Məhkəmə qərarları › İş №1(032)-149/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-149/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-149/2024 19.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 09:45 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxx 1986-cı il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan 01 ay 18 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 08 iyun 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,270 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 08 iyun 2024-cü il tarixdə saat 19:55 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri, H.Əliyev prospektində saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan iç cibində olan həmin 01 ədəd bükümdə təmiz çəkisi 0,270 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etdi və bildirdi ki, 08 iyun 2024-cü il tarixdə axşam saatlarında Şirvan şəhəri, H.Əliyev prospektində piyada gəzən zaman Şirvan şəhər Polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş, Şirvan şəhər polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılarkən üzərində olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Aşkar olunmuş həmin psixotrop maddəni saxlanıldığı gün günorta saatlarında Şirvan şəhərində yaşadığı küçədə yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin çəkildikdən sonra qablaşdırılmış, müvafiq protokol tərtib olunmuşdur. O da digər iştirakçılar kimi protokola imza etmişdir. Şirvan şəhər Polis şöbəsinə aparılarkən və orada olarkən ona qarşı hər hansı bir qanunsuz təsir və təzyiq olmamış, üzərində şəxsi axtarış keçirilən zaman vəkil iştirak etmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin NMQnun əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 08 iyun 2024-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə saxlamaqda, istifadə etməkdə və satışında şübhəli olması barədə daxil olan məlumat və tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar əsasında ŞPŞ-nin ƏİÜ rəis müavini X6, Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Şirvan ŞPŞ-nin TB-nin təhqiqatçısı X7 və ondan ibarət əməliyyat qrupu yaradılmış, daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmışdır. Tərəflərindən Təqsirləndirilən şəxs yeri müəyyən edilərək xx.xx.2024-cü il tarixdə, saat 19:55 radələrində Şirvan şəhəri, Heydər Əliyev küçəsində hərəkət edərkən saxlanılıb şəhər polis şöbəsinə gətirilmiş, şəhər polis şöbəsinin inzibati binasının otaqlarının birində saat 20:45-də videoçəkiliş vasitəsilə vəkilin və yuxarıda adı çəkilən polis əməkdaşının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan iç cibindən 1 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə olan metamfetaminə bənzər kütləni tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı İlkin Xudiyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Honor” markalı mobil telefon aşkar olunaraq götürülmüş, heç bir qadağan olunmuş əşya və ya predmet aşkar olunmamış, elektron tərəzi vasitəsi ilə Təqsirləndirilən şəxs təqdim etdiyi 1 bükümdə olan memtamfetaminə bənzər kütlə çəkilərkən çəkisinin 0,34 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümdə metamfetaminə bənzər kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə təhqiqatçı İlkin Xudiyev tərəfindən protokol tərtib olunmuşdur. Həmin protokol onun, digər polis əməkdaşı, vəkil Xəqani Salahov və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş metamfetaminə bənzər kütlənin barəsində ekspertiza rəyi alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan Regional ekspertizası mərkəzinə təqdim edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduğu ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan iç cibindən 01 (bir) ədəd qızılı rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin kağız bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi kağız büküm açıldıqda içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş 08 iyun 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə saat 20:30-da tutulmuşdur; Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 3-16-16/2-18/578 nömrəli, 09 iyun 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...imza Təqsirləndirilən şəxs..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,270 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Metamfetaminin təmiz çəkisi - 0,270 qram, tədqiqata istifadə olundu - 0,05 qram, qalıq 0,220 qramdır; Cinayət işi materiallarına əlavə olunmuş 09 iyun 2024-cü il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və cinayət işi aidiyyəti üzrə Şirvan şəhər polis şöbəsinin İB-yə verilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 09 iyun 2024-cü il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X4 icraatına qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır; Cinayət işi materiallarına əlavə olunmuş 10 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş Şirvan şəhər Məhkəməsinin 10 iyun 2024cü il tarixli, 4(032)-140/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır; Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 11 iyun 2024-cü il tarixli, 287 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır; Cinayət işi materiallarına əlavə olunmuş “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 12 iyun 2024-cü il tarixli, 18-1-35/2-912/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1986-cı il təvəllüdlü ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in poliklinika şöbəsinin ruhiəsəb, narkoloji kabinetində qeydiyyatda yoxdur; Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİdən Şirvan ŞPŞ-nə daxil olmuş tələbnamədən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(010)-857/2023 saylı qərarından və Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 4314-21/10-25 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan 01 ay 18 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır; Cinayət işinə əlavə edilmiş Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 307 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Cinayət işi materiallarında olan məhkəmə - narkoloji ekspertizasının 28 iyun 2024cü il tarixli, 4464 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratdığından onun cəzasını ağırlaşdıran hal kimi qəbul edir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan 01 ay 18 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmış və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də məhkum edilməsinə baxmayaraq islah olunmamasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, ona CM-nin 65.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,220 qram olan, iş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 08 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan 0,220 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar