Məhkəmə qərarları › İş №1(032)-167/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-167/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-167/2024 27.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:12-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi , Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1965-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, H.Əliyev küçəsi ev 1-də qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, o, 01 may 2024-cü il tarixdə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən çətənə toxumlarını əldə edib, həmin toxumları Şirvan şəhəri, Heydər Əliyev prospekti, ev 1-də yerləşən mənzilində gül dibçəklərinə əkib qanunsuz olaraq əkibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri yetişdirməklə 09 may 2024-cü il tarixədək onlara aqrotexniki qaydada qulluq edib, kultivasiya etmiş, Şirvan şəhər polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 09 may 2024-cü il tarixdə saat 21:10-da Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən özünün iştirakı ilə Şirvan şəhəri, Heydər Əliyev küçəsi, ev 1-ə baxış keçirilən zaman mənzildə olan gül dibçəklərində hündürlükləri 20 sm, 20 sm və 22 sm-dan 23 sm-dək olmaqla ümumi təmiz çəkisi 3,30 qram olan xeyli miqdar təşkil edən 03 (üç) ədəd çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, narkotik vasitə qurudulmuş marixuanadan əvvəllər, Birinci Qarabağ müharibəsində iştirak etdiyi zaman istifadə etmiş, daha sonra isə arabir istifadə etmişdir. Yaşadığı Şirvan şəhəri, Heydər Əliyev küçəsi, ev 1 ünvanında dibçəklərdə güllərə qulluq etmiş, sonradan ona məlum olmuşdur ki, orada əlavə 3 ədəd çətənə kolları da çıxmışdır. O, həmin çətənə kollarını çıxarmamış, güllərlə birlikdə həmin bitkilərə də aqrotexniki qaydada qulluq etmiş, kollara su vermişdir. 09 may 2024-cü il tarixdə saat 21.00 radələrində yaşadığı evə polis əməkdaşları gələrək onun qanunsuz olaraq tərkibində narkotik vasitələr olan çətənə bitkisini əkib-beçərməkdə şübhəli olduğunu, yaşadığı evə baxış keçirmək istədiklərini bildirmişlər. O, baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları yaşadığı mənzilə daxil olmuş, polis əməkdaşlarına çətənə bitkilərini əkdiyi dibçəkləri göstərmiş, mütəxəssis həmin bitkilərin çətənə bitkisi olduğunu bildirmişdir. Daha sonra həmin çətənə bitkiləri polis əməkdaşları tərəfindən götürülmüşdür. Müvafiq protokol tərtib olunmuş, o da həmin protokola imza etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki , X13 Mərkəzində sektor müdiri işləmiş, hazırda təqaüdçüdür. 09 may 2024-cü il tarixdə ünvan 1 ünvanına dəvət etmişlər ki, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkilərin əkib-becərilməsi ilə məşğul olması barədə onlara məlumat daxil olub. 09 may 2024-cü il tarixdə, saat 21:10 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Heydər Əliyev küçəsi, ev 1 ünvanına getmiş, Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aqrotexniki qaydada qulluq edilmiş 2 ədəd dibçəkdə 3 ədəd çətənə bitkisi aşkar olunmuşdur. Həmin kollarından iksinin uzunluğu 20 sm, birinin uzunluğu isə 22-23 sm olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki , 09 may 2024-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində daşıması və narkotik tərkibli bitkilərin əkib-becərilməsi ilə məşğul olur. Bununla əlaqədar əməliyyat qrupu təşkil olunmuşdur. 09 may 2024-cü il tarixdə saat 21:10 radələrində əməliyyat qrupu və aqranom Şahid3 ilə birlikdə Şirvan şəhəri, Heydər Əliyev küçəsi, ev 1 ünvanına getmişlər. Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən 2 ədəd dibçəkdə 3 ədəd çətənə bitkisi aşkar olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid1 məhkəməyə gəlməmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid1 həmin ifadəsində bildirmişdir ki, hazırda Şirvan şəhər polis şöbəsinin Cinayət-axtarış bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 may 2024-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində daşıması və narkotik tərkibli bitkilərin əkib-becərilməsi ilə məşğul olur. Bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuş, sonra isə həmin qərarın icra olunması ilə bağlı o, MSY-nin polis nəfəri Şahid2, Təhqiqat bölməsinin baş təhqiqatçısı X3 ibarət əməliyyat qrupu təşkil olunmuş, 09 may 2024-cü il tarixdə, saat 21:10 radələrində əməliyyat qrupu və aqranom Şahid3 ilə birlikdə Şirvan şəhəri, Heydər Əliyev küçəsi, ev 1 ünvanına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı mənzilin qapsını döymüşlər. Təqsirləndirilən şəxs yaşadığı evin qapsını açmış, baş təhqiqatçı X8 Abdullayevə barəsində narkotik vasitələrin istifadəsi, daşınması və narkotik tərkibli bitkilərin əkibbecərilməsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib sonuncunu yaşadığı evə baxış keçirmək istədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs də etiraz etməmiş, ərizə ilə Şirvan ŞPŞ-nə müraciət edərək, yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə tərəflərindən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən 2 ədəd dipçəkdə çətənə bitkisi aşkar olunmuş, həmin bitkilər kötüyündən çıxarılmış, sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil X1, vəkil Emil Quliyev gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş, buna hər hansı bir etirazının olub olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs üzərində qanunsuz heç bir əşyanın olmadığını bildirmişdir. Sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və yaşadığı evdə qanunsuz olaraq tərkinbində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə onlara məlumat daxil olduğunu, Camallədin Abdullayevin razılığı ilə yaşadığı evə baxış keçirildiyini, məlumatın təsdiqini tapdığını, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmadığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsini əks etdirən videoçəkilişdən görünür ki, aqronom mütəxəssis Şahid3 iştirakı ilə X7 yaşadığı Şirvan şəhəri, Heydər Əliyev prospekti, ev 1-də yerləşən mənzilinə gül dipçəklərində 03 (üç) ədəd çətənə bitkisinə oxşar bitkilər aşkar edilmiş, X11 aşkar olunmuş bitkilərin narkotik tərkibli çətənə kolları olduğunu, öz istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş : Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin Məhkəmə-bioloji ekspertizasının 10 may 2024-cü il tarixli 3-16-16/2-18/478 nömrəli rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs yaşadığı ünvandan…” sözləri yazılmış və imzalar olan kağız paketdə ümumi sayı 03 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi-3,60 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata sərf edildi-0,30 qram (hər obyektdən-0,10 qr götürülüb), qalıq-3,30 qramdır; Azərbaycan Respublikası Səhiyyə nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator Məcburi-narkoloji tibbi yoxlamanın 02 iyul 2024-cü il tarixli 4530 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür; “Baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Şirvan şəhəri, Heydər Əliyev prospekti, ev 1-də yerləşən mənzilinə gül dipçəklərində 03 (üç) ədəd narkotik tərkibli çətənə kolları aşkar edilmişdir; “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X6 icraatına qəbul edilmişdir; “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə, saat 22:15-də tutulmuşdur; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; “Qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Təqsirləndirilən şəxs barəsində axtraış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması” haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutulub istintaqa gətirilən vaxta kimi dayandırılmışdır. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X6 icraatına qəbul edilmişdir; “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir; “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 18- 1-35/2-823/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1965-ci il təvəllüdlü, Əli- Bayramlı şəhərində anadan olmuş, azərbaycanlı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in poliklinika Psixoloji- Nevroloji kabinetlərdə qeydiyyatda yoxdur; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 284 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Əli-Bayramlı Şəhər Hərbi Komisarlıq tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş №039778 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının müharibə veteranıdır; Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 80 (səksən) manat (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə) pensiya alır. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əldə etdiyi çətənə toxumlarını yaşadığı Şirvan şəhəri, Heydər Əliyev prospekti, ev 1-də yerləşən mənzilində dibçəklərdə qanunsuz olaraq əkib, həmin toxumları becərməklə əkilib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olmaqla xeyli miqdar təşkil edən 03 (üç) ədəd çətənə (kannabis) bitkilərini yetişdirərək, qeyd olunan çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, həmin əməl isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibini təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 21-ci bəndinə əsasən CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İİİ siyahısının (Tərkibində narkotik maddələr olan bitkilər) 1.2-ci bəndinə əsasən çətənə növlü bitkilər 3-15 ədəd (6-30 hissə) xeyli miqdar təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin : 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi etirafını, əməlindən peşman olmasını Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlama müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,yaşadığı Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda alınmalıdır. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,30 qram olan narkotik tərkibli 03 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri müvafiq qaydada məhv edilməlidir. Ekspertiza tədqiqatının 31 manat 95 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutalaraq Məhkəmə Ekspertiza Mərkəzi, X2 (kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş materiallarında olan “baxış keçirilməsi haqqında” görüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 09 may 2024-cü il tarixdən 11 may 2024-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılsın və qəti olaraq ona 02 (iki) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Şirvan şəhəri, H.Əliyev küçəsi 1 saylı evi hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,30 qram olan narkotik tərkibli 03 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri məhv edilsin. Ekspertiza tədqiqatının 31 manat 95 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutalaraq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş materiallarında olan “baxış keçirilməsi haqqında” görüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar