Məhkəmə qərarları › İş №1(032)-180/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-180/2024

24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-180/2024 24.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 11:45 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1978-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində 23 iyun 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq 2 ədəd sellofan bükümdə xeyli miqdarda, ümumi təmiz çəkisi 1,447 qram çəkidə kustar üsulla hazırlanmış eynitərkibli narkotik vasitə olan heroini əldə edərək, həmin heroinin 0,523 qram olmaqla 01 ədəd bükümünü yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə daşımaqla saxlamış, 0,924 qram olmaqla 01 ədəd bükümünü isə əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla daşımış, 21 iyun 2024-cü il tarixdə, saat 10:50-də Şirvan şəhər polis şöbəsinin CAB-nin əməkdaşları tərəfindən Şirvan şəhəri, Xanlar küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı təmiz çəkisi 0,924 qram narkotik vasitə olan heroin əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq yaşadığı evə baxış keçirilən zaman yaşadığı evin qonaq otağnda olan xalçanın altından 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,523 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etdi və bildirdi ki, üzərindən aşkar olunmuş narkotik vasitəni bir ədəd bükümdə məhəllədə yerdən tapmış, yaşadığı evdə saxlamış və narkotik vasitə olub-olmamasını dəqiqləşdirmək məqsədi ilə tanışına göstərmək üçün bir qismini özü ilə götürmüşdür. Tapdığı narkotik vasitədən istifadə etməmiş, 21 iyun 2024-cü il tarixdə, səhər saatlarında Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb Şirvan şəhər polis şöbəsinə aparılmış, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılarkən üzərindən narkotik vasitə olan heroin aşkar olunmuş, həmçinin öz yaşadığı evdə narkotik vasitənin olmasını polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları və müdafiəçinin iştirakı ilə yaşadığı evə baxış keçirilən zaman evdə olan xalçanın altında saxladığı narkotik vasitə heroini təqdim etmiş, stolun üzərindən lampadan və içərisinə bükülü pul əskinazından hazırladığı “qəlyan” aşkar olunmuşdur. Üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə heroin elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. O da digər iştirakçılar kimi protokol oxunduqdan sonra imza etmişdir. Şirvan şəhər Polis şöbəsinə aparılarkən və orada olarkən ona qarşı hər hansı bir qanunsuz təsir və təzyiq olmamış, üzərində şəxsi axtarış keçirilən zaman və yaşadığı evə baxış keçirilərkən vəkil iştirak etmişdir. Hazırda əməlindən peşmandır, cəza təyin edilərkən himayəsində tək böyütdüyü, hazırda hərbi xidmətdə olan oğlunun olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi və şahid ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, iş üzrə keçirilmiş ekspertiza rəyləri, videoçəkiliş və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin NMQnun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 21 iyun 2024-cü il tarixdə xidmətdə olarkən ünvan 1də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitə əldə edib saxlamaqla və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması məqsədi ilə Şahid2 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı o, Şirvan ŞPŞ-nin Əməliyyat işləri üzrə rəis müavini Farid Vəliyev, Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid2, Təhqiqat bölməsinin baş təhqiqatçısı İnqilab Məmmədzadədən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu ilə birlikdə məlumatın yoxlanılması ilə bağlı Şirvan şəhəri, Xanlar küçəsinə getmişlər. Həmin küçədə olarkən saat 10:50 radələrində Təqsirləndirilən şəxs görüb, sonuncuya yaxınlaşmışlar və özlərini təqdim edib, barəsində qanunsuz yolla narkotik vasitələr əldə edib saxlamaqla və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində raportla rəhbərliyə müraciət etdikdən sonra baş təhqiqatçı İnqilab Məmmədzadə tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və vəkil gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olubolmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Büküm açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuş, başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzi vasitəsi ilə ölçüldükdə çəkisinin 1,00 qram olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini yaşadığı küçədən yerdən tapdığını, həmçinin yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan narkotik vasitə heroin və bir ədəd “Samsung” markalı mobil telefon baş təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə gedilmişdir. Orada Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özü evin qonaq otağından bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddəni, narkotik vasitənin istifadə edilməsi üçün düzəldilmiş bir ədəd şüşə lampanı və içərisinə bükülü pul əskinazını təqdim etmişdir. Həmin maddə və əşyalar baş təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması bildirilməsinə baxmayaraq bunu təsdiq edən hər hansı bir sübut növü tərəfindən müəyyən olunmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduğu ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet, döyüş sursatı və ya başqa qanunsuz hər hansı bir əşya olduğu halda onları könüllü surətdə təqdim olunması təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə olan heroin var. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümün içərisində narkotik vasitə olan heroinin olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Elektron tərəzi vasitəsi ilə həmin içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olan büküm çəkilən zaman çəkisinin 1,00 qram olduğu müəyyən edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Həmçinin, məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış keçirilməsi və götürmə istintaq hərəkətlərini özündə əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında baxış keçirilən zaman 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddə, 01 ədəd şüşə lampadan və pul əskinazından düzəldilmiş “qəlyan” aşkar olunaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş 21 iyun 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə saat 11:40-da tutulmuşdur; Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 3-16-16/2-18/598 nömrəli, 21 iyun 2024-cü il tarixli rəyindən görünür ki, 1. tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən….” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi - 0,924 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan….” sözləri yazılmış və imzalar olan kağız paketdəki: - 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi - 0,523 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 1 ədəd şüşə lampadan və pul əskinasından düzəldilmiş “qəlyan”ın içərisində psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) onun miqdarını və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir; Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bükümdə və onun evindən aşkar olunmuş 1 ədəd bükümdə, cəmi 2 ədəd bükümdə ümumi çəkisi - 1,447 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). Heroinin təmiz çəkisi - 1,447 qram, tədqiqata istifadə olundu - 0,1 qram (hər ob - 0,05 qram), qalıq 1,347 qramdır; Cinayət işi materiallarına əlavə olunmuş 21 iyun 2024-cü il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və cinayət işi aidiyyəti üzrə Şirvan şəhər polis şöbəsinin İB-yə verilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 21 iyun 2024-cü il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X1 icraatına qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır; Cinayət işi materiallarına əlavə olunmuş 23 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 23 iyun 2024-cü il tarixli qərardan görünür ki, Şirvan ŞPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Sahil Şıxalıyevin ********* saylı cinayət işı üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətmkan tədbirinin seçilməsi barədə vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs MSY-dan dərhal azad olunmuşdur; Cinayət işi materiallarına əlavə olunmuş 23 iyun 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 iyun 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə - narkoloji ekspertizasının 07 avqust 2024-cü il tarixli, 5389 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Cinayət işi materiallarına əlavə olunmuş Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 364 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİdən Şirvan ŞPŞ-nə daxil olmuş tələbnamədən və Sabirabad rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, bundan başqa Sabirabad rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə CM-nə dəyişiklik edilməsi barədə Qanun əsasında cəzası 04 il 03 aya endirilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsinə, lakin məhkumluğunun ödənilməsinə baxmayaraq islah olunmamasını, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə saxlanıldığı Şirvan şəhər Polis şöbəsinin MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun haqqında başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan 1,347 qram narkotik vasitə heroin və 01 (bir) ədəd şüşə lampadan hazırlanmış içərisində psixotrop maddə metamfetaminin izləri olan “qəlyan” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi şübhəli şəxs qismində həbsdə saxlanması nəzərə alınıb cəzasından 02 (iki) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 24 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan 1,347 qram narkotik vasitə heroin və 01 (bir) ədəd şüşə lampadan hazırlanmış içərisində psixotrop maddə metamfetaminin izləri olan “qəlyan” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar