Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-153/2024 14.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 09:45 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1986-cı il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “Şirvan şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 15 aprel 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Zərərçəkmiş şəxs sonuncunun oğlu X5 hərbi xidmətdən saxlatdırmaq barədə yalan vəd verib, ondan vahid niyyətlə əhatə olunmuş qəsdlə 12 iyun 2023-cü il tarixdə 1000 manat pulu və 28 avqust 2023-cü il tarixdə 400 manat pulu cinayət əməlindən xəbəri olmayan Şahid məxsus "xxxx" ASC-yə aid 4169-7413-7028-5080 saylı bank kartına köçürtdürməklə və 700 manat pulu 2023-cü ilin oktyabr ayında Şirvan şəhəri Heydər Əliyev prospekti 2 ünvanında yerləşən Şirvan şəhər X6 Hüquqi Şəxsin inzibati ərazisində əlbəəl almaqla ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs ümumilikdə 2100 (iki min yüz) manat miqdarında maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini təsdiq edib bildirdi ki, 12 iyun 2023-cü il tarixdə Şirvan şəhəri H.Əliyev prospektində yerləşən “Yeganə” şadlıq sarayında toy məclisində tanışı Rövşənlə birlikdə iştirak edərkən sonuncunun qonşusu Zərərçəkmiş şəxs da həmin məclisdə olmuş, Rəşidlə onu Rövşən tanış etmişdir. Rəşidlə aralarında olan danışıq zamanı sonuncu ona oğlunun hərbi xidmətə çağırıldığını bildirmiş və onu hərbi xidmətdən saxlatdırmaq istəyinin olduğunu demişdir. O da elə Rəşidin yanında tanışı mərhum vəkil X10 ilə telefonda danışmış və məsələni Zaura demişdir. Zaur isə cavabında Rəşidin oğlunun işini həll edə biləcəyini və bunun üçün 5000 manat pul lazım olduğunu bildirmişdir. O da, Zaurun ona dediklərini Rəşidə demiş, həmin vaxt Rəşid onunla oğlunun əsgərlikdən saxlatdırılması üçün 5000 manat pul verməyə razı olduğunu bildirmişdir. Bundan sonra Rəşidə demişdir ki, ilkin olaraq işin həlli üçün 1000 manat pul lazımdır ki, o, danışsın, oğlunun növbəti hərbi xidmətə çağırışdan saxlatdırsın. Rəşid də onunla razılaşmış və toydan sonra evinə gedərək pulu onun kartına göndərəcəyini bildirmişdir. Saat təxminən 18 radələrində şadlıq sarayından çıxmış, həmin vaxt tanışı Dünyamalı Tağıyevlə görüşmüşlər və onunla xatırlamadığı yerdə çay içmişlər. Həmin vaxt o, Dünyamalıya demişdir ki, ona tanışı pul göndərəcəkdir, lakin kartı yoxdur, kartını ona versin, o, onun kartına pul göndərtsin. Dünyamalı da kartını ona vermiş, o, kartın şəkilini çəkib Rəşidə göndərmişdir. Təxminən bir saat sonra Rəşid ona zəng edərək, 1000 manat pulu ona göndərmiş olduğu kart hesabına göndərdiyini bildirmişdir. O da, Dünyamalı ilə birlikdə T.Ələkbərov küçəsinə getmiş, orada yerləşən “Dəniz” marketin qarşısına quraşdırılmış bankomatdan 1000 manat pulu kartdan çəkmiş, növbəti gün, Rəşidlə telefonda danışan zaman o, Rəşidə demişdir ki, oğlunda skalioz xəstəliyi var. O da, Rəşidin oğlunu tibbi yoxlanışdan keçirmiş, həmin vaxt onda skalioz xəstəliyi aşkar edilməmiş, həmin vaxt o, bu barədə Zaurla danışmış, Zaur ona demişdir ki, Rəşidin oğlunu hərbi xidmətdən saxladacaqlar. Lakin hər 3 ildən bir Rəşidin oğlu yoxlamadan keçəcəkdir. O da, Zaura Rəşidin ona 1000 manat pul verdiyini demiş, həmin pulun xatırlamadığı hissəsini Zaurun kart hesabına göndərmiş, bir müddət sonra Zaurla danışıb, sonra Rəşidlə görüşərək, ona oğlunun işi üçün əlavə olaraq 400 manat pul verməsini bildirmiş, Rəşid əvvəl etiraz etsə də, sonra onunla razılaşmış və 28 avqust 2023-cü il tarixdə ona əvvəlcədən göndərdiyi Dünyamalının kart hesabına 400 manat pul göndərmiş, o da, həmin gün Dünyamalı ilə Şirvan şəhərində tanımadığı çayxanada oturmuşlar. Rəşid ona zəng edərək, 400 manat pul göndərdiyini bildirmiş, o da, Dünyamalı ilə birlikdə T.Ələkbərov küçəsinə getmiş, orada yerləşən “Dəniz” marketin qarşısına quraşdırılmış bankomatdan həmin 400 manat pulu kartdan çəkmiş və bir hissəsini Zaur Məmmədova göndərmiş, bir müddət sonra yenə Rəşidlə danışaraq, ona əlavə olaraq 700 manat pul verməsini bildirmiş, Rəşid də onunla razılaşmış, sonra Rəşid işlədiyi Şirvan şəhər Mərkəzi xəstəxanasına gəlmiş, həmin vaxt Rəşidin oğlunu tibbi müayinədən keçirmişlər. Sonra Rəşid ona əlbəəl 700 manat pulu işlədiyi Şirvan şəhər Mərkəzi xəstəxanasında vermişdir. O da, Zaura zəng edərək, ona Rəşidin 700 manat pul verdiyini, pulu ona hansı qaydada göndərməyini demiş, Zaur da demişdir ki, pulun 400 manatını onun kart hesabına göndərsin, 300 manat pulun isə onda qalmasını bildirmişdir. Bu söhbətdən bir müddət sonra Rəşid ona zəng edərək, oğlunun əvvəl-axır hərbi xidmətə gedəcəyini, ona oğlunun saxlatdırmasının lazım olmadığını demiş, o da, bu barədə Zaura zəng edərək bildirsə də Zaur da ona bir söz deməmişdir. Bundan sonra o Rəşidə işi özünün qaydasına qoyacağını bildirmişdir. 2024-cü ilin yanvar ayında Rəşid işlədiyi Şirvan şəhər Mərkəzi Xəstəxanasına gəlmiş və verdiyi 2100 manat pulu istəmiş, o da ona cavabında pulu verdiyi şəxsin intihar etdiyini demişdir. Sonra Rəşidə demişdir ki, ona kart hesabı atsın. Hazrıda maddi vəziyyətinin yaxşı olmadığını maddi vəziyyəti düzəldikdən sonra hər ay 50 manat pul göndərəcəyini bildirmişdir. Rəşid də onunla razılaşmış, bundan başqa Rəşidlə aralarında başqa mübahisə və ya danışıq olmamışdır. O, Zərərçəkmiş şəxs ümumilikdə 2100 manat pul almış, həmin pulun 1000 manatını və 400 manatını Zərərçəkmiş şəxs ona verdiyi kart hesabına atmaqla göndərmiş, qalan 700 manat pulu isə əlbəəl Şirvan şəhər Mərkəzi Xəstəxanasının həyətində almış, Zaur Məmmədov hansısa şəxsə pul verməsi barədə ona bir söz deməmiş, eləcə də ona hanısa şəxsə Zərərçəkmiş şəxs oğlunun növbəti hərbi xidmətə çağırışdan saxlatmaq barədə pul verməsi barədə bir söz deməmiş, o, aldığı 2100 manat pulun bir hissəsini Zaur Məmmədova göndərmiş, qalan hissəsini özünə götürmüşdür. Dəymiş ziyan özü tərəfindən Zərərçəkmiş şəxs ödənilmiş, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı tələb və ya şikayəti yoxdur. Hazırda törətmiş olduğu əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, X7 onun oğludur. Surət Şirvan şəhərində yerləşən Peşə Litseyində 3 illik təhsil almış, 2023-cü ilin may ayında peşə litseyin bitirmişdir. Həmin vaxt, yəni 2023-cü ilin iyun ayında oğlu Surət hərbi xidmətə çağırılmışdır. 12 iyun 2023-cü il tarixdə o, Şirvan şəhərində yerləşən “Yeganə” şadlıq sarayına toy məclisinə dəvət edilmiş, o da toy məclisinə qonşu Rövşənlə birlikdə getmişdir. Onlar toy məclisində olarkən Rövşən tanışı Təqsirləndirilən şəxsla onu tanış etmiş, həmin vaxt Rövşənə oğlunun hərbi xidmətə çağırılmasını demişdir. Vüqar ona oğlu Surətin hərbi xidmətdən saxladılmasında köməklik edə biləcəyini demiş, o da Vüqarla bu barədə söhbət etmişlər. Vüqar da ona demişdir ki, oğlu Surəti hərbi xidmətdən saxlatdıra bilər, onun tanışları var, bunun üçün 5000 manat pul verməlidir. O da, onunla razılaşmış, Vüqar həmin vaxt ona demişdir ki, oğlunu növbəti hərbi çağırışdan müvvəqqəti saxlatdırmaq üçün ilkin olaraq 1000 manat pul lazımdır. O da, Vüqarla razılaşaraq, sonra onlar bir birlərinə mobil nömrələrini vermişlər. O da, toydan çıxandan sonra yaşadığı Hacıqabul rayonu Udulu kəndinə gəlmiş və orada yerləşən mağazadakı terminaldan 1000 manat pulu Vüqarın ona göndərdiyi 4169-7413-7028-5080 saylı bank kartına göndərmişdir. 28 avqust 2023-cü il tarixdə Vüqarla telefonla danışan zaman sonuncu ona demişdir ki, ona 400 manat pul göndərmiş, o da ona demişdir ki, qalan pulun işin axrında verəcəkdir. Vüqarda ona demişdir ki, pulu mütləq göndərməlidir, həmin pulu işi görən adama yollayacaqdır. O da, onunla razılaşmış və ona göndərdiyi bank kartına aid kart məlumatları telefonunda qalmış, 400 manat pulu yaşadığı Hacıqabul rayonu Udulu kəndində yerləşən mağazadakı ödəniş terminalı vasitəsi ilə həmin kart hesabına göndərmiş, güzəştli saxlama müddətinin bitməsinə az qalmış, yəni 2023-cü ilin oktyabr ayında o, Vüqarla telefonla danışmış və ona Səfərbərlik şöbəsinin onlara tibbi yoxlanış barədə sənəd verdiyini, işin nə yerdə qaldığını soruşmuş, Vüqar da demişdir ki, Şirvan şəhər Mərkəzi Xəstəxanasına gəlsinlər, oğlu Surəti orada tibbi yoxlanışdan keçirəcəklər. Həmin vaxt Vüqar oğlu Surəti tibbi yoxlanışdan keçirtmiş, sonra Vüqar ona demişdir ki, əlavə olaraq oğlu Surəti Bakı şəhərinə tibbi yoxlanışa aparmış, bunun üçün əlavə olaraq 700 manat pul lazımdır. O da, 700 manat pulu Vüqara xəstəxanada əlbəəl vermiş, sonra Vüqar taksi ilə oğlu Surətin tibbi sənədlərini ona göndərmiş, o, sənədləri Səfərbərlik şöbəsinə təqdim etmiş, həmin vaxt oğlunu Hacıqabul rayon Mərkəzi Xəstəxanasında təkrar tibbi yoxlanışdan keçirmişlər. Sonra Səfərbərlik şöbəsinin rəisinin qəbulunda olduqda ona demişlər ki, oğlu növbəti hərbi xidmətə çağırışda hərbi xidmətə göndəriləcəkdir. Bundan sonra Vüqara zəng edərək, oğlunun hərbi xidmətə aparılacağını, ona verdiyi pulları qaytarmasını bildirmiş, Vüqar da ona demişdir ki, oğlu Surəti saxlatdıracaqdır. O da, ona demişdir ki, Səfərbərlik şöbəsi oğlu Surəti hərbi xidməyə göndərir, verdiyi ümumilikdə 2100 manat pulu geri qaytarsın. Vüqar da ona pulu verdiyi adamla danışacağını, qaytarıb verəcəyini bildirmiş, lakin Vüqardan heç bir xəbər çıxmamışdır. Sonrasında razılaşmışlar ki, verdiyi 2100 manat pulu aylıq olaraq 50 manat qaytarsın. Vüqar onunla razılaşsa da, sonradan ona pul verməmiş, ona müxtəlif bəhanələr gətirmiş, o da, Vüqarın ona qarşı dələduzluq etdiyini bilmiş və onun barəsində şikayət etmişdir. Bundan başqa o bildirmişdir ki, o, 2100 manat pulu hissə-hissə 2023-cü ilin iyunoktyabr aylarında vermiş, 1000 manat və 400 manat pulu bank kartına köçürməklə, qalan 700 manat pulu isə əlbəəl vermiş, sonuncu dəfə 2023-cü ilin oktyabr ayında 700 manat pulu əlbəəl Vüqara Şirvan şəhər Mərkəzi Xəstəxanasında vermişdir. Hazırda ona dəymiş zərər tam olaraq ödənilmişdir. Təqsirləndilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında heç bir ədavət düşmənçilik yoxdur, mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxsla arabir Şirvan şəhərində görüşüb, çay içmişlər. Təxminən 2023-cü ilin noyabr ayında Təqsirləndirilən şəxsla birlikdə olarkən Vüqar ona kiminsə pul göndərəcəyini, lakin kartının olmadığını bildirmiş, öz kartını ona verməsini xahiş etmişdir. O da, istifadəsində olan və hazırda deaktiv olan "xxxx" ASC-yə məxsus bank kartını Vüqara vermiş, Vüqar da kartının üz şəklini telefonu vasitəsi ilə çəkib, kiməsə yollamışdır. Təxminən 5-10 dəqiqə sonra Vüqara zəng gəlmiş və onlar birlikdə Şirvan şəhəri, T.Ələkbərov küçəsində yerləşən “Dəniz” marketin yanına getmişlər. Vüqar bankomata yaxınlaşaraq bankomatdan pul çəkmişdir. Söhbət əsasnasında Vüqar demişdir ki, karta 1000 manat pul köçürülmüşdür, o həmin pulu çəkib. Bundan başqa Vüqarla aralarında heç bir danışıq olmamışdır. Daha sonra 2023-cü ilin avqust ayında Vüqar kimdənsə ona 400 manat pul gələcəyini və kartını ona verməsini xahiş etmişdir. O da Vüqara etiraz etməyib istifadəsində olan və hazırda deaktiv olan "xxxx" ASC-yə məxsus bank kartını Vüqar vermişdir. Təxminən 15-20 dəqiqə sonra Vüqara zəng gəlmiş, onlar Vüqarla birlikdə Şirvan şəhəri, T.Ələkbərov küçəsində yerləşən “Dəniz” marketin yanına olan bankomata yollanmışlar. Onun kartına köçürülmüş olan 400 manat pulu Vüqar kartdan çəkmişdir. Bundan başqa Vüqarla aralarında karta pul köçməsinə dair heç bir danışıq olmamışdır. Vüqarın həmin pulları nə səbəbdən və kimdən alması barədə heç bir məlumatı yoxdur. Sonradan polis şöbəsinə çağırılarkən ona məlum olmuşdur ki, Vüqar həmin pulları dələduzluq edərək almışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 02 mart 2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X1 icraatına qəbul edilmişdir; 05 mart 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; 02 aprel 2024-cü il tarixli şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi və cinayət işinin icraatının dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmış, Təqsirləndirilən şəxs tutularaq Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinə təhvil verilməsi qərara alınmışdır; 15 aprel 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şirvan şəhərində tutularaq Şirvan şəhər polis şöbəsinin İB-nə təhvil verilmişdir; 15 aprel 2024-cü il tarixli cinayət işinin icraatının təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir; 15 aprel 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə, saat 14:40-da tutulmuşdur; 15 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir; 15 aprel 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; 30 aprel 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsindən, həmin Məcəllənin 178.2.1-ci maddəsinə tövsif olunmuşdur; 21 iyul 2024-cü il tarixli cinayət təqibinə hissəvi xitam verilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X10 barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir; 22 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir; şəxsin qohumluq əlaqələri barədə məlumat vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X2 adlı uşağı var; Zərərçəkmiş şəxs təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur, gələcəkdədə heç bir tələb və şikayəti olmayacaqdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməsi və onun həmin əməli törətməkdə təqsirli olması özünün etirafedici, zərərçəkmiş şəxsin və şahidin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X4 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respbulikası CM-nin 59.1.4-cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Azərbaycan Respbulikası CM-nin 59.1.13-cü maddəsinə, törətmiş olduğu cinayəti etiraf etdiyini və əməlindən peşman olmasını Azərbaycan Respbulikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə onun barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə saxlanıldığı Şirvan şəhər Polis şöbəsinin MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxs maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs maddi ziyanın ödənilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-153/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-153/2024
14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver