Məhkəmə qərarları › İş №1(032)-180/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-180/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-180/2023 26.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 16:25-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,860 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 07 iyun 2023-cü il tarixdə, saat 20:45-də Şirvan şəhər Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Xəqani küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara idman şalvarının sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,860 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki narkotik vasitələrdən isifadə edir. 07 iyun 2023-cü il tarixdə, saat 11 radələrində yaşadığı küçədə gəzərkən yerdə bir ədəd sellofan büküm diqqətini çəkmiş, həmin sellofan bükümü yerdən götürüb açıb içərisinə baxdıqda, içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Əvvəllər də bir neçə dəfə heroin istifadə etdiyi üçün özü ilə götürmüşdür ki, sonradan istifadə edər. Həmin gün saat 20 radələrində Xəqani küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, özünü şübhəli apardığından onu polis şöbəsinə dəvət etmişlər. O da, polis əməkdaşları ilə Şirvan şəhər Polis şöbəsinə gəlmiş, polis şöbəsində olarkən ona hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət olunmuş, müdafiəçi gəldikdən sonra ona hüquq və vəzifələri izah olunaraq, üzərində şəxsi axtarış aparılacağı, axtarışın videomüşahidə vasitəsi ilə aparılacağı və buna etirazının olub olmadığı soruşulduqda o, heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə polis əməkdaşı tərəfindən üzərində qanunsuz əşya, predmet və ya maddə vardırsa onları könüllü təqdim etməyini təklif etmişlər və o da, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş və şifahi sorğulara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan kütlə narkotik vasitə heroindir, yerdən tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan başqa üzərindən başqa heç bir qanunla qadağan olunmuş əşya, predmet və ya narkotik vasitə aşkar olunmamış, sonra vəkil və polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar olunmuş kütlə müvafiq qaydada qablaşdırılmış, daha sonra polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, o, həmin protokol ilə tanış olaraq orada imza etmiş, ondan başqa vəkil və polis əməkdaşlarıda həmin protokolda imza etmişlər. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 07 iyun 2023-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və istifadəsi ilə məşğul olur. Bununla əlaqədar tərəfindən Arif Məmmədov ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuşdur. 07 iyun 2023-cü il tarixdə, saat 20 radələrində o, Şirvan İTB-nin polis nəfəri Şahid1 ilə birlikdə Şirvan şəhəri, Xəqani küçəsinə getmişlər. Həmin küçədə əməliyyat tədbirləri keçirərkən Təqsirləndirilən şəxs görmüş və barəsində məlumat daxil olduğu üçün qərara gəlmişlər ki, onu Şirvan şəhər PŞ-nə dəvət etsinlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb Şirvan şəhər PŞ-nin əməkdaşı olduqlarını bildirdikdə, sonuncu onların polis əməkdaşı olduqlarını görüb özünü şübhəli apararaq onlardan yayınıb getmək istəmiş, buna baxmayaraq onlar onu Şirvan şəhər PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların təkliflərini qəbul etmiş və onlarla birlikdə Şirvan şəhər PŞ-nə gəlmişdir. PŞ-də Təqsirləndirilən şəxs Şirvan şəhər PŞ-nin TB-də hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş, vəkil gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş və təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, həmin 1 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 1 ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə heroindir və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamşdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əmənov X4 Vüqar Güləli ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. (i.v.84-85) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixdə, saat 20:45-də saxlanılmış, həmin tarixdə, saat 21:50-də şübhəli şəxs qismində tutulmuş, 09 iyun 2023-cü il tarixdə, saat 10:05-də təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilmişdir.(i.v. 26-27, 48-49) Şəxsi axtarış və götürmə aparılması haqqında 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümündə narkotik vasitə heroinə bənzər kütlə və sol yan cibindən bir ədəd qara rəngli “Nokia” markalı mobil telefon aşkar olunmuşdur. (i.v 30-31) Məhkəmə iclasında nümayiş etdirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq bükümün içərisində narkotik vasitə heroin olduğunu və sol yan cibində bir ədəd qara rəngli “Nokia” markalı telefon olduğunu bildirir. Büküm qablaşdırılır və zərf möhürlənir, şəxsi atxarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir. (i.v 32) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 08 iyun 2023-cü il tarixli, 18/608 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi -0,860 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi - 0,05 qr, qalıq -0,810 qr. (i.v.39-40) Məhkəmə-narkoloji ekspertizasının 14 iyun 2023-cü il tarixli, 3768 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.88-89) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmü ilə AR CM-nin 241M “A” bəndi, 242M “A” bəndi ilə təqsirli bilinərək, 05 il A.M.E cəzasına məhkum edilmiş, Milli Məclisin xx.xx.1997-ci il tarixli “Amnistiya” qərarının 3-cü maddəsinə əsasən azad edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 02 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 07 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi nəzərdə tutulmuşdur. (i.v.69-71) Bakı şəhəri Nizami rayon Məhkəməsinin 7(007)-884/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsinin təqdimatı təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə ləğv edilmiş, bununla da o cəzdan azad edilmişdir. “Şirvan şəhər mərkəzi xəstəxanası” X9 arayışından görünür ki, Təqsirləndirilən şəxs ŞMP-nin narkoloji kabinetində “Opoidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatdadır. Ruhi-əsəb və nevroloji kabinetlərdə qeydiyyatda yoxdur.(i.v. 86) Elektron məhkəmə portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010cu il təvəllüdlü, X7 adında azyaşlı uşağı var. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun himayəsində azyaşlı uşağının olmasını 59.1.4-cü, törətdiyi əməldən peşman olmasını, səmimi etirafını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının müvafiq rəyinə əsasən Təqsirləndirilən şəxs oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,810 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il saat 20:45-dən xx.xx.2023-cü il saat 10:05-dək olan 2 gün müddətin nəzərə alınmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il saat 20:45-dən xx.xx.2023-cü il saat 10:05-dək şübhəli şəxs qismində tutulduğu müddət 02 gün təyin edilmiş cəzadan çıxılaraq qəti olaraq üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbsə alınsın, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – X6 maddi sübutların saxlanma otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,810 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar