Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-155/2025 13.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 15:50-də Şirvan Şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri, Energetik küçəsi, ev 8, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış qurudulmuş marixuananı xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda yəni, 1 (bir) ədəd bükümdə, ümumi təmiz çəkisi 450,0 qram çəkidə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, əlindəki sellofan bağlamanın daxilində daşıyaraq saxlamış, 08 avqust 2025-ci il tarixdə, saat 13:28 dəqiqədən 13:38 dəqiqəyə qədər Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Mehmandarov küçəsində qanunsuz olaraq üzərində qurudulmuş marixuana saxlamaqla şübhəli şəxs kimi saxlanılıb, əlindəki sellofan bağlamanın daxilində 01 ədəd bükümdə təmiz çəkisi - 450,0 qram kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, ekspertiza rəyləri, cinayət işinin materiallarına əlavə edilmiş maddi sübutlar və digər mötəbər və təkzibedilməz sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Şirvan şəhəri, Mehmandarov küçəsidən keçən dəmir yolunun kənarında hərəkət edərkən yerdə 01 ədəd sellofan büküm diqqətini cəlb etmiş, həmin 01 ədəd sellofan bükümünü yerdən götürüb açıb içinə baxdıqda içərsində narkotik vasitə olan qurudulmuş marixuana olmasını görüb, götürmüş və üzərində daşımaqla hərəkət etməyə başlamışdır. Bir neçə metr hərəkət etdikdən sonra Şirvan şəhəri, Mehmandarov küçəsində hərəkətdə olarkən Şirvan ŞPŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsi ilə bağlı şübhəli olduğu üçün onu saxlamışlar və həmin vaxt üzərində 1 ədəd sellofan torbada tapdığı narkotik vasitə olan qurudulmuş marixuana olmuş və polis əməkdaşları tərəfindən həmin sellofan torbaya baxış keçirilmişdir. Həmin sellofan torbada olan qurudulmuş marixuana 1 ədəd poçt zərfinə qablaşdırılmış və möhürlənmişdir. Sonra onu polis şöbəsinə dəvət etmişlər. O, buna etiraz etməmiş və birlikdə Şirvan Şəhər Polis Şöbəsinə getmişlər. Polis şöbəsinin Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil seçmişdir. Bir müddət sonra vəkil gəldikdən sonra ona məxsus qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı həmin qurudulmuş marixuana elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Sonra 1 ədəd poçt zərfinə qablaşdırılaraq ağzı möhürlənmiş və imzaları ilə təsdiq emişlər. Daha sonra protokol tərtib olunmuş, o bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra protokola imza etmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana ona məxsusdur, istifadə etmək üçün üzərində saxlamışdır. Narkotik vasitələrin alğı-satqısı ilə məşğul olmamışdır. Hazırda əməlindən peşmandır, barəsində amnistiyanın tətbiq olunmasını və barəsində olan cinayət işi üzrə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahidlər Şahid1, Şahid3 Elburus oğlu və Şahid2 məhkəməyə gəlmədiyindən onların ibtidai istintaqda verdiyi ifadələri elan olunmuşdur. Onlar həmin ifadələrində eyni məzmunlu ifadə verib bildirmişlər ki, xx.xx.2025-ci il tarixdə saat 13:15 radalərində Şirvan şəhər polis şöbəsinə etibarlı və qərəz doğurmayan mənbədən Əli Bayramlı(indiki ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitə istehlakı ilə məşğul olması və hazırda da Şirvan şəhəri, Mehmandarov küçəsində hərəkətdə olarkən narkotik vasitələnin istehlakına hazırlıq edəcəyi barədə məlumat daxil olmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs tərəfindən saxlanılan, daşınılan narkotik vasitənin realizə olunacağı, gizlədiləcəyi və məhv ediləcəyi ehtimalını nəzərə alaraq daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət başında yaxalanması, narkotik vasitələrin cinayət izlərinin vaxtında aşkar edərək götürülməsi məqsədi ilə əməliyyat qrupu yaradılaraq olduğu yerdə zərurət yaranarsa üstünün yoxlanılması, habelə olduğu yer tikinti obyekti, yaşayış sahəsi, və s. obyekt olduğu halda həmin yerə təxirəsalınmaz qaydada daxil olma və baxış keçirilməsi əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu təşkil olunmuşdur. 08 avqust 2025-ci il tarixdə saat 13:28-də başlanmış və video çəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı əməliyyat qrupunun üzvləri ilə birlikdə Şirvan şəhəri, İ.Qayıbov küçəsindən Mehmandarov küçəsi istiqamətdə hərəkətdə olarkən Mehmandarov küçəsində Təqsirləndirilən şəxs yolun sağ tərəfində onlara tərəf hərəkət etməsini görmüşlər. Onlar hərəkətdə olduqları avtomobillərini saxlayaraq Təqsirləndirilən şəxs olduğu istiqamətə qaçaraq onu yaxalayaraq tutmuşlar. Təqsirləndirilən şəxs onların avtomobildən düşərək ona doğru getdiyini görüb əlindəki sellofanı yerə atmışdır. Bundan sonra Təqsirləndirilən şəxs özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər və ona saxlanılmasının səbəbini izah etmişlər. Təqsirləndirilən şəxs əlindən tullamış olduğu sellofanda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğunu görmüşlər və bunu Təqsirləndirilən şəxs özü də təsdiq etmişdir ki, həqiqətən narkotik vasitə olan qurudulmuş marixuanadır. Üzəri həmin vaxt oradan keçən Qurbanova Yasəmən tərəfindən yoxlanılmışdır. Üzəri yoxlanılarkən hər hansı bir əhəmiyyət kəsb edən əşya və predmet olmadığından, aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə iştirakçıların qarşısında videoçəkilişlə müvafiq qaydada poçt zərfinə qablaşdırlaraq üzəri DİN-nin 55 saylı möhürlə möhürləndikdən sonra Təqsirləndirilən şəxs və tərəflərindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində tərəfindən raportla rəhbərliyə müraciət etdikdən sonra raport üzrə araşdırma aparılması təhqiqat bölməsinə həvalə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 08 avqust 2025-ci il tarixl “əməliyyat-axtarış tədbiri, şübhəli – şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 avqust 2025-ci il tarixdə saat 13:28 radələrində Şirvan şəhəri Mehmandarov küçəsidə saxlanılaraq 13:28-dən saat 13:38-dək üzərinin yoxlanılması zamanı əlində olan 01 ədəd əlindəki sellofan bağlamanın daxilində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. 08 avqust 2025-ci il tarixli “əməliyyat axtarış tədbirlərinn nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində olan sellofan bağlama aşkar edilərək qablaşdırılmış 1 ədəd zərfin içərisində olan kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisinin 464 qram olması müəyyən edilmişdir. 08 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Şirvan şəhər PŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Faiq İmanov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 09 avqust 2025-ci il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 09 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə-bioloji ekspertizasının 09 avqust 2025-ci il tarixli, 18/578 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs məxsus...” sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen bükümdə təmiz çəkisi-ümumi çəkisi- 450,0 qram olan bitki mənşəli kütlə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi-450 qr, tədqiqata istifadə olundu-0,10 qr, qalıq-449,90 qr. 04 oktyabr 2025-ci il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulmuşdur. 06 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilmişdir. Verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər PŞ-nin məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində tərəfimizdən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş lakin keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməməsi bildirilmişdir. Bakcel MMC-dən daxil olmuş 10 sentyabr 2025-ci il tarixli GQ-2-547-457-2025 nömrəli məktubdan görünür ki, 01 ədəd CD diskdə olan məlumatlarda Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədə narkotik vasitələrin və ya psixotrop maddələrin alqısatqısına dair hansısa SMS məlumatları aşkar edilməmişdir. Məhkəmə-narkoloji ekspertizasının 06 oktyabr 2025-ci il tarixli, 6174 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olmaqla sonuncu dəfə xx.xx.2021-ci ildə Şirvan şəhər Məhkəməsin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 08 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə Sabunçu rayon, məhkəməsinin qərarına əsasən cəzadan 02 ay 05 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Məhkəmə istintaqı zamanı müdafiəçi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 337.2-ci maddəsinə istinad edərək vəsatət qaldırmış, ittihamın təsdiqi üçün tədqiq edilmiş sübutların kifayət etdiyini, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı əməlini etiraf etdiyini, iş materiallarından da göründüyü kimi, dindirilməmiş şahidlərin dindirilməsinin sübutların məcmusuna yeni, əhəmiyyətli məlumat gətirməyəcəyini bildirmişdir. AR CMP-in 337.2-ci maddəsinə əsasən müdafiə tərəfi cinayət işini başlamış şəxs tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş və ya təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, qanuni nümayəndəsinin, habelə mülki cavabdehin və ya onun nümayəndəsinin vəsatəti əsasında məhkəməyə təqdim edilmiş, lakin məhkəmədə hələ ki baxılmamış sübutların tədqiq edilməsindən imtina etmək hüququna malikdir. Belə imtina hər bir halda məhkəmə tərəfindən qəbul olunmalıdır. Məhkəmə hesab edir ki, mövcud sübutlar ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv araşdırılması üçün kifayətlidir və şahidlərin dindirilməsi sübutların məcmusuna yeni, əhəmiyyətli məlumat gətirməyəcəkdir. Bu səbəbdən, CMP-nin 337.2-ci maddəsinin tələblərinə uyğun olaraq müdafiəçinin verdiyi vəsatət təmin edilmiş, sübutların tədqiqi məhkəmə istintaqında baxılmış materiallarla məhdudlaşdırılmışdır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub- olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. İstər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli qanununun İ siyahısının 109.1-ci bəndində qurudulmuş marixuananın məsuliyyətə cəlb etməyə imkan verən çəkisi xeyli miqdar olaraq 5 qramdan 500 qramadək müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə təqsirləndirilən şəxsin ifadəsini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən xeyli miqdarda narkotik vasitəni əldə edib, daşımaqla saxlamışdır. Beləliklə məhkəmə müəyyən etmişdir ki, cinayət hadisəsi törədilmişdir, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyəti sübuta yetirilmiş, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, yəni təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur. Eyni zamanda məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək barəsində bəraətverici əsaslar olmadan «Konstitusiya və Suverenlik İli» münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilərək təqsirləndirildiyi hazırki cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilmiş amnistiya aktının 1.12-ci bəndinin təsir dairəsinə düşür. Belə ki, «“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.12-ci bəndində əsasən qadınlar təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. Həmin Qərarın 5.1-ci bəndində qeyd edilir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 24-cü bəndində qeyd edilir ki, birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan amnistiya aktının 6 və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə məhkəmə yekun nəticəyə gələrək hesab edir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respbulikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktı tətbiq edilməli və Azərbaycan Respbulikası CPM-in 43.3-cü maddəsinə əsasən aparılan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbiri təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri - 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 449,90 qram narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 02 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində AR Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktı tətbiq edilsin və AR CPM-in 43.3-cü maddəsinə əsasən aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 449,90 qram narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada 20 gün müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №1(032)-155/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-155/2025
13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver