Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-178/2024 24.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 11:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X5 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1987-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 25 iyul 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda, yəni 11,84 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 24 iyul 2024-cü il tarixdə Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 binanın qarşısında saxlanaraq, saat 01:14-dən saat 01:28-dək üzərinin yoxlanılması zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan 01 ədəd “Vinston” markalı siqaret qutusunun içərisindən təmiz çəkisi - 11,84 qram bitki mənşəli kütlə tərkibində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq edib bildirdi ki, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 24 iyul 2024-cü il tarixdə Şirvan şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən videoçəkilişlə saxlanılarkən üzərindən bir ədəd “Winston markalı” siqaret qutusunun içərisində narkotik vasitə marixuana aşkar olunmuşdur. Ondan aşkar edilib götürülmüş narkotik vasitə çəkildikdən sonra polis əməkdaşları tərəfindən zərfə qoyulub qablaşdırılmış, tərtib edilmiş müvafiq protokolla tanış olduqdan sonra digər iştirakçılar kimi onun tərəfindən də imzalanmışdır. Aşkar olunmuş narkotik vasitə marixuananı 23 iyul 2024-cü il tarixdə yaşadığı evin yerləşdiyi Şirvan şəhəri, C.Qaryağdı küçəsində yerdən tapmışdır. Belə ki, yerdə “Winston markalı” siqaret qutusu görmüş, ayağı ilə toxunan zaman siqaret qutusunun boş olmadığını müəyyən etmiş, yerdən götürüb içərisinə baxdıqda qutunun içərisində narkotik vasitə marixuana olduğunu bilmiş və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Saxlanıldığı zaman, Şirvan şəhər Polis şöbəsinə aparılarkən və orada olarkən ona qarşı hər hansı bir qanunsuz təsir və təzyiq olmamış, polis şöbəsinə aparıldıqdan sonra müdafiəçi ilə təmin edilmişdir. Hazırda əməlindən peşmandır, cəza təyin edilərkən himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin KMQnun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 23 iyul 2024-cü il tarixdə xidmətdə olarkən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində üzərində və avtomobilində narkotik vasitə saxlamaqla məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla bağlı tərəfindən rəsmi qaydada Şirvan şəhər PŞ-nin rəhbərliyinə müraciət edilmiş, bundan sonra təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həmin qərar əsasında şöbə rəhbərliyinin müvafiq əmri əsasında əməliyyat axtarış qrupu yaradılmış, qrup üzvləri olaraq o, PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Yenigbar oğlu, PŞ-nin İTB-nin sahə rəisi Şahid3 və PŞ-nin DYPB-nin YPX-nin inspektoru X3 təsdiq olunmuş, 24 iyul 2024-cü il tarixdə, saat 01 radələrində xidməti avtomobillər ilə ünvan 2 ünvanda olarkən Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğunu görmüşlər. Həmin andan videoçəkiliş başlanmış, sonra onlardan öndə avtomobil ilə hərəkətdə olan YPX-nin inspektoru Şahid4 Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlamış, bundan sonra onlar, yəni o, CAB-nin əməliyyat müvəkkili Şahid2 və İTB-nin sahə rəisi Şahid3 Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışlar, Təqsirləndirilən şəxs avtomobildən düşən zaman onu saxlamışlar. Bundan sonra sonuncunun soyadı, adı və ata adını, sonra üzərində hansısa qanunsuz əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə olub olmaması barədə soruşmuşlar, Təqsirləndirilən şəxs də üzərində narkotik vasitə olmasını, həmin narkotik vasitənin əynində olan şalvarın sağ yan cibində olmasını bildirmiş, sonra tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd ağ rəngdə “Winston markalı” siqaret qutusu, sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon və sol arxa cibindən isə bir ədəd “Want” markalı qara rəngdə siqaret qutusu aşkar edilmişdir. Aşkar edilmiş siqaret qutularına baxış keçirilərkən bir ədəd “Want” markalı qara rəngli siqaret qutusunun içərisindən heç bir qanunsuz kütlə aşkar edilməmiş, bir ədəd “Winston” markalı ağ rəngli siqaret qutusunun içərisindən isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bir ədəd ağ rəngli “Winston” markalı siqaret qutusunun içərisindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Aşkar edilmiş bir ədəd “Winston” markalı siqaret qutusunda olan kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisi 17,57 qram olması müəyyən edilmişdir. Sonra bir ədəd “Winston” markalı siqaret qutusunda olan kütlə bir ədəd zərfdə tərəflərindən qablaşdırılmış və müvafiq möhürlü kağızla bağlanmışdır. Sonra zərf orada olan polis əməkdaşları və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs avtomobilində hansısa qanunsuz əşya, predmet, narkotik vasitə ya psixotrop maddə olub-olmaması barədə soruşulmuş, avtomobildə bir şey olmadığını bildirmiş, bundan sonra “Mercedes Benz” markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilə İTB-nin sahə rəisi Şahid3 tərəfindən baxış keçirilmiş, baxış zamanı heç bir qanunsuz əşya, predmet, narkotik vasitə ya psixotrop maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə birlikdə tərəflərindən Şirvan şəhər polis şöbəsinə gətirilmiş, polis şöbəsində keçirilmiş əməliyyat tədbirinə dair tərəfindən müvafiq protokol tərtib edilmiş, protokol özü və digər iştirakçılar imzalamışlar, əməliyyat tədbirini özündə əks etdirən videogörüntü bir ədəd DVD diskə köçürülmüş, tərəflərindən raportla şöbə rəhbərliyinə müraciət edilmiş, raporta iki ədəd zərfdə olan kütlə, əməliyyat tədbiribini özündə əks etdirən protokol və bir ədəd DVD diskdə olan videogörüntü əlavə edilmişdir. Təqsirləndirilən şəxs PŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs Şirvan şəhər sakini kimi tanımış, onun Şirvan şəhər ərazisində üzərində və avtomobilində narkotik vasitə saxlaması və istifadə etməsi barədə ona məlumat daxil olmuş, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə bağlı heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi Şahid3 və Şirvan şəhər Polis şöbəsinin DYPB-nin YPX-nin inspektoru Şahid4 vermiş olduqları ifadələrində, eləcə də məhkəmə iclasında ifadəsi elan edilmiş, Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduğu ifadəsində Şahid1 göstərdiklərini təsdiq etməklə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmasını özündə əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, 24 iyul 2024-cü il tarixdə, saat 01:14-də başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 binanın qarşısında YPX-nin inspektoru polis serjantı Şahid4 tərəfindən süni şəkildə yol hərəkəti qaydalarının pozulması iddiası ilə saxla işarəsi ilə saxlanıldıqdan sonra yaxalanaraq xüsusi vasitə olan qandal tətbiq edilməklə onun tərəfindən ehtimal oluna biləcək süni maneənin qarşısı alınmışdır. Bundan sonra şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırılmış Təqsirləndirilən şəxs əməliyyat qrupunun üzvü, X1 sahə rəisi, polis kapıtanı Şahid3 tərəfindən üzərində hər hansısa bir qanunsuz əşya, narkotik, odlu-soyuq silah olub-olmaması soruşulduqda o, əynində olan şalvarın sağ yan cibində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “Vinston” markalı siqaretin qutusu, habelə sol yan cibindən 01 ədəd smartfon tipli, çox funksiyalı “Redmi” markalı mobil telefon, arxa sol yan cibindən “Vant” markalı boş siqaret qutusu aşkar edilmişdir. “Vinston” markalı siqaret qutusu açıldıqda içərisində yaşıl rəngli, bitki tərkibli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Əməliyyat qrupunun üzvü Şahid3 suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin vasitənin həşiş və ya marixuana olmasını bildirmişdir. Daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan “Vinston” markalı siqaret qutusu tərəziyə qoyularaq çəkisinin 17,57 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitənin çəkisi ilə razı olmaqla yanaşı həmin vasitə ona məxsusdur. Zərf təqdim olunaraq götürülmüş predmetin qablaşdırılmasına başlanılmışdır. Qabalşdırılmış predmetlərin olduğu zərf iştirakçılar tərəfindən imzalanaraq PŞ-nin 55 saylı möhürü ilə bağlanmışdır. Şahid3 tərəfindən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində qanunsuz predmet, narkotik vasitənin olub-olmaması soruşulduqda o, belə bir predmetlərin olmamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun nəqliyyat vasitəsinə baxış keçirilməsinə başlanılmışdır. Nəqliyyat vasitəsinə baxışın nəticəsində nəqliyyat vasitəsindən heç bir qanunsuz əşya aşkar edilmədiyindən Təqsirləndirilən şəxs ondan aşkar edilmiş predmetlərlə polis şöbəsinə gətirilərək müvafiq təhqiqat və istintaq orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Həmçinin, məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş əməliyyataxtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X2 iştirakı ilə əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilmiş, şübhəli şəxsdən 24 iyul 2024-cü il tarixdə saat 01:14-dən saat 01:28-dək olan müddət ərzində Şirvan şəhər PŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “Vinston” markalı siqaretin qutusunun içərisindən götürülmüş yaşıl rəngli, bitki tərkibli, qutu ilə birlikdə çəkisi 17,57 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər vasitənin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin bir ədəd “Vinston” markalı siqaret qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləyə baxış keçirilmişdir. Həmin kütlə elektron tərəzidə ölçülərək qablaşdırma ilə birlikdə çəkisinin 17,74 qram olması müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin vasitə özünə məxsusdur, ona qarşı heç bir fiziki zorakılıq olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 24 iyul 2024-cü il tarixli, 3-16-16/2-18/687 rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə olan 01 ədəd kağız paketin içərisində 01 ədəd siqaret qutusunda təmiz çəkisi - 11,84 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi - 11,84 qram, tədqiqata istifadə olundu - 0,02 qram, qalıq - 11,82 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9-narkoloji tibbi yoxlamanın 07 avqust 2024-cü il tarixli, 5391 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixdə, saat 03:20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 iyul 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 10 avqust 2024-cü il tarixli, 18-1-35/2-1184/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx xxxxxxx 1987-ci il təvəllüdlü Əli-Bayramlı şəhərində anadan doğulmuş, ünvan 3 ünvanda yaşayan Əliyev X8 şəhər Mərkəzi Xəstəxanasının ruhi-əsəb narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 361 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin (AZ İİ № 799788) surətindən görünür ki, X12 xx.xx.2012-ci il tarixdə doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X4r. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin (AZ İİİ № 398884) surətindən görünür ki, X13 xx.xx.2014-cü il tarixdə doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X4r. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlaması və onun həmin əməli törətməkdə təqsirli olması özünün və şahidlərin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X6 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respbulikası CM-nin 59.1.4-cü maddəsinə, törətmiş olduğu cinayəti etiraf etməsini və əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respbulikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CMnin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə, saat 03:20-də şübhəli şəxs qismində tutulmuş, 25 iyul 2024-cü il tarixdə, saat 14:20-dən 15:05-dək təqsirləndirilən şəxs qismində dindirilmiş və həmin tarixdə saxlanıldığı Şirvan şəhər Polis şöbəsinin MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Şirvan şəhər Polis şöbəsində saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,82 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 24 iyul 2024-cü il tarixdən 25 iyul 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanıb ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 04 (gün) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan 11,82 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-178/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-178/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver