3 sm ölçülərdə köndələn istiqamətdə, səthi bir qədər qabarıq, bərk konsistensiyalı, üzərində 15 ədəd cərrahi tikiş olan qırmızımtıl rəngli çapıq(döş qəfəsinə nüfuz etməyən), döş qəfəsinin sol qoltuq xətti üzrə məmə kəsişməsi üzərində 1,0x0,5 sm ölçülərdə üzərində cərrahi tikiş olmayan analoji çapıq-cəmi iki ədəd xəsarət-iti xassəyə malik alət təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilmiş səraitə və tarixə yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi. Ağırlıq dərəcəsinə görə, döş qəfəsinin sol yarısının yuxarı şöbəsində müəyyən olunan yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Döş qəfəsinin sol qoltuq xətti üzrə məmə kəsişməsi üzərində aşkar olunan ikinci yara sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik və Ekspertiza Mərkəzi” X4in 22 avqust 2025-ci il tarixli 2774 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən xroniki psixi xəstəlik psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə təödbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik, qəzab yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir; Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri müddətinin uzadılması barədə vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. Qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir . Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, əməlindən peşmandır, barəsində baxılan cinayət işi üzrə əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin CM-nin 128-ci maddəsinə tövsif edilməsini və «Konstitusiya və Suverenlik İli» münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, onun törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə xx.xx.2025-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 10 iyul 2025-ci il tarixdə, saat 10 radələrində Şirvan şəhəri, Xəqani küçəsində yerləşən “Heydər Əliyev” adına parkda aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Həm təqsirləndirilən şəxsin ifadəsi, həm də zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, ittihamda qeyd edilən hadisə Şirvan şəhəri, Xəqani küçəsində yerləşən “Heydər Əliyev” adına parkda baş versə də, həmin yerdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs olmuş, Şahid3 və Şahid1 onlardan aralıda olmuş, yaxınlıqda başqa heç kim olmamış, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişəyə səbəb isə sonuncunun bacısı ilə aralarında münasibətlərinin olması və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bacısı Şahid3 ilə parkda bir yerdə görməsi olmuşdur. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs söyüş söyməmiş, ətrafda isə kənar heç kim olmamışdır. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 10 iyul 2025-ci il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhz şəxsi münasibətlər zəminində dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs yuxarıda qeyd edilən şəraitdə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilsə də, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs əxlaq normalarına zidd hesab etdiyi hərəkətinə qarşı olan cavab hərəkətləri kimi təzahür etmişdir. Hadisənin bu cür inkişaf etməsi Təqsirləndirilən şəxs cinayətkar əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, şəxsi münasibətlər zəminində törədildiyini göstərir, ibtidai istintaq orqanının Zərərçəkmiş şəxs təqsirkarın bacısı ilə görüşməsini, parkda əl-ələ tutaraq gəzməsini sonuncunun cinayətkar hərəkətlərini şərtləndirən xüsusat kimi deyil, bəhanə kimi qiymətləndirmələri isə aşkar surətdə faktlarla, adi müşahidəçinin dəyərləndirilməsi ilə uzlaşmayan qənaət, subyektiv mülahizə kimi çıxış edir. Cinayətkar hərəkətlərin faktik məzmunu və xuliqanlıq niyyətinin olmaması isə, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsi ictimai-təhlükəli qəsdinin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmasına deyil, müstəsna olaraq zərərçəkmiş şəxsə qarşı, onun sağlamlığına zərərin vurulmasına yönəldiyini, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə (ictimai qaydaya) zərərin vurulmadığını göstərir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6). Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə düzgün tövsif olunmamışdır, onun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, məhkəmə istintaqı zamanı araşdırılaraq tədqiq edilən sübutlarla təsdiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasına əsasən xuliqanlıq dedikdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin edilməsi nəzərdə tutulur. Bununla da xuliqanlıq cinayətinin obyektiv tərəfi aşağıda göstərilən 3 əlamətlə xarakterizə edilir: 1) ictimai qaydanın kobud surətdə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; 3) vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi ilə hədələmə, habelə özgənin əmlakının məhv edilməsi və yaxud zədələnməsi. Buna görə də, əməlin xuliqanlıq cinayəti hesab olunması üçün şəxsin hərəkətlərində bu cinayətin obyektiv tərəfinin yuxarıda göstərilən əlamətlərinin hər üçü mövcud olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə həmin maddə ilə məsuliyyət o vaxt yarana bilər ki, şəxsin əməlində eyni zamanda həm də Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər yalnız sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının tövsiyyəsinə görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ilə olunan hərəkətlər başa düşülür. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının tövsiyyəsinə görə, şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Bundan başqa, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə təqsirləndirilən şəxsin yuxarıda qeyd edilən ifadəsini, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmaya aid xəsarətlər yetirilməsi cinayətinin törədilməsində etiraf kimi qəbul edərkən, təqsirləndirilən şəxsin həmin ifadəsinin iş üzrə təyin edilmiş canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 365 nömrəli rəyi ilə də öz təsdiqini tapdığını nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərərvurmaya aid xəsarətləri ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə yetirməsi işdə olan sübutlarla öz təsdiqini tapmır. Beləliklə Təqsirləndirilən şəxs əməlində ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin və vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi ilə hədələmə, habelə özgənin əmlakının məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin, yəni xuliqanlıq cinayətinin obyektiv tərəfinin bütün əlamətlərinin eyni anda mövcud olması məhkəmə istintaqında tədqiq edilmiş sübutlara öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, Zərərçəkmiş şəxsla aralarında olan şəxsi münasibətlər zəminində ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurma kimi təzahür etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsüfedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni zamanda məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini bildirib, barəsində «Konstitusiya və Suverenlik İli» münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilərək təqsirləndirildiyi hazırki cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilmiş amnistiya aktının 5.1-ci bəndinin təsir dairəsinə düşür. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndində qeyd edilir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan amnistiya aktının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər mövcud deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (CPM) 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə məhkəmə yekun nəticəyə gələrək hesab edir ki, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respbulikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktı tətbiq edilməli və Azərbaycan Respbulikası CPM-in 43.3-cü maddəsinə əsasən aparılan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan 01 (bir) ədəd mayka və 01 (bir) ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir . İş üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 43.3, 156.4, 344-347, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktı tətbiq edilsin və Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən aparılan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan 01 (bir) ədəd mayka və 01 (bir) ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar protest və ya şikayət verilməmişdirsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar