Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-150/2023 16.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X3 Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1981-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olan, barəsində Şirvan şəhər Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərarı ilə, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respblikası CM-nin 234.2-ci maddəsi ilə itttiham olunur ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 440 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 26 mart 2023-cü il tarixdə saat 10:45 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində axtarış aparılan zaman əynindəki boz rəngli gödəkçənin sağ iç hissəsində olan bir ədəd sellofan torbada təmiz çəkisi 440 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisi olsa da, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul deyildir. Şirvan şəhərində “Köhnə şəhər” adlanan ərazidə yerləşən çay evində işləyir, iş yerinin qarşısında olarkən polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmış, üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar olunmuş narkotik vasitə marixuananı Kür çayının sahilində gəzən zaman yerdən tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. Törətdiyi əməldən peşmandır. Həmçinin, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə qismən, yəni CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, ondan aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı özü istifadə edəcəkdi, heç kimə satmaq niyyəti olmamışdır. ünvan 1 ünvanında qeydiyyatdadır. Uzun müddətdir ki, tapanda narkotik vasitə olan el arasında “nəşə” adlanan qurudulmuş marixuanadan istifadə etmiş, 25 mart 2023-cü il tarixdə təxminən saat 23 radələrində yaşadığı evin yaxınlığında Kür çayının kənarında gəzən zaman yerdə bir ədəd sellofan torba görmüş və onun marağını cəlb etdiyi üçün həmin torbanı yerdən götürüb açmış, tanıdığı üçün içərisinə baxan zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını bilmiş, o həmin qurudulmuş marixuananı tapmış olduğu sellofan torbada əynindəki boz rəngli gödəkçəsinin sağ iç hissəsinə qoyub yaşadığı evə getmişdir. Evin həyətində tapmış olduğu sellofan torbadakı narkotik vasitə qurudulmuş marixuananı gizlətmiş, həmin günün səhəri təxminən saat 10:40 radələrində gedib gizlətdiyi sellofan torbadakı qurudulmuş marixuananı götürüb əynindəki boz rəngli gödəkçəsinin sağ iç hissəsinə qoymuş və küçəyə çıxmışdır. Şirvan şəhəri G.Şıxbala oğlu küçəsində olarkən təxminən saat 10:45 radələrində yolun kənarında bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamaqda, narkotik vasitədən istifadə etməkdə şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış aparacaqları üçün Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər, o, da etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Şirvan şəhər polis şöbəsinə getmişdir. Polis şöbəsində olarkən otaqların birində ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bir qədər sonra vəkil Qədir Qədirov gəldikdən sonra polis əməkdaşlarının, vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində axtarış aparılmağa başlanılmışdır. Axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşmuş, olduğu halda könüllü təqdim etməyini təklif etmişdir. O, da əynində olan boz rəngli gödəkçəsinin sağ iç hissəsində saxladığı bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuananı masanın üzərinə qoymuş və həmin torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını söyləmişdir. Üzərindən aşkar edilib götürülmüş sellofan torbada narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş, sellofan torba ilə birlikdə çəkisinin 455 qram olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı polis əməkdaşına bir ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evin yaxınlığında, Kür çayının kənarından tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, üzərində başqa narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşına təqdim etdiyi bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana sellofan torba ilə birlikdə qablaşdırılmış, üzəri möhürlənmiş, qablaşdırmanın üzərində o, vəkili və digər polis əməkdaşları kimi imza etmişdir. Sonda bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol vəkil, polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Ekspertiza rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, üzərindən aşkar edilib götürülmüş narkotik vasitə qurudulmuş marixuananın çəkisi 440 qram olmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, yalnız narkotik vasitə qurudulmuş marixuanadan arada tapanda gündəlik 2- 3 qram istifadə etmiş, üzərindən aşkar olunaraq götürülmüş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 25 mart 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı evin yaxınlığında Kür çayının kənarında gəzən zaman yerdən tapmışdır. Narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, yalnız istifadə etmiş, narkotik vasitədən istifadə edərkən tək olmuş, yanında heç kim olmamışdır. Narkotik vasitədən istifadə etməyindən heç kimin xəbəri olmamışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır, onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin deyil, CM-nin 234.1-ci maddəsinin tərkibi vardır və CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsində təqsiri, özünün ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə icraatına ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə saxlamaqda, istifadə etməkdə, və satışında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün həmin gün raportla Şirvan ŞPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qəbul edilmiş qərar əsasında ŞPŞ-nin ƏİÜ rəis müavini, polis polkovnik leytenantı Farid Vəliyev, CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı X2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən Təqsirləndirilən şəxs yeri müəyyən edilərək sonuncu xx.xx.2023-cü il tarixdə saat 10:45 radələrində Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsində hərəkət edən zaman saxlanılıb şəhər polis şöbəsinə gətirilmiş, şəhər polis şöbəsinin inzibati binasının otaqlarının birində təhqiqatçı tərəfindən saat 11:20-də videoçəkiliş vasitəsilə vəkilin, onun və digər polis əməkdaşı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin sağ iç hissəsindən bir ədəd sellofan torba aşkar olunmuş, həmin torba açılıb içərisinə baxış keçirildikdə içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Elektron tərəzi vasitəsilə həmin narkotik vasitəyə bənzər kütlə çəkilən zaman həmin kütlənin çəkisinin sellofanla birlikdə 455 qram olduğu müəyyən edilmiş, sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxa sol cibindən ümumilikdə 32 manat pulunu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan torbada narkotik vasitə marixuanaya bənzər kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə təhqiqatçı Səxavət Garayev tərəfindən protokol tərtib olunmuş, həmin protokol onun, digər polis əməkdaşı, vəkil və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə marixuanaya bənzər kütlə müvafiq ekspertiza rəyi alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan Regional ekspertizası mərkəzinə təqdim edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və daşınması ilə yanaşı, satışı ilə də məşğul olması barədə məlumat daxil olsa da, həmin fakt tərəflərindən realizə olunmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin sabiq əməliyyat müvəkkili Şahid2 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduğu ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin içəri sağ hissəsindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümə baxış keçirildikdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən olunmuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 26 mart 2023-cü il tarixli, 18/351 rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə...” sözləri yazılmış və imzalar olan kağız paketin içərisində 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi - 440,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). Marixuananın təmiz çəkisi - 440,0 qram, tədqiqata sərf olundu - 0,10 qram, qalıq - 439,9 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7-narkoloji tibbi yoxlamanın 03 iyun 2023-cü il tarixli, 3441 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 aprel 2023-cü il tarixli, 1031 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 26 mart 2023-cü il tarixli protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 mart 2023-cü il tarixdə, saat 11:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi üzrə əməlin tövsif olunması haqqında 27 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən, həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir; Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 263 nömrəli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Şirvan şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi “08 noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.4-cü bəndi tətbiq edilməklə Qərarın 36-cı bəndinə əsasən cəzadan azad edilməsi barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan torbada təmiz çəkisi 440 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 12-ci bəndinin “a” yarımbəndinin tələbinə görə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətdir. Göründüyü kimi qanunun mənasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satmaq üçün əldə edib saxlaması haqda nəticəyə gəlmək üçün məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib saxlaması sübut edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri formal tərkibli olduğundan onların başa çatmış hesab edilməsi üçün təqsirkarın qeyd olunan maddələrlə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. İş materiallarından və eləcə də təqsirləndirilən şəxsin verdiyi ifadələrdən də görünür ki, onun məqsədi məhz tapdığı narkotik vasitənin şəxsi istifadəsinə yönəlmişdir. Bu hal həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 X9-Narkoloji tibbi müayinənin ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3441 nömrəli rəyi ilə də təsdiq olunur. Belə ki, həmin rəydə göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərdən (psixostimulyatorlardan) istifadə etmə halları, eləcə də onda opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İstintaq orqanı isə narkotik vasitələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılmasını təsdiq edən sübutları əldə etmədən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı satmaq niyyəti ilə (bir ədəd sellofan torbada təmiz çəkisi 440 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın miqdarına görə) üzərində saxlamasını həmin narkotik vasitəni satmaq niyyətində olması kimi qiymətləndirmişdir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş sənədlərə baxdıqda və məhkəmə istintaqında tədqiq edilmiş sübutlardan aydın olur ki, Təqsirləndirilən şəxs Mecid oğluna qarşı ittihamın irəli sürülməsinə məhz xx.xx.2023-cü il tarixdə üzərindən aşkar olunmuş bir ədəd sellofan torbada təmiz çəkisi 440 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın miqdarı əsas olmuşdur. İş üzrə dindirilmiş polis əməkdaşları şahidlər Şahid1 və ibtidai sitintaqda vermiş olduğu ifadəsi elan edilmiş Şahid2 aşkar olunmuş narkotik vasitənin satış niyyəti ilə əldə edilməsi haqqında deyil, müstəsna olaraq əməliyyat axtarış tədbirinin gedişində baş verənlər və narkotik vasitənin üzərində saxlaması faktını aşkar etmələri barədə məlumat verən şəxslərdir (Şahid1 məhkəmə iclasında vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olan məlumatın tərəflərindən realizə olunmadığını bildirmişdir). İbtidai istintaqı aparan orqan təqsirləndirilən şəxsin yaşadığı evə baxış keçirmədən, narkotik vasitələrin bükümlərə hazırlanması üçün avadanlığın olmasını müəyyən etmədən, ittihamın sübut olunmasında yaranan, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verməyən şübhələr olmasına baxmayaraq bu şübhələrin aradan qaldırılması üçün qanunda nəzərdə tutulan tədbirləri görmədən, sübutlar arasında ziddiyyətləri aradan qaldırmadan, sırf bir ədəd sellofan torbada təmiz çəkisi 440 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın olmasını nəzərə alaraq ona qarşı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət törətməsi ittihamı irəli sürmüşdür. Halbuki şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə və ehtimallara əsaslana bilməz, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət işinin məhkəmədə baxılması zamanı isə Təqsirləndirilən şəxs tərəfindən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin hazırlanması üçün avadanlığın olması, yəni təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, ümumi 440,0 qram çəkidə narkotik vasitə hesab olunan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və ya saxlaması nə təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri ilə, nə də işdə olan digər sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə tövsif edilməsi cinayət qanunvericiliyinə münasibətdə əsaslı və qanuni sayıla bilməz, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir, həmin Məcəllənin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza tətbiq edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 26 mart 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 35 manat 97 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 439,9 qram iş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan 439,9 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35 manat 97 qəpik manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-150/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-150/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver