Məhkəmə qərarları › İş №1(032)-184/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-184/2024

24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-184/2024 24.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:00-da Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qıznın sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Hacıqabul rayonu, Muğan qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2024-cü il tarixdə, saat 02 radələrində ünvan 1 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı qəsdən sonuncunu yumruq ilə üz və baş nahiyələrinə vuraraq, Zərərçəkmiş şəxs başın sol təpə-gicgah sərhədində şişkinlik-hematoma, alt dodağın iç səthində qansızma, sağ əlin arxa səthində sıyrıq, sol dizdə qançır kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2011-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nigahdan 4 övladı olmuşdur. Son zamanlar Könülün qısqanclığı səbəbi ilə evdə mübahisələri yaranmışdır. 21 sentyabr 2024-cü il tarixdə, saat 02 radələrində yaşadığı binanın həyətində dostları ilə söhbət etdikdən sonra yaşadığı mənzilə getmiş, Könül təkrar ona “sən qızlarla danışırsan” demiş və mübahisə yaratmışdır. O, Könülə “heç kimlə danışmadığını” söyləmiş, Könül bu sözdən daha da hiddətlənərək onu nalayiq ifadələrlə təhqir etmişdir. O, bu təhqirlərə dözməyərək Könülün üzərinə getmiş və onun baş nahiyəsinə 3 dəfə yumruq zərbəsi vurmuşdur. Bundan sonra mübahisəni bitirərək yatmağa getmiş və sonradan baş verənlərdən məlumatı olmamışdır. Təxminən saat 05 radələrində polis əməkdaşları onu Zərərçəkmiş şəxs Şirvan ŞMX-yə müraciət edərək döyülməsi ilə bağlı olaraq polis şöbəsinə dəvət etmişlər. Mübahisə təxminən 10-15 dəqiqə davam etmiş, mübahisə zamanı ətrafda heç kəs olmamış, mübahisə zamanı ayıq vəziyyətdə olmuş, mübahisə ünvan 2 ünvanında baş vermişdir. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı aradan qaldırmışdır. İşin icraatına xitam verilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2011-ci ildə rəsmi şəkildə ailə həyatı qurmuş, birgǝ nigahdan 4 övladı olmuşdur. Pərvin ilə münasibətləri əvvəllər yaxşı olmuş, lakin son bir neçə aydır ki, pisləşmişdir. Buna səbəb isə Pərvinin ona xayanət etməsi olmuşdur. Pərvin bir neçə aydır ki, gecələr evə gəlməmiş, həmçinin evdə olan zaman mobil telefonla başqa qadınlarla danışmışdır. Bu səbəbdən də aralarında tez-tez mübahisələr olmuşdur. 21 sentyabr 2024-cü il tarixdə, gecə saat 02 radələrində əri Pərvin yenidən mobil telefonda kimləsə yazışmış, o, ondan kimlə yazışdığını soruşmuş, lakin Pərvin ona “sən dəli olmusan, mən heç kimlə yazışmıram” demişdir. Bu zaman o, əsəbləşərək Pərvini təhqir etmişdir. Pərvin isə cavab olaraq onun baş və üz nahiyələrinə bir neçə dəfə yumruqla zərbələr endirmiş və evdən çıxaraq getmişdir. Bunda sonra baş nahiyyəsində ağrılar hiddətləndiyi üçün Şirvan ŞMX-na müraciət etmişdir. Pərvin ilə aralarında olan mübahisə təxminən 10 dəqiqə davam etmiş, mübahisə zamanı ətrafda heç kəs olmamış, Pərvinin onu döyməsi nəticəsində baş nahiyəsindən xəsarət almışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayəti və tələbi olmadığını bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın açılması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşmiş icraat açılmışdır. “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə ünvan 3 ünvanında yerləşən mənzildə baş vermişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 497 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər – başın sol təpə-gicgah sərhədində şişkinlik-hematoma, alt dodağın iç səthində qansızma, sağ əlin arxa səthində sıyrıq, sol dizdə qançır- küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 21 sentyabr 2024-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla yetirilə bilərdi. Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən göndərilmiş tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs 29 dekabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum olunmuş, barəsində CM-nin 70ci maddəsi tətbiq edilərək cəzası N ay sınaq müddəti təyin edilməklə şərti hesab edilmişdir. «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 01 oktyabr 2024-cü il tarixli, 18-1-35/2-1431/2024 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ŞMX Publik hüquqi şəxsin poliklinika şöbəsinin psixoloji-nevroloji kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, hazırda əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini bildirmiş, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdığını, barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, dəymiş ziyanı ödədiyindən və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına CPM-in 43-cü maddəsinə əsasən xitam verilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, həmçinin məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar