Məhkəmə qərarları › İş №1(032)-167/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-167/2025

27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-167/2025 27.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:20-də Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşımadan ibarət cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda, yəni 0,516 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 14 oktyabr 2025-ci il tarixdə saat 10 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz qaydada binalara, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında qərar əsasında Şirvan şəhəri, Energetik küçəsində saxlanaraq, videoçəkiliş vasitəsi ilə saat 10:28-dən saat 10:34-dək üzərinin yoxlanılması zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan piston cibindən 01 ədəd bükümdə təmiz çəkisi-0,516 qram ağımtıl rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 14 oktyabr 2025ci il tarixdə səhər saatlarında zibil atmaq üçün həyətə düşən zaman yerdə bir ədəd sellofan büküm görmüş, həmin sellofan bükümü yerdən götürüb içərisinə baxdıqda içərisində psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Sonra həmin bükümü istifadə etmək məqsədilə götürmüşdür. 14 oktyabr 2025-ci il tarixdə saat 10 radələrində Şirvan şəhəri, Energetik küçəsində olarkən Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində psixotrop maddələrin qanunsuz gəzdirilməsi ilə bağlı şübhəli olduğu üçün onu saxladıqlarını bildirmiş və həmin vaxtı üzərində videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmiş, sonra həmin 1 ədəd büküm zərfdə qablaşdırılıb möhürləndikdən sonra polis əməkdaşları ilə birlikdə Şirvan Şəhər Polis Şöbəsinə gəlmişlər. Polis şöbəsinin Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil seçmiş, bir müddət sonra vəkil gəldikdən sonra ona məxsus qablaşdırılmış psixotrop maddə metamfetaminə baxış keçirilməyə başlanılmış, baxış zamanı psixotrop maddə metamefatminə bənzər kütlənin elektron tərəzidə çəkildikdən sonra zərfdə qablaşdırılaraq möhürlənmiş və zərfi imzaları ilə təsdiq etmişlər. Daha sonra protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra protokola imza etmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin alğı-satqısı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 14 oktyabr 2025-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində üzərində qanunsuz olaraq psixotrop maddə saxlamaqla məşğul olur. Bununla bağlı tərəfindən rəsmi qaydada Şirvan şəhər PŞ-nin rəhbərliyinə müraciət edilmiş, bundan sonra təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra əməliyyat axtarış qrupu yaradılmış, qrup üzvləri olaraq o, NMQ-nin əməliyyat müvəkkili Şahid2, PPXB-nin polis nəfəri Şahid3 və ƏRQ-nin baş inspektoru X4 təsdiq olunmuşdur. 14 oktyabr 2025-ci il tarixdə saat 10 radələrində videoçəkilişlə xidməti avtomobillərlə Şirvan şəhəri, Energetik küçəsinə gəlmişlər və həmin küçədə Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış, sonuncuya özlərini təqdim edərək, üzərində psixotrop maddə saxlamaqda şübhəli olmasını bildirmişlər və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçiriləcəyi izah edilmişdir. Təqsirləndirilən şəxs də etirazının olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində 01 ədəd ağ rəngli sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan kütlə tərəflərindən müvafiq qaydada qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindən digər heç bir qanunsuz əşya, predmet və ya başqa vasitə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Şirvan şəhər polis şöbəsinə gətirilmiş, polis şöbəsində keçirilmiş əməliyyat tədbirinə dair tərəflərindən müvafiq protokol tərtib edilmiş, protokolu özü və digər iştirakçılar imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 14 oktyabr 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2025-ci il tarixdə, saat 12:55-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 16 oktyabr 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 14 oktyabr 2025-ci il tarixli “Əməliyyat axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, binaya daxil olma və baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2025-ci il tarixdə saat 10 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Şirvan şəhəri, Energetik küçəsində saxlanaraq saat 10:28-dən saat 10:34-dək üzərinin yoxlanılması zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan piston cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamin bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan Məhkəmə kimyəvi ekspertizasının 15 oktyabr 2025-ci il tarixli 18/733 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs üzərindən... ” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,516 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi-0,516 qr, tədqiqata istifadə olundu-0,05 qr, qalıq-0,466 qr. İş materiallarında olan verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib-etməməsi, psixotrop maddəni haradan və kimdən əldə edib-etməməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X8 24 oktyabr 2025-ci il tarixli 18-1-35/2-1272/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi PHŞ-nin Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur və hal-hazırda dövrə qədər narkoloji qeydiyyata alınmamışdır. İş materiallarında olan 22 oktyabr 2025-ci il tarixli Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-də heç bir məlumat yoxdur. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 noyabr 2025-ci il tarixdə verilmiş 5477 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 noyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 28 oktyabr 2025-ci il tarixli 6719 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanerində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs anası X2 ikinci qrup əlildir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X5 xx.xx.2005-ci il tarixdə ölmüşdür. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 oktyabr 2025-ci il tarixdən 16 oktyabr 2025-ci il tarixədək həbsdə olduğu 02 gün müddət 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 67 manat 30 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,466 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, binaya daxil olma və baxış keçirilməsi və əşyaların götürülməsi” haqqında videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk, “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi” barədə görüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 oktyabr 2025-ci il tarixdən 16 oktyabr 2025-ci il tarixədək həbsdə olduğu 02 gün müddət 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 67 manat 30 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,466 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, binaya daxil olma və baxış keçirilməsi və əşyaların götürülməsi” haqqında videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk, “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi” barədə görüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar