Məhkəmə qərarları › İş №1(032)-154/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-154/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-154/2024 28.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, saat 10:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirlən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1994-cü il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, İ dərəcəli əlil, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2də 23 iyul 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdə saat 13:30 radələrində ictimai yer hesab edilən Şirvan şəhəri Heydər Əliyev prospektində yerləşən “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X6 həyətində olan zaman həmin xəstəxanada Yoluxucu xəstəliklər şöbəsində həkim işləyən Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, Zərərçəkmiş şəxs və qeyrilərinin timsalında özünü qeyri müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxsi istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək, qalmaqal salmaq məqsədilə Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyaraq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs baş, yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vuraraq, sonuncuya qapalı kəllə beyin travması, sol gicgahda hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 22 aprel 2024-cü il tarixdə saat 12 radələrində arvadı qızılca xəstəliyinə yoluxduğu üçün onu Şirvan ŞMX-nın Acil şöbəsinə aparmışdır. Acil şöbəsində həkimlər arvadını müayinə etmişlər və bildirmişlər ki, ona xəstəxananın infeksiya şöbəsinin həkimi Zərərçəkmiş şəxs baxmalıdır, Zərərçəkmiş şəxs otağı isə Acil şöbəsində deyil, Şirvan ŞMX-nın Yoluxucu xəstəlikləri üçün nəzərdə tutulmuş inzibati binasındadır. Ona bildirmişlər ki, Zərərçəkmiş şəxs Acil şöbəsinə çağırsın. O, dostu İslam ilə Zərərçəkmiş şəxs otağına getmiş, Zərərçəkmiş şəxs otağının pəncərəsi açıq olmuşdur. O, pəncərədən Zərərçəkmiş şəxs “həkim sizi bir dəqiqə olarmı” demiş, Zərərçəkmiş şəxs isə ona xəstəsi olduğunu bildirmiş, sonra otağının pəncərəsini bağlamış və pərdəni də aşağı çəkmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs otağının qapısına gəlmiş, qapı içəridən bağlı olduğundan orada onu 15 dəqiqə gözləmişdir. O, Zərərçəkmiş şəxs otağının qapısının üzərində mobil nömrəsinin olduğunu görmüş, həmin mobil nömrəyə iki dəfə zəng vurmuşdur. Zərərçəkmiş şəxs onun zənglərinə cavab verməmişdir. O, bundan sonra Zərərçəkmiş şəxs otağının qapısını 2 dəfə döymüşdür. Zərərçəkmiş şəxs otağının qapısını açıb ona bildirmişdir ki, “nədie a, gah zəng vurursan, gah da qapını döyürsən”. O, Zərərçəkmiş şəxs bildirmişdir ki, onu Şirvan ŞMX-nın Acil şöbəsindən göndərmişlər, Acil şöbəsində xəstə var, birlikdə Acil şöbəsinə getsinlər. Zərərçəkmiş şəxs bundan sonra ona bildirmişdir ki, “mən heç yerə getmirəm, xəstən bura gəlsin”. Sonra otağının qapısını üzünə bağlayan zaman o, otağın qapısına yumruq vurmuşdur. Daha sonra Şirvan ŞMX-nın Acil şöbəsinə getmiş, orada bildirmişdir ki, İlkin həkim Acil şöbəsinə gəlmir. Acil şöbəsindən ona bildirmişlər ki, onda Sevinc həkimi çağırsın. O, bundan sonra Sevinc həkimin otağına getmiş, Sevinc həkimə bildirmişdir ki, Acil şöbəsinə getsin, Sevinc həkim onunla birlikdə Şirvan ŞMX-nın Acil şöbəsinə gəlmişdir. Acil şöbəsində arvadına ilkin tibbi yardım göstərmişdir. Sonra arvadını Şirvan ŞMX-nın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirmişlər. O, bundan sonra Şirvan ŞMX-nın həyətində yerləşən çay evinə getmiş, çay evində tanışları Murad və Nicatla oturub çay içən zaman Zərərçəkmiş şəxs çay evinə gəldiyini görmüşdür. O, Zərərçəkmiş şəxs yaxınlaşmış, sonuncuya salam verib, bildirmişdir ki, “səninlə bir dəqiqə işim var”. İlkin bundan sonra ona uca səslə bildirmişdir ki, “səni eşidirəm”. O, İlkinə bildirmişdir ki, “sən nə üçün otağının qapısını mənim üzümə çırpdın”. İlkin də ona bildirmişdir ki, “sən özünü apara bilmirsən, sən elə davranışa layiqsən”. O, bundan sonra Zərərçəkmiş şəxs köynəyinin yaxasından tutub, başı ilə sonuncunun baş nahiyəsinə vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs yerə yıxılmışdır. O, Zərərçəkmiş şəxs yerdə olan zaman təpiklə vurmağa başlamışdır. Bundan sonra tanışları Murad və Nicat onu sakitləşdirmişlər. Zərərçəkmiş şəxs ondan uzaqlaşaraq yaxınlıqda olan aptekə getmişdir. O, da Şirvan ŞMX-nın Acil şöbəsinə getmişdir. Bir müddət sonra hadisə yerinə Şirvan ŞPŞ-nin əməkdaşları gəlmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Şirvan ŞMX-nın Yoluxucu xəstəliklər şöbəsində həkim işləyir. 22 aprel 2024-cü il tarixdə saat 09:00-da işə getmişdir. Həmin günü saat 12 radələrində Şirvan ŞMX-nın Yoluxucu xəstəliklər şöbəsində yerləşən otağında xəstə müayinə etmiş, bu səbəbdən də otağının qapısını bağlamışdır. Bu zaman sonradan adının Qənbər olduğunu bildiyi şəxs pəncərədən içəri baxmış, sonra otağının qapısını yumruq ilə vurub, bildirmişdir ki, xəstənin müayinəsini dayandırsın və onu qəbul etsin. Qənbər adlı şəxs onu təhqir etmişdir. Yanında olan xəstənin qorxduğunu görmüşdür. Bundan sonra o, məcbur olub otağının qapısını açıb, Qənbərə demişdir ki, səbrli olsun və növbəsini gözləsin. Qənbər buna məhəl qoymayaraq onu yenidən təhqir etmiş və aqressiv şəkildə onu dərhal qəbul etməyini tələb etmişdir. O, buna razı olmamışdır. Bundan sonra Qənbər onu hədələmişdir ki, onu boğacaq. Sonra otağının qapısına yumruq və təpiklə vurmuşdur. Bunu görəndə o, məcbur olub mühafizəçiyə zəng vurmuş, Qənbər onun mühafizəçiyə zəng vurduğunu gördükdən sonra onu təhqir edərək, otağının qarşısından getmişdir. Bir müddət sonra ona tanımadığı nömrədən zəng gəlmişdir. Özünü Qənbər kimi təqdim edən şəxs ona bildirmişdir ki, “sən məni qəbul etmədin səninlə görüşmək istəyirəm”. O, Qənbərə bildirmişdir ki, “səninlə görüşmək istəmirəm”. Həmin günü saat 13:30 radələrində xidməti vəzifəsi ilə əlaqədar olaraq Şirvan ŞMX-nın aptek şöbəsinə getmişdir. Aptekə gedən zaman Şirvan ŞMX-nın həyətində olan çay evində bir nəfər şəxsin yanındakı şəxslərə “yol ilə gedən İlkin deyilmi” söylədiyini eşitmişdir. O, səs gələn tərəfə baxmış, çay evinin həyətində Qənbərin oturduğunu görmüşdür. O, yolunu davam etmiş, Qənbər isə çay evinin həyətində olan oturduğu masadan qalxaraq sürətlə onun üzərinə gəlib, onun qarşısına keçmiş və ona demişdir ki, nə üçün onu qəbul etməmiş, nə üçün mühafizəçiyə zəng vurmuşdur. O, Qənbərə bildirmişdir ki, nəlayiq davranışla ona və xəstəsinə stress yaşatdığı və işləməyə imkan vermədiyinə görə mühafizəçiyə zəng vurmuşdur. Bundan sonra Qənbər onun köynəyinin yaxasından tutmuş, başı ilə baş nahiyəsinə vurmuşdur. Bundan sonra o, yerə yıxılmışdır. O, yerdə olduğu zaman Qənbər təpik və yumruq ilə onu vurmağa başlamışdır. Həmçinin onu vuran zaman təhqir etmişdir. Həmin zaman ətrafda olan tanımadığı şəxslər Qənbəri ondan uzaqlaşdırmağa cəhd göstərsələr də Qənbər hərəkətlərini davam etdirərək, onu təhqir etməyə davam etmişdir. O, Qənbərə qanunun qarşısında hərəkətlərinə görə cavab verəcəyini bildirmiş, Qənbər isə qanuna aid olmadığını bildirmiş və qanunu təhqir etmişdir. Sonra Qənbər yenidən onun üzərinə hücum çəkib, yumruq ilə onun üz və baş nahiyəsinə çoxsaylı zərbələr vurmuşdur. O, Qənbərin onu döydüyü və təhqir etdiyi üçün DİN-nin “102” xidmətinə müraciət etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, hadisə 22 aprel 2024-cü il tarixdə saat 13:30 radələrində Şirvan şəhəri Heydər Əliyev prospektində yerləşən Şirvan ŞMX-nın həyətində olan çay evinin yaxınlığında baş vermişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs onu döyərək xəsarətlər yetrimiş, onun ünvanına nəlayiq ifadələr işlətmişdir. Hadisə təqribən bir saat davam etmişdir. Hadisə zamanı çay evində təqribən 15-20 nəfər şəxs olmuşdur. O, Təqsirləndirilən şəxs xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs ona xəsarət yetirən zaman əlində hər hansı bir silah və ya silah qismində istifadə edilən əşya olmamışdır. Təqsirləndirilən şəxs ilə barışmamışdır, onun barəsində qanunla nəzərdə tutulmuş ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 22 aprel 2024-cü il tarixdə saat 13 radələrində tanışı Nicat ilə Şirvan ŞMX-da müalicə alan İslamın yanına gəlmişlər. İslam ilə Şirvan ŞMX-nın Acil şöbəsinin qarşısında dayanmışdır. Bir müddət sonra Şirvan ŞMX-nın Acil şöbəsindən Qənbər çıxmış, onunla görüşmüşlər. O, Qənbər və Nicata təklif etmişdir ki, Şirvan ŞMX-nın həyətində yerləşən çay evinə gedib çay içsinlər. Onlar birlikdə Şirvan ŞMX-nın həyətində yerləşən çay evinə getmişlər. Çay evində çay içən zaman Qənbər onlara bildirmişdir ki, Şirvan ŞMX-nın həkimi İlkin ona hörmətsizlik etmişdir. Qənbər bu haqda danışan zaman İlkin həkimin Şirvan ŞMX-nın həyətində yol ilə getdiyini görmüşlər. Qənbər bundan sonra oturduğu masadan qalxıb İlkinə tərəf getmişdir. O da Qənbərin ardınca getmişdir. Qənbər İlkin həkimə bildirmişdir ki, “həkim sizi bir dəqiqə olarmı”. İlkin bundan sonra dayanmış, Qənbər İlkinə demişdir ki, “sənin otağına gəlmişdim. Səni yarım saat gözlədim. Sonra “xəstəni otağıma gətir” deyib otağının qapsını üzümə bağladın. Nə üçün belə etdin”. İlkin həkim Qənbərə bildirmişdir ki, “sən özünü apara bilmirsən”. Qənbər İlkin həkimə bildirmişdir ki, nə üçün özünü apara bilmir. İlkin həkim yenidən Qənbərə bildirmişdir ki, “sən özünü apara bilmirsən”. Bunda sonra Qənbər İlkin həkimin baş nahiyəsinə başı ilə vurmuşdur. İlkin həkim yerə yıxılmışdır. Sonra ayağa qalxmış, əlində olan mobil telefonla Qənbəri və onu videoya çəkməyə başlamışdır. Sonra Nicat onlara yaxınlaşmışdır. Onlar Qənbəri sakitləşdirmişlər. İlkin həkim də Şirvan ŞMX-nın həyətində olan aptekə getmişdir. Hadisə 22 aprel 2024-cü il tarixdə saat 13 radələrində Şirvan ŞMX-nın həyətində yerləşən çay evinin həyətində baş vermişdir. Təqsirləndirilən şəxs baş zərbəsi ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə vurmuşdur. Hadisə vaxtı çay evində təqribən 10-15 nəfər şəxs olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına nəlayiq ifafələr işlətmiş, hadisənin səbəbi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs arvadını müalicə etmək üçün Acil şöbəsinə getməməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 vermiş olduğu ifadəsində Şahid2 göstərdiklərini təsdiq etməklə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2021-ci ildə tanış olmuşdur. Hər ikisi Qarabağ müharibəsinin iştirakçılarıdır. Hər ikisi Qarabağ müharibəsi qazisidir. 22 aprel 2024-cü il tarixdə Şirvan ŞMX-nın Nevrologiya şöbəsində müalicə almış, həmin günü saat 09 radələrində xəstəxananın pəncərəsindən həyətə baxan zaman Qənbərin Şirvan ŞMX-na gəldiyini görmüş, Qənbəri gördüyü üçün Şirvan ŞMX-nın həyətinə düşmüş, Orada Qəbərin arvadını Şirvan ŞMX-nın Acil şöbəsinə gətirdiyini görmüşdür. Qənbərə Acil şöbəsində bildirmişlər ki, Yolxucu xəstəliklər şöbəsinə gedib, arvadına tibbi yardım göstərəcək İlkin həkimi çağırsın. O, Qənbər ilə birlikdə Şirvan ŞMX-nın Yolxucu xəsətəliklər şöbəsinə getmiş, Qənbər İlkin həkimin otağının pəncərəsini döymüş, həkim Qənbərə bildirmişdir ki, bir müddət gözləyin. Qənbər ilə İlkin həkimin otağının qapsında 15 dəqiqə gözləmişlər. İlkin həkim otağının qapsını açmamışdır. Qənbər İlkin həkimin otağının qapsını yenidən döymüş, İlkin həkim otağının qapsını açmış, bildirmişdir ki, nə olub. Qənbər İlkin həkimə bildirmişdir ki, sənə bir kəlmə söz deyib gedirik. İlkin həkim Qənbərə bildirmişdir ki, sənin sözünü eşitməyə vaxdım yoxdur. Bundan sonra Qənbər İlkin həkimə bildirmişdir ki, Acil şöbəsində xəstə var. Oradan sizi çağırılar ki, xəstəyə kömək göstərəsiniz. İlkin həkim bildirmişdir ki, “mən heç yerə getmirəm. Xəstəni mənim otağıma gətirin.” Qənbər həkimə bildirmişdir ki, xəstənin vəziyyəti yaxşı deyil. Otağınıza gələ bilmir. İlkin həkim yenidən Qənbərə bildirmişdir ki, xəstəni otağıma gətirin. Bundan sonra İlkin həkim otağının qapsını bağlayan zaman Qənbər İlkin həkimin otağının qapsına yumruq vurmuş, bildirmişdir ki, “mən xəstə gətirmişəm. Sən nə üçün hörmətsizlik edirsən.” O, Qənbəri sakitləşdirmiş və Qənbər ilə birlikdə Şirvan ŞMX-nın Acil şöbəsinə getmişlər. Sonra Şirvan ŞMX-da müalicə aldığı otağa qalxmışdır. Qənbərin İlkin həkimi döyməsini sonradan eşitmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 03 may 2024-cü il tarixli, 197 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarət qapalı kəllə beyin travması, sol gicgahda hematoma – küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 22 aprel 2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Eyni zamanda cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və Şirvan şəhər polis şöbəsinin İB-nin müstəntiqi X2 icraatına qəbul edilmişdir; zərərçəkmiş şəxs qismində tanınma haqqında 06 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; “Şirvan şəhər mərkəzi xəstəxanası” X6 30 aprel 2024-cü il tarixli, 18-1-35/3- 464/2024 nömrəli məktubunda göstərilmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2024 xx.xx.2024-cü il tarixlərində Şirvan şəhər X1 şöbəsində “Qapalı kəllə-beyin travması” diaqnozu ilə ambulator müalicə almışdır; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CMnin 128-ci maddəsindən, həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir; təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir; medal vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı”, “Döyüşdə fərqlənməyə görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir; başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 iyul 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 325 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; şəxsin şəxsi məlumatları barədə “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İ dərəcəli əlildir; Həmçinin, məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş hadisənin baş verməsini özündə əks etdirən videoçəkilişlərə baxış keçirilməklə zərərçəkmiş və şahid qismində dindirilmiş şəxslərin vermiş olduğu ifadələrin əyani olaraq sübuta yetirildiyi aşkar edilmişdir. Belə ki, birinci videofayl açıldıqda müəyyən olunur ki, videofayl 01:43 saniyə müddətindədir. Videofaylda Şirvan şəhərinin Heydər Əliyev prospektində yerləşən Şirvan ŞMX-nın həyətində çoxlu sayda insanların olması, Təqsirləndirilən şəxs qışıqırması, Zərərçəkmiş şəxs üzərinə gedərək onu söyüb-təhqir etməsi, ətrafdakı şəxslərin Təqsirləndirilən şəxs sakitləşdirmək istəməsi görünür. İkinci videofayıl açıldıqda müəyyən olunur ki, videofayıl 48 saniyədir. Videofayılda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təhqir etməsi, onun üzərinə hücum çəkərək onu vurması, ətrafda insanların toplaşmaqla hadisəyə tamaşa etmələri müşahidə olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən əməli törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması özünün etirafedici, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X4 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs “Vətən Müharibəsi” iştirakçısı olmasını, müharibədə iştirakı ilə bağlı medallarla təltif olunmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İ dərəcəli əlil olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətmiş olduğu cinayəti etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CMnin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki iş üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 1000 (bir min) manat məbləğində cərimə növündə cəza təyin edilsin. Cəza çəkməsinin əvvəli hökmün icraya yönəldiyi vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar