Məhkəmə qərarları › İş №1(032)-156/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-156/2024

19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-156/2024 19.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:08-də Şirvan şəhər Məhkəməsinin hakimi X8 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X6 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs sonuncunun həbsdə olan qardaşı X4 həbsdən azad etdirəcəyinə dair yalan vəd verərək, aldadıb, etibarından sui-istifadə edərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 15:14:04-də Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən ödəmə terminalından ona məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169-73**-****-5530 nömrəli bank kartına göndərdiyi 1000 manat, xx.xx.2023-cü il tarixdə saat 21:41:02-də həmin ünvandan onun həmin bank kartına göndərdiyi 1000 manat, xx.xx.2023-cü il tarixdə saat 16:59:27-də həmin ünvandan onun həmin bank kartına göndərdiyi 500 manat, xx.xx.2023-cü il tarixdə saat 22:49:51-də Şirvan şəhəri, Xəqani küçəsində yerləşən mağazadakı ödəmə terminalından onun həmin bank kartına göndərdiyi 1200 manat, xx.xx.2023-cü il tarixdə saat 16:18:09-də Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən ödəmə terminalından onun həmin bank kartına göndərdiyi 1500 manat, xx.xx.2023-cü il tarixdə saat 22:08-də ünvan 2 ünvanda yerləşən «Neptun Supermarket» mağazasındakı ödəmə terminalından onun həmin bank kartına göndərdiyi 1300 manat, xx.xx.2023-cü il tarixdə saat 23:20:32-də həmin ünvandan onun həmin bank kartına göndərdiyi 1500 manat, xx.xx.2023-cü il tarixdə saat 14:39:07-də Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən ödəmə terminalından onun həmin bank kartına göndərdiyi 1500 manat, xx.xx.2023-cü il tarixdə saat 19:46:19-də Şirvan şəhəri, Xəqani küçəsində yerləşən mağazadakı ödəmə terminalından onun həmin bank kartına göndərdiyi 2000 manat, xx.xx.2023-cü il tarixdə saat 15:01:03-də Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən «Elit Market» mağazasındakı ödəmə terminalından onun həmin bank kartına göndərdiyi 2000 manat, xx.xx.2023-cü il tarixdə saat 20:16:40-da Şirvan şəhəri, Xəqani küçəsində yerləşən mağazadakı ödəmə terminalından onun həmin bank kartına göndərdiyi 100 manat, xx.xx.2023-cü il tarixdə saat 15:39:55-də həmin ünvandan onun həmin bank kartına göndərdiyi 100 manat, xx.xx.2024-cü il tarixdə saat 16:21:40-da Şirvan şəhəri, L.İbrahimov küçəsində yerləşən “Oba market” mağazasındakı ödəmə terminalından onun həmin bank kartına göndərdiyi 10 manat, xx.xx.2024-cü il tarixdə saat 14:52:09-da Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən ödəmə terminalından ona məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169-73**-****-9706 nömrəli bank kartına göndərdiyi 20 manat, 2023-cü ilin iyun ayının 1-ci on günlüyündə saat 15 radələrində Zərərçəkmiş şəxsla Lənkəran şəhərində yerləşən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qarşısında görüşüb 5000 manat, 2023-cü ilin iyun ayının 3-cü on günlüyündən başlayaraq 2023-cü ilin iyul ayının 3-cü on günlüyünə qədər olan müddət ərzində dəqiq vaxtı istintaqa məlum olmayan günlərdə Zərərçəkmiş şəxsla Şirvan şəhərində görüşüb 9220 manat, 2024-cü ilin yanvar ayının 3-cü ongünlüyündə saat 17 radələrində Zərərçəkmiş şəxsla Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Sultanlar restoranında görüşüb 50 manat pulları alaraq, ələ keçirib, sonradan verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda 28000 (iyirimi səkkiz min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək vermiş olduğu ifadəsində bildirdi ki, 2023-cü ilin yanvar ayında o, Salyan rayonunda yaşayan dostu Təyyarın qohumunun yığıncağında iştirak etmək üçün Salyan rayonuna getmiş və orada o, əyləşdiyi masada Zərərçəkmiş şəxs qardaşı Elnur Osmanovun tutulması barədə söhbət edildiyini eşidib Zərərçəkmiş şəxs qardaşının hansı səbəbdən tutulduğunu soruşmuş, Nuhbala da ona qardaşının yaşadıqları ünvandan polis əməkdaşları tərəfindən tutularaq aparılmasını, lakin polis əməkdaşları tərəfindən aparılan sənədləşmədə onun başqa yerdən tutulması kimi sənədləşdirilməsini demişdir. Sonra o, Nuhbalaya bildirmişdir ki, onun qardaşı X1 tutulma yerinin səhv yazılmasına görə ona “Bəraət” hökmü alacaqdır, amma həmin işin həll olunması müqabilində xeyli miqdarda pul lazımdır, pulun miqdarını səhəri gün ona deyəcəkdir. Həmin günün səhəri Nuhbalya zəng vuraraq 40-50 min manat arası pul lazım olduğunu bildirmişdir. Bundan sonra Nuhbala ona bildirmişdir ki, əlində o qədər pulu yoxdur, 15000 manat pul verməyə imkanı çatır. Bundan sonra onlar sağollaşıb danışığa son qoymuşlar. Bu danışıqdan təxminən 1 saat sonra o, Nuhbalaya təkrar zəng vuraraq məsələnin 20000 manata düzələcəyini bildirmişdir. Bundan sonra Nuhbala onunla razılaşmış və bundan sonra onun istifadəsində olan bank kartına hissə-hissə olmaqla, ümumilikdə 13730 manat pul köçürmüşdür. Əlavə olaraq 2023-cü ilin iyun ayında Nuhbala dostları Raqif, Təyyar və Zahidin yanında Lənkəran şəhərində yerləşən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qarşısında ona 5000 manat pul vermişdir. Bundan sonrakı müddətlərdə Nuhbala ona Şirvan şəhərində, dəqiq xatırlamadığı ünvanlarda hissə-hissə olmaqla 9220 manat pul vermişdir. Sonuncu dəfə isə 2024-cü ilin yanvar ayında Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Sultanlar restoranında Nuhbala dostu İntiqamın yanında 50 manat pulu ona vermiş və o, Nuhbalaya bildirmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində işi düzəltmək alınmır məsələni Şirvan Apellyasiya Məhkəməsində həll edəcəkdir. Bundan sonra Nuhbalanın qardaşı X10 Ağır Cinayətlər Məhkəməsi tərəfindən 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdən sonra Nuhbala ona zəng vurmuş və onu aldatmasını bildirmişdir. O, Nuhbalaya Moskva şəhərində olduğunu, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına gələcəyini və ondan aldığı pulu geri qaytaracağını bildirmişdir. Etdiyi əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş, onunla barışmış, zərərçəkmiş şəxsə vurduğu ziyanın 25 faizi miqdarında dövlət nəfinə ödəniş etmişdir. Barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, qardaşı X4 2022-ci ilin dekabr ayının 3-də Şirvan şəhər PŞ-nin əməkdaşları tərəfindən həbs olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilərək işin baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bundan sonra o, qardaşı Elnurun Məhkəmədən azad olunması üçün tanış adam axtarmağa başlasa da tapa bilməmişdir. 2023-cü ilin yanvar ayında o, Salyan rayonunda yaşayan dostu Təyyarın qohumunun yığıncağında iştirak etmək üçün Salyan rayonuna getmiş və orada o, əyləşdiyi masada ondan qardaşının tutulması barədə soruşmuşlar və bu zaman onun yanında oturan, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ondan qardaşının hansı səbəbdən tutulduğunu soruşmuş, o da ona qardaşının yaşadıqları ünvandan polis əməkdaşları tərəfindən tutularaq aparılmasını danışmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ondan qardaşının kim ilə tutulmasını soruşduqda o, qardaşı X1 dostu X5 ilə birlikdə onların yaşadığı evdən aparılmasını, lakin polis əməkdaşları tərəfindən aparılan sənədləşmədə onların ayrı-ayrı yerlərdən tutulması kimi sənədləşdirilməsini danışmışdır. Sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, o, qardaşı X4 tutulma yerinin səhv yazılmasına görə ona “Bəraət” hökmü alacaqdır. Lakin ona həmin işin həll olunması müqabilində nə qədər pulun lazım olmasını səhəri gün deyəcəkdir. Bundan sonra həmin günün səhəri, Təqsirləndirilən şəxs ona zəng vuraraq bildirmişdir ki, 40-50 min manat arası pul lazımdır. Bundan sonra o, sonuncuya bildirmişdir ki, onun əlində o qədər pulu yoxdur, 15000 manat pul verə bilər. Bundan sonra onlar sağollaşıb danışığa son qoymuşlar. Bu danışıqdan təxminən 1 saat sonra Təqsirləndirilən şəxs təkrar ona zəng vuraraq məsələnin 20000 manata düzələcəyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə razılaşmış və bundan sonra müxtəlif vaxtlarda hissə-hissə olmaqla, ümumilikdə 13730 manat pulu onun hesabına köçürmüşdür. Əlavə olaraq 2023-cü ilin iyun ayında dostları Raqif, Təyyar və Zahidin yanında Lənkəran şəhərində yerləşən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qarşısında Təqsirləndirilən şəxs 5000 manat pul vermişdir. Bundan sonrakı müddətlərdə Şirvan şəhərində dəqiq xatırlamadığı ünvanlarda hissə-hissə olmaqla sonuncuya 9220 manat pul vermiş, sonuncu dəfə isə 2024-cü ilin yanvar ayında Şirvan şəhər M.Ə.Rəsulzadə küçəsində yerləşən Sultanlar restoranında 50 manat pulu dostu İntiqamın yanında Təqsirləndirilən şəxs vermişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 28000 manat pul vermişdir. Sonradan Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində işi düzəltmək alınmır, məsələni Şirvan Apellyasiya Məhkəməsində həll edəcəkdir. Bundan sonra onların arasında söz-söhbət yaranmışdır. X12 xx.xx.2024-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdən sonra o, məhkəmədən çıxıb Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq onu aldatmasını və verdiyi pulu geri qaytarmasını bildirmişdir. Təqsirləndirilən şəxs ona Moskva şəhərində olmasını xx.xx.2024-cü il tarixdə Azərbayca Respublikasına gələcəyini və ondan aldığı pulu geri qaytaracağını bildirmişdir. Bundan sonra müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs ilə danışsalar da sonuncu onu müxtəlif bəhanələrlə aldatmışdır. Hal-hazırda ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, uzun müddətdir ki, Zərərçəkmiş şəxs tanıyır bu müddət ərzində onların dosluq münasibəti yaranmışdır. Zərərçəkmiş şəxs qardaşı Elnur Osmanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilərək tutulmuş və Nuhbala onun azadlığa buraxılması üçün bir nəfər adını sonradan Təqsirləndirilən şəxs kimi bildiyi şəxslə tanış olduğunu və həmin şəxsin Elnur Osmanovu azadlığa buraxdıracağını söz verdiyini və ona bu müddət ərzində xeyli miqdarda pul verdiyini bildirmişdir. Bundan sonra yəni 2023-cü ilin iyun ayının 3-cü on günlüyündən başlayaraq 2023-cü ilin iyul ayının 3-cü on günlüyünə qədər olan müddətdə Zərərçəkmiş şəxsla birlikdə Şirvan şəhərində dəqiq xatırlamadığı ünvanlarda hissə-hissə olmaqla 9220 manatı və sonuncu dəfə isə 2024-cü ilin yanvar ayında Şirvan şəhər M.Ə.Rəsulzadə küçəsində yerləşən Sultanlar restoranında 50 manat pulu Elnur Osmanovun bəraət alması məsləsini həll etməsi üçün Təqsirləndirilən şəxs vermişlər. Həmin vaxtı onlar birlikdə yeyib içdikdən sonra Sədullan Seyfullayevi yaşadığı evə getməsi üçün yola salmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs onun sinif yoldaşıdır. Zərərçəkmiş şəxs qardaşı Elnur Osmanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilərək tutulmuş və Nuhbala onun azadlığa buraxılması üçün bir nəfər adını sonradan Təqsirləndirilən şəxs kimi bildiyi şəxslə tanış olduğunu və həmin şəxsin Elnur Osmanovu azadlığa buraxdıracağını söz verdiyini və ona bu müddət ərzində xeyli miqdarda pul verdiyini bildirmişdir. Bundan sonra yəni 2023-cü ilin iyun ayında Nuhbala dostu Raqif, Təyyar və onun yanında Lənkəran şəhərində yerləşən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qarşısında 5000 manat pulu Təqsirləndirilən şəxs vermişdir ki, qardaşı Elnur Osmanovun bəraət alması məsləsini həll etsin. Nuhbala pulu Sədullaya verdikdən sonra onlar birlikdə Şirvan şəhərinə geri qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid2 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 şahidlər Şahid2 və Şahid1 ifadələrinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli götürmə aparılması haqqında qərardan və protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 14 ədəd qəbzdə Təqsirləndirilən şəxs istifadəsində olan 416973******5330 nömrəli "xxxx" ASC-yə məxsus plastik karta, 01 ədəd qəbzdə Q*****Y*****S*****oğlunun istifadəsində olan 416973******9959 nömrəli "xxxx" ASC-yə məxsus plastik karta və 01 ədəd qəbzdə M*****N*****S*****oğlunun istifadəsində olan 416973******0351 nömrəli "xxxx" ASC-yə məxsus plastik karta pulların göndərilməsinə dair qəbzlərin olması, 02 ədəd fotoşəkildə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs birlikdə masa arxasında əyləşməsi müəyyən edilmişdir. Bundan əlavə içində 02 ədəd səs yazıları olan CD disk HP markalı kompuyuterə daxil edilmiş və həmin disklərdən 1-ci diskdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında aparılan danışıqlara dair 7 faylda səs yazıları və 09 ədəd fotoşəkilin olması, 2-ci diskdə isə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında aparılan danışıqlara dair 8 faylda səs yazılarının olması və həmin səs yazılarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı pulu qaytaracağına dair danışıqların olması müəyyən edilmişdir. İş materiallarında olan 02 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin məktubunda Təqsirləndirilən şəxs mülkiyyətində və müvəqqəti istifadəsində heç bir nəqliyyat vasitəsinin qeydə alınmadığı qeyd edilmişdir. İş materiallarında olan 04 may 2024-cü il tarixli “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində H.Əliyev adına X7 saxlanılaraq Şirvan ŞPŞ-nin MSY-ə təhvil verilmişdir. İş materiallarında olan 06 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin Azərbaycan Respublikası CM-nin maddəsi ilə ittiham elan olunmuşdur. İş materiallarında olan 06 may 2024-cü il tarixli, 4(032)-111/2024 saylı, Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 may 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 27 may 2024-cü il tarixli İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 8 saylı Cəlilabad ərazi idarəsinin 3-21-3-44/2-2645/2024 nömrəli məktubunda göstərilmişdir ki, 8 saylı Cəlilabad ərazi İdarəsində mövcud arxiv materiallarında Təqsirləndirilən şəxs barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan 12 iyun 2024-cü il tarixli, 4(032)-141/2024 saylı, Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan şəhər Məhkəməsinin 06 may 2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə müdafiəçinin vəsatəti təmin edilməmişdir. İş materiallarında olan 14 iyun 2024-cü il tarixli, 4(106)-76/2024 saylı, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından görünür ki, Şirvan Şəhər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 4(032)-141/2024 saylı qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri əvvəli 14 iyun 2024-cü il tarixdən hesablanmaqla eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məktubundan görünür ki, Təqsirləndirilən şəxs barədə Nazirliyin elektron informasiya ehtiyatlarında (pensiya, təqaüd, ssosial müavinət) hər hansı müvafiq məlumat aşkar edilməmişdir. İş materiallarında olan 04 avqust 2024-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan «Cəlilabad rayon Mərkəzi Xəstəxanası» X13 24 may 2024cü il tarixli 18-1-32/2-867/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad rayon Mərkəzi Xəstəxanası PHŞ-nin polikilinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində xəstə kimi qeydiyyatında yoxdur. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 29 may 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə heç bir təşkilatdan şikayət xarakterli məktub daxil olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan "xxxx" ASC-yə məxsus 18 noyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu maddi ziyanın, yəni 28000 manatın 25 faizi miqdarında – 7000 manat dövlət büdcəsinə ödəniş etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq orqanı tərəfindən ittiham düzgün irəli sürülmüş, məhkəmə istintaqı zamanı həmin ittiham onun özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq, məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəmiş, onunla barışıq əldə etmiş və cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş, zərərçəkmiş şəxs isə məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın ödənilməsini və heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və ona dəymiş maddi ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etdiyi, ona dəymiş maddi ziyanı tamamilə ödədiyi və cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad olunsun. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şirvan şəhər məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar