Məhkəmə qərarları › İş №1(032)-166/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-166/2025

21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-166/2025 21.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:00-da Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Sabirabad rayonu Vladmirovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli , orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu Nizami kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib daşımaqla üzərində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd polietilen torbada təmiz çəkisi 345,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, daşımaqla üzərində saxlamış, 16 oktyabr 2025-ci il tarixdə saat 22:37-dən 22:49-a qədər olan müddət ərzində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri, Ə.Bayramov küçəsində saxlanılıb üzərində yoxlama aparılan zaman əynindəki qara rəngli gödəkçəsinin içərisində saxladığı həmin 01 ədəd polietilen torbada təmiz çəkisi 345,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 oktyabr 2025-ci il tarixdə səhər saatlarında Şirvan şəhəri ərazisində, Kür çayının kənarında balıq tutmağa gedərkən yolun kənarında sellofan torbada nəsə olduğunu görmüş, onun marağını cəlb etdiyi üçün həmin torbanı yerdən götürüb açmış, əvvəllər də marixuanadan istifadə etdiyi üçün tanıdığına görə içərisinə baxan zaman içərisində qurudulmuş marixuana olmasını bilmiş, özü istifadə etmək üçün həmin sellofan torbanı götürüb orada gizlin bir yerdə gizlətmişdir. 16 oktyabr 2025-ci il tarixdə axşam saatlarında həmin yerə gedib gizlətdiyi sellofan torbanı götürüb yaşadığı ev istiqamətində piyada hərəkətdə olarkən, Şirvan şəhəri Ə.Bayramov küçəsində mülki geyimdə olan Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və ondan üzərində narkotik vasitə saxlamaqda, narkotik vasitədən istifadə etməkdə şübhəli olduğunu demişlər. Daha sonra üstündə şəxsi aparılarkən gödəkçəsinin içərisinə qoyduğu sellofan torbada həmin narkotik vasitə qurudulmuş marixuananı aşkar etmişlər. Polis əməkdaşı tərəfindən zərf təqdim olunaraq ondan aşkar edilmiş sellofan torbadakı qurudulmuş marixuana qablaşdırılmış, o və digər şəxslər tərəfindən imzalanmış, möhür vurularaq bağlanmışdır. Qablaşdırmanın üzərində imza etmiş, polis əməkdaşları onu Şirvan şəhər polis şöbəsinə aparmışlar. Bundan sonra şəhər polis şöbəsində bütün bunlar barədə protokol tərtib edilmiş, doğru yazıldığı üçün protokolda imza etmişdir. Şirvan şəhər Polis Şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərindən aşkar edilib götürülmüş sellofan torbada olan qurudulmuş marixuana qablaşdırıldığı zərfdə açılmış, elektron tərəzidə çəkilmiş, sonra qablaşdırılaraq götürülmüşdür. Sonda bu barədə protokol tərtib edilmiş, doğru yazıldığı üçün həmin protokolda müdafiəçisi ilə birlikdə imza etmişdir. Əlavə olaraq bildirdi ki, saxlanılan zaman və polis şöbəsinə gətirilən zaman polis əməkdaşları tərəfindən hər hansı psixi və ya fiziki təzyiqə məruz qalmamışdır. Hazırda əməlindən peşmandır, himayəsində bir azyaşlı övladı vardır. Barəsində amnistiyanın tətbiq olunmasını və barəsində olan cinayət təqibinə qeyribəraətverici əsaslarla xitam verilməsini xahiş etdi və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 göstərdi ki, 16 oktyabr 2025-ci il tarixdə etibarlı, qərəz doğurmayan mənbədən Sabirabad rayonu Nizami kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın istehlakı ilə məşğul olması və onun Şirvan şəhəri, Ə.Bayramov küçəsində hərəkətdə olması barədə məlumat daxil olmuş, bu səbəbdən Şirvan şəhər polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirinin gedişində tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu təşkil olunmuşdur. 16 oktyabr 2025-ci il tarixdə saat 22:37-də başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Şirvan şəhəri, Ə.Bayramov küçəsində hərəkətdə olarkən görmüşlər, Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və özlərini ona təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin içərisində saxladığı sellofan torba, həmin sellofan torbanın içərisinə baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Aşkar edilib götürülmüş narkotik vasitəyə bənzər kütlə kağız paketə qoyulmaqla DİN-in 55 saylı möhürü ilə möhürlənərək tərəflərindən və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şirvan şəhər PŞ-nin MSY-nin Konvoy hissəsinin konvoyu Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etdi . Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadələri elan olunmuşdur. O həmin ifadəsində bildirmişdir ki, 2020-ci ildən DİO-da, hazırda isə Şirvan şəhər polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, 16 oktyabr 2025ci il tarixdə etibarlı, qərəz doğuramayan mənbədən əldə daxil olmuş məlumat əsasında müəyyən edilmiş ki, Sabirabad rayonu Nizami kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın istehlakı ilə məşğul olmasında şübhəlidir və Şirvan şəhəri, Ə.Bayramov küçəsində hərəkətdədir, bu səbəbdən əməliyyat-axtarış tədbirinin gedişində tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və tərəfindən rəhbərliyi altında ŞPŞ-nin Konvoy hissəsinin konvoyları, polis baş serjantları Şahid2 və Şahid3, Şirvan ŞPŞ-nin KTQ-nun baş inspektoru, polis kapitanı X2 iştirakı ilə əməliyyat qrupu təşkil olunmuşdur. Tərəflərindən 16 oktyabr 2025-ci il tarixdə saat 22:37-də başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Şirvan şəhəri, Ə.Bayramov küçəsində hərəkətdə olarkən görmüşlər, Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və özlərini ona təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin içərisində saxladığı sellofan torba, həmin sellofan torbanın içərisinə baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş, sonra şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, üzərində qadağan olunmuş başqa hər hansı bir əşya, predmet aşkar olunmamışdır. Aşkar edilib götürülmüş narkotik vasitəyə bənzər kütlə kağız paketə qoyulmaqla DİN-in 55 saylı möhürü ilə möhürlənərək tərəflərindən və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri yekunlaşdığından Təqsirləndirilən şəxs şəhər polis şöbəsinə gətirilmiş və aidiyyəti üzrə təhqiqat orqanına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı xx.xx.2025-ci il tarixdə , saat 22:37-də məhdudlaşdırılmış, xx.xx.2025-ci il tarixdə , saat 23:50-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə-bioloji ekspertizanın xx.xx.2025-ci il tarixli 18/739 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi - 345,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixunanadır. Qeyd: Marixuananın təmiz çəkisi - 345,0 qram, tədqiqata istifadə olundu - 0,10 qram, qalıq - 344,90 qram. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Tutulmuş şəxsin MSY-dən azad olunaraq barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Polis Şöbəsi MSY-dən azad olunması və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 6755 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq , həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.Ərazi narkoloji tibb müəssisində dispanser qeydiyyata alınması məsləhət görülür . Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X9 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Mahmudov X4 Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin “ Əsəb-ruhi” kabinetində dispanser qeydiyyatında deyil. Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən Sabirabad RMX-nın “ Narkoloji” kabinetində F12.2 diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə və hökmün sürətinə əsasən müəyyən olunmuşdur ki, Mahmudov X5 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 24 gün müddətinə azadlağın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə cəzası başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Hazırda məhkumluğu ödənilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X6 adlı övladı vardır. Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 371 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, barəsində olan cinayət işi üzrə özünü təqsirli bilir.Əməlindən peşmandır. Himayəsində 1 (bir) azyaşlı övladı vardır. Cinayət işi üzrə barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərarın 1.16 və 5.2-ci bəndlərinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının” İİ siyahısının 109.1-ci bəndinə görə qurudulmuş marixuananın xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 345 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü təqsirli bildiyini, himayəsində bir azyaşlı övladının olduğunu bildirib, barəsində «Konstitusiya və Suverenlik İli» münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilərək təqsirləndirildiyi hazırki cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilmiş amnistiya aktının 1.16-cı və 5.1-ci bəndinin təsir dairəsinə düşür. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-ci bəndində qeyd edilir ki, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxsnın barəsində yuxarıda qeyd olunan amnistiya aktının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər mövcud deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (CPM) 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə məhkəmə yekun nəticəyə gələrək hesab edir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respbulikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktı tətbiq edilməli və Azərbaycan Respbulikası CPM-in 43.3-cü maddəsinə əsasən aparılan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri - 67 (altmış yeddi) manat 30 (otuz) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 344,90 qram narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin nin 43.3, 156.4, 344-347, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktı tətbiq edilsin və Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 67 manat 30 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 344,90 qram narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada 20 gün müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar