Məhkəmə qərarları › İş №1(032)-188/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-188/2024

21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-188/2024 21.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:45 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X6 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxx 1992-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “X16” MMC-də sosial işçi (ictimai işlər) vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ə Şirvan şəhər Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 iyul 2024-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dəmir çəpərdən keçməklə və pəncərədən girməklə qanunsuz olaraq daxil olub, evin qonaq otağında olan kreslounun üzərindən 01 ədəd 140 manat dəyərində Çin istehsalı “Oteeto” markalı, “Tab 11” modelli planşeti gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 140 (yüz qırx) manat dəyərində maddi zərər vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq edib bildirdi ki, Şirvan şəhəri, Çılpaqlı qəsəbəsində, M.Qədirov küçəsində yaşayır. 08 iyul 2024-cü il tarixdə, saat 22 radələrində yaşadığı küçədə olarkən qonşuluqda olan fərdi yaşayış evinin işıqlarının sönük olmasını görmüş və həmin vaxt evdə kimsə olmadığını düşünüb, anadangəlmə epilepsiya xəstəsi olan uşağına dərman almaq üçün pulu olmadığından oğurluq etmək məqsədi ilə evin daş hasarından həyətinə keçmişdir. Evin qapısı bağlı olduğundan pəncərəsinə tərəf gəlmiş və pəncərənin açıq olub-olmamasını yoxlayan zaman bir pəncərənin açıq olmasını görmüş və pəncərəni əli ilə açıb oradan evə girmiş, həmin pəncərədən evə girəndə pərdəyə ilişmiş və pərdə qopub düşmüşdür. O, evin içərisinə girəndə divanın üzərində 1 ədəd planşet görmüş və həmin planşeti özü ilə götürüb gəldiyi yolla pəncərədən həyətə keçmiş və oradan daş hasardan küçəyə çıxmışdır. Oradan bir başa evinə gəlmiş və oğurladığı planşeti evində gizlətmişdir. Məqsədi sonradan planşeti satıb xəstə uşağına dərman almaq üçün pul əldə etmək olmuşdur. Oğurluq edərkən onu kənardan görən olmamış, oğurluq edərkən tək olmuşdur. Oğurluq nəticəsində dəymiş ziyan tərəfindən Zərərçəkmiş şəxs ödənilmişdir. Zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı tələb və ya şikayəti yoxdur. Hazırda törətmiş olduğu əməldən peşmandır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasına gəlməmiş, məhkəmə hazırlıq iclasında iştirak etdiyi zaman məhkəməyə ərizə təqdim edərək ona vurulmuş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, 08 iyul 2024-cü il tarixdə saat 20 radələrində ailə üzvləri ilə birlikdə Şirvan şəhəri Demanlı məhəlləsində yaşayan qardaşıgilə qonaq getmişdir. Sonra oradan çıxıb işlədiyi beton zavoduna gəlmişdir. Orada işlərini həll etdikdən sonra 09 iyul 2024-cü il tarixdə saat 00:40 radələrində Şirvan şəhərinə qayıdaraq qardaşıgilə gələrək ailə üzvlərini özü ilə götürmüş və oradan yaşadığı Şirvan şəhəri, M.Qədirov küçəsində yerləşən evlərinə gəlmişlər. Evin qapısını açaraq evə daxil olmuşlar. Evə daxil olduqdan sonra oradan yataq otağına girən zaman otağın çöl pəncərəsinin açıq olduğunu görmüş, evdən oğurluq olmasında şübhə etdiyindən evə baxış keçirmiş və bu zaman oğlu üçün aldığı “Oteeto Tab 11 Pro” markalı planşetin yerində olmadığını görmüş və evindən oğurluq olmasına əmin olduqdan sonra bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 iyul 2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X2 icraatına qəbul edilmişdir; 18 iyul 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 18 iyul 2024-cü il tarixli, 3-13-11/2-8816/2024 nömrəli məktubdan görünür ki, tədqiqata təqdim edilmiş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl-izlərinin 05 ədədi (ADİS məlumat bankına BƏSİİ və Şirvan ŞPŞ-dən daxil olan) xx.xx.1992-ci ildə Şirvan şəhərində doğulmuş, Təqsirləndirilən şəxs sağ əlinin ovucu və orta barmağı, sol əlinin isə böyük, orta və adsız barmaqları (pəncərənin iş tərəfindən) eynilik müəyyən edilmişdir; 18 iyul 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə, saat 18:55-də tutulmuşdur; 19 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir; 19 iyul 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 iyul 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sabirabad rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış və xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir; “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 10 avqust 2024-cü il tarixli, 18-1-35/2-1186/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx xxxxx 1992-ci il təvəllüdlü Əli-Bayramlı şəhərində doğulmuş, Şirvan şəhəri ev 38, mənzil 1-də yaşayan Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanasının narkoloji kabinetində “opioidlərin qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatdadır. Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 356 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2024-cü il tarixli, 9/7453 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd Çin istehsalı olan “Oteeto” markalı, “Tab 11” model planşetin istifadədə olması və kompleksləşməsinə daxil edilən aksesuarlarının olmaması nəzərə alınmaqla 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti təxminən 140,00 manat müəyyən edilir; 15 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir; Zərərçəkmiş şəxs təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, ona dəymiş ziyan tam ödənilmişdir, hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və ya tələbi yoxdur. İbtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq edir və məhkəmənin baxış iclaslarının işi ilə bağlı iştirakı olmadan keçirilməsini xahiş edir; xx.xx.2019-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin (AZ-İİ № 367674) surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə X9 ilə nikahları bağlanmışdır; şəxsin qohumluq əlaqələri barədə “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X5, xx.xx.2022-ci il təvəllüdlü X10 və xx.xx.2023-cü il təvəllüdlü X1 adlı uşaqları var; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən oğurluq cinayət əməlini törətməsi, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talaması və onun həmin əməli törətməkdə təqsirli olması özünün etirafedici, zərərçəkmiş şəxsin ifadəsi, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X7 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respbulikası CM-nin 59.1.4-cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Azərbaycan Respbulikası CM-nin 59.1.13-cü maddəsinə, törətmiş olduğu cinayəti etiraf etdiyini və əməlindən peşman olmasını Azərbaycan Respbulikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə onun barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə saxlanıldığı Şirvan şəhər Polis şöbəsinin MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “Oteeto” markalı “Tab 11” model planşetin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə digər maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan Azərbaycan Respublikası DİN-nin KTİ-dən daxil olmuş əl-barmaq izləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “Oteeto” markalı, “Tab 11” model planşetin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan Azərbaycan Respublikası DİN-nin KTİ-dən daxil olmuş əl-barmaq izləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar