Məhkəmə qərarları › İş №1(032)-146/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-146/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-146/2023 04.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 15.55-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1979-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “Lalafo.az” internet səhifəsində guya məişət əşyalarının satışı ilə məşğul olması barədə elan yerləşdirərək, həmin elana müxtəlif məişət əşyalarının fotoşəkillərini əlavə etdikdən sonra 12 dekabr 2022-ci il tarixdə elanda yerləşdirilmiş 4 ədəd taxtın alışı ilə bağlı ona zəng etmiş Zərərçəkmiş şəxs həmin 4 ədəd taxtın özünə məxsus olmaqla 820 manata satacağına dair yalan vədlər verib, Zərərçəkmiş şəxs aldadaraq, bu məqsədlə sonuncudan həmin tarixdə Şirvan şəhəri, Xəqani küçəsində yerləşən «Neptun» supermarketində quraşdırılmış “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə özünə məxsus 5490-2633-6277-7328 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına göndərilmiş 820 manat pulu alıb, ələ keçirməklə verdiyi vədə əməl etməyərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci il ərzində heç bir yerdə işləmədiyi və maddi vəziyyəti çətin olduğu üçün “Lalafo.az” saytında özünə məxsus səhifə açmış və müxtəlif ev əşyaları satır deyə həmin səhifəyə yalançı şəkillər yerləşdirərək elanda özünə məxsus ***-***-**-** saylı mobil nömrəni əlaqə üçün qoymuşdur. Həmin vaxtlarda bir çox şəxsləri aldadaraq müxtəlif məbləğdə pullarını ələ keçirmişdir. 2022-ci ilin dekabr ayının 12-də Vitaliy adlı şəxs ona zəng vuraraq elanda yerləşdirdiyi 4 ədəd taxtın qiyməti ilə maraqlanmışdır. Ona bildirmiş ki, həmin yataq taxtlarını ümumilikdə 820 manata satır. Əslində isə onun satılıq taxt mebelləri yox imiş. Vitaliy ona inanaraq həmin günü onun Vitaliyə göndərdiyi kart hesabına 820 manat pul göndərmişdir. Həmin vaxtı 820 manat pulu kartından çıxararaq öz ehtiyaclarına xərcləmişdir. Vitaliy bundan sonra ona dəfələrlə zəng vurmasına baxmayaraq ona müxtəlif bəhanələr uydurmuş. X1 elanda yerləşdirdiyi 4 ədəd taxt mebellərini ona satacağı və ünvana çatdıracağı adı 820 manat pul aldığını etiraf etmiş və əməlindən səmimi peşman olduğunu qeyd etmişdir. Əməlindən peşmandır Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 12 dekabr 2022-ci il tarixdə “Lalafo.az” sosial şəbəkədə mebel elanında 4 ədəd yataq mebeli olan taxt 820 manata satılırmış. Həmin vaxtı qeyd etdiyi taxtları almaq qərarına gəlmiş, göstərilən ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış, nömrənin sahibi özünü Ruslan kimi təqdim etmişdir. Ruslanla telefonda söhbət əsnasında razılaşmış və həmin taxtları almaq istədiyini bildirmişdir. Ruslan ona bildirmiş ki, “Bakı şəhərində tanışı varsa şirkətə yaxınlaşıb ödənişin etsin və ya pulunu əvvəlcədən kart hesabına at bəyəndiyin taxtlar ünvanına göndəriləcək”. Bakı şəhərində tanışı olmadığı üçün Ruslan ona kart şəkli və şəxsiyyət vəsiqəsinin şəklini atmış, sonra o, Ruslana daha da inanaraq həmin gün yəni 12 dekabr 2022-ci il tarixdə, saat təxminən 10:30-da 820 manat pulu yaşadığı yataqxananın yaxınlığında olan Neptun ticarət mərkəzində yerləşən “Milliön” aparatı vasitəsi ilə Ruslanın ona göndərdiyi kart hesabına atmışdır. Ruslan ona bildirmişdir ki, “bu gün saat 17-də sifariş etdiyiniz 4 ədəd taxt sizin ünvanınıza çatdırılacaq”. O da Ruslana inanaraq saat 17-ni gözləmişdir. Saat 17 olmasına baxmayaraq Ruslan sifariş etdiyi taxtları göndərmədiyi üçün narahat olaraq ona zəng vurmuş, dəfələrlə zəng vurmağına baxmayaraq Ruslan telefona cavab verməmişdir. Aldandığını fikirləşərək dərhal DİN-in 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermiş və Şirvan şəhər Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Hazırda ona vurulmuş ziyan təqsirləndirilən şəxsin anası tərəfindən ödənildiyindən ərizə təqdim edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: «Yevlax rayonu Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin 25 aprel 2023-cü il tarixli, PHŞ-3370/23 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Yevlax RMP-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur.(i.v.89) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v. 101-103) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-371/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə törədildikdə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətdə islah işləri və ya iki ilədək müddətdə azadlığın məhdudlaşdırlması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, vurulmuş ziyanı ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzasına alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün isə əsaslar yoxdur. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, barəsində olan yüngülləşdirici halları, vurulmuş ziyanın məbləğini və cəzasını ağırlaşdıran halların olmamasını, nəzərə alır, onun barəsində müəyyən müəddətə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini və üzərinə daimi yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Yevlax rayon İcra və probasiya şöbəsini yaşayış və iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmasını məqsədəmüvafiq olması qənaətinə gəlir. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 371/2023 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Nizami rayon Məhkəməsinin icraatında olan 1(007)407/2023 nömrəli cinayət işi üzrə həbs qətimkan tədbiri qüvvədədir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbirinin seçilməsinə heç bir lüzum yoxdur və digər cinayət işi üzrə onun barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar, mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Yevlax rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Yevlax şəhəri, Nizami küçəsi, 37 saylı evin 12 nömrəli mənzilini hər gün saat 22:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən Yevlax rayonu üzrə İcra və probasiya şöbəsini yaşayış və iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar