Məhkəmə qərarları › İş №1(032)-159/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-159/2023

17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-159/2023 17.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxx 1982-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində 17 mart 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,677 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək əynində olan boz rəngli şalvarının cibində saxlamaqla daşımış və 15 mart 2023-ci il tarixdə, saat 16:50 radələrində Şirvan şəhər polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri Mahir Mirzəyev küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı bir ədəd bükümdə təmiz çəkisi 1,677 qram olan narkotik vasitə heroin əynində olan boz rəngli şalvarının sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etmədi, onlardan imtina etdi və qeyd etdi ki, 15 mart 2023-cü il tarixdə polis əməkdaşları onu “Çılpaqlı” qəsəbəsində yerləşən el qəbirstanlığından polis şöbəsinə aparmışlar, həmin vaxt üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis şöbəsində olarkən hədə-qorxu nəticəsində narkotik vasitənin ona məxsus olması barədə etirafedici ifadələr verməyə məcbur edilmişdir. Videoçəkiliş aparılan zaman bu barədə vəkilinə bildirməmiş, həmin vaxt da təsir altında olmuşdur. Hazırda düzgün ifadə verir, bunların nəzərə alınmasını xahiş edir. İbtidai araşdırma zamanı isə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, uzun müddətdir narkotik vasitə istifadə edir. 15 mart 2023-cü il tarixdə, səhər saat 09 radələrində Şirvan şəhəri, Neftçilər küçəsində gəzərkən yerdə 1 ədəd sellofan bükümün olduğunu görmüş, həmin büküm diqqətini cəlb etdiyi üçün bükümü yerdən götürmüş, bükümün içərisinə baxdıqda narkotik vasitə olan heronin olduğunu bilmiş, özü narkotik vasitə istifadə etdiyi üçün həmin bükümü cibinə qoymuş, həmin narkotik vasitədən istifadə etməmiş, 15 mart 2023-ci il tarixdə, saat 16 radələrində Şirvan şəhəri, Mahir Mirzəyev küçəsində piyada gəzən zaman bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edib onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Etiraz etməmiş, polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmiş, polis şöbəsində Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçmiş, bir müddət sonra vəkil Müdafiəçi gəldikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, əynində olan boz rəngli şalvarımın sol yan cibindən bir ədəd sellofan bükümü həmin şalvarın sağ yan cibindən 1 ədəd “Techno” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə narkotik vasitə olan heroinin olduğunu bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir narkotik vasitə və ya psixotrop maddə, həmçinin qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq təqdim etdiyi narkotik vasitə olan heroini yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra təqdim etdiyi narkotik vasitə olan heroin təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, protokol tərtib olunmuş, bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, narkotik vasitə və psixotrop maddə istifadə etdiyini, polis şöbəsinə gətirilərkən ona qarşı qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi şahid ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, iş üzrə keçirilmiş ekspertiza rəyləri, videoçəkiliş və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 15 mart 2023-cü il tarixdə xidmətdə olarkən ünvan 1-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar tərəfindən Kamal Məmmədovun ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuş, sonra isə həmin qərarın icra olunması ilə bağlı Şirvan ŞPŞ-nin İTB-nin polis nəfəri, polis baş serjantı Şahid2 və Təhqiqat bölməsinin təhqiqatçısı X2 ibarət əməliyyat qrupu təşkil olunmuş, 15 mart 2023cü il tarixdə, saat 16 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Neftçilər küçəsinə getmişlər, saat 16:50 radələrində həmin küçədə olarkən Kamal Məmmədovu görüb daxil olmuş məlumatın yoxlanılması məqsədilə sonuncuya yaxınlaşmışlar, özlərini təqdim edib barəsində narkotik vasitələrin istifadəsi, daşınması və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib üzərinə şəxsi axtarış aparılacağını demişlər. Bu zaman Təqsirləndirilən şəxs bir qədər səs-küy saldığı üçün sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməmiş, onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçmiş, vəkil Müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş, buna hər hansı bir etirazının olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümü, sağ yan cibindən 1 ədəd “Techno” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, təqdim etdiyi bükümdə narkotik vasitə olan heroinin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı qanunsuz əşya aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi narkotik vasitəni 15 mart 2023-cü il tarixdə yaşadığı evin yaxınlığından yerdən tapmışdır. İstifadə etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan büküm qablaşdırılaraq götürülmüşdür. Həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatları daxil olsa da məlumatın təsdiqini tapmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin İTB-nin polis nəfəri Şahid2 ifadəsində Şahid1 məhkəmə iclasında vermiş olduğu ifadəsi ilə oxşar ifadə vermişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofanı masanın üzərinə qoymuş, həmin sellofanın içərisindən narkotik vasitə heroin olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan 1 ədəd büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır; Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 18/305 nömrəli, 16 mart 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd sellofan bükümündə təmiz çəkisi 1,677 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroinin təmiz çəkisi - 1,677 qram, tədqiqata istifadə olundu - 0,05 qram, qalıq 1,627 qramdır; Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator Məcburi-narkoloji tibbi yoxlamanın 25 aprel 2023cü il tarixli, 2417 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci ildə Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə 06 il azadlıqdan məhrum edilmiş, xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-ci il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən azad olunmuşdur. Cinayət işi materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 mart 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 338 A nömrəli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verərək onu qəbul etmir və bildirir ki, həmin ifadə işin halları ilə təsdiq olunmur. Məhkəmə bu kontekstdə çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın bütün mərhələsində onunla bağlı olan istintaq hərəkətlərində müdafiəçi iştirak etməklə, etirafedici izahat və ifadələr vermiş, nə müdafiəçisinə, nə videoçəkiliş zamanı narazılığını, etirazını bildirməmişdir. Belə olan vəziyyətdə Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadələrinə inanıb onları qəbul etmək üçün məhkəmədə heç bir əsas yoxdur. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, narkotik vasitənin miqdarını, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 17 avqust 2023-cü il tarixdən hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə, saat 17:10-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə saxlanıldığı Şirvan şəhər Polis şöbəsinin MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərəkən həmin hal nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,627 qram iş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdən 17 mart 2023-cü il tarixədək olan dövr üzrə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılıb ona qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 17 avqust 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan 1,627 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının 49 manat 74 qəpik miqdarında dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar