Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-15/2023 01.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 15.25-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 01 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2sində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan, bıçaqdan silah qismində istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 03 iyul 2022-ci il tarixdə, saat 14:30 radələrində ictimai yer hesab olunan Şirvan şəhəri, S.Ə.Şirvani küçəsində Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısında naməlum şəxslərlə mübahisə edib, ucadan nalayiq ifadələr işlətdiyi üçün sonuncu tərəfindən bildirilmiş iradları səbəb bilərək, küçədə Zərərçəkmiş şəxs2la mübahisə edib, sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, həmin vaxt səs-küyə küçəyə çıxan Zərərçəkmiş şəxs1 ilə və Zərərçəkmiş şəxs2 ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, ünvanlarına ucadan nalayiq ifadələr işlətməklə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, Zərərçəkmiş şəxs1 yumruqla sifətindən vuraraq, sonuncuya üst dodaqda şişkinlik, qırmızı haşiyədə qansızma kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, cinayətkar əməlini davam etdirib, silah qismində istifadə etdiyi istintaq zamanı yerini müəyyən etmək mümkün olmayan bıçaqla Zərərçəkmiş şəxs2 qolundan vuraraq, sonuncuya sol bazuda kəsilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində ürəyi sıxıldığı üçün küçədə gəzmək qərarına gəlmiş, Şirvan şəhəri, S.Ə.Şirvani küçəsində gəzən zaman hal-hazırda markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil yanından sürətlə keçmişdir. O, küçə toz olduğu üçün həmin avtomobili saxlamış və tanımadığı sürücüyə öz iradını bildirmişdir. Onun iradından sonra avtomobili idarə edən orta yaşlı şəxslə aralarında mübahisə yaranmış, mübahisə zamanı səsləri uca çıxdığı üçün həmin küçədə yaşayan əvvəllər tanımadığı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 küçəyə çıxmış və ona uca səslə danışmamağını bildirmişdir. O, Sənanın ona irad tutmasından əsəbiləşib onunla mübahisəyə başlamış, mübahisə zamanı əsəbləşdiyi üçün Sənanın sifətindən bir dəfə yumruqla vurmuşdur. Sənanın atası əvvəllər tanımadığı sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 onlara məxsus mağazanın qarşısına çıxmış və onunla mübahisəni davam etdirməyə başlamışdır. Mübahisə zamanı o, əsəblərini cilovlaya bilmədiyindən Zərərçəkmiş şəxs1 da sifətindən bir dəfə yumruqla vurmuş və sağ cibindən küçəyə çıxarkən evdə mətbəxdən götürdüyü bıçağı çıxartmış, həmin vaxt əvvəllər tanımadığı sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 onun arxadan belini tutmağa çalışmışdır. O, arxaya çevrilərək Kənanı özündən uzaqlaşdırmaq məqsədilə itələyən zaman bıçaq Kənanın qol nahiyəsini kəsmişdir. Aralarında olan mübahisədən sonra Şahin və sonuncunun ailəsi öz evlərinə getmişdir. O, əsəbi soyumadığı üçün küçədə olan əl arabasını darvazanın üstündən Şahinin həyətinə atmış və darvazya bir neçə dəfə təpik atıb oradan uzaqlaşmışdır. O, Şahini və Şahinin ailə üzvlərini və ya onlar onu söyüb təhqir etməmişdir. Samirə Zeynalova hadisə baş verən zaman orada olmuş, Samirə Zeynalovanı vurmamış və sonuncuya xəsarət yetirməmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Samirə Zeynalova onu vuraraq xəsarət yetirməmişlər. O, Zərərçəkmiş şəxs3 ona irad tutmasından əsəbiləşib onları yumruqla vurmuşdur. Şahin və sonuncunun ailəsi ilə arasında olan münaqişə təxminən 30-40 dəqiqə davam etmişdir. Şahin və sonuncunun ailəsi dalaşan zaman kənarda bir neçə nəfər şəxs olmuş, lakin həmin şəxslərin kimliyini xatırlamır. Bıçağın ağzı küt olmuş, həmin bıçağı hadisədən sonra “Kür” çayına atmışdır. Tutulmaq istəmədiyindən istintaq orqanının çağırışlarına gəlməmiş, hadisə baş verdikdən sonra axtarıldığını bilib Bakı şəhərinə getmiş və orada gizlənmişdir. Polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən ona hər-hansı psixi və fiziki zor tətbiq olunmamışdır. Törətmiş olduğu cinayət əməllərindən peşmandır, zərərçəkmiş şəxslərlə barışmış, şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 03 iyul 2022-ci il tarixdə, saat 14:30 radələrində o, ailə üzvləri ilə birlikdə yaşadığı evdə olmuşdur. Evdə olan zaman ailə üzvləri onu çağıraraq küçədə bir nəfər şəxsin uşaqlarını bıçaqla qorxutmasını bildirmiş, o da tez küçəyə çıxmış, küçədə olan zaman əvvəllər tanımadığı sonradan adını bildiyi Şamil adlı şəxsin əlində bıçaq oğulları Kənan və Sənana söyüş söydüyünü və özündə olmadığını, oğlu Sənanın üzündə xəsarət olduğunu görmüşdür. O, Şamilə demişdir ki, “mən onların atasıyam, əgər hərhansı bir səhvləri olubsa mən özüm onları tənbeh edərəm”. Şamil onun bu sözlərinə əhəmiyyət verməmiş, onun yanına gəlib boynundan çəkərək sifətindən bir dəfə yumruqla vurub xəsarət yetirmiş, zərbənin təsirindən yerə yıxılmış, yıxılan kimi Şamil cibindən bıçaq çıxartmışdır. Şamil əlində olan bıçağı sağa sola hərləməyə başlamış, həmin vaxt orada olan tanımadığı bir nəfər qara köynəkli oğlan onu sakitləşdirməyə çalışmış, lakin Şamil həmin şəxsdən aralaşaraq Kənanı əlində olan bıçaqla sol qol nahiyəsindən bir dəfə vurmuşdur. Oğlu Kənan qolundan xəsarət aldıqdan sonra qan axa-axa qaçmağa başlamışdır. Daha sonra Şamil yoldaşı Samirə Zeynalovaya hücum çəkmiş, o, oğlu Kənanı və Sənanı qapılarından içəri salıb qapını bağlamışdır. Şamil bir neçə dəqiqə ərzində qapılarını təpikləyərək və söyüşlər söyərək qapılarının qarşısından onların çölə çıxmaqlarını tələb etsə də, onlar çölə çıxmamışlar. Bu zaman Şamil nalayiq söyüşlər söyərək qapının üstündən həyətə araba və daşlar atmış, sonra isə Şamil qapılarının qarşısından çıxıb getmişdir. Sonradan DİN-nin «102» xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Təxminən 20-30 dəqiqə ərzində davam etmiş, ona və ailə üzvlərinə xəsarətlər yetirmişdir. Hadisə yerində ondan başqa ailə üzvləri olmuşdur. Daha sonra Şamilin söyüş səslərinə qardaşı Süleyman Zeynalov, qonşuları Şahid1 və başqa şəxslər toplaşmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 03 iyul 2022-ci il tarixdə, saat 14:30 radələrində ailə üzvləri yəni, atası Zərərçəkmiş şəxs1, qardaşı Zərərçəkmiş şəxs3 və anası Samirə Zeynalova ilə birlikdə yaşadığı evdə olmuşlar. O, saxladıqları qazlara yem vermək üçün küçəyə çıxmış, küçədə qazlara yem verən zaman əvvəllər tanımadığı sonradan adını bildiyi Şamil adlı şəxsin tanımadığı 2 nəfər şəxslə ucadan danışdığını, daha sonra ucadan nalayiq söyüşlər söydüyünü görmüş, evlərinin qarşısında səs-küy söyüş səsləri gəldiyi üçün onlara söyüş söyməmələri barədə xəbərdarlıq etmişdir. Bu zaman Şamil cibindən bıçaq çıxararaq onu söyə-söyə üzərinə gəlmiş, o da qorxduğu üçün tez evə qaçmağa başlamışdır. Şamil də əlində bıçaq ucadan söyüş söyə-söyə onun arxasınca gəlmiş, o evə çatar-çatmaz qardaşı Zərərçəkmiş şəxs3 səs-küy və söyüş səslərini eşidib küçəyə çıxmışdır. Həmin vaxt Şamil əlində olan bıçağı cibinə qoymuş və qardaşı Sənanı sifətindən yumruqla vurmuşdur. Səs-küyə qardaşı Sənanın arxasınca atası Zərərçəkmiş şəxs1 çıxmış, Şamil atasının da sifətindən yumruqla vuraraq atasına xəsarət yetirmişdir. Atasının arxasınca anası Samirə Zeynalova da küçəyə çıxmışdır. Şamil ilk əvvəl anasını itələmişdir. O, həmin vaxt anasının yanında olmuş, Şamil anasını ondan araladıqdan sonra cibindən çıxarmış olduğu bıçaqla sol qolundan 1 dəfə bıçaqla vurub xəsarət yetirmişdir. O, qolundan qan axa-axa zədəli halda Şamildən qaçsa da, Şamil ona, atasına, qardaşına və anasına əlində olan bıçaqla hücum etmişdir. Daha sonra orada olan tanımadığı bir nəfər şəxs Şamili sakitləşdirmək üçün sonuncunu kənara çəkmiş və Şamili həmin yerdən aparmışdır. O, Şamili söyməmiş və onu vurmamışdır. Təxminən 30- 40 dəqiqə ərzində Şamil nalayiq söyüşlərlə onu və ailə üzvlərini söyüb təhqir etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 14:30 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə olmuşlar. Evdə olan zaman küçədən nalayiq ifadələr və qardaşı Kənanın qışqırıq səslərini eşidib küçəyə çıxmış, küçədə olan zaman əvvəllər tanımadığı sonradan adını bildiyi Şamil adlı şəxsin əlində bıçaqla qardaşını qovaladığını görüb onların olduğu yerə tərəf getmiş, həmin vaxt Şamil ona yaxınlaşaraq onun sifətindən yumruqla vurub ona xəsarət yetirmişdir. Daha sonra Şamil cibindən bıçaq çıxarıb onu və qardaşını qovalamağa başlamışdır. Atası onların səslərini eşidib çölə çıxmış, küçədə atası Şamilin yanına gedərək sonuncunu sakitləşdirməyə çalışmış, lakin Şamil atasının sözlərinə məhəl qoymayaraq atasının boynundan çəkərək atasının sifətindən bir dəfə yumruqla vuraraq xəsarət yetirmişdir. Atası zərbənin təsirindən yerə yıxılmış, yıxılan kimi Şamil cibindən bıçaq çıxartmış, bıçağı sağa sola hərləməyə başlamışdır. Həmin vaxt orada olan tanımadığı bir nəfər Şamili sakitləşdirməyə çalışmış, lakin Şamil həmin şəxsdən aralaşaraq Kənanı əlində olan bıçaqla sol qol nahiyəsindən bir dəfə vurmuş, Kənan qolundan xəsarət aldıqdan sonra qan axa-axa qaçmağa başlamışdır. Daha sonra Şamil anası Samirə Zeynalovaya hücum çəkmişdir. Həmin vaxt atası onu və Sənanı qapılarından içəri salıb qapını bağlamış, Şamil bir neçə dəqiqə ərzində qapılarını təpikləyərək və söyüşlər söyərək qapılarının qarşısından onların çölə çıxmaqlarını tələb etsə də, onlar çölə çıxmamışlar. Bu zaman Şamil nalayiq söyüşlər söyərək qapının üstündən həyətə araba və daşlar atmışdır. Biraz sonra isə Şamil qapılarının qarşısından çıxıb getmişdir. Hadisə qardaşı Kənanın Şamilə söyüş söyməsi barədə irad tutmağı səbəbindən baş vermişdir. O Təxminən 20-30 dəqiqə ərzində davam etmiş, ona və ailə üzvlərinə xəsarətlər yetirmişdir. Hadisə yerində ondan başqa ailə üzvləri olmuşdur. Daha sonra Şamilin söyüş səslərinə qonşuları Şahid1 və başqa şəxslər toplaşmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs tanıyır, onlarla heç bir düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə, saat təxminən 14:30 radələrində o, yaşadığı evdən çıxıb çörək almaq üçün çörək sexi istiqamətinə getmiş, o zaman o, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və sonuncunun oğulları Sənan və Kənan, həmçinin həyat yoldaşı Samirə ilə küçədə mağazanın qarşısında dalaşdığını görmüşdür. Səs-küy, dava-dalaş səslərinə küçədə yaşayan insanlar toplaşmasına baxmayaraq onların heç biri dava edən şəxsləri aralamaq üçün yaxınlaşmamışdır. O, Şamilə və ailə üzvləri ilə birlikdə olan Şahinə yaxınlaşan zaman Şamilin sağ əlində bıçaq olduğunu görmüş, Şamil həmin bıçaqla bir dəfə Kənanın qol nahiyəsinə bıçaqla vurmuşdur. Həmçinin dava zamanı Şahin və Kənan ağız nahiyəsindən xəsarət almışdır. O, münaqişənin daha da qızışmasının və adlarını çəkdiyi şəxslərin ağır xəsarətlər almasının qarşısını almaq məqsədilə onların arasına girmiş və onları bir-birindən aralaşdırmış, sonra Şahin, Sənan və Kənan öz evlərinə daxil olmuşdur. Şamil isə onların evlərinin qarşısında dayanaraq qapıya bir neçə təpik vurduqdan, çöldən tapdığı arabanı Şahinin yaşadığı evin həyətinə atdıqdan biraz sonra aralaşıb evə getmişdir. Həmin gündən sonra Şamili görməmişdir. Münaqişə təxminən 15 dəqiqə davam etmişdir. Münaqişənin yaranmasına səbəbini bilmir. Münaqişə zamanı o, adlarını çəkdiyi şəxslərin heç birinə xəsarət yetirməmişdir. Hadisə yerində ondan başqa çoxlu sayda insanlar ora toplaşmış, lakin həmin şəxslərin kimlər olması yadında qalmamışdır. Şahid2 məhkəməyə telegram göndərərək bildirmişdir ki, səhhətində yaranmış problemlərlə bağlı xəstəxanada müalicə alır, verdiyi ifadəsini təsdiq edir, məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 03 iyul 2022-ci il tarixdə, saat 14 radələrində yaşadığı evdə olarkən küçədən nalayiq ifadələr işlədilməsini və səs-küy olmasını eşidib, küçəyə çıxmış, küçəyə çıxdıqda o, qonşuları Zərərçəkmiş şəxs1 mağazasının qarşısında adını sonradan bildiyi Şamil adlı şəxsin ucadan nalayiq ifadələr işlətməklə əlində bıçaqla Zərərçəkmiş şəxs1 və sonuncunun ailə üzvləri ilə mübahisə etdiyini görmüşdür. Orada Şamil adlı şəxs yumruqla Zərərçəkmiş şəxs1 sifətindən vurduqda, sonuncu yerə yıxılmış, həmçinin orada bir nəfər şəxs Şamili aralamağa çalışmış, lakin sonuncu əlində bıçaqla Zərərçəkmiş şəxs2 üzərinə gedib bıçaqla Kənana tərəf zərbə atmış və bıçaq Zərərçəkmiş şəxs2 qoluna dəymişdir. Zərərçəkmiş şəxs1 və ailə üzvləri qaçıb yaşadıqları evlərinə girmişlər, Şamil adlı şəxs isə təpiklə onların giriş darvazalarını bir neçə dəfə vurmuş, sonra isə əlində arabanı götürüb həyətlərinə atmış və nalayiq ifadələr işlədə-işlədə oradan uzaqlaşıb getmişdir. Hadisə zamanı ətrafa çoxlu sayda insanlar yığışmış, lakin heç kim Şamil adlı şəxsin əlində bıçaq olduğu üçün yaxın durmamışdır. Yalnız bir nəfər şəxs orada Şamili sakitləşdirməyə çalışmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Hadisə yerinə baxış keçirilməsi haqqında 03 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanının qarşısıdır. Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətinə giriş darvazası boz-yaşıl rəngində olmaqla ikilaylıdır, darvazanın qarşısında qırmızı rəngli «Ford» markalı avtomobil saxlanılmışdır. Zərərçəkmiş şəxs1 məxsus evin həyətinə giriş darvazasına çatmamış isə «Kənan-Sənan Market» adlı mağaza vardır ki, mağazanın giriş qapısı plastik materialdandır, qarşısına kafel düzülmüşdür. Zərərçəkmiş şəxs1 məxsus evin giriş darvazasından həyətə daxil olduqda girişlə üzbəüz yerdə bir ədəd çevrilmiş vəziyyətdə əl arabası vardır ki, araba dəmir materialdandır. Hadisə yerinə baxış keçirilən zaman hadisənin Şirvan şəhəri, S.Ə.Şirvani küçəsində ictimai yerdə baş verməsi müəyyən olunmuşdur. Həmçinin baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, Zərərçəkmiş şəxs1 məxsus mağazanın çölündə quraşdırılmış müşahidə kamerasındakı görüntülər bir ədəd diskə köçürülərək götürülmüşdür. (i.v 6-10) Baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş içərisində videogörüntü olan bir ədəd disk açıldıqda içərisində 2 ədəd videofayl olması müəyyən edilmişdir. Həmin videofayllardan biri açıldıqda videogörüntünün 25 saniyə müddətində olması müəyyən edilmişdir. Videogörüntüdə əynində göy rəngli köynək və qara rəngli şalvar olan istintaq zamanı şəxsiyyəti müəyyən olunmuş Təqsirləndirilən şəxs əlində bıçaqla Zərərçəkmiş şəxs1 və sonuncunun ailə üzvləri ilə mübahisə etməsi, həmin vaxt Təqsirləndirilən şəxs əlində bıçaqla Zərərçəkmiş şəxs1 məxsus mağazanın qarşısına çəkildikdə, orada olan Zərərçəkmiş şəxs1 ailə üzvlərinin özlərini müdafiə etməklə Təqsirləndirilən şəxs tərəf hansısa əşyanı atmaları, Təqsirləndirilən şəxs isə əlində olan bıçaqla Zərərçəkmiş şəxs1 və ailə üzvlərinə hücum çəkməsi, orada X1 Qasımovu sakitləşdirmək istədikdə sonuncunun Samirə Zeynalovanı itələməsi, həmçinin bir nəfər şəxsin Təqsirləndirilən şəxs yaxınlaşıb sonuncunu sakitləşdirmək istəyən zaman sonuncunun əlində olan bıçağı qatlaması və müşahidə kameranın görüntülərindən itməsi müşahidə olunur. İkinci videofayl açıldıqda videogörüntünün 23 saniyə müddətində olması müəyyən edilmişdir. Videogörüntüdə Təqsirləndirilən şəxs əlində bıçaqla Zərərçəkmiş şəxs1 məxsus evin giriş darvazasına yaxınlaşıb yerdə olan beli evin həyətinə atması, təpiklə darvazanı vurması və nə isə deyib hadisə yerindən əlində bıçaqla uzaqlaşması müşahidə olunur. (i.v.29-30) Məhkəmə-tibbi ekspertizasının 14 iyul 2022-ci il tarixli 312 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunan xəsarət-sol bazuda kəsilmiş yara iti xassəyə malik alət, ola bilsin bıçaq təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 03 iyul 2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi. Dərəcəsinə görə, qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (i.v. 39-40) Məhkəmə-tibbi ekspertizasının 14 iyul 2022-ci il tarixli 313 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunan xəsarətlər-üst dodaqda şişkinlik, qırmızı haşiyədə qansızma küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 03 iyul 2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. ( i.v. 41- 42) Verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığında göstərilən xüsusatlar ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş və profilaktik söhbətlər aparılmışdır. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 və sonuncunun ailə üzvləri arasında mübahisə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs küçədə söyüş söyməməsi ilə bağlı irad bildirməsi səbəbindən baş vermiş, mübahisə Şirvan şəhərinin S.Ə.Şirvani küçəsində baş verməklə hadisə zamanı ictimai qayda pozulmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi bıçağın yerinin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir. ( i.v. 128) Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli hökm dəyişdirilərək CM-nin 127.2.3-cü maddəsi ilə qəti olaraq 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. ( i.v. 53-54) Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(032)-230/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v.117-118) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli,habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki,xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun,hədənin tətbiq edilməsi,əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına,cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir.Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil,hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının,birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək,eqoizmini nümayiş etdirib,özünü başqalarının fövqündə qoymaq kimi,son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq,cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. ”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir.Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir.Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan bıçaq ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətməsi iş üzrə toplanmış istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsləri təhqir etməsi, bıçaqla vurması, hərəkətləri ilə o, həqiqətən də özünün müstəsna şəxsiyyət olduğunu, ictimai qaydanı qəsdən pozmasını, bununla da əməlin subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivinin öz gücünü nümayiş etdirmək, qalmaqal salmaq, özünü ictimai qaydaya qarşı qoymaq məqsədi daşıdığını göstərir. Məhkəmə, təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin xarakterinə nəzər yetirəndə, qanuna zidd davranışının davamlı xarakter alması, real ictimai təhlükə kəsb edərək bir deyil, bir neçə şəxslər barəsində törətməsi, əməlin zərərçəkmiş şəxslər arasında azyaşlı olmaqla bir ailənin bütün üzvlərinə qarşı yönəlməsi, evlərinə hücum etməsi, onun həyətə girmək cəhdləri əməlin xarakterini təcəssüm etdirir və kənar şəxslərin müdaxiləsi olmadığı təqdirdə hansı faciənin baş vermə ehtimalını diqqətdən qaçırmır. Bununla da, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə özünü qismən təqsirli bilməsini isə məhkəmə məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıması kimi qiymətləndirərək işin sübuta yetmiş halları, zərərçəkmiş şəxs və şahid ifadələri ilə tam təkzib olunması qənaətinə gəlir. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, vurulmuş ziyanı ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, əməlindən peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs oğlunun Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli hökm dəyişdirilərək CM-nin 127.2.3-cü maddəsi ilə qəti olaraq 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur, hazırda isə onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi mövcuddur və bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab olunur. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları onun əvvəllər də həyat və sağlamlıq əleyhinə törətdiyi cinayət əməlinə görə məhkumluq həyatı yaşamasını, islah olunmamasını, əməlində cinayətlərin residivinin olması kimi ağırlaşdırıcı halın mövcudluğunu və Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz tələbini nəzərə alaraq onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Cinayət işi üzrə maddi sübutlar, mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 19 avqust 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-15/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-15/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver