Məhkəmə qərarları › İş №1(032)-172/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-172/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-172/2024 23.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:30-da Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Hüseyağa qızı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Qarağac kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır vurulmasına səbəb olmuşdur. Belə ki, o, ayıq vəziyyətdə 26 mart 2024-cü il tarixdə saat 11 radələrində etibarnamə əsasında idarəetdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Mercedes Benz C180 minik " markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri Xəqani küçəsində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə pozaraq, hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı halda bunu etməyib, ehtiyatsızlıqdan yolu sağdan sol tərəfə keçən Zərərçəkmiş şəxs avtomobilin ön sağ hissəsi ilə vuraraq, Zərərçəkmiş şəxs “sağ diz oynağının hemortrozu” kimi dərəcəsinə görə həyat üçün təhlükəli olmayan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, 26 mart 2024-cü il tarixdə saat 13 radələrində etibarnamə ilə idarə etdiyi “Mersedes Benz” markalı, **-BL-*** dövlət nömrə nişanlı minik avtomobili ilə Şirvan şəhəri, Xəqani küçəsi ilə hərəkətdə olmuş, o, Xəqani küçəsi ilə hərəkət edərkən, “Elit” ticarət mərkəzinin yanında işıqforun qırmızı işığının yandığını görüb dayanmış və sonradan sağa dönmək üçün işarə verici işığını yandırmışdır. Həmin vaxt onun sağ tərəfində “Ford” markalı yük maşını, onun arxasında isə başqa bir avtomobil dayanmışdır. O, işıqforun yaşıl işığının yandığını görüb sola dönmək üçün hərəkətini davam etdirmək istəyərkən Ford markalı yüek maşının da dönəcəyini görüb ona yol vermişdir. O da sonra onun arxasınca sola yavaş-yavaş dönmək istəyərkən qəfildən bir nəfər şəxs Fordun sağ tərəfindən yolu sağdan sola doğru keçən piyada sürətli addımlarla hərəkət edib onun idarə etdiyi avtomobilinə dəymişdir. O, dərhal maşını saxlayıb aşağı düşmüş, həmin şəxs qadın olmuş və o, onu görüb yerə yıxılmışdır. O, həmin qadına yaxınlaşıb dərhal köməklik etmək üçün onu xəstəxanaya aparmağı təklif etmiş, lakin qadın onu evinə aparmağını və xəstəxanaya getmək istəmədiyini bildirmişdir. O da onu evlərinə aparmışdır. Evlərində olarkən qadın xəstəxanaya getmək istədiyini bildimiş, o da onun oğlunun maşını ilə qadını xəstəxanaya aparmışlar. Şirvan ŞMX-da həmin piyadaya ilkin tibbi yardım göstərilmiş, bir qədər keçdikdən sonra isə polis əməkdaşları ilə birlikdə hadisəni törətdiyi yerə baxış keçirilmişdir. Bundan başqa o bildirmişdir ki, idarə etdiyi avtomobil Sumqayıt şəhər sakini X2 məxsusdur və onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır, avtomobili etibarnamə əsasında idarə etmişdir. Hadisə zamanı sürəti 7 km/saat olmuş, həmin şəxs anidən qarşısına çıxdığı üçün o, sadəcə tormozdan istifadə edib avtomobili saxlamış və həmin yerdə piyada zolağı olmamış, ümumiyyətlə orada yolu keçmək olmazmış, hadisə zamanı spirtli içkinin təsirində olmamış, hadisədən əvvəl spirtli içki qəbul etməmiş, o, ümumiyyətlə spirtli içki qəbul etməmiş, yol şəraitinə nəzarətinə mane olan heç bir amil olmamış, hadisə zamanı avtomobilində heç kim olmayıb, o, tək olmuş, heç bir narahatlığı olmamış, hadisə baş verən anadək avtomobilində nasazlıq olmamışdır. Hal-hazırda Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəməklə aradan qaldırmış və onunla barışmışdır. Əməlindən peşmandır. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 26 mart 2024-cü il tarixdə, saat 11 radələrində Şirvan şəhərində yerləşən “Elit” ticarət mərkəzindən çıxıb evi istiqamətinə tərəf gedirmiş, həmin vaxt Şirvan şəhəri, Xəqani küçəsində evinə getmək üçün işıqforun yanında olan piyada zolağından keçirmiş, bu zaman işıqforda qırmızı işıq yandığı üçün avtomobillər dayanmış, o, piyada zolağından istifadə edib hərəkətini davam etdirmək istəyərkən onun sol tərəfində, “Perla” adlı mebel evi tərəfdən “Mercedes” markalı avtomobilin onun üstünə doğru hərəkət etdiyini görüb əlini qaldırıb ona dayanmasını işarə etmiş, lakin həmin avtomobil saxlamayıb onun sol qıçının diz nahiyyəsindən vurmuş, o, həmin vaxt yerə yıxılmış, həmin avtomobilin sürücüsü maşından düşüb ona yaxınlaşmış və ondan heç kimə bu barədə məlumat verməməyini xahiş etmiş, o da ona onu evinə aparmasını xahiş etmiş, həmin şəxs onu avtomobilinə mindirib evinə aparmış, o, evdə paltarını dəyişdikdən sonra ağrıları çox olduğu üçün həmin şəxs onu oğlu ilə birlikdə Şirvan ŞMX-na aparmışlar. Şirvan ŞMX-da həkimlər ona tibbi yardım göstərmişlər. Həkimlər onun diz nahiyyəsinə baxıb ona “sol dizin əzilməsi, hemortozu, sol diz sümüyünün və oynağın ödemi” diaqnozu qoymuşlar. Sonra isə həkim müalicəsi davam etdirmək üçün onu evə buraxmışlar. Bundan başqa o bildirmişdir ki, onu vuran avtomobili təxminən 2 metr məsafədən görmüş, hadisə zamanı həmin avtomobil yavaş hərəkət etmiş, onu vuran avtomobildə sürücü tək olmuşdur. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, onunla barışmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Bu halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və sxemdən görünür ki, hadisə baş verən yer şəhərin Xəqani küçəsidir, hadisə yeri yaşayış məntəqəsi daxilidir, yol asfalt örtüklü, quru, düz və hamardır. Hərəkət iki istiqamətlidir, hərəkət istiqamətləri 1.3 üfüqi nişanlanma xətti ilə ayrılır. Bir istiqamətdə hərəkət zolaqları düz xətlə bölünmüşdür. 4 hərəkət zolağı olmaqla, hərəkət hissənin eni bir istiqamətdə 5 metrdir. Məhkəmə tibbi ekspertizasının 03 may 2024-cü il tarixli 227 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-sol diz oynağının hemortrozu-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 26 mart 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə, qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X5 xx.xx.2024-cü il tarixli, 18-1-35/2-1252/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsinin ruhi-əsəb narkoloji kabinetlərinə qeydiyyatda yoxdur. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Şirvan RQİ və TB şöbəsinin 24 avqust 2024-cü il tarixli 3-13-16-7/2-6883/2024 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə Daxili İşlər Nazirliyinin Baş X6i İdarəsinin mərkəzi informasiya sistemində hər hansı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2024-cü il tarixli 8/2242 nömrəli rəyindən görünür ki, Merrcedes Benz C180 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində heç bir məlumat yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus “Mercedes Benz C180 minik” markalı ** BL *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi qiymətləndirilərək tanınmış və məhkəmə baxışınadək saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş maddi ziyan tam ödənilmiş və təqsirləndirlən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödənilmiş, barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, eləcə də mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, CM-in 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C180” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizası üzrə 128 (yüz iyirmi səkkiz) manat aparılmış tədqiqatların dəyəri olaraq Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 43.1.2, 321.2.1 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C180” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 (kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar