Məhkəmə qərarları › İş №1(032)-170/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-170/2025

08.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-170/2025 08.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:45 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X4 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxx 1989-cu il tarixdə Sabirabad rayonu, Xəlfəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 17 oktyabr 2025-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda, yəni 0,316 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 15 oktyabr 2025-ci il tarixdə saat 17 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz qaydada binalara, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında qərar əsasında Şirvan şəhəri, Sahib Zeynalov küçəsində saxlanaraq, videoçəkiliş vasitəsi ilə saat 17:20-dən saat 17:30-dək üzərinin yoxlanılması zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi - 0,316 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq edib bildirdi ki, 15 oktyabr 2025-ci il tarixdə Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, videoçəkilişlə üzəri yoxlanılan zaman üzərindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin müvafiq qaydada qablaşdırılmışdır. Aşkar olunmuş həmin psixotrop maddəni piyada gəzərkən yerdən tapmış və üzərində saxlamışdır. Həmin psixotrop maddə metamfetamin özünə məxsus olmuş, onu kiməsə vermək və ya satmaq fikri olmamışdır. Üzəri yoxlanılarkən, eləcə də Şirvan şəhər Polis şöbəsinə aparılarkən və orada olarkən ona qarşı hər hansı bir qanunsuz təsir və təzyiq olunmamışdır. Polis əməkdaşları tərəfindən tərtib olunmuş protokol ucadan oxunduqdan sonra doğruluğunu digər iştirakçılar kimi o da imzalayıb təsdiq etmişdir. Hazırda əməlindən peşmandır. Özünü təqsirli bilir. Himayəsində iki azyaşlı uşağı vardır, barəsində «Konstitusiya və Suverenlik İli» münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməsini, təqsirləndirildiyi hazırki cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və bu barədə müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin Müvəqqəti saxlama yeri MSY mühafizəsi üzrə polis nəfəri Şahid2 ifadəsində bildirdi ki, 15 oktyabr 2025-ci il tarixdə xidmətdə olarkən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində üzərində qanunsuz olaraq psixotrop maddə saxlamaqla məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla bağlı Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən rəsmi qaydada Şirvan şəhər Polis şöbəsinin rəhbərliyinə müraciət edilmiş, bundan sonra təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə onun tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həmin qərar əsasında şöbə rəhbərliyinin müvafiq əmri əsasında əməliyyat axtarış qrupu yaradılmışdır. Qrup üzvləri olaraq o, CAB-nin əməliyyat müvəkkili Şahid1 və ƏRQ-nun kiçik inspektoru X9 təsdiq olunmuşdur. 15 oktyabr 2025-ci il tarixdə, saat 17 radələrində Əli İsmayılov tərəfindən aparılan videoçəkilişlə xidməti avtomobillər ilə Şirvan şəhəri, S.Zeynalov küçəsinə gəlmişlər, həmin küçədə Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və ona özlərini təqdim edərək, saxlanılma səbəbini izah etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişlər, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Aşkar olunan bir ədəd bükümdə olan kütlə qablaşdırılmşdır. Şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan kütlə ona məxsusdur, yerdən tapmışdır, istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs Şirvan şəhər Polis şöbəsinə gətirilmiş, polis şöbəsində keçirilmiş əməliyyat tədbirinə dair əməliyyat müvəkkili Şahid1 tərəfindən müvafiq protokol tərtib edilmiş, protokolu özü və digər iştirakçılar imzalamışlar, sonra əməliyyat tədbirini özündə əks etdirən videogörüntü bir ədəd “DVD” diskə köçürülmüş, bundan sonra tərəfindən raportla şöbə rəhərliyinə müraciət edilmiş, raporta 03 ədəd zərfdə olan kütlə, əməliyyat tədbiribini özündə əks etdirən protokol və bir ədəd “DVD” diskdə olan videogörüntü əlavə edilmişdir. Təqsirləndirilən şəxs Şirvan şəhər ərazisində üzərində psixotrop maddə saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuş, lakin onun psixotrop maddələri hardan və ya kimdən əldə etməsi, psixotrop maddələrin satışı ilə məşğul olmasına dair heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduğu ifadəsində Şahid2 göstərdiklərini təsdiq etməklə onunla oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılmasını özündə əks etdirən videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2025-ci il tarixdə, saat 17 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində küçədə saxlanılaraq, üzəri saat 17:20dən saat 17:30-dək yoxlanılmış və yoxlama zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş 15 oktyabr 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, faktiki azadlığı 15 oktyabr 2025-ci il, saat 17:20-dən məhdudlaşdırılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə saat 19:55-də tutulmuşdur; Cinayət işi materiallarında əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 18/738 nömrəli, 16 oktyabr 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,316 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin ümumi çəkisi - 0,316 qram, tədqiqata istifadə olundu - 0,05 qram, qalıq 0,266 qramdır; Cinayət işi materiallarına əlavə olunmuş 16 oktyabr 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X1 icraatına qəbul edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 17 oktyabr 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 17 oktyabr 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 oktyabr 2025-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 24 oktyabr 2025-ci il tarixli, 18-1-35/2-1273/2025 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur və hal-hazırki dövrə qədər narkoloji qeydiyyata alınmamışdır; Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİdən Şirvan şəhər Polis şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 16 oktyabr 2025-ci il tarixli, 583 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır; Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə - narkoloji ekspertizasının 28 oktyabr 2025-ci il tarixli, 6718 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanerində profilaktik qeydiyyata alınması məsləhət görülür; Cinayət işi materiallarına əlavə olunmuş Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 405 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin (AZ-İİ № 022800) surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə X2 ilə nikahları bağlanmışdır; Cinayət işi materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs qohumluq məlumatları barədə “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, onun himayəsində xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 adlı uşaqları vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlaması və onun həmin əməli törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, barəsində «Konstitusiya və Suverenlik İli» münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16-cı bəndlərinin tətbiq edilərək təqsirləndirildiyi hazırki cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, «Konstitusiya və Suverenlik İli» münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilmiş amnistiya aktının təsir dairəsinə düşür. Belə ki, «“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilir ki, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Həmin Qərarın 5.1-ci bəndində qeyd edilir ki, icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 24-cü bəndində qeyd edilir ki, birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs qohumluq məlumatları barədə “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, onun himayəsində xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 adlı uşaqları vardır; Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan amnistiya aktının 6 və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, «“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, həmin maddə ilə başlanılmış cinayət təqibinə xitam verilməli və barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Şirvan şəhər Polis şöbəsində saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,266 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 67 (altmış yeddi) manat 30 (otuz) qəpik təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 156.4, 344-347, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs barəsində «“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı və 5.1-ci bəndləri tətbiq edilsin və o, təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan 0,266 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 (iki) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 67 (altmış yeddi) manat 30 (otuz) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar