Məhkəmə qərarları › İş №1(032)-164/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-164/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-164/2023 11.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 14:25-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Sabirabad rayonu Poladtoğay kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, təmiz çəkisi 0,705 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 29 mart 2023-cü il tarixdə, saat 14 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şirvan şəhəri, L-Nt İbrahimov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz olaraq saxladığı həmin çəkidə narkotik vasitə heroin əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, arabir “kokos” kimi tanınan narkotik vasitə olan heroindən istifadə etmişdir. 29 mart 2023-cü il tarixdə səhər saatlarında yaşadığı evin yaxılığında piyada hərəkətdə olan zaman yolun kənarında 1 ədəd sellofan büküm diqqətini çəkmiş, həmin bükümü yerdən götürüb açmış və narkotik vasitə heroin olduğunu görmüşdür. Əvvəllər də bir neçə dəfə heroin istifadə etdiyi üçün həmin bükümü şalvarının cibinə qoymuşdur ki, sonra istifadə etsin. Həmin gün saat 14 radələrində Şirvan şəhəri L-nt.İbrahimov küçəsində piyada hərəkətdə olduğu vaxt üzdən tanıdığı, lakin adlarını bilmədiyi Şirvan şəhər Polis Şöbəsinin mülki geyimli əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Şirvan şəhər Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah ediləndən sonra vəkil dəvət olunmuş, vəkil gəldikdən sonra polis əməkdaşları vəkilin yanında videoçəkilişlə üzərində qanunsuz olaraq saxlanılan əşya və predmetlər varsa könüllü təqdim etməyini istəyəndə əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 1 ədəd bükümdə olan heroini təqdim etmiş və üzərində ondan başqa heç bir narkotik vasitə və qanunsuz əşya olmadığını bildirmişdir. Həmin bükülü vəkilin iştirakı ilə açılaraq içərisinə baxıldıqda içərisində heroinə bənzər maddə olduğu müəyyən olunmuşdur. Əməlindən peşmandır, atası dialez xəstəsidir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə xidmətdə olarkən Şirvan şəhəri, 20 Yanvar küçəsi ev 12A mənzil 2-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində daşıması və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuş, sonra isə həmin qərarın icra olunması ilə bağlı Şirvan ŞPŞ-nin ƏİÜ rəis müavini, polis polkovnik-leytenantı X5, özü, Şirvan şəhər polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və Şirvan şəhər polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı X3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. 29 mart 2023-cü il tarixdə, saat 14 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, L-nt.İbrahimov küçəsinə getmişlər. Həmin küçədə olarkən Təqsirləndirilən şəxs görüb daxil olmuş məlumatın yoxlanılması məqsədilə sonuncuya yaxınlaşmış və özlərini təqdim edib barəsində narkotik vasitələrin istifadəsi, daşınması və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş, vəkil gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet vardırsa onları könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd bükümü çıxardaraq təqdim etmiş və üzərində ondan başqa heç bir narkotik vasitə və qanunsuz əşya olmadığını bildirmişdir. İlkin sorğulama zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 29 mart 2023-cü il tarixində səhər saatlarında yaşadığı evin yaxınlığından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olsa da, istintaqın gedişində bu hal öz təsdiqini tapmamışdır. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində də Şahid2 göstərdiyi xüsusatları bir daha təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. (i.v 82-83) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Şübhəli şəxs qismində tutulmaya dair protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə, saat 14:50-də şübhəli şəxs qismində tutulmuş, 31 mart 2023-cü il tarixdə, saat 10:05-də təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir.(i.v.24-25, 47-49, 64-65) Şəxsi axtarış və götürmə aparılması haqqında 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür (i.v. 28-29) Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntünün məhkəmə iclasında nümayişi zamanı müəyyən olundu ki, o üzərində saxladığı sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütləni əynində olan göy rəngli idman şalvarının sol yan cibindən çıxararaq təqdim edir və yaşadığı evin yaxınlığında yerdən tapdığını bildirir, büküm qablaşdırılır və zərf möhürlənir, əlavə axtarış zamanı təqsirləndirilənin üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir. (i.v 30) Azərbaycan Respublikası Məhkəmə X2 Regional Bölməsinin 30 mart 2023-cü il tarixli, 18/361 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs üzərindən..” sözləri yazılmış kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,705 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata sərf edildi -0,05 qram, qalıq -0,655 qram (i.v.36-38) Azərbaycan Respublikası İcbari Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən daxil olmuş 17 aprel 2023-cü tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nin narkoloji kabinetində “opoidlərin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. (i.v.78) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, İslamov X4 rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2012-ci il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Hazırda məhkumluğu yoxdur. (i.v.84-85) Məhkəmə-narkoloji ekspertizasının 11 aprel 2023-cü il tarixli 2075 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.86-87) Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 01 ədəd kağız paketdəki qablaşdırılmış tədqiqatdan sonra təmiz çəkisi 0,655 qram qalan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (i.v.98) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, səmimi etirafını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzasına alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün isə əsaslar yoxdur. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, barəsində olan yüngülləşdirici halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır, onun barəsində Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə olduğu müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini və üzərinə daimi yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini yaşayış və iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmasını məqsədəmüvafiq olması qənaətinə gəlir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının müvafiq rəyinə əsasən Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və psioaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X10 maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,655 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) İl müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən saat 14:50-dən xx.xx.2023-cü il saat 10:05-dək 02 (iki) gün həbsdə olduğu müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 04 gün çıxılsın, barəsində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını hər gün saat 22:00-dan saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini yaşayış və iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – X10 maddi sübutların saxlanma otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,655 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 49 manat 74 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar