Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-170/2024 05.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 12:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X3 Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxx 1973-cü il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan 01 ay 24 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, eyni zamanda Şirvan şəhər Məhkəməsinin 15 avqust 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 25 iyun 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respblikası CM-nin 234.2-ci maddəsi ilə itttiham olunur ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,110 qram psixotrop maddə metamfetamini və bilister kəsiyində üzərində F/M 40 göstəricisi olan ümumilikdə 10 ədəd bozumtul-qəhvəyi rəngli, dairəvi formalı, hər tabletində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı 0,04 qram olmaqla ümumilikdə 0,4 qram xarici və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə metadon olan dərman tabletlərini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə daşıyaraq saxlamış, Şirvan şəhər Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 25 iyun 2024-cü il tarixdə, saat 18:40 radələrindən saat 19:55-dək yaşadığı ünvana keçirilmiş baxış istintaq hərəkəti nəticəsində tərkibində narkotik vasitə metadonun təsiriedici maddəsi 0,32 qram olan 08 ədəd dərman tableti evin yataq otağında olan dolabın üzərindən, 0,110 qram çəkidə psixotrop maddə metamfetmin evin yataq otağında olan dəmir qabın içərisindən, qalan 02 ədəd tərkibində narkotik vasitə metadonun təsiredici maddəsi 0,08 qram olan dərman tabletləri isə evin yataq otağında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq edib göstərdi ki, ağrıları olduğu üçün psixotrop tərkibli həblərdən istifadə edir, lakin istifadəçisi olsa da, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul deyildir. 25 iyun 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları gəlmiş, məhkəmə qərarı elan edildikdən sonra videoçəkiliş vasitəsi ilə evində axtarış aparılacağı bildirilmiş, o da heç bir etiraz etməmişdir. Axtarış aparılarkən yaşadığı evdə özünə məxsus otaqdan, həmçinin üzərindən ümumilikdə 10 ədəd metadon tableti və az miqdarda psixotrop maddə olan metamfetamin, həmçinin metamfetamini istifadə etmək üçün hazırladığı ucuna qələm parçası taxılmış şüşə lampa aşkar edilmişdir. Bu barədə tərtib olunmuş protokola imza etmişdir. Bundan sonra polis şöbəsinə aparılmış, müdafiəçi ilə təmin edilmişdir. Şirvan şəhər polis şöbəsinə aparılarkən və orada olarkən ona qarşı heç bir qanunsuz hərəkətə yol verilməmişdir. Aşkar edilib götürülmüş metadon həblərini və psixotrop maddə olan metamfetamini yerdən tapmış, özünün istifadəsi üçün saxlamışdır, onların satışı ilə məşğul olmamış və belə bir niyyəti də olmamışdır. Buna görə də özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Törətdiyi əməldən peşmandır, himayəsində yaşlı valideyni var, ona cəza təyin edilərkən bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır, onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin deyil, CM-nin 234.1-ci maddəsinin tərkibi vardır və CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsində təqsiri, özünün ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 25 iyun 2024-cü il tarixdə xidmətdə olarkən ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olması, həmçinin əldə etdiyi narkotik vasitələri və psixotrop maddələri üzərində və yaşadığı ünvanda saxlamaqda şübhəli olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs barəsində güdülmə, yaşayış yerinə daxil olma və baxış keçirilməsi əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün məhkəmə qərarı alınmasından ötrü Şirvan şəhər prokurorluğuna vəsatətlə müraciət edilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsindən ötrü Şirvan şəhər polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Şirvan şəhər Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 5(032)-196/2024 nömrəli “Güdülmə, yaşayış yerinə daxil olma və baxış keçirilməsi barədə” qərarına əsasən 25 iyun 2024-cü il tarixdə, saat 18:30 radələrində Şirvan ŞPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi Əhməd Baloğlanov və İctimai təhlükəsizlik bölməsinin sahə rəisi Şahid2la birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvana gəlmişlər. Evin darvazasına çatıb videoçəkilişlə evin darvazasını döydükdə qapını Təqsirləndirilən şəxs açmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs müstəntiq Əhməd Baloğlanov tərəfindən Şirvan şəhər Məhkəməsinin qərarı elan edilmiş və Təqsirləndirilən şəxs qərarın icrasına heç bir etiraz etməmişdir. Təqsirləndirilən şəxsla birlikdə evə daxil olduqdan sonra sonuncuya üzərində və yaşadığı evdə hər hansı bir narkotik vasitə və ya psixotrop maddə, eləcədə qanunla qadağan edilmiş əşya və ya predmet olduğu halda könüllü olaraq təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində metadon həbi olmasını bildirmiş, sonra onun iştirakı ilə yaşadığı evdə yataq otağına baxış keçirilmişdir. Baxış zamanı o könüllü olaraq yataq otağında olan mebel materialdan hazırlanmış stolun üzərindəki şüşə qabın içərisindən bir ədəd metamfetamin çəkmək üçün istifadə etdiyi ucuna qələm parçası taxılmış şüşə lampanı, bundan başqa çarpayının baş tərəfində yerləşən dolabın üzərindən bir ədəd listdə səkkiz ədəd metadon həbini və otaqdan girişdə sol tərəfdə yerləşən pəncərəyə qoyduğu dəmir materialdan olan qutunun içərisindən bir ədəd gümüşü rəngli kağız bükümün içərisində bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni müstəntiqə təqdim etmişdir. Həmin vaxt baxış zamanı aşkar edilmiş kütlələr və bir ədəd şüşə lampa qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı könüllü olaraq əynində olan şalvarının sağ cibindən iki ədəd 100 manatlıq, dörd ədəd 50 manatlıq, iyirmi beş ədəd 20 manatlıq, on beş ədəd 10 manatlıq, doqquz ədəd 5 manatlıq, dörd ədəd 1 manatlıq pul əskinazlarını, şalvarının sol cibindən isə iki ədəd metadon həbini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin şəxsi axtarış zamanı üzərindən təqdim etdiklərindən başqa heç bir başqa vasitə aşkar edilməmişdir. Sonra iki ədəd metadon həbi və pul əskinazları da onların iştirakı ilə qablaşdırılmış, daha sonra tərtib olunmuş protokola imza etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi Şahid2 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduğu ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdə, həmçinin üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, fərdi yaşayış evinin qarşısına gəlindikdə Təqsirləndirilən şəxs evinin çöl qapısı döyülərək çağırıldı, sonuncu gəldikdə ona Şirvan şəhər Məhkəməsinin qərarı elan edilmiş, bundan sonra Təqsirləndirilən şəxs evində hansısa qanunsuz əşya, predmet və ya narkotik vasitə və ya psixotrop maddə olubolmaması soruşulduqda, sonuncu fərdi yaşayış evinin yataq otağında yerləşən mebel materialdan olan stolun üzərindən bir ədəd psixotrop maddə çəkmək üçün istifadə etdiyi şüşə lampanı, çarpayının baş tərəfində yerləşən dolabın üzərindən bir listdə səkkiz ədəd metadon həbini və otaqdakı pəncərədə olan dəmir materialdan olan üzərində “MYKA” sözü yazılmış qutunun içərisindən bir ədəd gümüşü kağız bükümün içərisində bir ədəd sellofan bükümdə ağ rəngli kristallik formada kütləni təqdim etmiş, bundan sonra müvafiq qaydada aşkar edilmiş predmetlər qablaşdırılaraq götürülmüşdür. Baxış başa çatdıqdan sonra Şirvan şəhər Məhkəməsinin qərarında göstərilən qaydada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklig edilmiş, sonuncu əynində olan açıq boz rəngli şalvarının sağ cibindən iki ədəd 100 manatlıq, dörd ədəd 50 manatlıq, iyirmi beş ədəd 20 manatlıq, on beş ədəd 10 manatlıq, doqquz ədəd 5 manatlıq, dörd ədəd 1 manatlıq pul əskinazlarını, şalvarının sol yan cibindən isə iki ədəd metadon həbini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, üzərindən heç bir qanunsuz əşya, predmet və ya başqa vasitə aşkar edilməmişdir. Aşkar edilmiş iki ədəd metadon həbi və pul əskinazları qablaşdırılaraq götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 27 iyun 2024-cü il tarixli, 3-16-16/2-18/615 rəyindən görünür ki, 1. tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümün içərisində polietilen kəsiyi bükümündə təmiz çəkisi - 0,110 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı ünvandan yataq otağındakı...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd şüşə lampadan düzəldilmiş “qəlyan”ın içərisində psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) onun miqdarını və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir. Metamfetamin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). Metamfetaminin təmiz çəkisi - 0,110 qram, tədqiqata sərf olundu - 0,05 qram, qalıq - 0,06 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3382 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ünvan 7 ünvanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd dərman həbi...” və “Şirvan şəhəri Vidadi küçəsi ev 35-də yerləşən Təqsirləndirilən şəxs yaşadığı ünvanda yataq otağında olan dolabın üzərindən aşkar edilmiş 8 ədəd...” yazıları olan iki ədəd zərfin içərisindəki blister kəsiyində üzərində “F/M 40” göstəricisi olan ümumilikdə 10 ədəd bozumtul-qəhvəyi rəngli, dairəvi formalı dərman tabletləri xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə - metadondur, 10 ədəd dərman tabletlərinin tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram (üzərindəki göstəricilərə əsasən bir tabletdə 0,04 qram) təşkil edir. Metadon - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Metadon tabletlərinin ümumi sayı - 10 tablet, tədqiqata sərf olundu - 2 tablet, qalıq ümumi - 8 tablet. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X5 Narkoloji tibbi yoxlamanın 01 avqust 2024-cü il tarixli, 5269 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 09 avqust 2024-cü il tarixli, 2330 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təsvir edilən hadisəni törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs təsvir edilən hadisəni törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 5(032)-196/2024 saylı, 25 iyun 2024-cü il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair Şirvan şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədovun vəsatəti təmin edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Əlimirzə oğlunun güdülməsi, saxlanıldıqda üzərində şəxsi axtarış keçirilməsi, qeyd olunan ünvanda yerləşən yaşayış yerinə daxil olmaqla, həyətyanı sahəsinə və yardımçı tikililərə baxış keçirilməsi növündə əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi qərara alınmış, qərarın icrası Şirvan şəhər Polis şöbəsinin Cinayət Axtarış Bölməsinə həvalə edilmişdir; İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 25 iyun 2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2024-cü il tarixdə, saat 20:55-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur; İş materiallarında olan cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X1 icraatına qəbul edilmişdir; İş materiallarında olan cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən, həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir; İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 4(032)-149/2024 saylı, 27 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır; İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Şirvan ŞPŞ-nə daxil olmuş tələbnamədən, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(032)- 224/2021 saylı və Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(032)-74/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan 01 ay 24 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Bundan başqa Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(032)-74/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur; İş materiallarında olan “Şirvan şəhər mərkəzi xəstəxanası” X8n 22 iyul 2024-cü il tarixli, 18-1-35/2-1082/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1973-cü il təvəllüdlü, Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 5-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Narkoloji kabinetində P-1.F11.2 “Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatdadır; İş materiallarında olan Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 368 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 4(032)-192/2024 saylı, 19 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 (bir) ay müddətinə, yəni 25 oktyabr 2024-cü il tarixədək uzadılmışdır; Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 10 (on) ədəd narkotik vasitə metadon həblərini, eyni zamanda 0,110 qram qram psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib üzərində və yaşadığı evdə saxlayaraq daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətdir. Göründüyü kimi qanunun mənasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satmaq üçün əldə edib saxlaması haqda nəticəyə gəlmək üçün məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib saxlaması sübut edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri formal tərkibli olduğundan onların başa çatmış hesab edilməsi üçün təqsirkarın qeyd olunan maddələrlə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. İş materiallarından və eləcə də təqsirləndirilən şəxsin verdiyi ifadələrdən də görünür ki, onun məqsədi məhz saxladığı narkotik vasitənin və psixotrop maddənin şəxsi istifadəsinə yönəlmişdir. Bu hal həmçinin Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X5 Narkoloji tibbi yoxlamanın 01 avqust 2024-cü il tarixli, 5269 nömrəli rəyi ilə də təsdiq olunur. Belə ki, həmin rəydə göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq orqanı isə narkotik vasitələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılmasını təsdiq edən sübutları əldə etmədən Təqsirləndirilən şəxs 25 iyun 2024-cü il tarixdə üzərindən və yaşadığı evdən aşkar olunmuş 10 (on) ədəd narkotik vasitə metadon həblərini, eyni zamanda 0,110 qram psixotrop maddə metamfetamini satmaq niyyətində olması kimi qiymətləndirmişdir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş sənədlərə baxdıqda və məhkəmə istintaqında tədqiq edilmiş sübutlardan aydın olur ki, Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə məhz 25 iyun 2024-cü il tarixdə üzərindən aşkar olunmuş 10 (on) ədəd narkotik vasitə metadon həblərinin, eyni zamanda 0,110 qram psixotrop maddə metamfetaminin fərqli növlərə aid olması əsas olmuşdur. İş üzrə dindirilmiş şahidlər polis əməkdaşları Şahid1 və Şahid2 aşkar olunmuş narkotik vasitənin satış niyyəti ilə əldə edilməsi haqqında deyil, müstəsna olaraq əməliyyat axtarış tədbirinin gedişində baş verənlər və narkotik vasitənin üzərində və yaşadığı evdə saxlaması faktını aşkar etmələri barədə məlumat verən şəxslərdir (Şahid1 məhkəmə iclasında vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə deyil, narkotik vasitələrin və ya psixotrop maddələrin istifadəsi ilə bağlı məlumatın daxil olmasını bildirmişdir). İbtidai istintaqı aparan orqan ittihamın sübut olunmasında yaranan, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verməyən şübhələr olmasına baxmayaraq bu şübhələrin aradan qaldırılması üçün qanunda nəzərdə tutulan tədbirləri görmədən, sübutlar arasında ziddiyyətləri aradan qaldırmadan, 10 (on) ədəd narkotik vasitə metadon həblərinin, eyni zamanda 0,110 qram psixotrop maddə metamfetaminin olmasını nəzərə alaraq təqsirləndirilən şəxsə qarşı əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət törətməsi ittihamı irəli sürmüşdür. Halbuki şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə və ehtimallara əsaslana bilməz, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət işinin məhkəmədə baxılması zamanı isə Təqsirləndirilən şəxs tərəfindən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin hazırlanması üçün avadanlığın olması, aşkar edilmiş 10 (on) ədəd narkotik vasitə metadon həblərini, eyni zamanda 0,110 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və ya saxlaması nə təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri ilə, nə də işdə olan digər sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə tövsif edilməsi cinayət qanunvericiliyinə münasibətdə əsaslı və qanuni sayıla bilməz, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətləndirilməsini CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratdığından onun cəzasını ağırlaşdıran hal kimi qəbul edir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan 01 ay 24 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 15 avqust 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və hazırda cəza çəkməkdədir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, əvvəllər də qəsdən cinayət əməli törətməsinə görə məhkum edilməsinə baxmayaraq islah olunmamasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 65.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, CM-nin 56.1.3cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 16 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinin tələbinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 129 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış narkotik vasitə metadon həblərinin ekspertiza tədqiqatından sonrakı təsiredici maddəsinin miqdarı ümumilikdə 0,32 qram təşkil edən 8 tablet olmaqla qalığı, psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı 0,06 qram qalığı və 01 ədəd şüşə lampadan içərisində psixotrop maddə metamfetaminin izləri olan “qəlyan” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin görüntülərini əks etdirən CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 1(032)- 74/2024 saylı hökmü ilə təyin olunmuş 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış narkotik vasitə metadon həblərinin ekspertiza tədqiqatından sonrakı təsiredici maddəsinin miqdarı ümumilikdə 0,32 qram təşkil edən 8 tablet olmaqla qalığı, psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı 0,06 qram qalığı və 01 ədəd şüşə lampadan içərisində psixotrop maddə metamfetaminin izləri olan “qəlyan” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının 129 manat 74 qəpik miqdarında dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin görüntülərini əks etdirən CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-170/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-170/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver