Məhkəmə qərarları › İş №1(032)-148/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-148/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-148/2023 05.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:40-da Şirvan şəhər Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1998-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 7,94 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla saxlamış, 24 mart 2023-cü il tarixdə saat 02:45 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibində olan bir ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 7,94 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Laçın rayonunda "xxxx" ASC-də fəhlə işləyərək qazanc əldə edir. 23 mart 2023-cü il tarixdə təxminən saat 18 radələrində Şirvan şəhəri, 20 Yanvar küçəsində gəzən zaman yaşadığı evin yaxınlığında yerdə bir ədəd sellofan büküm görmüş və onun marağını cəlb etdiyi üçün həmin bükümü yerdən götürüb açmış, tanıdığı üçün içərisinə baxan zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını bilmiş və əynindəki qara rəngli cins şalvarının sol yan cibinə gələcəkdə istifadə etmək məqsədilə qoymuşdur. Həmin gün işləri ilə məşğul olmuş, 24 mart 2023-cü il tarixdə gecə saat 02:45 radələrində yaşadığı küçədə piyada hərəkətdə olarkən bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamağında, narkotik vasitədən istifadə etməyində şübhəli olduğunu və üzərində şəxsi axtarış aparacaqları üçün Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər, o, etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Şirvan şəhər polis şöbəsinə getmişdir. Polis şöbəsində olarkən otaqların birində ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bir qədər sonra vəkil Salman Fərəcov gəldikdən sonra polis əməkdaşlarının, vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində axtarış aparılmağa başlanılmış, şəxsi axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya olubolmamasını soruşmuş, olduğu halda könüllü təqdim etməyini təklif etmiş, o da əynində olan qara rəngli cins şalvarının sol yan cibində olan bir ədəd sellofan bükümdə narkotik vasitəni masanın üzərinə qoymuş və həmin bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını söyləmişdir. Üzərindən aşkar edilib götürülmüş bir bükümdə narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 8,14 qram olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı polis əməkdaşına bir ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evin yaxınlığından tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmiş, bundan sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən özünə məxsus “Samsung J2” markalı mobil telefon aşkar olunmuşdur. Üzərində başqa narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya aşkar olunmamış, daha sonra polis əməkdaşına təqdim etdiyi bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana sellofan bükümlə birlikdə bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, zərfin üzərində o, vəkili və digər polis əməkdaşları kimi imza etmişdir. Sonda bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol vəkil, polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, 24 mart 2023-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə istifadə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olması barədə daxil olan məlumat və tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar əsasında ŞPŞ-nin ƏİÜ rəis müavini, polis polkovnik leytenantı Farid Vəliyev, PPXB-ün polis nəfəri, polis kiçik serjantı Şahid1, TB-nin təhqiqatçısı, polis baş leytenantı Samir Məmmədov və ondan ibarət əməliyyat qrupu yaradılmış, daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmışdır. Tərəflərindən Təqsirləndirilən şəxs yeri müəyyən edilərək xx.xx.2023-ci il tarixdə saat 02:45 radələrində Şirvan şəhəri, 20 Yanvar küçəsində hərəkət edən zaman saxlanılıb Şirvan şəhər polis şöbəsinə gətirilmişdir. Şəhər polis şöbəsinin inzibati binasının otaqlarının birində saat 03:20-də videoçəkiliş vasitəsilə vəkilin və yuxarıda adı çəkilən polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan büküm aşkar olunmuş, həmin büküm açılıb içərisinə baxış keçirildikdə içərisində, spesifik qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs sağ yan cibindən ona məxsus olan “Samsung J2” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə təhqiqatçı Samir Məmmədov tərəfindən protokol tərtib olunmuşdur. Həmin protokol onun və digər polis əməkdaşı, polis kiçik serjantı Şahid1, vəkil Salman Fərəcov və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin barəsində ekspertiza rəyi alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan Regional ekspertizası mərkəzinə təqdim edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan büküm aşkar olunmuş, həmin büküm açılıb içərisinə baxış keçirildikdə içərisində, spesifik qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. İş materiallarında olan 24 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən çətənə (kannabis) bitikisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-kimyəvi ekspertiza” üzrə 24 mart 2023cü il tarixli, 18/337 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi – 7,94 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 7,94 qram, tədqiqata sərf edilən miqdarı 0,02 qram, qalıq 7,92 qramdır. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2023-cü il tarixdə, saat 03.10-da şübhəli şəxs qismində tutulmuş, 25 mart 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 26 aprel 2023-cü il tarixdə verilmiş 2502 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan vətəndaşın iş yeri haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-də fəhlə işləyir. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli 2077 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq,narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs “44 günlük Vətən müharibəsi”nin iştirakçısı olmuş, o, “Suqovşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını və “44 günlük Vətən müharibəsi”nin iştirakçısı olmaqla medallarla təltif olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 24 mart 2023-cü il tarixdən 25 mart 2023-cü il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikasının ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Füzuli rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanma anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 7,92 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 24 mart 2023-cü il tarixdən 25 mart 2023-cü il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Füzuli rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 49 manat 74 məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 7,92 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar