Məhkəmə qərarları › İş №1(032)-175/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-175/2025

21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-175/2025 21.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:40-da Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə , xx.xx.1971-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay , orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma cinayət əməlini törətmişdir. Belə ki, o, 15 avqust 2025-ci il tarixdə saat 07:52 radələrində sürücülük hüququ olmaqla və sərxoş olmadan idarə etdiyi, özünə məxsus və texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri T.Ələkbərov küçəsində 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, avtomobilini öz hərəkət zolağı ilə təhlükəsiz hərəkətini təmin etməli olmalı olduğu halda bunu etməyərək Şirvan şəhəri N.Nərimanov küçəsi ilə kəsişmədə yerləşən yolayrıcına çatmamış avtomobili əks hərəkət yoluna çıxardaraq avtomobilinin ön sağ tərəfi ilə N.Nərimanov küçəsi ilə hərəkət edərək T.Ələkbərov küçəsinin kəsişməsində sola doğru dönüb üzərinə doğru avtomobil istiqamətləndiyini görüb avtomobilini dayandırmış X4 idarə etdiyi “Ford Transit” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ tərəfi ilə yolun sol kənarından sağa doğru 4,1 metr məsafədə toqquşub, sonra toqquşma yerindən 6,2 metr öndə N.Nərimanov küçəsini soldan sağa doğru çəpəki formada adi addımlarla keçən piyadalar X8 və X6 avtomobilinin ön tərəfi ilə yolun sağ kənarından sola doğru 5,2 metr məsafədə vurmuş, daha sonra düzünə gedərək yol ayrıcının qarşısında, T.Ələkbərov küçəsində dayanmış X5 idarə etdiyi “Nissan X-Trail” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön tərəfi ilə yolun sol kənarında sağa doğru 2,4 metr məsafədə toqquşmuş, nəticədə idarə etdiyi avtomobilin arxa sağ oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs sağ bazu sümüyünün orta 1/3-nin yerdəyişmiş sınığı ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, özünə məxsus avtomobili ilə şəhər daxili taksi fəaliyəti ilə məşğul olmuşdur. “VAZ 21074” markalı, ** BJ *** qeydiyyat nişanlı minik avtomobili ona məxsus olmuş və həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 07 radələrində özünə məxsus “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə "köhnə şəhər” adlanan yerdə gözləmişdir. Həmin vaxt avtomobilə iki kişi, biri qadın olmaqla üç nəfər sərnişin əyləşmişdir. O, icra hakimiyyəti istiqamətində getmişdir. Saat 07:50 radələrində Ələkbərov küçəsi ilə təxminən 30-40 km/saat sürətlə hərəkət etmiş, dəmir yoluna yaxınlaşıb sürətini zəiflədib dayanmış, yolayrıcından dəmir yoluna keçmək üçün sol tərəfə baxmış, həmin vaxt sağa dönmək istəyərkən sol tərəfin boş olduğuna baxarkən əks istiqamətdən gələn “Ford Transit” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobil ön sağ tərəfi onun sağ tərəfi ilə toqquşmuşdur. Toqquşmadan sonra dərhal özünü itirmiş və avtomobili ilə əvvəlcə yolayrıcında olan iki piyadanı vurmuş, daha sonra isə avtomobli qarşı tərəfdə olan “Nissan X-Trail” markalı, **-RM-*** qeydiyat nişanlı avtomobilinin ön hissəsinə çırpılmış, həmin vaxt zərbə nəticəsində huşu getmiş və özünə gəldikdə onu avtomobilindən çıxarmışlar. “Ford Transit” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobili ilə toqquşan zaman o, huşunu itirmiş və sonra olan hadisələrdən xəbəri olmamışdır. Belə ki, “Nissan X-Trail” markalı, **-RM-*** qeydiyat nişanlı avtomobili və iki nəfər piyadanı vurduğunu o, yalnız polis şöbəsində olarkən bilmişdir. Son olaraq əməlindən peşman olmasını bildirib məhkəmədən amnistiyanın tətbiq olunmasını və barəsində olan cinayət təqibinə qeyri-bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə saat 07 radələrində atası Dadaş tanışları Vidadi ilə mobil telefonda danışmış, sonuncu taksi ilə şəhərə gedəcəyini və onları da götürə biləcəyini bildirmişdir. Onlar razılaşmış və təxminən saat 07:20 radələrində onlar “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. Ön sağ oturacaqda Vidadi, arxa sol oturacaqda atası Dadaş, arxa sağ oturacaqda isə özü əyləşmişdir. Avtomobili isə Təqsirləndirilən şəxs idarə etmiş, hərəkət sürəti isə təxminən 60 km/saat olmuşdur. Onlar avtomobil ilə şəhərin T.Ələkbərov küçəsi ilə hərəkət etməyə başlamış, saat 07:52də dəmir yoluna yaxınlaşarkən “Ford Transit” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin dəmir yolunu keçib gəldiyini görmüşdür. Onların arasında təxminən 40-50 metr məsafə olmuş, atası Dadaş sürücüyə ehtiyatlı olmasını desə də sonuncu heç bir reaksiya verməmiş və sürətini azaltmadan, eyni sürətlə gedib “Ford Transit” markalı, avtomobil ilə toqquşmuş, daha sonra isə ön tərəfdə yolayrıcında yolu keçən iki nəfər piyadanı vurub qarşıda dayanmış vəziyyətdə olan “Nissan X-Trail” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyib dayanmışdır. Hadisə nəticəsində o, sağ qolundan xəsarət almışdır. Hadisədən sonra ətrafda olan insanlar onlara köməklik göstərmiş və xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. O, xx.xx.2025-ci il tarixdə saat 07 radələrində tanışı Vidadi ilə mobil telefonda danışmış, sonuncu taksi ilə şəhərə gedəcəyini və onları da götürə biləcəyini bildirmişdir. O, razılaşmış və təxminən saat 07:20 radələrində qızı ilə birlikdə “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Ön sağ oturacaqda Vidadi, arxa sol oturacaqda özü, arxa sağ oturacaqda isə qızı əyləşmişdir. Avtomobili isə Təqsirləndirilən şəxs idarə etmiş, hərəkət sürəti isə təxminən 60 km/saat olmuşdur. Onlar avtomobil ilə şəhərin T.Ələkbərov küçəsi ilə hərəkət etməyə başlamış, saat 07:52-də dəmir yoluna yaxınlaşarkən “Ford Transit” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin dəmir yolunu keçib gəldiyini görmüşdür. Onların arasında təxminən 40-50 metr məsafə olmuş, o, sürücüyə ehtiyatlı olmasını desə də sonuncu heç bir reaksiya verməmiş və sürətini azaltmadan, eyni sürətlə gedib “Ford Transit” markalı, avtomobil ilə toqquşmuş, daha sonra isə ön tərəfdə yolayrıcında yolu keçən iki nəfər piyadanı vurub qarşıda dayanmış vəziyyətdə olan “Nissan X-Trail” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyib dayanmışdır. Hadisə nəticəsində qızı sağ qolundan xəsarət almışdır. Hadisədən sonra ətrafda olan insanlar onlara köməklik göstərmiş və xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etdi . İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : Yol-nəqliyyat hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şirvan şəhərinin T.Ələkbərov küçəsi ilə N.Nərimanov küçəsinin kəsişməsindədir. Hadisə yerində yol asfalt örtüklü olmaqla quru, düz və hamardır. Hadisə yeri yaşayış məntəqəsi hesab olunur. Yolun hərəkət hissəsinin ümumi eni 14 metrdir. Hadisə yerində T.Ələkbərov küçəsi istiqamətində yolun sol səkisinin hündürlüyü 30 sm, eni isə 2 metr, yolun sağ səkisinin hündürlüyü 30 sm, eni isə 2 metrdir. Baxış zamanı hadisə yerində hər hansı tormoz izi aşkar edilməmişdir. Baxış zamanı yolayrıcında hər iki tərəfdən T.Ələkbərov küçəsindəki yolda 2.5-ci “Dayanmadan keçmək qadağandır” yol nişanı, yəni “STOP” yol nişanının olması müəyyən edilmişdir. Hadisə baş verən ərazidə asfalt yeni təmir olunduğundan yerdə hər hansı nişanlama xətləri müəyyən edilməmişdir. Qeyd olunan yolda ən yüksək hərəkət sürətinin 50 km/saat olması müəyyən edilmişdir. Bundan başqa həmçinin müəyyən edilmişdir ki, hadisə zamanı “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüdən əlavə üç nəfər sərnişin olmuş, avtomobildə yük və ya nasazlıq olmamışdır. Hadisə zamanı “Ford Transit” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüdən əlavə sərnişin, yük və ya nasazlıq olmamışdır. Hadisə zamanı “Nissan X- Trail” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüdən əlavə sərnişin, yük və ya nasazlıq olmamışdır. “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi vardır, hadisə zamanı o, ayıq vəziyyətdə olmuşdur. “Ford Transit” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 vəsiqəsi vardır, hadisə zamanı o, ayıq vəziyyətdə olmuşdur. “Nissan X-Trail markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 vəsiqəsi vardır, hadisə zamanı o, ayıq vəziyyətdə olmuşdur. Sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2025-ci il tarixli, 02338 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 xx.xx.2025-ci il tarixli 463 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər – sağ bazu sümüyünün orta 1/3-nin yerdəyişmiş sınığı-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 15 avqust 2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcələrinə görə qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli videogörüntüyə baxış aparılması və götürülməsi haqqında protokoldan görünür ki, 15 avqust 2025-ci il tarixdə saat 07:52-də “Ford Transit” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili dəmiryolunu keçib sola dönmüş, sonra “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sol yoldan gələrək yolayrıcını keçən piyadaları vurub düzünə gedərək yol ayrıcının qarşısında dayanmış “Nissan X-Trail” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə çırpılmışdır. Baxış zamanı videogörüntü bir ədəd diskə köçürülərək materiala əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 8/2207 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyindən görünür ki, “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Ford Transit” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. “Nissan X-Trail” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, barəsində olan cinayət işi üzrə özünü təqsirli bilir. Cinayət işi üzrə barəsində AR Milli Məclisinin xx.xx.2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərarın 5.1-ci bəndinin tətbiq edilməsini xahiş etmişdir. DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə Dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli CM-nin 120.2.4 və 128-ci maddələri ilə təqsirli bilinərək 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli qərarına əsasən 10 ay 20 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. Hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə verdikləri və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü təqsirli bildiyini bildirib, barəsində «Konstitusiya və Suverenlik İli» münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilərək təqsirləndirildiyi hazırki cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilmiş amnistiya aktının 5.1-ci bəndinin təsir dairəsinə düşür. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 24-cü hissəsində əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxsnın barəsində yuxarıda qeyd olunan amnistiya aktının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər mövcud deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (CPM) 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə məhkəmə yekun nəticəyə gələrək hesab edir ki, Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respbulikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktı tətbiq edilməli və Azərbaycan Respbulikası CPM-in 43.3-cü maddəsinə əsasən aparılan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan “VAZ 21074” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan- 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatının kodu 142595 , Büdcə səviyyəsinin kodu 3, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. Məhkəmə şərh olunanları və Azərbaycan Respublikası CPM-nın 43.3, 156.4, 344-347, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində AR Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktı tətbiq edilsin və Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan “VAZ 21074” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatının kodu 142595 , Büdcə səviyyəsinin kodu 3, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada 20 gün müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar