Məhkəmə qərarları › İş №1(032)-173/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-173/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-173/2023 19.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:50-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Sabirabad rayonu, Qaragüney kəndində anadanolmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2əsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq oğurluq əməli törətmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə 16 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində faktiki olaraq fəhlə kimi işlədiyi Zərərçəkmiş şəxs sement zavodunun həyətində olan zaman anbarın yaxınlığındakı ərazidən zərərçəkmişin qiymətləndirməsinə görə bir ədəd 700 manat dəyərində “Man” markalı yük avtomobilinə məxsus təkəri, bir ədəd 700 manat dəyərində “Shagman” markalı yük avtomobilinə məxsus təkəri, altı ədəd hər biri 150 manat olmaqla cəmi 900 manat dəyərində düralüminium materialdan hazırlanmış yük avtomobilinin disklərini gizli olaraq talayıb, zərərçəkmiş hüquqi səxs Zərərçəkmiş şəxsnə ümumilikdə 2300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayının sonuna kimi Şirvan şəhərində yerləşən Zərərçəkmiş şəxs MMC-də fəhlə işləmişdir. 2022-ci ilin dekabr ayında işlədiyi Zərərçəkmiş şəxs MMC-nin sement zavodunun ərazisində olarkən anbarın yaxınlığında yük avtomobilləri təkərlərini və disklərini görmüşdür. Həmin ərəfələr maddi baxımdan çətinlik çəkdiyi və pula ehtiyacı olduğu üçün təkərlərdən və disklərdən oğurlamaq qərarına gəlmişdir. Bu niyyətlə o, 16 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində işdən çıxan zaman anbarın yaxınlığında heç kimin olmamasından istifadə edərək bir ədəd yük avtomobili təkərini üzərində olan disklə birlikdə yuvarlaya-yuvarlaya MMC-nin ərazisindən çölə çıxarmış və yaşadığı ünvana aparmışdır. 2023-cü ilin yanvar ayının əvvəllərində o, bir ədəd yük avtomobili təkərini və 1 ədəd diski tanışı Sahibin yük avtomobili ilə Şirvan şəhərində «Sever yolu»na aparmış və orada qeyd olunan təkər və diski tanımadığı şəxsə satmışdır. Əldə etdiyi pulu isə öz ehtiyaclarına xərcləmişdir. O, 28 dekabr 2022-ci il tarixdən artıq MMC-yə getməmişdir. Sonradan MMC-də onun oğurluq etdiyini öyrənmişlər və bu barədə polisə müraciət etmişlər. Polis şöbəsində o, təhqiqat bölməsində olarkən izahat verib hər şeyi etiraf etmişdir. Qeyd etmişdir ki, Sahibin təkər və diskin oğurluq olmasından məlumatı olmamışdır. Həmçinin 1 ədəd təkəri və 1 ədəd diski satdığı şəxsə onların özünə məxsus olduğunu demişdir. Oğurluq cinayəti törədən zaman onu kənardan görən olmamış, oğurluğu tək törətmişdir. O, başqa heç nə oğurlamamışdır. Zavodun həyətindən digər 1 ədəd yük avtomaşınına aid təkər və 5 ədəd diskin oğurlanmasından məlumatı yoxdur. O, 2022-ci ilin fevral ayından 28 dekabr 2022-ci il tarixədək olan müddətdə Retro Holding MMC-nin nəznində olan sement zavodunda fəhlə kimi günəmuzd çalışmış, zavod ərazisində yerləşən avtomobillərə və avtomobil ehtiyyat hissələrinə nəzarət etmək kimi vəzifəsi olmamışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində törətdiyi cinayət əməlini etiraf edərək 16 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində faktiki olaraq fəhlə kimi işlədiyi Zərərçəkmiş şəxs sement zavodunun həyətində olan zaman anbarın yaxınlığındakı ərazidən “Man” markalı yük avtomobilinə məxsus 1 ədəd təkəri, “Shagman” markalı yük avtomobilinə məxsus 1 ədəd təkəri, altı ədəd düralüminium materialdan hazırlanmış yük avtomobilinin disklərini gizli yolla talamaqla, sonradan həmin təkər və diskləri Şirvan şəhərinin «Sever yolu» adlı ərazisində tanımadığı şəxslərə satdığını və əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf etdiyini göstərmişdir. (i.v. 90-91) Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, o Zərərçəkmiş şəxs MMC-də fəhlə işləmişdir. 29 dekabr 2022-ci il tarixdə MMC-də anbardar işləyən Şahid2 bildirmişdir ki, MMC-nin həyətində olan 1 ədəd «Man» markalı yük avtomobilinə məxsus təkər, 1 ədəd «Shagman» markalı yük avtomobilinə məxsus təkər və 6 ədəd düralüminium materialdan olan disklər oğurlanmışdır. Bununla bağlı MMC-də araşdırma apardıqda müəyyən etmişdir ki, oğurluğu Təqsirləndirilən şəxs törətmişdir. Bu barədə rəhbərliyə məlumat verdikdən sonra həmin vaxt bayram vaxtı olduğundan həmin an polis şöbəsinə şikayət etməmişlər. 09 yanvar 2023-cü il tarixdə isə bu barədə həmin vaxt MMC-də mühafizə rəisi işləyən Şahid1 polisə ərizə ilə müraciət etmişdir. Oğurlanmış təkərlərin biri 700 manat dəyərində olmuş, disklərin hər birinin dəyəri isə 150 manat olmuşdur. Ümumilikdə MMC-yə 2300 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayından MMC-də sement zavodunda işləmişdir. Zərərçəkmiş hüquqi şəxsin mümayəndəsi məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanla bağlı Zərərçəkmiş şəxs MMC-nə heç bir ödəniş edilməmiş və barışıq əldə olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayından Zərərçəkmiş şəxs MMC-də mühafizə rəisi işləyir. Onun işi MMC-yə məxsus olan obyektlərin mühafizəsindən ibarətdir. Təqsirləndirilən şəxs tanıyır, o Zərərçəkmiş şəxs MMC-də fəhlə işləmişdir. Onunla aralarında düşmənçilik və ya ədavət olmamışdır. 29 dekabr 2022-ci il tarixdə MMC-də anbardar işləyən Şahid2 bildirmişdir ki, MMC-nin həyətində olan 1 ədəd «Man» markalı yük avtomobilinə məxsus təkər, 1 ədəd «Shagman» markalı yük avtomobilinə məxsus təkər və 6 ədəd düralüminium materialdan olan disklər oğurlanmışdır. Bununla bağlı MMC-də araşdırma apardıqda müəyyən etmişdir ki, oğurluğu Təqsirləndirilən şəxs törətmişdir. Bu barədə rəhbərliyə məlumat verdikdən sonra həmin vaxt bayram vaxtı olduğundan həmin an polis şöbəsinə şikayət etməmişlər. 09 yanvar 2023-cü il tarixdə isə bu barədə polisə ərizə ilə müraciət etmişdir. Oğurlanmış təkərlərin biri 700 manat dəyərində olmuş, disklərin hər birinin dəyəri isə 150 manat dəyərində olmuşdur. Ümumilikdə MMC-yə 2300 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayından MMC-də sement zavodunda işləyib, Təqsirləndirilən şəxsla əmək müqaviləsi bağlanmamış, lakin faktiki olaraq hər gün işə gəlib işlədiyi yerdən əməkhaqqı almışdır. Təqsirləndirilən şəxs zavod ərazisində yerləşən anbarda və ya anbarın ətrafında yerləşən avtomobil təkərlərinə nəzarət etmək kimi vəzifəsi olmamışdır. O sement zavodunda fəhlə kimi çalışmış, zavod ərazisində yerləşən avtomobillərin təkərlərinə nəzarət etmək kimi vəzifəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Zərərçəkmiş şəxs MMC-nin Şirvan şəhərində yerləşən sement zavodunda anbardar işləyir. O, anbardar kimi şirkətin baş ofisindən gələn malları anbara qəbul edib işçilərə verir. 29 dekabr 2022-ci il tarixdə səhər saatlarında işə gəldikdə anbarın giriş qapısının yaxınlığında 1 ədəd «Man» markalı yük avtomobilinin təkərinin, 1 ədəd «Shagman» markalı yük avtomobilinin təkərinin və 6 ədəd düralüminium disklərin yerində olmadığını aşkar etmişdir. Soraqlaşdıqda heç kimin həmin təkərləri və diskləri götürməməsini müəyyən edib həmin əşyaların oğurlandığını başa düşmüş və bu barədə rəhbərliyə məlumat vermişdir. Həmin gün aparılan yoxlama ilə təkərlər və disklərin MMCdə fəhlə işləyən Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını aşkar etmişlər. Həmin vaxt rəhbərlik tərəfindən şikayət olunmamış, çünki bayram vaxtı olmuşdur. Lakin 2023-cü ilin yanvar ayının 09-da MMC-də mühafizə rəisi işləyən Şahid1 təlimatlandırılaraq polis şöbəsinə göndərilmiş və polis şöbəsinə şikayət olunmuşdur. Qeyd etmişdir ki, yük avtomobillərinin təkərlərinin hər biri 700 manat, düralüminium disklərin hər birinin dəyəri isə 150 manat təşkil edir. Həmçinin əlavə etmişdir ki, Təqsirləndirilən şəxsla söhbət aparılan zaman o oğurluq etməsini özü də etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, özünə məxsus «Qaz 3302» markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşıyıb pul qazanır. Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Təxminən 2023-cü ilin yanvar ayının əvvəllərində Şirvan şəhərində yerləşən «Retro» zavodun yaxınlığında avtomobili ilə dayanan zaman Mirdamət ona yaxınlaşaraq yaşadığı evin həyətində yük avtomobili təkəri və diski olduğunu, onları Şirvan şəhərinin «Sever yolu» adlı əraziyə aparmaq lazım olduğunu bildirmişdir. O da etiraz etməmiş və Mirdamətlə onun yaşadığı ünvana getmişlər. Mirdamətin yaşadığı evin yanında durandan sonra o, evin həyətindən bir ədəd yük avtomobili təkərini yuvarlayayuvarlaya gətirmiş və onlar köməkləşib təkəri avtomobilə qoymuşlar. Sonra Mirdamət disk də gətirmiş və onu da avtomobilə qoyduqdan sonra o, avtomobili idarə edib Şirvan şəhərinin «Sever yolu» adlı əraziyə getmiş və orada yolun kənarında Mirdaməti və əşyaları düşürtmüşdür. Sonra Mirdamət ona 10 manat pul vermiş və o, oradan çıxıb öz işinin dalınca getmişdir. Mirdamətin təkəri və diski haradan əldə etdiyi barədə onun məlumatı yoxdur. Mirdamət ona həmin əşyaların özünə məxsus olduğunu və satmaq istədiyini demişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Baxış keçirilməsi haqqında 09 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən Zərərçəkmiş şəxs MMC-nin həyətidir. Baxış zamanı əsas yanacaq çənləri ilə olan yük maşınları, ətrafda təkərlər müşahidə olundu. Hər hansı izlər müəyyən olunmamış, müşahidə kameralarının olmadığı müəyyən olunmuşdur. ( i.v. 5-6) 09 yanvar 2023-cü il tarixli ərizədən məlum olur ki, 2022-ci ilin dekabr ayının 25-dən 27-ə qədər olan müddətdə Zərərçəkmiş şəxs MMC-yə məxsus Mersedes Man markalı yük maşınına aid 01 ədəd təkər və Şaqman yük maşınına aid 01 ədəd təkər, 06 ədəd düralüminium materialdan olan disklərin oğurlanması nəticəsində Retro Holding” MMC -yə 2300 manat maddi ziyan dəymişdir. (i.v 4) 22 yanvar 2023-cü il tarixli əməliyyat tapşırığına cavadan məlum olur ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlar üzrə müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, lakin Təqsirləndirilən şəxs oğurladığı disk və təkərləri kimə satmasını müəyyən etmək mümkün olmamışdır. (i.v 32) Şirvan şəhər mərkəzi xəstəxanasının 25 yanvar 2023-cü il tarixli, 63 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ŞMP-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (i.v. 36-37) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.37-38) 11 fevral 2023-cü il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 15 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəlmiş və həmin tarixdə iş üzrə dayandırılmış icraat təzələnmiş, 15 iyun 2023-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 22 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 X2 Ərazi Dairəsi üzrə nümayəndəliyinin 591 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ş.Şükürov Dəmiryol küçəsi, ev 4 ünvanında qeydiyyatdadır. (i.v.34-35) Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 X2 Ərazi Dairəsi üzrə nümayəndəliyinin 017 nömrəli xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 X2 Ərazi Dairəsi üzrə nümayəndəlinə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (i.v.34-35) İ-21049 nömrəli, İ-54866 nömrəli, vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2714 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə medalı”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı medalı” ilə Müzəffər Ali Baş Komandan Mükafatı ilə, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə Fəxri Fərmanla təltif olunmuşdur. Məhkəmə cinayət işi ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlini Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilərək verdiyi ifadəsinə tənqidi yanaşır, onun ibtidai istintaq zamanı bildirdiklərini, şahid ifadələrini və işdə olan digər sənədləri əsas tutaraq onun məhkəmədə verdiyi ifadəsini özünümüdafiə xarakterli hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxs barəsində yüngülləşdirici halı və ağırlaşdırıcı halların olmamasını, o cümlədən onun şəxsiyyətini, “44 günlük Vətən müharibəsi”nin iştirakçısı olmaqla Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2714 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə medalı”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı medalı” ilə, Müzəffər Ali Baş Komandan Mükafatı ilə, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə Fəxri Fərmanla təltif olunmasını, gənc olmasını nəzərə alaraq hesab edir ki, şəxsi ailəsi və yaxınlarından, habelə uyğunlaşdığı mühitdən, cəmiyyətdən ayırmadan, həmin mühit daxilində bir fərd kimi islah etməklə də cəzanın məqsədləri təmin edilə bilər. Bu səbəbdən də məhkəmə onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə işləri cəzasının təyin olunmasının, hökmün icrasının Şirvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməsinin, barəsində seçiilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “başqa yerə getməmək qətimkan tədbiri” ilə əvəz edilməsini və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasının məqsədəmüvafiq olması qənaətinə gəlir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 10 % dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin və cəzaçəkməsinin əvvəli onun qazancından ilkin tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçiilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “başqa yerə getməmək qətimkan tədbiri” ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Şirvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar