Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-19/2024 10.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:57-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 , Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda miqdarda, təmiz çəkisi 0,544 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla daşımış və 07 sentyabr 2023-cü il tarixdə, saat 18:50 radələrində Şirvan şəhər polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, 1 May küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,544 qram narkotik vasitə olan heroin göy rəngli şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi, ifadə verərək göstərdi ki, əmisi onun müalicə olunması üçün polis şöbəsinə yaxınlaşmış, narkotik vasitələrdən istifadə etməsin deyə 15-20 gün həbs olunmasını, polis şöbəsində saxlanılmasını istəmişdir. 07 sentyabr 2023-cü il tarixdə yaşadığı Şirvan şəhəri 1 May küçəsində olarkən ittiham aktında adları qeyd edilməmiş polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Şirvan şəhər Polis Şöbəsində olarkən NMQ-nin rəisi onun üzərinə külli miqdarda heroin qoyulmaqla sənədləşmə aparılacağını demişdir. Əvvələr narkotik vasitə heroindən istifadə etsə də hazırda narkotik vasitələrdən istifadə etmir. Narkotik vasitə olan heroini sosial şəbəkə vasitəsi ilə tanımadığı şəxslərdən almışdır. Narkotik vasitə heroini çəkmək yolu ilə qəbul etmişdir. Polis şöbəsində tanımadığı polis əməkdaşları ətrafına yığılaraq onu təzyiq altına salmışlar, üzərinə narkotik vasitə olan heroin yerləşdirmişlər və həmin heroinin özünə məxsus olmasını bildirməyini, onu Oktay adlı şəxsdən almasını bildirməsini tələb etmişlər. Bunu etmədiyi halda isə onun üzərinə daha cox çəkidə narkotik vasitə qoyub narkotik vasitələrin satışı ilə sənədləşdirəcəklərini bildirmişlər. O, təzyiq altında olduğu üçün qorxmuş, videoçəkiliş zamanı həmin narkotik vasitənin özünə məxsus olmasını, narkotik vasitə heroini Oktay adlı şəxsdən almasını bildirmişdir. Lakin həmin narkotik vasitə ona məxsus omamışdır. Bu barədə nə müdafiəçisinə, nə də ki, digər yerlərə məlumat verməmiş, şikayət etməmişdir. Şirvan şəhər Polis Şöbəsində o, Ayxan, Fərid və Fərman adlı polis əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa məruz qalmışdır. xx.xx.2023-cü ildə məhkəmənin hazırlıq iclası keçrilmişdir. xx.xx.2023-cü il tarixində saat 10-11 radələrində yaşadığı mənzildə olarkən ona məxsus 055- 702- 38-32 nömrəyə ***-***-**-** nömrəsindən zəng olunaraq Ayxan adlı polis olduğunu bildirmişdir. Daha sonra ona hazırlıq məhkəməsinin olub-olmaması barədə sual vermişdir. O, xx.xx.2023-cu il tarixdə hazırlıq məhkəməsinin olduğunu bildirmişdir. Ayxan adlı polis bir neçə polis işçisinin onunla görüşəcəklərini bildirmiş və münasib bir yerə çıxmağını söyləmişdir. Nə işlərinin olmasını soruşanda onların özləri deyəcəyini bildirmişdir. O, onlara 13 nömrəli məktəbin qarşısına gələcəyini bildirmişdir. Sonra deyilən ünvana getmiş iki nəfər polis işçiləri yaş asfalt rəngində Hunday markalı maşınla gəlmişlər. Onu maşına mindirdikdən sonra polis əməkdaşlarından biri Bəhruz olduğunu bildirmişdir. Daha sonra Bəhruz onun köhnə şəhər üzrə əməliyyatçı təyin edildiyini bildirmişdir. Bundan sonra Çılpaqlı ərazisində bir neçə oğurluq olduğunu həmin oğurluqların guya onun tərəfindən törədildiyini bildirərək ona hədə-qorxu gəlməklə köhnə şəhərdə Bəhruzun dediyinə görə narkotik satan bir neçə şəxslə əlaqə yaradaraq onun vasitəsi ilə onları tutmağa təhrik etmişdir. Əks təqdirdə onu polis şöbəsinə aparıb yuxarıda qeyd etdiyi oğurluqları iradəsinə zidd boynuna qoyacağını bildirmişdir. Daha sonra o, müvafiq orqanlara məlumat vermək üçün ona yalandan belə işlə razı olduğunu bildirərək və tez bir zamanda onlara bu barədə məlumat verəcəyinə inandıraraq ondan ayrılmışdır. Sonradan ilk olaraq əmisi X4 bu barədə demiş, daha sonra DİN-nin 102 xidmətinə şikayət etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 göstərdi ki, hazırda Şirvan şəhər Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili işləyir. 07 sentyabr 2023-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və üzərində daşıması ilə məşğul olur. Bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuş, sonra isə həmin qərarın icra olunması ilə bağlı o, Şirvan ŞPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1, Təhqiqat bölməsinin baş təhqiqatçısı X1 ibarət əməliyyat qrupu təşkil olunmuş, 07 sentyabr 2023-cü il tarixdə, saat 18 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, 1 May küçəsinə getmişlər. Həmin küçədə olarkən Təqsirləndirilən şəxs görüb daxil olmuş məlumatın yoxlanılması məqsədilə sonuncuya yaxınlaşmışlar, özlərini təqdim edib barəsində narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, daşınması və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib üzərinə şəxsi axtarış aparılacağını demişlər. Bu zaman Təqsirləndirilən şəxs bir qədər səs-küy saldığı üçün sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməmiş, onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmiş, polis şöbəsində olarkən Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi1 seçmiş, vəkil Müdafiəçi1 gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş, buna hər hansı bir etirazının olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə narkotik vasitə olan heroinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitəni 06 sentyabr 2023-cü il tarixdə Şirvan şəhəri, 1 May küçəsində yaşadığı ünvanın yaxınlığında Oktay adlı tanışından 10 manata alıb. İstifadə etmək üçün üzərində saxlayıb. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan büküm qablaşdırılaraq götürülmüş, həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroin bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu və Oktay adlı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07 sentyabr 2023-cü il tarixli “şübhəli şəxsi tutma haqqında protokoldan və qərardan” görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2023-cü il tarixdə saat 19:40-da Şirvan şəhəri 1 May küçəsində saxlanılaraq Şirvan şəhər Polis Şöbəsinə gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. 07 sentyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə heroinə bənzər 1 ədəd sellofan büküm götürülərək müvafiq qaydada qablaşdırılmışdır. 09 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 09 sentyabr 2023cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 09 sentyabr 2023-cü il tarixli “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 08 sentyabr 2023-cü il tarixli 18/890 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, «…Təqsirləndirilən şəxs üzərindən..» sözləri yazılmış kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi - 0,544 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi - 0,544 qram, tədqiqata sərf edildi – 0,05 qram, tədqiqatdan sonra qalıq çəkisi 0,494 qram qalmışdır. Azərbaycan Respublikası Səhiyyə nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator Məcburi-narkoloji tibbi yoxlamanın 05 oktyabr 2023-cü il tarixli 6313 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 18 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin əsasən 01 il 11 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli qəlrarı ilə Şirvan şəhər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. 20 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu olmayan şəxsdir. «Şirvan şəhər mərkəzi xəstəxanası» X9 20 sentyabr 2023-cü il tarixli, 18-1-35/2- 723/2023 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ŞMP-nın narkoloji kabinetində “opioidlərin qəbulu nəticəsində fəal asılılıq sindromu,F11.2” diaqnozu ilə qeydiyyatdadır. Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 22 sentyabr 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda qeydiyyatdadır. 22 sentyabr 2023-cü il tarixli 521 nömrəli Şirvan şəhər İHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. 22 oktyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD formatındakı disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, 04 dekabr 2023-cü il tarixdə Şirvan şəhər Məhkəməsindən şəhər prokurorluğuna daxil olmuş müraciətdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində 07 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularkən Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiqə məruz qalaraq döyüldüyünü bildirmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən hədə-qorxu, qanunsuz hərəkətlərə və təzyiqlərə məruz qalaraq döyülməsi öz əksini tapmamışdır, toplanmış materialda cinayət tərkibi olunmadığından Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X9 X2 tərəfindən verilmiş 693 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ŞMX PHŞ-in narkoloji kabinetində qeydiyyatda var. 5299/2017 saylı “Sağlamlıq vəziyyətinin müayinə edilməsi” aktından görünür ki, Təqsirləndirilən şəxs “mülayim dərəcədə ifadə olunmuş nevrasteniya, özünü kəsmələrlə” diaqnozu qoyulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin cinayət işi materialları ilə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təkzib olunmasını nəzərə alıb, hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilinməlidir. Beləliklə ibtidai istintaqın başlandığı vaxtdan başlayaraq, müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirildiyi, təqsirləndirilən şəxs qismində ifadə verdiyi, sonradan isə ibtidai istintaqın qurtarması barədə məlumat vermə və cinayət işi materialları ilə tanış etmə protokolları tərtib edilənədək təqsirləndirilən şəxs bir dəfə də olsun ona qarşı irəli sürülmüş ittihamla razı olmamasını və ya özünü təqsirli bilməməsini göstərməmiş, bu barədə vəsatət verməmişdir. Yalnız məhkəmə baxışında özünü təqsirli bilməməsini və üzərində şəxsi axtarış zamanı 0,544 qram narkotik vasitə olan heroinin olmamasını göstərmişdir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,544 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını,qəsdin obyektinin psixotrop maddələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal olduğunu, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmədiyindən, ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında həbsə alınmalı, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,494 qram narkotik vasitə heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən müvafiq qaydada məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 31 manat 95 qəpik Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə (köhnə redaksiyada) təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq ona 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalında həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlama anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,494 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri - 31 manat 95 qəpik pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-19/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-19/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver