Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-182/2023 11.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 15:20-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3, 332.2.1, 332.2.2-ci maddələri ilə təqsirli bilinərək, 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 sentyabr 2018ci il tarixdə Bakı şəhər Xəzər rayon Məhkəməsinin qərarı ilə 10 ay 24 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 1,084 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 09 may 2023-cü il tarixdə, saat 16:30-da Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Xanlar küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-1,084 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 may 2023-cü il tarixdə, saat 13 radələrində yaşadığı küçədə gəzərkən yerdə bir ədəd sellofan büküm görmüş və həmin sellofan bükümü yerdən götürüb açıb içərisinə baxdıqda, içərisində narkotik vasitə heroin olduğunu görmüş, həmin bükümü özü ilə götürüb üzərində saxlamışdır. 09 may 2023-cü il tarixdə, saat 16 radələrində Şirvan şəhəri, Xanlar küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özünü şübhəli apardığından onu polis şöbəsinə dəvət etmişlər. O da, polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən ona hüquqlarının müdafiəçi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuş, müdafiəçi gəldikdən sonra ona hüquq və vəzifələri izah olunaraq, üzərində şəxsi axtarış aparılacağı, axtarışın video müşahidə vasitəsi ilə aparılacağı və buna etirazının olub olmadığı soruşulduqda o, heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə polis əməkdaşı tərəfindən üzərində qanunsuz əşya, predmet və ya maddə vardırsa onları könüllü təqdim etməyini təklif etmişlər və o da, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş və bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan kütlə narkotik vasitə heroindir, yerdən tapmışdır və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan başqa üzərindən başqa heç bir qanunla qadağan olunmuş əşya, predmet və ya narkotik vasitə aşkar olunmamış, sonra vəkil və polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar olunmuş kütlə müvafiq qaydada qablaşdırılmış, daha sonra polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, o, həmin protokol ilə tanış olaraq orada imza etmiş, ondan başqa vəkil və polis əməkdaşlarıda həmin protokolda imza etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Şirvan şəhər PŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 may 2023-cü il tarixdə xidmətdə olarkən məlumat daxil oldu ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqla məşğul olur. Bununla əlaqədar Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuş, 09 may 2023-cü il tarixdə, saat 16 radələrində o, Şirvan CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Şirvan şəhəri, Xanlar küçəsində əməliyyat tədbirləri keçirərkən Təqsirləndirilən şəxs görüb yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər PŞ-nə dəvət etsinlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb Şirvan şəhər PŞ-nin əməkdaşı olduqlarını bildirdikdə, sonuncu onların polis əməkdaşı olduqlarını görüb özünü şübhəli apararaq onlardan yayınıb getmək istəmiş, buna baxmayaraq onlar onu Şirvan şəhər PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların təkliflərini qəbul etmiş və onlarla birlikdə Şirvan şəhər PŞ-nə gəlmişdir. Şirvan şəhər X7 Qəhrəmanova hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət olunmuş, müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş və təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, həmin 1 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 1 ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə heroindir və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılaraq möhürlənmiş, həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Məhkəmə istintaqında dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir.(i.v.85-86) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Şübhəli şəxs qismində tutulmaya dair protokoldan, qərarlardan məlum olur ki, Təqsirləndirilən şəxs 09 may 2023-cü il tarixdə, saat 16:30-da saxlanılmış, həmin tarixdə, saat 17:55-də şübhəli şəxs qismində tutulmuş, 11 may 2023-cü il tarixdə, saat 10:10-da təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir.(i.v. 26-27, 49-50) Şəxsi axtarış və götürmə aparılması haqqında 09 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükümündə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. (i.v 30- 31) Məhkəmə iclasında nümayiş etdirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirir. Büküm qablaşdırılır və zərf möhürlənir, şəxsi atxarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd qara rəngli “Samsung A30” markalı mobil telefon aşkar olunaraq götürülür,əlavə axtarış zamanı təqsirləndirilənin üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir. (i.v 32) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 10 may 2023-cü il tarixli, 18/491 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi-1,084 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi - 0,05 qr, qalıq -1,034qr. (i.v.40) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3, 332.2.1, 332.2.2-ci maddələri ilə təqsirli bilinərək, 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 sentyabr 2018-ci il tarixdə Bakı şəhər Xəzər rayon Məhkəməsinin qərarı ilə 10 ay 24 gün vaxtından əvvəl şərti azad edilmiş, 19 avqust 2019-cu ildə şöbənin qeydiyyatından çıxarılmışdır. (i.v.73-74) “Şirvan şəhər mərkəzi xəstəxanası” X9 22 may 2023-cü il tarixli, PHŞ-6-35/2-296(3)/23 arayışından görünür ki, Təqsirləndirilən şəxs ŞMP-nin ruhi-əsəb və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur.(i.v. 78) Məhkəmə-narkoloji ekspertizasının 01 iyun 2023-cü il tarixli, 3383 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. (i.v.88-89) Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin 07 iyul 2023-cü il tarixli, 201696-2018/10- 25 nömrəli məktubun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 7(003)1759/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 10 (on) ay 24 (iyirmi dörd) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.(i.v.91) Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra çəkisi 1.034 qram qalan narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir.(i.v.100) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun əməlini qismən etiraf etməklə peşman olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3, 332.2.1, 332.2.2-ci maddələri ilə təqsirli bilinərək, 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 sentyabr 2018-ci il tarixdə Bakı şəhər Xəzər rayon Məhkəməsinin qərarı ilə 10 ay 24 gün vaxtından əvvəl şərti azad edilmiş, 19 avqust 2019cu ildə şöbənin qeydiyyatından çıxarılmış, hazırda isə onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi mövcuddur və bu hal onun məsuliyyətini ağırlaşdıran hal hesab olunur. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, onun əvvəllər cinayət əməlinə görə məhkumluq həyatı yaşamasını, bundan başqa əməlində cinayətlərin residivinin olması kimi ağırlaşdırıcı halın mövcudluğunu və Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz tələbini nəzərə alaraq onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının müvafiq rəyinə əsasən Təqsirləndirilən şəxs Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X8 maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,034 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikas CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il saat 17:55-dən xx.xx.2023-cü il saat 10:10-dək 02 gün şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzadan çıxılaraq qəti olaraq, üzərində 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz ) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o məhkəmə zalından həbsə alınsın, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – X8 maddi sübutların saxlanma otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,034 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 49 manat 74 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-182/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-182/2023
11.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver