Məhkəmə qərarları › İş №1(032)-177/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-177/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-177/2024 22.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:00-da Şirvan şəhər Məhkəməsinin hakimi X9 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022ci ildə Qaradağ rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılaraq xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu olan, Şirvan şəhəri, Vidadi küçəsi ev 26-da qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmədən ibarət cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində olan damın girişindən sol tərəfdə yerləşən otaqda taxta sütunların üzərində 02 ədəd dəmir qabda qanunsuz olaraq əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan 06 (altı) ədəd, yəni xeyli miqdarda çətənə (kannabis) bitkilərini əkib yetişdirməklə kultivasiya etmiş və 16 iyul 2024-cü il tarixdə Şirvan şəhər PŞ-nin əməkdaşları tərəfindən saat 21:15-dən saat 21:50-dək Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində keçirilmiş baxış zamanı həyətdə olan damın girişindən sol tərəfdə yerləşən otaqda taxta sütunların üzərindəki 2 ədəd dəmir qabın içərisindən 06 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi-185,0 qram yaş vəziyyətdə əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadə verib göstərdi ki, əvvəllər məhkum olunmuş, arabir narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. 2024cü ilin mart ayında 02 ədəd dəmir qabda çətənə toxumları əkmişdir. Bundan sonra çətənə kollarının yetişməsi üçün mütamadi olaraq onlara aqrotexniki qaydada qulluq etmiş, bir müddət sonra həmin iki ədəd dəmir qabın hər birində 01 ədəd çətənə kolu əmələ gəlmişdir. O, 02 ədəd dəmir qabda olan 02 ədəd çətənə kolunu həyətində olan damın içərisində arxa tərəfdə taxta sütunların üzərində gizlətmişdir. 16 iyul 2024-cü il tarixdə yaşadığı fərdi yaşayış evində olarkən polis əməkdaşları gəlmişlər və ona özlərini təqdim edərək, fərdi yaşayış evinin həyətyanı sahəsində baxış keçiləcəyini bildirmişlər. O, etirazının olmadığını bildirmiş və bu barədə yazılı ərizə vermişdir. Bundan sonra ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə video kamera vasitəsi ilə baxış keçirilmiş, baxış zamanı həyətyanı sahədə olan damın içərisindən girişdən sol tərəfdə yerləşən otaqda taxta sütunların üzərində gizlətdiyi 02 ədəd dəmir qabda yetişdirdiyi 02 ədəd çətənə kolunu təqdim etmişdir. İttiham aktında çətənə kollarının sayı 06 ədəd göstərilmiş, lakin kolların sayı 02 ədəd olmuşdur. Videoçəkilişdə görünən kollardan hündürlüyü qısa olanlar kol deyildir, çətənə kollarından qırılaraq dibçəyə basdırılmış budaqlardır. Baxış zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, həyətyanı sahədə aşkar edilmiş 02 ədəd dəmir qabda olan 02 ədəd bitki kolu çətənə bitkisidir, həmin çətənə kollarını özü istifadə etmək üçün əkmiş və satış məqsədi olmamışdır. Həmin vaxt orada olan aqronom Şahid3 da 02 ədəd bitki koluna baxış keçirmiş, sonuncu həmin 02 ədəd kola aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra həmin 02 ədəd kolu kökündən çıxarılaraq müvafiq qaydada qablaşdırılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə 06 ədəd deyil, 02 ədəd çətənə kolu əkib yetişdirməsini bildirməsinə dair hissədə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində 17 iyul 2024-cü il tarixdə və təqsirləndirilən şəxs qismində 18 iyul 2024-cü il tarixdə verdiyi ifadələrində cinayət əməlini etiraf edərək göstərmişdir ki, əvvəllər ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə olunmamış, əvvəllər məhkum olunmuş, arabir narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. 2024-cü ilin yanvar ayında yaşadığı Şirvan şəhəri, Vidadi küçəsində Şirvan Kanal adlanan yerədə piyada gəzərkən yerdən sellofan bağlama tapmış, həmin sellofan bağlamanı açıb içərisinə baxdıqda, içərisində toxumlar olmasını görmüş, o, narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyindən həmin toxumların çətənə toxumları olmasını bilmiş və sellofan bükümü özü ilə götürmüş və yaşadığı Şirvan şəhəri, Vidadi küçəsində yerləşən fərdi yaşayış evinə gətirmiş, bir müddət evində gizlətmiş, sonra 2024-cü ilin mart ayında 02 ədəd dəmir qabda həmin toxumları əkmişdir. Bundan sonra çətənə kollarının yetişməsi üçün mütamadi olaraq onlara aqrotexniki qaydada qulluq etmiş, bir müddət sonra həmin 02 ədəd dəmir qabın hər birində 03 ədəd çətənə kolu əmələ gəlmişdir. O, 02 ədəd dəmir qabda olan 06 ədəd çətənə kolunu həyətində olan damın içərisində arxa tərəfdə taxta sütunların üzərində gizlətmişdir. 16 iyul 2024-cü il tarixdə yaşadığı fərdi yaşayış evində olarkən polis əməkdaşları gəlmişlər və ona özlərini təqdim edərək, fərdi yaşayış evinin həyətyanı sahəsində baxış keçiləcəyini bildirmişlər. O da onlara heç bir etirazının olmadığını bildirmiş və bu barədə yazılı ərizə vermişdir. Bundan sonra ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə video kamera vasitəsi ilə baxış keçirilmiş, baxış zamanı həyətyanı sahədə olan damın içərisindən girişdən sol tərəfdə yerləşən otaqda taxta sütunların üzərində gizlətdiyi 02 ədəd dəmir qabda yetişdirdiyi 06 ədəd çətənə kolunu təqdim etmişdir. Baxış zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, həyətyanı aşkar edilmiş 02 ədəd dəmir qabda olan 06 ədəd bitki kolu çətənə bitkisidir, həmin çətənə kollarını özü istifadə etmək üçün əkmiş və satış məqsədi olmamışdır. Həmin vaxt orada olan aqronom Şahid3 da 006 ədəd bitki koluna baxış keçirmiş, sonuncu həmin 6 ədəd kola aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra həmin 06 ədəd kol kökündən çıxarılaraq müvafiq qaydada ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Həmin vaxt protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və onun polis əməkdaşlarının və aqronomun iştirakı ilə imzalanmışdır. Sonra o, polis əməkdaşları ilə birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən ona hüquqlarının müdafiəsi üçün vəkillərin siyahısı təqdim olunmuşdur. O da həmin siyahıdan müdafiəçi X1. Müdafiəçi İlqar Tapdıqov gəldikdən sonra ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Həmin vaxt protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o, polis əməkdaşları və müdafiəçinin iştirakı ilə imzalanmışdır. Bundan başqa o bildirmişdir ki, o, həmin çətənə kollarının toxumlarını Şirvan Kanal adlanan yerdə sellofan bükümdə tapmış, o, həmin çətənə kollarını həyətində özü istifadə etmək üçün əkib becərirmiş, başqa heç bir məqsədi olmamış, o, heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşul olmamış, Şirvan şəhər PŞ-nə gətirildikdən sonra ona müdafiəçi təyin olunmuş, ona Şirvan şəhər PŞ-də heç bir fiziki və mənəvi təzyiq olunmamışdır. Ailə üzvlərinin həyətindəki damda çətənə bitkiləri əkməyi barədə heç bir məlumatı olmamış və bu barədə onlara heç bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 16 iyul 2024-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan şəhəri, Vidadi küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində narkotik tərkibli bitkilərin əkilib becərilməsi ilə məşğul olur. Bununla bağlı tərəfindən rəsmi qaydada Şirvan şəhər PŞ-nin rəhbərliyinə müraciət edilmiş, bundan sonra təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həmin qərar əsasında şöbə rəhbərliyinin müvafiq əmri əsasında əməliyyat axtarış qrupu yaradılmış, qrup üzvləri olaraq o, Şirvan şəhər Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkii Şahid2 və TB-nin təhqiqatçısı X7 təsdiq olunmuşdur. Həmin gün saat 21 radələrində o, PŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2, TB-nin təhqiqatçısı X7 və aqronom mütəxəssis Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına gedilmiş, ünvana çatdıqda videoçəkilişlə baxışa başlanılmışdır. Evin qapısı təhqiqatçı İsmail Qasımov tərəfindən döyülmüş, qapını Təqsirləndirilən şəxs açmış və ona yaşadığı ünvanda qanunsuz olaraq narkotik tərkibli bitkilər əkməsi barədə polis şöbəsinə məlumat daxil olduğu, yaşadığı ünvanda tərəflərindən videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etirazının olub olmaması barədə soruşulduqda o, etirazının olmadığını bildirmiş və bu barədə yazılı ərizə vermişdir. Daha sonra baxışa başlanmış, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik tərkibli bitkilər varsa, könüllü olaraq təqdim etməsi bildirilmiş, sonuncu da yaşadığı evin həyətində yerləşən toyuq damında narkotik tərkibli bitkilərin olduğunu bildirmişdir. Bundan sonra iştirakçılarla birlikdə sonuncunun dediyi yerə gedilmiş, toyuq damının girişindən axırda sol tərəfdə yerləşən otaqda taxta sütunların üzərindən 02 ədəd dəmir qabda bitkilər aşkar edilmiş, bundan sonra həmin 02 ədəd dəmir qab damdan çıxarılmış və həyətə gətirilmiş, həyətdə dəmir qablarda olan bitkilər qablardan çıxarılmağa başlanmış, birinci dəmir qabdan 03 ədəd, ikinci dəmir qabdan da 03 ədəd bitki aşkar edilmişdir. Aqronom Şahid3 tərəfindən bitkilərə baxış keçirilmiş və həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyi bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin bitkilərin toxumlarının əvvəldən onda olmasını bildirmişdir. Bundan sonra aşkar edilmiş 06 ədəd bitki ekspertizaya təqdim edilməsi üçün tərəflərindən müvafiq qaydada qablaşdırılmış, həmin vaxt protokol tərtib edilmiş, iştirakçıklar həmçinin, Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Şirvan şəhər Polis şöbəsində gəlmiş və keçirilmiş baxışla bağlı raportla şöbə rəhbərliyinə rəsmi qaydada müraciət edilmiş, bundan sonra təhqiqatçı İsmail Qasımov tərəfindən Şirvan Regional Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş, təqdim edilmiş siyahından Təqsirləndirilən şəxs müdafiəçi olaraq X2, müdafiəçi İlqar Tapdıqov gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş və təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da üzərində heç bir qanunsuz əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, sonuncunun üzərindən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Həmin vaxt protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş baxış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində olan damdan taxta sütunların üzərindən 02 ədəd dəmir qabın içərisindən 06 ədəd çətənə kollarına oxşar bitkilər aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 16 iyul 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 16 iyul 2024-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində olan damdan taxta sütunların üzərindən 02 ədəd dəmir qabın içərisindən 06 ədəd çətənə kollarına oxşar bitkilər aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 16 iyul 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə Şirvan şəhər Polis Şşöbəsinin əməkdaşlarının dəvətinə əsasən ünvan 1 fərdi yaşayış evinin həyətyanı sahəsinə mütəxəssislə birlikdə baxış keçirilmişdir. Fərdi yaşayış evinin həyətyanı sahəsinin bağ hissəsində toyuq-cücə saxlanan hissəsində dibçək şəraitində 02 ədəd dəmir qabda 06 ədəd çətənəyə bənzər narkotik tərkibli kol aşkar olunmuşdur. Aşkar olunmuş 06 ədəd çətənəyə bənzər kollara kultivasiya olunmaqla becərilmişdir. Aşkar olunmuş kollar müxtəlif hündürlükdə olmaqla 01 ədəd 75 sm, 02 ədədi 30 sm, 02 ədədi 20 sm və 01 ədədi isə 15 sm hündürlükdə müəyyən olunmuşdur. Müəyyən olunmuş kollar bir-bir çıxarılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X6 Mərkəzinə müayinə məqsədi ilə göndərilməsi üçün 01 ədəd kisəyə qablaşdırılaraq möhürlənmişdir. İş materiallarında olan 17 iyul 2024-cü il tarixli, 18/669 nömrəli Məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində ”...Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən...” sözləri və imzalar olan sintetik torbada ümumi sayı 6 (altı) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi-185,0 qram yaş vəziyyətdə olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi-185,0 qram, cəmi tədqiqata sərf edildi-0,60 qram (hər obyektdən-0,10 qram götürüldü), qalıq-184,40 qram. İş materiallarında olan 18 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 18 iyul 2024-cü il tarixli, 4(032)-163/2024 saylı Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 27 iyul 2024-cü il tarixli, 333 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əli Bayramlı şəhər Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə keçmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-cı maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək, 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2002-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu ildə Milli Məclisin xx.xx.2009-cu il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən azad olunmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132, 221.3-cü maddələri ilə təqsirli bilinərək, 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 07 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Qaradağ rayon Məhkəməsinin qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilmişdir. İş materiallarında olan 16 avqust 2024-cü il tarixli 5643 nömrəli Məhkəmə narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaran asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydsının təsdiq edilməsi barədə Qərarı ilə təsdiq ediliş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. İş materiallarında olan 24 avqust 2024-cü il tarixli 2467 nömrəli Ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin emosional davamsiz cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair xəstəlik əlamətləri aşkar olunmayıb. Həmçin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin alğısatqısı ilə məşğul olub-olmaması və həyətindən aşkar edilmiş 06 ədəd çətənə kollarının toxumlarını haradan və nə məqsədlə əldə etməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 avqust 2024-cü il tarixdə verilmiş 4070 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 10 avqust 2024-cü il tarixli 18-1-35/2-1185/2024 nömrəli Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X14 məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMX-nın narkoloji kabinetində “çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi nəticəsində yaranmış narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatdadır. Ruhi əsəb kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 25 noyabr 2015-ci il tarixdə anadan olmuş X5 adlı övladı vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, qəsdin obyektini narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 69.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 07 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Qaradağ rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılaraq xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Həmin məhkumuğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlində cinayətin residivinin olmasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan, yəni 16 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri - 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 06 ədəd qalıq çəkisi 184,40 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. İş üzrə maddi sübut olan “baxış keçirilməsi haqqında” görüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1 maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 16 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri - 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 06 ədəd qalıq çəkisi 184,40 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. İş üzrə maddi sübut olan “baxış keçirilməsi haqqında” görüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar