Məhkəmə qərarları › İş №1(032)-161/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-161/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-161/2023 13.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:25-də Şirvan şəhəri Şirvan şəhər Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham olunaraq məhkəməyə verilmişdir ondan ötrü ki, o, satış məqsədilə qanunsuz olaraq təmiz çəkisi 440 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamaqla daşımış və Şirvan şəhər Polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 24 mart 2023-cü il tarixdə, saat 17:05-də Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsində saxlanılıb Şirvan şəhər polis şöbəsinə gətirilərək üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində satış məqsədli ilə qanunsuz saxladığı 440 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əynində olan gödəkcəsinin sağ iç hissəsində bir ədəd sellofan torbada aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, bir müddət olar ki, narkotik vasitə istifadə edir. 24 mart 2023-ci il tarixdə, səhər saat 10 radələrində Şirvan şəhəri, Vidadi küçəsində gəzərkən yerdə 1 ədəd sellofan bükümün olduğunu görmüş, həmin büküm diqqətini cəlb etdiyi üçün bükümü yerdən götürüb içərisinə baxdıqda narkotik vasitə olan marixuananın olduğunu görmüş, narkotik vasitə istifadə etdiyi üçün həmin sellofan bükümü yaşadığı evə aparmış, həmin narkotik vasitədən istifadə etməmişdir. 24 mart 2023-cü il tarixdə, saat 17 radələrində həmin sellofan bükümü əynində olan qara rəngli gödəkçənin sağ iç hissəsinə qoyub yaşadığı evdən çıxmış, Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsində olduğu zaman bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edib onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmiş, polis şöbəsində Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin olumuş, müdafiəçi gəldikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, əynində olan qara rəngli gödəkçəsinin sağ iç hissəsindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə narkotik vasitə olan marixuananın olduğunu bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir narkotik vasitə və ya psixotrop maddə, həmçinin qanunsuz əşya və ya predmet aşkar olunmamışdır.Təqdim etdiyi narkotik vasitə olan marixuana təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, protokol tərtib olunmuş, bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, ondan aşkar edilib götürülmüş narkotik vasitə qurudulmuş marixuananı da satmaq niyyəti olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadə verib göstərdi ki, 24 mart 2023-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə etdiyi narkotik vasitənin istifadəsi ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarın icrası ilə əlaqədar Şirvan ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 Rafis oğlu və Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 ibarət əməliyyat qrupu yaradılmış, sonra 24 mart 2023-cü il tarixdə əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsinə getmişlər. 24 mart 2023-cü il tarixdə, saat 17:05–də Təqsirləndirilən şəxs görmüşlər, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət olunmuş, müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş, buna hər hansı bir etirazının olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmiş, sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli gödəkçənin sağ iç hissəsindən bir ədəd sellofan torbanı çıxarıb təqdim etmiş, həmin torbada narkotik vasitə olan qurudulmuş marixuananın olmasını bildirmişdir. Sonra şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya, maddə və ya predmet aşkar edilməmişdir. Şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi sellofan torbada olan maddə narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin marixuananı Şirvan şəhəri, Vidadi küçəsindən yaşadığı evin yaxınlığından yerdən tapıb və istifadə etmək üçün üzərində gəzdirib. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə 1 ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin cinayət axtarış bölməsinin sabiq baş əməliyyat müvəkkili Şahid2 Rafis oğlu Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin içəri sağ hissəsində bir ədəd polietilen sellofan bükümündə narkotik vasitə marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. İş materiallarında olan 24 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan qara rəngli gödəkcənin içəri sağ hissəsində bir ədəd polietilen sellofan bükümündə narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 25 mart 2023-cü il tarixli, 18/346 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd sellofa torbada, təmiz çəkisi-440 qram olan maddə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi - 0,10 qr, qalıq- 439,90 qram. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2023-cü il tarixdə, saat 17:05-də saxlanılmış, həmin tarixdə, saat 17:50-də şübhəli şəxs qismində tutulmuş, Şirvan şəhər Məhkəməsinin 26 mart 2023-cü il tarixli qərarı ilə barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 26 aprel 2023-cü il tarixdə verilmiş 2487 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli, 3399 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannaboidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan 440 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üzərində saxlamış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Halbuki istintaq orqanı Təqsirləndirilən şəxs üzərində olan şəxsi istehlak miqdarından artıq miqdarda 440 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlaması qənaətinə gəlib ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətdir. Göründüyü kimi qanunun mənasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satmaq üçün əldə edib saxlaması haqda nəticəyə gəlmək üçün məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib saxlaması sübut edilməlidir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət elən narkotik vasitələri və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahıya əsasən qurudulmuş marixuana narkotik vasitədir, onun 5 qramı şəxsi istehlak miqdarının yuxarı həddidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında»Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki,cinayət qanunvericiliyinə əsasən CM-in 234.1-234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri formal tərkibli olduğundan onların başa çatmış hesab edilməsi üçün təqsirkarın qeyd olunan maddələrlə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. İş materiallarından və eləcə də təqsirləndirilən şəxsin verdiyi ifadələrdən də görünür ki, onun məqsədi məhz narkotik maddəni şəxsi istifadəsinə yönəlmişdir. İş materiallarında bu xüsusatı təkzib edən hər hansı bir sübut mövcud deyil. Bu hal həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5-Narkoloji tibbi müayinənin ekspert komissiyasının 02 iyun 2023-cü il tarixli 3399 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Beləliklə cinayət işi materiallarına əlavə edilmiş sənədlərə baxdıqda və məhkəmə istintaqında tədqiq edilmiş sübutlardan aydın olur ki,Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananın miqdarı əsas olmuşdur. İş üzrə dindirilmiş əməliyyat-axtarış tədbirində iştirak etmiş polis əməkdaşı Şahid1 aşkar olunmuş narkotik vasitənin satış niyyəti ilə əldə edilməsi haqqında deyil, müstəsna olaraq əməliyyat axtarış tədbirinin gedişində baş verənlər və narkotik vasitənin üzərində saxlaması faktını aşkar etməsi barədə məlumat verən şəxsdir. İbtidai istintaqı aparan orqan ittihamın sübut olunmasında yaranan, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verməyən şübhələr olmasına baxmayaraq bu şübhələrin aradan qaldırılması üçün qanunda nəzərdə tutulan tədbirləri görmədən, sübutlar arasında ziddiyyətləri aradan qaldırmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 440 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın miqdarını nəzərə alaraq ona qarşı CM-in 234.2-ci maddəsi ilə cinayət törətməsi ittihamı irəli sürmüşdür. Halbuki şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə və ehtimallara əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Ona görə də məhkəmə qeyd edilən səbəbdən hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə tövsif edilməsi cinayət qanunvericiliyinə münasibətdə əsaslı və qanuni sayıla bilməz, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında,qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. CPM-in 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsilərinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmədiyindən, ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomoniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyatda alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 35 manat 97 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 439,90 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan, yəni 24 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomoniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 439,90 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 35 manat 97 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar