Məhkəmə qərarları › İş №1(032)-175/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-175/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-175/2024 04.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:21-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «polisin nəzarəti altına vermə » qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama, daşıma cinayət əməlini törəmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,550 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 iyun 2024-cü il tarixdə, saat 03:25 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində hərəkət edərkən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı 0,550 qram çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etdi və bildirdi ki, üzərindən aşkar olunmuş narkotik vasitəni 23 iyun 2024-cü il tarixdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində H.Əliyev parkında piyada gəzərkən yerdən tapmış, sonra özü istifadə edər deyə üzərində saxlamışdır. Tapdığı narkotik vasitədən istifadə etməmiş, xx.xx.2024-cü il tarixdə saat 03:25 radələrində Şirvan şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb Şirvan şəhər polis şöbəsinə aparılmış, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarının sağ yan cibindəki 1 (bir) ədəd sellofan bükümün içərisində narkotik vasitə olan heroini təqdim etmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. O da digər iştirakçılar kimi protokol oxunduqdan sonra imza etmişdir. Şirvan şəhər Polis şöbəsinə aparılarkən və orada olarkən ona qarşı hər hansı bir qanunsuz təsir və təzyiq olmamış, üzərində şəxsi axtarış keçirilən zaman vəkil iştirak etmişdir. Hazırda əməlindən peşmandır, cəza təyin edilərkən nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi və şahid ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, iş üzrə keçirilmiş ekspertiza rəyləri, videoçəkiliş və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində bildirdi ki, 24 iyun 2024-ci il tarixdə saat 03:25 radələrində Şirvan şəhəri H.Əliyev prospektində PPXB-nün polis nəfəri Şahid2lə xidmətdə olarkən şəhərin H.Əliyev prospektində bir nəfər şəxsin uca səslə səs-küy saldığını görüb ona yaxınlaşmışlar. Həmin şəxsə yaxınlaşıb onu nizam-intizama dəvət etdikdə həmin şəxsin narkotik vasitələrin istifadəsində özünü şübhəli apardığını görmüşlər və həmin şəxsin üzərinə şəxsi axtarış aparılması üçün polis şöbəsinə dəvət etmişlər. Şirvan şəhər Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Abşeron rayonu Xırdalan şəhər sakini Təqsirləndirilən şəxsdur. Raport üzrə araşdırma aparılması Təhqiqat bölməsinə həvalə olunmuşdur. Təhqiqat bölməsində təhqiqatçı Yusif Əhmədov tərəfindən Xalid Əmirov şübhəli şəxs qismində tutularaq ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və vəkil gəldikdən sonra videoçəkilişlə Xalid Əmirovun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Xalid Əmirova üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Xalid Əmirov əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuş və bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqdim etdiyi bir ədəd büküm təhqiqatçı tərəfindən baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Xalid Əmirovun təqdim etdiyi bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərək miqdarı dəqiqləşdirimiş, daha sonra zərfə qoyularaq qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet, döyüş sursatı və ya başqa qanunsuz hər hansı bir əşya olduğu halda onları könüllü surətdə təqdim olunması təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə olan heroin var. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümün içərisində narkotik vasitə olan heroinin olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Elektron tərəzi vasitəsi ilə həmin içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olan büküm çəkilən zaman çəkisinin 0,79 qram olduğu müəyyən edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Cinayət işi materiallarında olan : 24 iyun 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü il tarixdə saat 03:25-də faktiki olaraq məhdudlaşdırılmış, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə saat 04:00-da tutulmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 3-16-16/2-18/609 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən….” sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi - 0,550 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi – 0,550 qram, tədqiqata istifadə olundu - 0,05 qram , qalıq 0,500 qramdır; xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və cinayət işi aidiyyəti üzrə Şirvan şəhər polis şöbəsinin İB-yə verilmişdir; xx.xx.2024-cü il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X2 icraatına qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır; xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir; Məhkəmə - narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5199 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabionidlərin və opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2024-cü il tarixli 2191 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur; "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2024-cü il tarixli,732 saylı arayışından görünür ki, Əmirov X7 rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 30 ünvanında yerləşən 19-cu bina, 125 nömrəli mənzildə anası-X3 ilə birlikdə yaşayır; "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2024-cü il tarixli xasiyyətnamədə qeyd edilmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 30 ünvanında yerləşən 19-cu bina, 125 nömrəli mənzildə yaşayan Təqsirləndirilən şəxs haqqında komendantlıq və qonşular tərəfindən MTK-ya heç bir şikayət daxil olmamışdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Şirvan ŞPŞ-nə daxil olmuş tələbnamədən və Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur; Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsinə, lakin məhkumluğunun ödənilməsinə baxmayaraq islah olunmamasını, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə saat 04:00-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 16:30-da (cinayət prosesini həyata keçirən ibtidai istintaq orqanı tərəfindən 48 saatdan artıq şübhəli şəxs vəziyyətində saxlanılmaqla) saxlanıldığı Şirvan şəhər Polis şöbəsinin MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun haqqında polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan 0,500 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayəthüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi 3 gün həbsdə saxlanılma müddəti təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq ona 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 04 dekabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalında həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlama anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,500 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 (kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE**********00********) hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar