Məhkəmə qərarları › İş №1(032)-162/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-162/2023

30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-162/2023 30.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:45 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X5 Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1990-cı il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını tam çəkib qurtarmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Şirvan şəhər Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərarı ilə, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respblikası CM-nin 234.2-ci maddəsi ilə itttiham olunur ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 470,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, xx.xx.2023-cü il tarixdə saat 13:05 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri, L-nt. İbrahimov küçəsində idarə etdiyi “Khazar” markalı **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində axtarış aparılan zaman əynində olan qara rəngli qış gödəkçənin sol iç hissəsindən 1 ədəd sellofan torbada təmiz çəkisi 470,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədi, ilkin olaraq ifadəsində özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini bildirsə də, daha sonra ifadəsini dəyişərək həmin və eləcə də ibtidai araşdırma zamanı vermiş olduğu ifadələrdən də imtina etməklə qeyd etdi ki, 27 mart 2023-cü il tarixdə polis əməkdaşları onu yaşadığı məhəllədə avtomobilinin yanında dayanan zaman yaxınlaşıb polis şöbəsinə aparmışlar, həmin vaxt üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis şöbəsində olarkən arabir narkotik vasitə marixuanadan istifadə etdiyini bildirdikdən sonra qarşısına çəkisini bilmədiyi miqdarda sellofan torbada narkotik vasitə qurudulmuş marixuana qoyulmuş, bundan sonra başqa yolu qalmadığını düşünüb polis əməkdaşları ilə CM-nin 234.1-ci maddəsi ilə rəsmiləşdirmə aparılmasına razılaşmaq şərti ilə həmin narkotik vasitənin ona məxsus olması barədə etirafedici ifadələr verməyə məcbur olmuşdur. Videoçəkiliş aparılan zaman bu barədə vəkilinə bildirməmiş, həmin vaxt heç bir fiziki və mənvəi təzyiqə məruz qalmamışdır. Hazırda düzgün ifadə verir, bunların nəzərə alınmasını xahiş edir. İbtidai araşdırma zamanı isə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə qismən, yəni CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə olan marixuanadan istifadə edir və narkotik vasitədən istifadə etdiyi üçün Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Şirvan şəhər ərazisində yerləşən “Şirvan” su kanalına balıq ovu etmək üçün gedən zaman su kanalının yaxınlığında yerdə bir ədəd sellofan diqqətini cəlb etdiyi üçün həmin sellofanı götürüb baxış keçirdikdə içərsində narkotik vasitə olan qurudulmuş marixuananın olmasını görmüş və sonra istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 13:05 radələrində Şirvan şəhəri, L-nt İbrahimov küçəsində idarə etdiyi “Khazar” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxs avtomobili dayandırmış və ona yaxınlaşıb özlərini təqdim edib və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində qanunsuz narkotik vasitələrin gəzdirilməsi ilə bağlı şübhəli olduğu üçün üzərinə şəxsi axtarış aparacaqlarını demişlər. Həmin vaxt ətrafda çoxlu sayda insan olduğu üçün, həmçinin onun üzərində marixuana olduğu üçün o, şəxsi axtarış aparılmasına etiraz etmiş, və bu zaman polis əməkdaşları onu polis şöbəsinə dəvət etdikdə o da etiraz etməmiş və birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Vəkil Ulduzə Əhmədova gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, əynində olan qara rəngli gödəkçənin sol iç hissəsindən 01 ədəd sellofan bükümünü çıxarıb onu masanın üzərinə qomuş və bildirmişdir ki, həmin bükümdə marixuana var. Üzərində olan mobil telefonlarını və bir ədəd avtomobil açarını təqdim etmişdir. Polis əməkdaşları ondan həmin marixuananı haradan əldə etməsini soruşduqda bildirmişdir ki, həmin marixuananı səhər saatlarında Şirvan şəhər ərazisində yerləşən “Şirvan” su kanalına balıq ovu etmək üçün gedən zaman su kanalının yaxınlığında tapmış və istifadə etmək üçün üzərində gəzdirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz heç bir əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmadıqdan sonra üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzi vasitəsi ilə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisinin 480,0 qram olması müəyyən edilmişdir. Bu barədə protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişlər. Bundan sonra ona idarə etdiyi “Khazar” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazı olub-olmaması soruşulmuş, o da heç bir etirazının olmadığını bildirib bu barədə ərizə ilə müraciət etdikdən sonra idarə etdiyi avtomobilə baxış keçirilmiş, lakin qanunsuz heç bir əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra bu barədə də protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi protokola imza etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır, onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin deyil, CM-nin 234.1-ci maddəsinin tərkibi vardır və CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsində təqsiri, özünün ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən ünvan 1-də qeydiyyatda olmaqla Şirvan şəhəri, L-t.İbrahimov küçəsi, ev 20, mənzil 24-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitə əldə edib üzərində saxlamaqda, istifadəsi və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərarın icrası ilə əlaqədar o, Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və Təhqiqat bölməsinin təhqiqatçısı X3 ibarət əməliyyat qrupu yaradılmış və daha sonra xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, L-t.İbrahimov küçəsinə getmişlər. Həmin küçədə olarkən Təqsirləndirilən şəxs idarə etdiyi “KHAZAR” markalı, **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı avtombil ilə hərəkətdə olmasını görüb sonuncunu saxlatdırıb, özlərini təqdim edib, barəsində qanunsuz yolla narkotik vasitələr əldə etməsi, saxlaması, satışı və istifadə etməsi ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etdikdə Təqsirləndirilən şəxs etiraz etsə də, sonradan onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində raportla rəhbərliyə müraciət etdikdən sonra raport üzrə araşdırma aparılması Təhqiqat bölməsinə həvalə olunmuşdur. Təhqiqat bölməsində təhqiqatçı Mustafa Əsgərov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və vəkil gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edildikdə bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç hissəsindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu, xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində yerləşən “Şirvan” su kanalının yaxınlığında yerdən tapmasını bildirdikdən sonra Ağami Mirkazı üzərindən iki ədəd mobil telefonlarını və bir ədəd avtomobil açarını da təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Mustafa Əsgərov tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə elektron tərəzi vasitəsi ilə çəkildikdə 480,0 qram olması müəyyən edildikdən sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, o da, heç bir etirazının olmadığını bildirib bu barədə ərizə təqdim etdikdən sonra idarə etdiyi avtomobilə baxış keçirilmiş, lakin qanunsuz heç bir əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar kimi o da protokola imza etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, eləcə də sonradan polis əməkdaşları tərəfindən heç bir qanunsuz təsir və təzyiqə məruz qalmamışdır. Məhkəmə iclasında Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 şahid qismində vermiş olduğu ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol içəri hissəsindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümə baxış keçirildikdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən olunmuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 27 mart 2023-cü il tarixli, 18/353 rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərində...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen torbada, təmiz çəkisi - 470,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi - 470,0 qram, tədqiqata sərf olundu - 0,05 qram, qalıq - 469,95 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8-narkoloji tibbi yoxlamanın 02 iyun 2023-cü il tarixli, 3394 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi mülaicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 27 mart 2023-cü il tarixli protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə, saat 13:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan cinayət işi üzrə əməlin tövsif olunması haqqında 28 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən, həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir; İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 222 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 16 noyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Ağami X2 şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş və hökmün surəti xx.xx.2021-ci il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, xx.xx.2021-ci il tarixdə məhkum Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə gələrək qeydiyyata düşmüş və cəza müddəti həmin vaxtdan hesablanmağa başlanılmışdır. xx.xx.2023-cü il tarixə məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasından 01 il 03 ay 03 gününü çəkmiş məhkumun çəkilməmiş cəzası 08 ay 25 gün təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan torbada təmiz çəkisi 470 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 12-ci bəndinin “a” yarımbəndinin tələbinə görə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətdir. Göründüyü kimi qanunun mənasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satmaq üçün əldə edib saxlaması haqda nəticəyə gəlmək üçün məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib saxlaması sübut edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri formal tərkibli olduğundan onların başa çatmış hesab edilməsi üçün təqsirkarın qeyd olunan maddələrlə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. İş materiallarından və eləcə də təqsirləndirilən şəxsin verdiyi ifadələrdən də görünür ki, onun məqsədi məhz tapdığı narkotik vasitənin şəxsi istifadəsinə yönəlmişdir. Bu hal həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 X9-Narkoloji tibbi müayinənin ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3394 nömrəli rəyi ilə də təsdiq olunur. Belə ki, həmin rəydə göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi mülaicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq orqanı isə narkotik vasitələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılmasını təsdiq edən sübutları əldə etmədən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı satmaq niyyəti ilə (bir ədəd sellofan torbada təmiz çəkisi 470 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın miqdarına görə) üzərində saxlamasını həmin narkotik vasitəni satmaq niyyətində olması kimi qiymətləndirmişdir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş sənədlərə baxdıqda və məhkəmə istintaqında tədqiq edilmiş sübutlardan aydın olur ki, Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə məhz xx.xx.2023-cü il tarixdə üzərindən aşkar olunmuş bir ədəd sellofan torbada təmiz çəkisi 470 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın miqdarı əsas olmuşdur. İş üzrə dindirilmiş şahidlər polis əməkdaşları Şahid1 və Şahid2 aşkar olunmuş narkotik vasitənin satış niyyəti ilə əldə edilməsi haqqında deyil, müstəsna olaraq əməliyyat axtarış tədbirinin gedişində baş verənlər və narkotik vasitənin üzərində saxlaması faktını aşkar etmələri barədə məlumat verən şəxslərdir (şahidlər Şahid2 və Şahid1 məhkəmə iclasında vermiş olduğu ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olan məlumatın tərəflərindən realizə olunmadığını bildirmişlər). İbtidai istintaqı aparan orqan təqsirləndirilən şəxsin yaşadığı evə baxış keçirmədən, narkotik vasitələrin bükümlərə hazırlanması üçün avadanlığın olmasını müəyyən etmədən, ittihamın sübut olunmasında yaranan, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verməyən şübhələr olmasına baxmayaraq bu şübhələrin aradan qaldırılması üçün qanunda nəzərdə tutulan tədbirləri görmədən, sübutlar arasında ziddiyyətləri aradan qaldırmadan, sırf bir ədəd sellofan torbada təmiz çəkisi 470 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın olmasını nəzərə alaraq ona qarşı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət törətməsi ittihamı irəli sürmüşdür. Halbuki şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə və ehtimallara əsaslana bilməz, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət işinin məhkəmədə baxılması zamanı isə Təqsirləndirilən şəxs tərəfindən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin hazırlanması üçün avadanlığın olması, yəni təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, ümumi 470 qram çəkidə narkotik vasitə hesab olunan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və ya saxlaması nə təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri ilə, nə də işdə olan digər sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə tövsif edilməsi cinayət qanunvericiliyinə münasibətdə əsaslı və qanuni sayıla bilməz, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi üzərində heç bir narkotik vasitənin olmamasına dair ifadəsinə qiymət verərək onu qəbul etmir və bildirir ki, həmin ifadə işin halları ilə təsdiq olunmur. Məhkəmə bu kontekstdə çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın bütün mərhələsində (barəsində qətimkan tədbiri seçilərkən məhkəmə iclasında verdiyi ifadəsi daxil olmaqla) onunla bağlı olan istintaq hərəkətlərində müdafiəçi iştirak etməklə, qismən etirafedici izahat və ifadələr vermiş, nə müdafiəçisinə, nə videoçəkiliş zamanı narazılığını, etirazını bildirməmişdir. Belə olan vəziyyətdə Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmaması barədə məhkəmə iclasında vermiş olduğu ifadələrinə inanıb onları qəbul etmək üçün məhkəmədə heç bir əsas yoxdur. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respbulikası CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir, həmin Məcəllənin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar yoxdur. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(032)-248/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını tam çəkib qurtarmamış və təyin edilmiş cəzadan 08 ay 25 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağrlaşdıran halların olmamasını, lakin digər qəsdən cinayət törətməyə görə barəsində məhkəmə hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasından nəticə çıxarmayaraq hazırki qəsdən cinayət əməlini törətməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddi daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki, yəni Şirvan şəhər Məhkəməsinin xx.xx.2021ci il tarixli 1(032)-248/2021 nömrəli hökmü ilə təyin edilmiş 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi CM-in 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınıb birləşdirilməklə qəti cəza təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 35 manat 97 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 469,95 qram iş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş iki ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 (səkkiz) ay 25 (iyirmi beş) gün hissəsi CMnin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanıb 04 (dörd) ay 12 (on iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilərək onun üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 469,95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının 49 manat 74 qəpik miqdarında dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar