Məhkəmə qərarları › İş №1(032)-154/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-154/2025

25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-154/2025 25.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:35-də Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Əli-Bayramlı (Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, 01 (bir) ədəd polietilen torbaya bükülmüş vəziyyətdə təmiz çəkisi 440 (dörd yüz qırx) qram narkotik vasitə hesab olunan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı əldə edərək 04 avqust 2025-ci il, saat 13:18 radələrinədək, yəni Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, İsmət Qayıbov küçəsində saxlanılıb üzərinə baxış keçirilərkən əlində olan 01 ədəd polietilen torbadan aşkar edilib götürülənədək daşımaqla saxlamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o , bir neçə aydır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2025-ci il tarixdə gündüz saatlarında Şirvan şəhəri ərazisindən keçən “Şirvan Kanalı” adlanan ərazidə balıq tutduğu zaman yerdə olan 01 ədəd sellofan büküm diqqətini cəlb etmiş və həmin sellofan bükümü yerdən götürüb açıb içinə baxdıqda içərisində əvvəllər də istifadə etdiyi üçün tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana olmasını görmüş və sonra istifadə edər deyə götürüb üzərində saxlamışdır. Həmin gün saat təxminən 13 radələrində Şirvan şəhəri, İ.Qayıbov küçəsində hərəkətdə olarkən polis əməkdaşları olduqlarını bildirən şəxslər tərəfindən saxlanılmışdır. Həmin vaxt əlində olan 1 ədəd sellofana bükülmüş vəziyyətdə, bir neçə saat əvvəl tapdığı narkotik vasitə olan qurudulmuş marixuana da üzərində olmuş, polis əməkdaşları tərəfindən həmin sellofan torbaya baxış keçirilmiş və həmin sellofana bükülmüş olan qurudulmuş marixuana 1 ədəd poçt zərfinə qablaşdırılaraq möhürlənmişdir. Həmçinin həmin vaxt onun üzərindən şəxsi əşyaları ilə birlikdə marixuananı doldurub çəkmək üçün istifadə etdiyi kağız da aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, o buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, Şirvan şəhər polis şöbəsində vəkilin iştirakı ilə üzərindən aşkar edilərək qablaşdırılmış narkotik vasitə olan qurudulmuş marixuanaya baxış keçirilmişdir. Baxış zamanı üzərindən aşkar olunmuş marixuana elektron tərəzi vasitəsi ilə çəkildikdə çəkisinin 449 qram olması müəyyən edilmişdir. Daha sonra həmin marixuana 1 ədəd poçt zərfinə qablaşdırılaraq ağzı möhürlənmişdir. Hazırda əməlindən peşmandır, 2023-cü ilin noyabr ayından 2025-ci ilin iyun ayınadək Azərbaycan Respublikası MN-nin N saylı hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş və 2023-cü ilin 19-20 sentyabr tarixində erməni işgalçılarına qarşı keçirilmiş antiterror əməliyyatlarında iştirak etmişdir. Səhhətində yaranmış problemlə əlaqədar ordu sıralarından tərxis edilmişdir. Barəsində amnistiyanın tətbiq olunmasını və barəsində olan cinayət təqibinə qeyri-bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şirvan şəhər Polis Şöbəsinin NMQ-nın baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki,xx.xx.2025-ci il tairxdə eitbarlı və qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında ünvan 2 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qeyd olunan tarixdə Şirvan şəhəri, İ.Qayıbov küçəsi ərazisində “Köhnə şəhər” deyilən ərazidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması bildirilmiş, bu səbəbdən Şirvan şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 təxirəsalınmaz qaydada daxil olma və baxış keçirilməsi əməliyyat-axtarış tədbrinin keçirilməsi haqqında qərar qəbul etmiş, həmin qərara müvafiq olaraq əməliyyat-axtarış tədbrinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinin əmrinə əsasən onun, Konvoy hissəsinin konvoy polis nəfəri, polis baş serjantı Şahid4 və MSY-nin nəzarətçi polis nəfəri, polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupu tərəfindən 04 avqust 2025-ci il tarixdə saat 13:18 radələrində videoçəkilişlə keçirilmiş əməliyyat axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək Şirvan şəhəri, İ.Qayıbov küçəsində “Köhnə şəhər” deyilən ərazidə saxlanılmışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs əlində tutaraq saxladığı, qırmızı rəngli, üzərindən müxtəlif rəngli bəzəkləri olan 01 ədəd sellofan torbada əlavə olaraq 01 ədəd ağ rəngli şəffaf sellofan torbaya bükülmüş vəziyyətdə yaşıl rəngli, kəskin spesifik iyə malik, narkotik vasitə olan qurudlmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmiş, aşkar edilmiş sellofan torbaya baxış keçrildikdən sonra həmin bitki kütləsi bükülü olduğu sellofan torbalarla birlikdə 01 ədəd zərfdə qablaşdırılaraq götürülmüş və zərf DİN-nin 55 nömrəli möhürü ilə möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin qurudulmuş bitki kütləsinin narkotik vasitə olan nəşə kimi tanıdığı qurudulmuş marixuana olduğunu, bir neçə saat əvvəl “Şirvan kanalı” deyilən ərazinin yaxınlığından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, satmaq məqsədinin olmadığını bildirmiş, həmçinin onun üstünə baxış zamanı şalvarının cibindən 01 ədəd alışqan, 01 ədəd göy rəngli “Wincester” markalı siqaret qutusu, 01 ədəd “Redmi” markalı mobil telefon və mobil telefonun kobrasının altından 01 ədəd kağız aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kağızı marixuananı doldurub çəkmək üçün istifadə etdiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs Şirvan şəhər Polis Şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şirvan ŞPŞ-nin MSY-nin nəzarətçi polis nəfəri, polis baş serjantı Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etdi . Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahidlər Şirvan şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 və Şirvan ŞPŞ-nin Konvoy hissəsinin konvoy nəfəri, polis baş serjantı Şahid4 məhkəməyə gəlmədiklərindən onların ibtidai istintaqda verdiyi ifadələri elan olunmuşdur. Onlar həmin ifadələrində şahid qismində dindirilmiş Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: xx.xx.2025-ci il tarixli cinayət işi başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi aidiyyəti üzrə Şirvan şəhər X3 Bölməsinə verilmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı xx.xx.2025-ci il tarixdə, saat 13:18-də məhdudlaşdırılmış, xx.xx.2025-ci il tarixdə, saat 14:40-da Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxsdən 04 avqust 2025-ci il tarixdə saat 13:18-dən başlayaraq Şirvan şəhər Polis Şöbəsinin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri gəticəsində əlində olan bir ədəd sellofan bükülüdə olan narkotik vasitə olması ehtimal edilən kütlənin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin bükülüyə baxış keçirildi. Həmin kütlə sellofan bükülüdən ibarətdir. Sellofan bükülünü açdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edildi. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin təmiz çəkisinin ölçülməsini xahış etdi. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə oxşar kütlənin qablaşdırıldıqdan sonra məhkəmə-bioloji ekspertizasına göndəriləcəyi izah edildi və ekspertiza rəyi əldə edildikdən sonra sonuncunun rəylə tanış olunacağı bildirildi. Daha sonra aşkar edilmiş kütlə elektron tərəzidə ölçüldü və çəkisi 449 qram göstərdi. Sonra isə həmin bükülü qablaşdırılaraq möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Baxış zamanı sorğu edilərkən Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə oxşar kütlənin “Qurudulmuş marixuana” olduğunu və xx.xx.2025-ci il tarixdə səhər saatlarında “Şirvan kanalı” adlanan ərazidə tapdığı və istifadə etmək məqsədi ilə üzərində saxladığını, sonra polis əməkdaşları tərəfindən yaxalandığını, yaxalanan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zorakılıq olunmadığını bildirdi. Məhkəmə-bioloji ekspertizanın xx.xx.2025-ci il tarixli 18/563 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “....Təqsirləndirilən şəxs imza...” sözləri yazılmış 01 ədəd polietilen torbada təmiz çəkisi 440 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 440,0 qram, tədqiqata istifadə olundu-0,10 qr, qalıq-439,90 qram. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Tutulmuş şəxsin MSY-dən azad olunaraq barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Polis Şöbəsi MSY-dən azad olunması və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilməsi və tutularaq Şirvan şəhər Polis Şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu ərazisində yeri müəyyən edilərək tutulmuş və aidiyyəti üzrə Şirvan şəhər Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və cinayət işi istintaq edilməsi üçün icraatına qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin müvvəqəti saxlam yerindən azad edilməsi və qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılması qərara alınmışdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 5783 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb məüssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X4 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyata alınmamışdır. Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 318 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Füzuli Hərbi Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 1-1(097)-316/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə təqsirləndiriləndirilməsinə dair cinayət işi üzrə onun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında AR Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarının 1.1 və 5.1-ci bəndləri tətbiq olunaraq cinayət işi üzrə icraata xitam verilmişdir. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, 2023-cü ilin sentyabr ayının 19-20-də keçirilən antiterror əməliyyatlarında iştirak edərək döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirmişdir. Ona görə də cinayət işi üzrə barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərarın tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının” İİ siyahısının 109.1-ci bəndinə görə qurudulmuş marixuananın xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 440 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək 2023-cü ilin sentyabr ayının 19-20-də keçirilən antiterror əməliyyatlarında iştirak etdiyini bildirib, barəsində «Konstitusiya və Suverenlik İli» münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilərək təqsirləndirildiyi hazırki cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilmiş amnistiya aktının 1.1-ci və 5.1-ci bəndinin təsir dairəsinə düşür. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxsnın barəsində yuxarıda qeyd olunan amnistiya aktının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər mövcud deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (CPM) 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə məhkəmə yekun nəticəyə gələrək hesab edir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respbulikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktı tətbiq edilməli və Azərbaycan Respbulikası CPM-in 43.3-cü maddəsinə əsasən aparılan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyatda alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 439,90 qram narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin nin 43.3, 156.4, 344-347, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktı tətbiq edilsin və Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən aparılan cinayət təqibinə xitam verilsin. Hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda alınsın. Ekspertiza tədqiqatının dəyəri - 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 (kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 439,90 qram narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada 20 gün müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar