Məhkəmə qərarları › İş №1(032)-174/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-174/2024

21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-174/2024 21.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:15 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X4 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında 24 avqust 1980-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 224-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda, yəni 0,411 qram psixotrop maddə metamfetamini əldə edib, üzərində daşımaqla saxlamış, 29 may 2024-cü il tarixdə saat 18:15-də Şirvan şəhər polis şöbəsinin Cinayət Axtarışı bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şirvan şəhəri, T.Ələkbərov küçəsində saxlanaraq, polis şöbəsinə gətirib üzərində saat 19:20-dən saat 19:40-dək olan müddət ərzində keçirilmiş şəxs axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd polietilen bükümdə təmiz çəkisi - 0,411 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyib ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etməyərək, bildirdi ki, icra məmurunun çağırışına getmiş, probasiya şöbəsinin qarşısında olarkən polis əməkdaşları onu saxlamışlar. Saxlanılan zaman üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis şöbəsində olarkən hədə-qorxu nəticəsində narkotik vasitənin ona məxsus olması barədə etirafedici ifadələr verməyə məcbur edilmişdir. Videoçəkiliş aparılan zaman bu barədə vəkilinə bildirməmiş, həmin vaxt da təsir altında olmuşdur. Hazırda düzgün ifadə verir, bunların nəzərə alınmasını xahiş edir. İbtidai araşdırma zamanı isə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, bir müddətdir ki, narkotik vasitə istifadə etmişdir. 29 may 2024-cü il tarixdə günorta saatlarında yaşadığı Şirvan şəhəri Natavan küçəsində piyada hərəkətdə olmuş, hərəkət edən zaman yolun kənarında bir ədəd sellofan büküm onun diqqətini çəkmiş, yaxınlaşaraq həmin bükümü götürmüş və içərisində psixotrop maddə olan metamfetamin olduğunu görmüş və istifadə etmək məqsədi ilə həmin büküm üzərində saxlamışdır. 29 may 2024-cü il tarixdə saat 18 radələrində Şirvan şəhəri, T.Ələkbərov küçəsində hərəkətdə olarkən Şirvan ŞPŞ-nin mülki geyimli əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşı olduqları bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsinə şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparılması üçün onu polis şöbəsinə dəvət etmişlər. O da buna etiraz etməmş və birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahından hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bir qədər keçdikdən sonra vəkil Xəqani Salahov gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyini təklif etdikdə, o, üzərində olan bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sonra o əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmişdir. Elektron tərəzi vasitəsilə çəkilən zaman həmin psixotrop maddənin çəkisinin 0,46 qram olması ona məlum olmuş, daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibindən özünə məxsus olan “Redmi” markalı mobil telefon və ev açarı aşkar olunaraq götürülmüşdür. Həmçinin daha sonra üzərindən qanunsuz heç bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra protokol tərtib edilmiş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Bundan başqa o bildirmişdir ki, ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmiş, heç vaxt psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələri, şahid ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, iş üzrə keçirilmiş ekspertiza rəyləri, videoçəkiliş və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin NMQnun baş əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirdi ki, 29 may 2024-cü il tarixdə xidmətdə olarkən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində psixotrop maddə saxlamaqda məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul edilmişdir. 29 may 2024-cü il tarixdə saat 18 radələrində o, CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə şəhərin T.Ələkbərov küçəsində əməliyyat tədbirləri keçirərkən Təqsirləndirilən şəxs görmüşlər və onun barəsində məlumat daxil olduğu üçün ona yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs yaxınlaşıb ona özlərini təqdim edərək sonuncuya üzərində psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirmişlər və onu polis şöbəsinə dəvət etmişlər. PŞ-də Təqsirləndirilən şəxs Şirvan şəhər PŞ-nin TB-də vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil X1. Vəkil Xəqani Salahov gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş və əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymuş və həmin sellofan bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı İlkin Xudiyev tərəfindən şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən heç bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. Həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Bundan başqa o bildirmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər sakini kimi tanımış, onun Şirvan şəhər ərazisində üzərində psixotrop maddə saxlaması və istifadə etməsi barədə ona məlumat daxil olsa da, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 şahid qismində vermiş olduğu ifadəsində Şahid2 ifadəsində göstərdiklərini təsdiq etməklə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və təqdim etdiyi həmin sellofan bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan büküm açıldıqda içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş 29 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə saat 18:55-də tutulmuşdur; Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 3-16-16/2-18/536 nömrəli, 30 may 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen bükümündə təmiz çəkisi - 0,411 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). Metamfetaminin təmiz çəkisi - 0,411 qram, tədqiqata istifadə olundu - 0,05 qram, qalıq 0,361 qramdır; Cinayət işi materiallarına əlavə olunmuş 30 may 2024-cü il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və cinayət işi aidiyyəti üzrə Şirvan şəhər polis şöbəsinin İB-yə verilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 30 may 2024-cü il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X3 icraatına qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır; Cinayət işi materiallarına əlavə olunmuş 30 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş Şirvan şəhər Məhkəməsinin 31 may 2024cü il tarixli, 4(032)-132/2024 saylı qərarından görünür ki, həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 31 may 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 31 may 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 345 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Cinayət işi materiallarına əlavə olunmuş “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 10 avqust 2024-cü il tarixli, 18-1-35/2-1179/2024 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. “Opioidlərin qəbulu nəticəsində narkomaniya” xəstəliyi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatdadır; Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİdən Şirvan ŞPŞ-nə daxil olmuş tələbnamədən və Şirvan şəhər Məhkəməsinin 1(032)- 128/20222 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır; Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2024-cü il tarixdə başa çatmasına baxmayaraq, hazırki cinayət əməli onun tərəfindən 29 may 2024-cü il tarixdə törədilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ödənilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə - narkoloji ekspertizasının 06 avqust 2024-cü il tarixli, 5387 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür; Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ziddiyyətli ifadəsinə, yəni Şirvan şəhər Polis şöbəsində ona qarşı qanunsuz təsirin olması barədə bildirdiklərinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) qiymət verərək onları qəbul etmir və bildirir ki, həmin ifadələr işin halları ilə təsdiq olunmur. Məhkəmə bu kontekstdə çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın bütün mərhələsində onunla bağlı olan istintaq hərəkətlərində müdafiəçi iştirak etməklə, şübhəli və təqsirləndirilən şəxs qismində etirafedici izahat və ifadələr vermiş, nə müdafiəçisinə, nə videoçəkiliş zamanı narazılığını, etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Şirvan şəhər Polis şöbəsində ona qarşı qanunsuz təsirin olması barədə bildirdikləri işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə ilə tam təkzib olunur. Belə olan vəziyyətdə Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadələrinə inanıb onları qəbul etmək üçün məhkəmədə heç bir əsas yoxdur. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan qəsdən cinayət törətməyə görə məhkum edilməsini, məhkumluğunun ödənilməməsini, islah olunmamasını, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə saxlanıldığı Şirvan şəhər Polis şöbəsinin MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun haqqında başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Şirvan şəhər Polis şöbəsində saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,361 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi şübhəli şəxs qismində həbsdə saxlanması nəzərə alınıb cəzasından 02 (iki) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 21 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Şirvan şəhər Polis şöbəsində saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,361 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar