Məhkəmə qərarları › İş №1(032)-178/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-178/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-178/2023 30.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:55-də Şirvan şəhəri Şirvan şəhər Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1-da qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 11,86 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək əynində olan boz rəngli şalvarının sol cibində saxlamaqla daşımış və 24 mart 2023-cü il tarixdə saat 03:55 radələrində Şirvan şəhər polis şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı bir ədəd bükümdə təmiz çəkisi 11,86 qram olan narkotik vasitə qurudulmuş marixuana əynində olan boz rəngli şalvarının cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 23 mart 2023-cü il tarixdə səhər saat 10 radələrində Şirvan şəhəri, 20 yanvar küçəsində yerləşən yaşadığı evin yaxınlığında gəzərkən yerdə 1 ədəd sellofan bükümün olduğunu görmüşdür. Həmin büküm onun diqqətini cəlb etdiyi üçün bükümü yerdən götürmüş və bükümün içərisinə baxdıqda narkotik vasitə olan marixuananın olduğunu görmüşdür. Özü narkotik vasita istifadə etdiyi üçün həmin bükümü cibinə qoymuşdur. Həmin narkotik vasitədən istifadə etməmişdir. 23 mart 2023-ci il tarixdə saat 03 radələrində Şirvan şəhəri, 20 yanvar küçəsində olan zaman bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşmışdır. Özlərini təqdim edib onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi1 seçmişdir. Bir müddət sonra vəkil Müdafiəçi1 gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, o, əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuşdur və həmin bükümdə narkotik vasitə olan marixuananın olduğunu bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən özünə məxsus “Redmi Note 11 pro” markalı mobil telefon aşkar olunmuşdur. Verilən şifahi suallara cavab olaraq o, təqdim etdiyi narkotik vasitə olan marixuananı yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra təqdim etdiyi narkotik vasitə olan marixuana təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Əməlindən peşmandır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadə verib bildirmişdir ki, 24 mart 2023-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan şəhəri, 20 Yanvar küçəsi ev 39da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində daşıması və dövriyyəsi ilə məşğul olur. Bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuşdur. Daha sonra isə həmin qərarın icra olunması ilə bağlı o, Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 və Təhqiqat bölməsinin təhqiqatçısı X2 ibarət əməliyyat qrupu təşkil olunmuş və 24 mart 2023-cü il tarixdə, saat 03 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, 20 Yanvar küçəsinə getmişlər. Həmin küçədə olarkən Təqsirləndirilən şəxs görüb daxil olmuş məlumatın yoxlanılması məqsədilə sonuncuya yaxınlaşmışlar və özlərini təqdim edib barəsində narkotik vasitələrin istifadəsi, daşınması və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib Təqsirləndirilən şəxs Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməmiş və onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi1 seçmişdir. Vəkil Müdafiəçi1 gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş və buna hər hansı bir etirazının olub olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan boz rəngli şalvarının sol cibindən 1 ədəd büküm çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı yerdən tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm qablaşdırılaraq götürülmüşdür. Həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol cibindən 1 ədəd büküm çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı yerdən tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. İş materiallarında olan 24 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sol cibindən 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının 24 mart 2023-cü il tarixli, 18/338 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «…Təqsirləndirilən şəxs üzərindən..» sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 11,86 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 11,86 qram, tədqiqata sərf edilən miqdarı 0,02 qram, qalıq 11,84 qramdır. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2023-cü il tarixdə, saat 04.40-da şübhəli şəxs qismində tutulmuş, 25 mart 2023-cü il tarixdə, saat 12:00-da təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 aprel 2023-cü il tarixdə verilmiş 2422 saylı arayışdan görünür ki, Racov X3 şəhəri, 20 Yanvar küçəsi, ev 39 ünvanında yaşayır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli, 2399 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “44 günlük Vətən müharibəsi”nin iştirakçısı olmuş, o, “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə” medalları, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda və Vətən müharibəsi” zaman gedən döyüşlərdə fəal iştirak etdiyinə görə “Fəxri fərman” ilə təltif olunmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, “44 günlük Vətən müharibəsi”nin iştirakçısı olmasını, “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə” medalları, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda və Vətən müharibəsi” zaman gedən döyüşlərdə fəal iştirak etdiyinə görə “Fəxri fərman” ilə təltif edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 24 mart 2023-cü il tarixdən 25 mart 2023-cü il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 11,84 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 24 mart 2023-cü il tarixdən 25 mart 2023-cü il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 49 manat 74 məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 11,84 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar