Məhkəmə qərarları › İş №1(032)-18/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-18/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-18/2025 03.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:46-da Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Qazı-Məmməd (indiki Hacıqabul) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən xeyli miqdarda, 01 ədəd bükülüdə ümumilikdə 0,686 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 10 avqust 2024-cü il tarixdə saat 22 radələrində Şirvan şəhəri X15 küçəsində saxlanılıb üzəri yoxlanılan zaman əynində olan qara rəngli şalvarının sağ arxa cibində saxladığı bir ədəd sellofan kəsiyinə bükülmüş polietilen kəsiyi bükümündə olan 0,686 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi, ifadə verərək göstərdi ki, Toyota Prius markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində və Bakı-Şirvan yolunda taksi sürücüsü kimi işləyir. O, həbs olunmamışdan bir gün qabaq Lökbatan dairəsindən sərnişinləri Şirvan şəhərinəə gətirmişdir. Şirvan dayanacağında iki nəfər şəxs onları Salyan dayanacağına aparmalarını istəmiş, onları həmin ünvana aparmışdır. Söhbət əsnasında həmin sərnişlərindən biri, Samir adlı şəxs ondan mobil telefon nömrəsini alaraq, onunla işi olacağını bildirmişdir. Səhəri gün Samir adlı şəxs ona zəng edərək Şirvan şəhərinə gəlməsini istəmiş, o da Şirvan şəhərinə gəlmişdir. Samirlə görüşdükdə Samir ona ayaqlarını göstərərək xəstə olduğunu,ayaqlarının şişməsini, ona görə də ona dərman lazım olduğunu bildirmiş, özü ala bilmədiyindən Bakı şəhərində verəcəyi nömrə vasitəsi ilə həmin dərmanı almasını istəmiş, ona 50 manat pul vermiş, əlavə 10 manat pulu isə yanacaq üçün vermişdir. O da həmin şəxslə whatsapp ani mesajlaşma sistemi ilə əlaqə saxlamış, həmin nömrədən ona dərmanın olduğu yerin məkanını atmışlar, Xırdalan şəhərində yerləşən ərazidən paketi götürmüşdür. Həmçinin, Samirin mobil telefon nömrəsini proqramda yoxladığı zaman onun adının “Samir iş verən”, “Samir polis”, “Samir DTX” kimi qeyd olunduğunu görmüşdür. Paket ona şübhəli gəldiyindən və onun proqramda adı belə qeyd edildiyindən Samirə zəng edərək demişdir ki, paketdə olan dərmana oxşamır, gətirmək istəmir. Ona görə də o, həmin paketi kənara atmışdır. Samirə zəng edən zaman Samir ondan Şirvan şəhərinə gəlməsini, onunla söhbət edəcəyini bildirmiş, o da Samirin polis olacağından qorxub dediyi yerə getmişdir. Samirin dediyi ünvana getmiş, Samirlə mübahisəsi düşmüş, ona verilən puldan 40 manat qaytarmış, qalan 20 manat pulu sonra qaytaracağını bildirmişdir. Samir getdikdən sonra polis əməkdaşları həmin yerə gəlmişlər. Onun əllərinə qandal vurmuşlar, polis əməkdaşı ona yaxınlaşaraq bükümü onun cibinə qoyaraq “bu səndən çıxıb” demişdir. Onu əvvəlcə avtomobildə döymüşlər, nalayiq ifadələr işlətmişlər, daha sonra Şirvan şəhər Polis Şöbəsində olarkən döyülmüşdür. Bu barədə vəkilinə bildirdiyindən daha sonra döyülməsi ilə bağlı şikayət etməmişdir. Bundan başqa ibtidai istintaq aparılan zaman müstəntiq 1200 (bir min iki yüz) manat pul müqabilində onun barəsində olan cinayət işinə xitam veriləcəyini bildirmiş, o da müstəntiqlə razılaşaraq həmin məbləğdə pulu ona vermişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, ibtidai araşdırma zamanı isə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində törətdiyi cinayət əməlini etiraf edərək bildirmişdir ki, rəsmi olaraq işləməsə də taksi sürücüsü kimi çalışıb pul qazanır. Toyota Prius markalı **-OR-*** dövlət qeydiyyat nışanlı avtomobillə Bakı şəhərində yük çatdırılmasında çalışır. Bundan da başqa Bakı-Şirvan yolunda da taksi kimi sərnişinləri aparıb gətirir. Əvvəllər bir neçə dəfə narkotik vasitə marixuanadan istifadə etmişdir. Narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunmamışdır. 2024-cü ilin avqust ayının əvvəllərində Bakı şəhəri Ramana qəsəbəsində olan zaman yol kənarında marketin arxa divarından tanımadığı iranlı şəxsin mobil nömrəsini götürmüşdür. 10 avqust 2024-cü il tarixdə həmin iranlı ilə whatsapp ani mesajlaşma sistemi ilə əlaqə saxlamış və patı lazım olduğunu demişdir. İranlı şəxs mobil telefonda danışıq zamanı hesab göndərəcəyini və həmin hesaba pul yükləməli olduğunu demişdir. Bir qədər sonra həmin iranlı, mobil nömrə göndərib göndərdiyi mobil nömrənin qeydiyyatdan keçdiyi M10 hesabına pul yükləməyini istəmişdir. O da həmin hesaba 50 manat pul yükləyib yenidən iranlı şəxslə əlaqə saxlamış, həmçinin ödənişin çekini də həmin iranlıya göndərmişdir. Həmin iranlı, psixotrop maddəni Xırdalan şəhəri ərazisində daşlıq əraziyə atdırmışdır. O da iranlının göndərdiyi məkan işarəti vasitəsi ilə Xırdalandan həmin metamfetamini götürmüşdür. Taksi fəaliyyəti ilə məşğul olduğundan həmin günü axşam saatlarında Bakı şəhərindən Şirvan şəhərinə gəlmək istəmişdir. Ona görə də Lökbatan qəsəbəsindən bir neçə tanımadığı sərnişini götürüb Şirvan şəhərinə gəlmişdir. Şirvan şəhərinə çatdıqdan sonra sərnişinləri düşürtmüşdür. Bir nəfər sərnişin isə Şirvan şəhərinin çıxışında düşməli olduğundan avtomobildə qalmışdır. Siqareti qurtardığından Şirvan şəhəri ərazisində avtomobilini saxlayıb mağazaya getmişdir. Mağazadan avtomobilinə qayıdan zaman videoçəkilişlə polis əməkdaşları yaxınlaşıb onu yaxalamışlar. Onu saxladıqdan sonra üzərində narkotik vasitə saxlamağında şübhəli olduğu bildirilmişdir. Daha sonra isə çəkilişlə üzərində olan əşyalara baxmağa başlamışlar. Əynində olan şalvarının sağ arxa cibində saxladığı narkotik vasitəni polis əməkdaşları aşkar eləmişlər. Həmin narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda tanımadığı iran vətəndaşından aldığını demişdir. Daha sonra aşkar edilmiş narkotik vasitəni polis əməkdaşları qablaşdırmış və o da qablaşdırmanı imzalamışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində hüquqlarının müdafiəsi üçün vəkil çağırılmış və vəkilin də iştirakı ilə üzərimdən aşkar edilərək götürülmüş narkotik vasitəyə baxış keçirilmiş və elektron tərəzidə ölçülmüşdür. Ölçmə zamanı narkotik vasitənin çəkisi 1,19 qram göstərmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. İranlıdan aldığı narkotik vasitəni kiməsə vermək fikri olmamışdır. İlk dəfə patı adı ilə bildiyi psixotrop maddəni istifadə etmək məqsədilə özü üçün almışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid5 göstərdi ki, ev təmir ustası kimi çalışıb pul qazanır, həmin vaxtlar Bakı şəhərində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində tanımadığı şəxsin yaşayış evini təmir etmişdir. Elşəni taksi sürücüsü kimi tanımışdır. Elşənlə bir neçə dəfə Bakı şəhərindən Şirvan şəhərinə evinə gəlmişdir. 10 avqust 2024-cü il tarixdə Bakı şəhərindən Şirvan şəhərinə gəlmək istəmişdir. Saat 20 radələrində Lökbatan qəsəbəsində magistral yolun üzərində olan körpünün kənarında taksi gözləmişdir. Bu zaman Elşənin müştəri çağırdığını və Şirvan şəhərinə gedəcəyini eşitmişdir. Elşənə yaxınlaşıb Şirvan şəhərinə getmək üçün avtomobilinə əyləşmişdir. Ondan başqa avtomobildə iki nəfər də sərnişin olmuşdur. Şirvan şəhərinə çatdıqdan sonra həmin iki nəfər sərnişin avtomobildən enmişlər. Elşən ilə razılaşmalarına əsasən onu Şirvan-Sabirabad sərhəddinə qədər aparmalı olmuşdur. Şirvan şəhərində digər iki müştəri endikdən sonra Elşən, şəhər ərazisində çanta götürəcəyini demiş və yaşayış binalarının həyətində avtomobilini saxlamışdır. Elşən, avtomobildən enib harasa gedib gəldikdən sonra 3-4 nəfər polis əməkdaşı videoçəkilişlə sürücüyə yaxınlaşıb nəsə bildirmiş, həmçinin onu da avtomobildən endirmişlər. Elşənin üzərində qanunsuz olaraq psixotrop maddə gəzdirib saxlaması barədə məlumatı olmamışdır. Daha sonra isə Elşənin üzərindən narkotik vasitə aşkarlandığını öyrənmişdir. Elşənlə aralarında narkotik vasitədən istifadə edib-etməməyi barədə danışıq olmamışdır. Elşənə ismarıc yazmışdır , həmin ismarıcda qeyd etdiyi “mal” ifadəsini çantanı nəzərdə tutaraq yazmışdır. Belə ki, içində ona evdən göndəriləcək əşyaları olan çantanı Elşən ona gətirməli idi, lakin Elşən gecikdirmiş, çantanı vaxtında gətirməmişdir. Eyni zamanda orada qeyd etdiyi pulu da Elşənə verəcəyi yol haqqını nəzərdə tutaraq yazmışdır. Şirvan şəhər Polis Şöbəsində olarkən ona qarşı hər hansı psixi və fiziki zorakılıq olmamış, yazı yazmağı bilmədiyindən ifadəsi polis əməkdaşı tərəfindən yazılmış, onun tərəfindən imzalanmışdır. Məhkəmə araşdırması zamanı şahid qismində ifadə vermiş Şahid5 müxtəlif ifadələr verdiyindən və onun verdiyi ifadələri ziddiyyətli olmaqla biri digərinə uyğun olmadığından onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə şahid qismində ifadə vermiş Şahid5 ifadələrində bildirmişdir ki, rəsmi olaraq işləməsə də ev təmir ustası kimi çalışıb pul qazanır. Təxminən bir ay müddətdir ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində tanımadığı şəxsin yaşayış evini təmir edir. Təqsirləndirilən şəxs da təxminən 10 gün müddətdir ki, tanıyır. Elşəni taksi sürücüsü kimi tanımışdır. Elşənlə bir neçə dəfə Bakı şəhərindən Şirvan şəhərinə gəlmişdir. 10 avqust 2024-cü il tarixdə Bakı şəhərindən Şirvan şəhərinə gəlmək istəmişdir. Saat 20 radələrində Lökbatan qəsəbəsində magistral yolun üzərində olan körpünün kənarında taksi gözləmişdir. Bu zaman Elşənin müştəri çağırdığını və Şirvan şəhərinə gedəcəyini eşitmişdir. Elşənə yaxınlaşıb Şirvan şəhərinə getmək üçün avtomobilinə əyləşmişdir. Ondan başqa avtomobildə iki nəfər də sərnişin olmuşdur. Şirvan şəhərinə çatdıqdan sonra həmin iki nəfər sərnişin avtomobildən enmişlər. Elşən ilə razılaşmalarına əsasən onu Şirvan-Sabirabad sərhəddinə qədər aparmalı olmuşdur. Şirvan şəhərində digər iki müştəri endikdən sonra Elşən, şəhər ərazisində çanta götürəcəyini demiş və yaşayış binalarının həyətində avtomobilini saxlamışdır. Elşən, avtomobildən enib harasa gedib gəldikdən sonra polis əməkdaşları videoçəkilişlə sürücüyə yaxınlaşıb nəsə bildirmiş, həmçinin onu da avtomobildən endirmişlər. Daha sonra isə Elşənin üzərindən narkotik vasitə aşkarlandığını öyrənmişdir. Elşəni taksi sürücüsü kimi tanımışdır. Elşənlə tanış olduqdan sonra Elşən, narkotik vasitədən istifadə edib-etməməyi barədə soruşmuşdur. O da təsadüfən narkotik vasitə marixuana tapdıqda istifadə etdiyini demişdir. Elşən də əgər ona lazım olsa istifadə etmək üçün narkotik vasitə təşkil edə biləcəyini demişdir. Elşəndən bir neçə gün əvvəl onun istifadə etməsi üçün marixuana təşkil etməsini istəmişdir. Elşən də marixuana təşkil edəcəyini desə də marixuananı təşkil etmədiyindən Elşənə ismarıc yazmışdır. Elşənin üzərində qanunsuz olaraq psixotrop maddə gəzdirib saxlaması barədə məlumatı olmamışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 göstərdi ki, Hacıqabul rayon şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması və daşıması barədə şəhər polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə o, Şirvan ŞPŞ-nin CAB-nin Şahid4 Qalib oğlu, Şirvan şəhər Polis Şöbəsinin PPXB-nün manqa komandiri Şahid2, PPXB-nün polis nəfəri Şahid1 və KTQ-nun kiçik inspektoru Əli İsmayılovdan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 10 avqust 2024-cü il tarixdə Şirvan şəhəri F.X.Xoyski küçəsində Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Prius markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görüb avtomobilə yaxınlaşmışlar. Saxlanılan şəxslərdən Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman əynində olan şalvarının sağ yan cibindən bir ədəd mobil telefon, sol yan cibindən də bir ədəd mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarının arxa ciblərinə baxış keçirilən zaman sağ arxa cibindən bir ədəd bükülüdə narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Soğru zamanı Təqsirləndirilən şəxs, həmin bükülünün içərisində patı adı ilə tanıdığını psixotrop maddə olduğunu bildirmiş və iranlı şəxsdən aldığını qeyd etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmışdır. Digər şəxs Şahid5 üzəri yoxlanılsa da dövriyyəsi qadağan edilmiş əşya və ya predmetlər aşkar edilməmişdir. Əməliyyat-axtarış tədbiri yekunlaşdığından hər iki şəxs polis şöbəsinə gətirilmiş və aidiyyəti üzrə təhvil verilmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 şahid göstərdi ki, 10 avqust 2024-cü il tarixdə Şirvan şəhəri M.Ə.Rəsulzadə prospektində xidmətdə olarkən Şirvan ŞPŞ-nin CAB-nin Şahid4 Qalib oğlunun məlumatı ilə Şirvan şəhər Polis Şöbəsinə getmişlər, əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri F.X.Xoyski küçəsinə getmişlər. Videoçəkiliş vasitəsi ilə vətəndaş Təqsirləndirilən şəxs əynində olan cins şalvarının arxa ciblərinə baxış keçirilən zaman sağ arxa cibindən bir ədəd bükülüdə narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Soğru zamanı Təqsirləndirilən şəxs, həmin bükülünün içərisində patı adı ilə tanıdığını psixotrop maddə olduğunu bildirmiş və iranlı şəxsdən aldığını qeyd etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs hər hansı bir narazılığı olmamışdır. Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı psixi və ya fiziki zorakılıq edilməmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid4 Qalib oğlu göstərdi ki, Hacıqabul rayon şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması və daşıması barədə şəhər polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə o, Şirvan ŞPŞ-nin İTB-nin polis sahə rəisi Şahid3, PPXB-nün manqa komandiri Şahid2, PPXB-nün polis nəfəri Şahid1 və KTQ-nun kiçik inspektoru Əli İsmayılovdan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 10 avqust 2024-cü il tarixdə saat 21 radələrində Şirvan şəhəri F.X.Xoyski küçəsində Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Prius markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görüb avtomobilə yaxınlaşmışlar. Avtomobilə yaxınlaşdıqdan dərhal sonra avtomobildən aşağı enən iki nəfər şəxsin olduğunu müşahidə eləmişlər və həmin şəxslərə yaxınlaşıb qaçmalarının qarşısını almaq üçün və əməliyyat tədbirinin gedişatına qarşı yönələ biləcək maneənin qarşısının alınması üçün xüsusi vasitə olan qandal həmin şəxslərə qarşı tətbiq edilmişdir. Saxlanılan şəxslərdən biri özünün Şahid5 olduğunu bildirmişdir. Sonra isə şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim eləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman əynində olan cins şalvarının arxa ciblərinə baxış keçirilən zaman sağ arxa cibindən bir ədəd bükülüdə narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Soğru zamanı Təqsirləndirilən şəxs, həmin bükülünün içərisində patı adı ilə tanıdığını psixotrop maddə olduğunu bildirmiş və iranlı şəxsdən aldığını qeyd etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmışdır. Digər şəxs Şahid5 üzəri yoxlanılsa da dövriyyəsi qadağan edilmiş əşya və ya predmentlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Prius markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilə də Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilsə də avtomobildən dövriyyəsi qadağan edilmiş əşya və ya predmentlər aşkar edilməmişdir. Əməliyyat-axtarış tədbiri yekunlaşdığından hər iki şəxs polis şöbəsinə gətirilmiş və aidiyyəti üzrə təhvil verilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən videoçəkiliş aparılmış və təqsirləndirilən şəxsə qarşı Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən psixi və ya fiziki zorakılıq olmamışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 Şahid4 Qalib oğlunun ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid Şirvan şəhər Polis Şöbəsinin KTQ-nun kiçik inspektoru X8 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində Şahid4 Qalib oğlunun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, 10 avqust 2024-cü il tarixdə saat 22:01-də Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ arxa cibindən bir ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd sellofan bükümdə “patı” olduğunu, həmin psixotrop maddəni tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını, həmin iranlıya whatsapp ani mesajlaşma sistemi vasitəsi ilə ismarıc yazıb narkotik vasitə almaq istədiyini, iranlının ona “məkan” işarəti göndərdikdən sonra həmin yerə, yəni Xırdalan şəhərinə gedərək işarətlənmiş yerdən narkotik vasitəni götürdüyünü, daha sonra idarə etdiyi avtomobillə Şirvan şəhərinə gəldiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında protokoldan” görünür ki, Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü il tarixdə, saat 22:01 dəqiqədən məhdudlaşdırılmış, xx.xx.2024-cü il tarixdə, saat 01:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, 10 avqust 2024-cü il tarixdə saat 22:01-dən saat 22:24-dək olan müddət ərzində Polis Şöbəsinin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ arxa cibindən aşkar edilərək götürülmüş bir ədəd bükülüdə psixotrop maddənin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin bükülüyə baxış keçirilmiş, həmin bükülü şəffaf sellofanda olmaqla sellofanın da içərisində kağız bükülüdən ibarət olmuşdur. Kağız bükülünü açdıqda içərisində kristallik formada psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə oxşar kütlənin təmiz çəkisinin ölçülməsini xahiş etmiş, aşkar edilmiş kütlə elektron tərəzidə ölçülmüş və çəkisi 1,19 qram göstərmişdir. Sonra isə həmin bükülü qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı sorğu edilərkən Təqsirləndirilən şəxs həmin psixotrop maddəyə oxşar kütləni tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını, həmin iranlıya whatsapp ani mesajlaşma sisteminə vasitəsi ilə ismarıc yazıb narkotik vasitə almaq istədiyini bildirdiyini, iranlının ona “məkan” işarəti göndərdikdən sonra həmin yerə, yəni Xırdalan şəhərinə gedərək işarətlənmiş yerdən narkotik vasitəni götürdüyünü, daha sonra etibarnamə əsasında idarə etdiyi avtomobillə Şirvan şəhərinə gəldiyini, gəldikdən sonra isə polis əməkdaşları tərəfindən yaxalandığını, yaxalanan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zorakılıq olunmadığını bildirmişdir. Həmçinin “Motorola G 54” markalı mobil telefona baxış zamanı həmin mobil telefonda quraşdırılmış whatsapp ani mesajlaşma sisteminə daxil olunub həmin sistemə baxış keçirilən zaman “İrani 2” adı ilə qeydiyyata alınmış +**********70 saylı operator nömrəsi ilə aparılmış mətnlərə və səsli qeydlərə baxış keçirilərək sübut əhəmiyyətli danışıqların fotoşəkilləri çəkilməklə protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/733 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “... Təqsirləndirilən şəxs şalvarının arxa sağ...” sözləri və imzalar olan ağ rəngli kağız paketdəki 1 ədəd sellofan kəsiyinə bükülmüş polietilen kəsiyi bükümündə təmiz çəkisi - 0,686 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin təmiz çəkisi 0,686-qram, tədqiqatda sərf edildi - 0,05 qram, qalıq – 0,636 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 X10-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 6313 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul olunması barədə” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. «Hacıqabul rayon mərkəzi xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 18-1-41/2-788/2024 nömrəli məktubunda göstərilmişdir ki, Səfərov X2 rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsinin konsultativ-poliknika şöbəsinin ruhi-əsəb , narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Moskva şəhəri Çeremuşkin Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Rusiya Federasiya Cinayət Məcəlləsinin 162-ci maddəsinin 1 hissəsi, 162-ci maddəsinin 1 hissəsi , 69-cu maddəsinin 3 hissəsinə əsasən 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Moskva şəhəri Çeremuşkin Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünün Azərbaycan Respublikasında mövcud qanunvericiliyə uyğun olaraq tanının-tanınmaması barədə təqdimat məhkəməyə daxil olmamışdır. Hacıqabul rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2024-cü il tarixli 61 nömrəli xasiyyətnamədə göstərilir ki, vətəndaş Hacıqabul şəhərində yaşadığı müddət ərzində onun barəsində Hacıqabul rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə mənfi rəy daxil olmamışdır. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə vətəndaş X4 doğulmuş X9 atası hesab edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki,xx.xx.2021-ci ildə Şirvan şəhərində anadan olmuş X7 atası Təqsirləndirilən şəxs, anası X6r. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD formatındakı disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Şirvan şəhər Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis kapitanı X3 1200 manat məbləğində pul verməsi barədə müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa (döyülməsi) təsdiqini tapmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin cinayət işi materialları ilə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təkzib olunmasını nəzərə alıb, hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilinməlidir. Beləliklə ibtidai istintaqın başlandığı vaxtdan başlayaraq, müdafiəçinin iştirakı ilə müvafiq istintaq hərəkətlərinin keçirildiyi, şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verdiyi, sonradan isə ibtidai istintaqın qurtarması barədə məlumat vermə və cinayət işi materialları ilə tanış etmə protokolları tərtib edilənədək təqsirləndirilən şəxs bir dəfə də olsun ona qarşı irəli sürülmüş ittihamla razı olmamasını və ya özünü təqsirli bilməməsini göstərməmiş, bu barədə vəsatət verməmiş, ona qarşı hər hansı qanunsuz hərəkətə yol verilməsini bildirməmişdir. Yalnız məhkəmə baxışında özünü təqsirli bilməməsini, Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasını və üzərində yoxlama zamanı psixotrop maddə metamfetamin olmamasını, həmçinin ondan rüşvət alınmasını göstərmişdir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar və işdə olan digər istintaq sənədlərlə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının” İİ siyahısının 118-ci bəndinə görə metamfetaminin xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,636 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyşalı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal olduğunu nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 avqust 2024-cü il tarixdən, 12 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Hacıqabul şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,636 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş bir ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Ekspertiza tədqiqatının dəyəri - 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************,SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 11 avqust 2024-cü il tarixdən, 12 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Hacıqabul rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Hacıqabul rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda alınsın. Ekspertiza tədqiqatının dəyəri - 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,636 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işinə əlavə edilmiş bir ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar