Məhkəmə qərarları › İş №1(032)-185/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-185/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-185/2023 17.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12.30-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Şirvan şəhəri, Nizami küçəsi, ev 63-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs fərdi yaşayış yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Şirvan şəhəri, M.Mirzəyev küçəsi 2/2-də yaşayan Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətinə vahid niyyətlə əhatə olunmuş qəsdlə 2022-ci ilin iyun-dekabr aylarında tarixi istintaqa məlum olmayan vaxtlarda darvazanın məftilini açmaqla qanunsuz olaraq daxil olub, evin həyətindəki əl damından bir ədəd 110 manat dəyərində avtomobil qaldırıcı aparatı, bir ədəd 85 manat dəyərində qaz motorunu, bir ədəd 30 manat dəyərində dəmir başlıqlı və dəmir tutacaqdan ibarət çəkici, bir ədəd 10 manat dəyərində yaşıl rəngli dəmir materialdan olan kürək başlığını, 4 ədəd hər birinin qiyməti 5 manat olmaqla ümumi dəyəri 20 manat olan dəmir materialdan ibarət təmir açarlarını, bir ədəd 150 manat dəyərində 5 litrlik samovarı, bir ədəd 75 manat dəyərində su motorunu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 480 (dörd yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 09 mart 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə daş hasardan keçməklə və pəncərəni fiziki güc tətbiq etməklə açmaqla qanunsuz olaraq daxil olub, həmin evin mətbəxindən 1000 manat dəyərində 1 ədəd «Nobella» markalı kombi aparatını, 1 ədəd 5 manat dəyərində kiçik ölçülü, kombi aparatına quraşdırılan başlığı və 1 ədəd 10 manat dəyərində böyük ölçülü, kombi aparatına quraşdırılan başlığı gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 1015 (min on beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 25 yanvar 2023-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs2 məxsus Şirvan şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan keçməklə qanunsuz olaraq daxil olub, həyətdə olan yardımçı tikilidən 1 ədəd 300 manat dəyərində qaynaq aparatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi vəziyyətdən çətinlik çəkdiyi üçün oğurluq etmək qərarına gəlmiş, bu səbəbdən Şirvan şəhər ərazisində gəzib oğurluq etmək üçün münasib ev axtarmağa başlamış, həmçinin fikirləşmişdir ki, dəmir və ya başqa əlvan metal oğurlayıb satsın. 2022-ci ilin iyun ayında Şirvan şəhəri Çılpaqlı qəsəbəsi deyilən yaşayış massivində gəzərkən görmüşdür ki, bir evin darvazası çöl hissədən məftillə bağlanıb. Hasardan həyətə boylanmış və görmüşdür ki, həqiqətəndə nə evdə, nə də ki, həyətdə heç kim yoxdur. Tam əmin olduqdan sonra darvazada olan məftili açmış və həyətə daxil olmuş, həyətdə olan əldamına daxil olduqda görmüşdür ki, dəmir avadanlıqlar vardır. Həmin avadanlıqları hamısını götürə bilməyəcəyini fikirləşərək orada olan avtomobil qaldırıcını (danqratı) və qaz nasosunu götürərək həyətdən çıxmış və darvazanın qapısını olduğu kimi məftillə bağlamış, fikirləşmişdir ki, hər dəfə pul lazım olduqda qeyd olunan ünvana gəlib oğurluq edər və oğurladığı əşyaları satıb pul əldə edər. Oğurluq etdikdən sonra birbaşa küçələrində olan balıq zavoduna gələrək götürdüyü qaldırıcını və qaz nasosunu zavodun həyətində gizlətmiş, həmin günün səhəri qaz nasosunu küçədə dəmir yığan tanımadığı şəxsə 15 manata satmışdır. Avtomobil qaldırıcı isə gizlətdiyi yerdə qalmış, təxminən 5 gün sonra təkrarən Çılpaqlı qəsəbəsinə həmin evin yanına getmiş, o, evin həyət darvazasının məftilini açaraq həyətə daxil olmuş və əldamına girərək orada olan dəmir kuvaltı, bir ədəd beli və dəmir qaz açar dəstini götürərək təkrarən qapını məftillə bağlayıb yenədə küçələrində olan Balıq zavoduna gəlib oğurladığı əşyaları zavodun həyətində gizlətmişdir. Həmin vaxtlarda onları sata bilməmiş, təxminən 3 gün sonra o, təkrarən Çılpaqlı qəsəbəsinə həmin evin yanına getmiş, o, evin həyət darvazasının məftilini açaraq həyətə daxil olmuş və əldamında gümüşü rəngli samovarı götürüb, həyətdən çıxmış, darvazanı isə əvvəlki kimi məftillə bağlamışdır. O, samovarı həmin günün səhəri səyyar metal alqı-satqısı ilə məşğul olan şəxslərə 20 manata satmışdır. Sonuncu dəfə təxminən 2022-ci ilin dekabr ayında təkrarən Çılpaqlı qəsəbəsində olan evin yanına gəlmiş, darvazanı açıb həyətə daxil olaraq, darvazanın sağ tərəfində olan su hovuzuna su motorunun quraşdırıldığını görüb, qərara gəlmişdir ki, su motorunu oğurlasın. Su motorunu borudan ayıraraq götürmüş və həyətdən çıxıb balıq zavoduna gələrək zavodun həyətində gizlətmişdir. Təxminən 3 gün sonra həmin su motorunu tanımadığı küçələrdə dəmir yığan qaraçılara 15 manata satmış, əldə etdiyi pulu isə öz ehtiyacına xərcləmişdir. Sonradan oğurlayıb balıq zavodunun həyətinə yığdığı əşyaların orada olması yadından çıxdığı üçün o onları sata bilməmişdir. O, Çılpaqlı qəsəbəsində yerləşən evə ilk dəfə oğurluq üçün daxil olan zaman əl damında bir çox əşyanın olduğunu görüb, həmin əşyaları hissə-hissə oğurlamaq qərarına gəlmiş və bunun üçün hər dəfə ayrı-ayrı vaxtlarda həmin evə gedib ifadəsində göstərdiyi əşyaları oğurlamışdır. Bundan başqa, Şirvan şəhər sakini tanışı Salavat adlı şəxsin hazırda həbsdə olduğunu və yaşadığı evdə yaşayış olmadığını bilmiş, o, bir neçə dəfə Salavatgildə qonaq olmuş, Salavatgilin evində mətbəxdə kombi aparatını görmüş, o, həmin kombi aparatanı oğurlasa yaxşı pul əldə edə biləcəyini bilmiş, buna görə də, mart ayında Novruz bayramından təxminən 10 gün əvvəl Salavatgilin yaşadığı “Ağsaray” şadlıq evi ilə üzbəüz olan küçəyə gəlmiş, həmin vaxt saat təxminən 23 radələrində ətrafda heç kimin olmadığını və onu kimsənin görmədiyinə tam əmin olduqdan sonra Salavatgilin həyətinə hasardan tullanmış, sonra evin darvaza tərəfdən deyil, o biri tərəfindən yan tərəfdən olan pəncərəsinin qarşısına gəlmiş, həmin yerdən pəncərəni əli ilə zərbə vurub içəri itələmiş, pəncərə açılmış, o, həmin pəncərədən içəri daxil olmuş, cibində olan alışqan fənəri ilə mətbəxə keçib, orada olan kombi aparatını cibində gətirdiyi kəlbətinlə yerindən açmış, sonra həmin kombi aparatını pəncərədən çıxarıb hasarın yanına gəlmiş, həmin kombi aparatını un kisəsinə qoyub hasarın üstünə qoymuş, sonra özü də hasarın üstünə çıxıb çölə tullanmış, ardınca kombini götürüb yolun kənarına gəlmiş, orada tanımadığı bir taksi sürücüsü ilə yaşadığı evə gəlmiş, taksiyə isə 2 manat yol pulu vermişdir. Kombi aparatını həyətlərinə gətirib sökmüş, o, həmin kombi aparatını sökməkdə məqsədi içərisində olan qiymətli metalları götürüb satmaq olmuş, çünki, kombinin işlək vəziyyətdə satsaymış, tutula bilərmiş, kombini söküb içərisində olan mis və aliminium hissələrini ayırıb bir torbaya yığmışdır. Qalan lazımsız və yararsız hissələrini isə evlərinin yaxınlığında olan hazırda fəaliyyət göstərməyən balıq zavodunun həyətinə aparıb orada gizlətmişdir. Kombinin həmin üst qapağı hazırda zavodun həyətində gizlətdiyi yerdə olmuş, kombinin içərisindən çıxardığı mis və aliminium hissələri isə şəhər ərazisində səyyar metal qəbulu ilə məşğul olan tanımadığı şəxslərə 30 manat müqabilində satmışdır. Həmin pulla lazım olan ehtiyaclarının bir qismini qarşılamışdır. Bundan başqa, 25 yanvar 2023-cü il tarixdə saat 20 radələrində o, Şirvan şəhəri ərazisində gəzən zaman pulu olmadığı üçün oğurluq edib oğurladığı əşyaları sataraq pul əldə etmək qərarına gəlmiş, Şirvan şəhəri Ordubadi küçəsində küçə ilə gedən zaman evlərdən birində adam olmadığını düşünüb hasardan aşıb həyətə daxil olmuş, həyətə daxil olanda həyətə iki evin və həmin iki evdən birinin qarşısında yardımçı tikili olduğunu görmüş, qorxduğu üçün evlərə daxil olmamış, həyətin giriş hissəsinə yaxın olan yardımçı tikiliyə daxil olmuş, yardımçı tikiliyə daxil olduqda birinci otaqdan ikinçi otağın da qapısının olduğunu və həmin yardımçı tikilidə müxtəlif məişət əşyalarının olduğunu görmüş, həmin əşyalardan sataraq pul əldə edəcəyini düşünüb qaynaq aparatını götürüb yardımçı tikilidən çıxararaq hasarın üstündən küçəyə çıxmış, oğurluq etmiş olduğu bir qədər aralaşdıqdan sonra tanımadığı VAZ-2106 markalı avtomobillə yaşadığı evə getmiş, qaynaq aparatını da yaşadığı həyətə qoymuş, sabahısı gün yəni, 26 yanvar 2023-cü il tarixdə oğurlamış olduğu qaynaq aparatını götürüb küçəyə çıxmış və küçə-küçə gəzərək uca səslə dəmir satdığını bildirmişdir. 26 yanvar 2023-cü il tarixdə saat təxminən 12 radələrində tanımadığı bir nəfər şəxs onun səsini eşidib ona yaxınlaşmış və qaynaq aparatını almaq istədiyini bildirmişdir. O, qaynaq aparatını 150 manata satdığını bildirmişdir. Həmin şəxslə 120 manata razılaşdıqdan sonra həmin şəxsə qaynaq aparatını 120 manata satmışdır. Həmin şəxs qaynaq aparatının əsas hissəsini söküb aparmış, aparatın qalıq hissəsini balıq zavodunu yaxınlığında gizlətmiş və evə qayıtmışdır. Əldə etmiş olduğu 120 manat pulu 2 gün ərzində şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslərlə barışmış, zərərçəkmiş şəxslərə vurmuş ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 göstərdi ki, 10 mart 2023-cü il tarixdə, saat 11 radələrində o, Xəqani küçəsində yerləşən evə baş çəkmək üçün gəlmiş, həmin vaxt o, evin həyətinə daxil olduqda, evin mətbəxinə açılan pəncərənin açıq olmasını görmüş, sonra evə daxil olmuş və evə baxmışdır. Bu zaman mətbəxdə olan “Nobella” markalı kombi aparatının yerində olmadığı görmüşdür. Sonra evin başqa yerlərinə baxmış, lakin hər şey yerində olmuş, sonra DİN-nin 102 xidmətinə zəng edərək, evlərindən kombi aparatının oğurlanmasını bildirmiş, bundan başqa o bildirmişdir ki, oğurlanmış 1 ədəd “Nobella” markalı kombi aparatının qiyməti 1000 manatdır. Ona məxsus evdən 1 ədəd kombi aparatından başqa heç nə oğurlanmamışdır. Hazırda ona vurulmuş ziyan təqsirləndirilən şəxsin anası tərəfindən ona ödənilmişdir, buna dair ərizə təqdim etmiş və təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmamasını, onunla barışdığını bildirmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 göstərdi ki, 25 yanvar 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı evin həyətində olan yardımçı tikilidə qaynaq işləri ilə məşğul olmuş və bundan sonra həmin yeri tərk edib getmiş, həmin günü saat 22 radələrində yaşadığı evə qayıtmış və həmin tikiliyə daxil olan zaman oradan qaynaq aparatının oğurlanmasını aşkar edib bu barədə DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Bundan başqa o bildirmişdir ki, həmin evdə və ona yaxın evlərdə müşahidə kamerası olmamış, həmin günü və yaxud ondan bir gün qabaq onların evə heç kəs gəlməmiş, onun şübhələndiyi hər hansı bir şəxs olmamış, oğurluq nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş ziyan təqsirləndirilən şəxsin anası tərəfindən ona ödənilmişdir, buna dair ərizə təqdim etmiş və təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmamasını, onunla barışdığını bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yay aylarında evdə olmadığı müddət ərzində həyətində olan avtomobil qaldırıcı aparatı ilə birlikdə qaz matoru naməlum şəxslər tərəfindən oğurlanmışdır. Həmin vaxtlar o, bu barədə Şirvan şəhər Polis şöbəsinə ərizə ilə mürciət etməyinə baxmayaraq oğurluq edən şəxslər tapılmamışdır. Bundan təxminən 10 gün sonra həyətində olna əldamından təkrarən kuvalt, bel və qaz açarları naməlum şəxs tərəfindən oğurlanmışdır. Bu barədədə təkrarən Şirvan şəhər Polis şöbəsinə müraciət etməyinə baxmayaraq həmin oğurluq edən şəxslərdə tapılmamışdır. Bu hadisədən təxminən 3 gün sonra həyətindən gümüşü rəngdə 5 litr su tutan odun samovarı naməlum şəxs tərəfindən oğurlanmışdır. Bu barədə o, Şirvan şəhər polis şöbəsinə müraciət etməyinə baxmayaraq həmin oğurluq edən şəxs tapılmamışdır. 2022-ci ilin noyabr ayının 3-də işləmək üçün Türkiyə Respublikasına getmiş, 19 dekabr 2022-ci il tarixdə oğlu Məhəbbət ona zəng vuraraq bildirmişdir ki, həyətlərində olan su hovuzuna quraşdırdıqları su matoru naməlum şəxs tərəfindən oğurlanmış və həyətlərini su basmışdır. O, 2023-cü ilin fevral ayının 4-də evinə qayıtdıqdan sonra təkrarən qonşularla su matoruna görə maraqlanmış, lakin su matorunu oğurlayan şəxsin kim olması məlum olmamış. Bu səbəbdən də, xx.xx.2023-cü il tarixdə Şirvan şəhər Polis Şöbəsinə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. hazırda ona vurulmuş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 21 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 22 aprel 2023-cü il tarixdə barəsində Şirvan şəhər Məhkəməsi tərəfindən 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisə yeri Şirvan şəhəri, ünvan 2-də yerləşən fərdi yaşayış evidir. Fərdi yaşayış evinin həyətində birmərtəbəli iki otaqdan ibarət yarımtikili yerləşir. Həmin tikilinin giriş hissəsindəki birinci otaqda müxtəlif qaynaq aparatları və yerə düzülmüş dəmir materiallar vardır. Baxış zamanı Zərərçəkmiş şəxs2 bildirmişdir ki, qaynaq aparatları olan yerdən bir ədəd qaynaq aparatı oğurlanmışdır. (i.v 94-97) Hadisə yerinə baxış keçirilməsi haqqında 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri A.Əhmədov küçəsi 18/57-də yerləşən fərdi yaşayış evidir. Hadisə yerinə təklay dəmir qapıdan daxil olunur. Fərdi yaşayış evi birmərtəbəli olmaqla mətbəx və digər otaqlardan ibarətdir. Mənzilin mətbəxinə daxil olduqda mətbəxdə olan pəncərənin yanındakı divarda kombi aparatının qoşulması üçün nəzərdə tutulmuş yer görünür. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, mətbəxin divarına bərkidilmiş “Nobella” markalı kombi aparatı oğurlanmışdır. (i.v 140-143) Hadisə yerinə baxış keçirilməsi haqqında 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri, M.Mirzəyev küçəsi “2/2-də yerləşən fərdi yaşayış evidir. Həyət evinin təxmini sahəsi 0,4 ha-dır. Həyətə boz rəngli iki laylı dəmir qapıdan daxil olunur. Dəmir darvazanın hündürlüyü iki metrdir, eni isə 3 metrdir. Həyətdə əşyalar yığmaq üçün əldamı vardır. Baxış zamanı Zərərçəkmiş şəxs3 fərdi yaşayış evinin həyətyanı sahəsindən və əl damından oğurlanan əşyaların yerini göstərmişdir. (i.v 7-10) İfadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs hadisə yerlərində əyani olaraq törətmiş olduğu oğurladığı hadisələrini necə və hansı qaydada törətdiyini göstərmiş və ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerlərində təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, oğurlanan əşyalar 1 ədəd ağ rəngli kombi aparatının üzlüyü, 2 ədəd kombi aparatının hava borusu, 1 ədəd qaynaq aparatının dəmir detalı, 1 ədəd dəmir başlıqlı və dəmir tutacaqdan ibarət çəkic, 4 ədəd dəmir materialdan ibarət açar, 1 ədəd dəmir materialdan olan kürək başlığıdır. Başqa oğurluq əşya aşkar edilməmiş və yuxarıda göstərilən əşyalar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (i.v.214-225) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli 9/4598 nömrəli rəyindən görünür ki, 1 ədəd istifadə olunmuş üzərində korroziya izləri, pas ləkələri olan, dəmir başlıqlı və dəmir tutacaqdan ibarət çəkicin qiyməti 30 manat, 1 ədəd uzun müddət istifadə olunmuş, üzərində korroziya izləri, pas ləkələri olan dəmir materialdan ibarət açarın qiyməti 5 manat (4 ədədi ümumilikdə 20 manat), 1 ədəd yaşıl rəngli, uzun müddət istifadədə olmuş, üzərində korroziya izləri, pas ləkələri olan, dəmir materialdan olan kürək başlığınıbn qiyməti 10 manat, 1 ədəd eni 95 mm, qalınlığı 10 mm, uzunluğu 1.6 m olan istifadədə olmamış taxta üzlüyün qiyməti 2,50 manat ( 4 ədədinin ümumilikdə qiyməti 10 manat), 1 ədəd kiçik ölçülü, kombi aparatına quraşdırılan başlığın qiyməti 5 manat, 1 ədəd böyük ölçülü, kombi aparatına quraşdırılan başlığın qiyməti 10 manatdır. Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla ayrı-ayrı tarixlərə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 85,00 (60+10+15) manat müəyyən edilmişdir. (İİ cild i.v.19-22) “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X2 01 may 2023-cü il tarixli PHŞ-6-35/2- 241/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın ruhiəsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (i.v.240) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.233) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun zərərçəkmişlərıə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını, gənc olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzası təyin olunmasını, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-ci il tarixdən hazıradək 05 ay 26 gün həbsdə saxlanılma müddətinin nəzərə alınmasını, üzərinə müvafiq olaraq daimi yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmasını məqsədəmüvafiq hesab edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq zərərçəkmiş şəxslərə qaytarılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-ci il tarixdən hazıradək 05 ay 26 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan 11 ay 22 gün çıxılmaqla qəti olaraq ona 2 (iki) il 08 (səkkiz) gün müddətə azadlığın məhdudaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalından dərhal azad olunsun, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzasının əvvəli Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan Şirvan şəhəri, Nizami küçəsi, 63 saylı evi hər gün saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulsun. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi nəzərə alınsın və iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd ağ rəngli kombi aparatının üzlüyü, 2 ədəd kombi aparatının hava borusu, 1 ədəd qaynaq aparatının dəmir detalı, 1 ədəd dəmir başlıqlı və dəmir tutacaqdan ibarət çəkic, 4 ədəd dəmir materialdan ibarət açar, 1 ədəd dəmir materialdan olan kürək başlığı müvafiq zərərçəkmişlərə qaytarılsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar