Məhkəmə qərarları › İş №1(032)-19/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-19/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-19/2025 09.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:16-da Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, Şirvan şəhəri ərazisi üzrə 9 nömrəli marşurutda nəzarətçi işləyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, o, 22 may 2024-cü il tarixdə saat 10 radələrində ictimai yer hesab olunan Şirvan şəhəri, 1 May küçəsində yerləşən 9 nömrəli sərnişin daşıma avtobus dayanacağında marşurut xətti ilə növbətçilik qaydasını pozan Zərərçəkmiş şəxs ilə mübahisə edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, heç bir əsaslı səbəb olmadan sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib ətrafdakı şəxslərin gözü qarşısında silah qismində istifadə etdiyi istintaqa məlum olmayan süpürgənin sapı ilə Zərərçəkmiş şəxs sağ qolundan vuraraq ona fiziki ağrılar yetirməklə və “sol bazunun və sol saidin orta 1/3-də cızıqlar, sağ saidin orta 1/3-də sıyrıq, belin sağ tış hissəsində qançır” kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra cinayətkar əməlinin davamı olaraq orada olan təkər təmiri sexindən götürüb silah qismində istifadə etdiyi təsərrüfatməişət təyinatlı və soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs sol əlinə vuraraq ona “sol əlin V barmağın tış səthində səthi dəri kəsiyi” kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirməklə qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şirvan şəhəri Salyan dairəsində şəhər ərazisi üzrə 9 nömrəli marşrutda dispeçer vəzifəsində işləyir. 22 may 2024-cü il tarixdə saat 10 radələrində işlədiyi Şirvan şəhəri, 1 May küçəsində yerləşən marşurutların dayanacağında olmuş, həmin vaxt Zərərçəkmiş şəxs idarə etdiyi mikroavtobusla dayanacağa gəlmiş, Bəxtiyar gələn kimi ona növbəti marşruta getmək istədiyini bildirmişdir. Buna görə aralarında mübahisə düşmüş, Bəxtiyar onun üstünə gəldiyindən o əlində olan süpürgənin sapı ilə Bəxtiyarı qolundan və bir neçə yerindən vurmuşdur. Sonra bir -birindən aralaşmışlar, o əlini yumaq üçün getmiş , bu zaman Bəxtiyarın əlində kürəklə ona tərəf gəldiyini görmüşdür. O da təkər təmiri sexinə gedərək oradan bir ədəd bıçaq götürmüş və Bəxtiyarın üstünə gəlmişdir. Həmin vaxt Bəxtiyar onu əlində olan kürəklə sağ çiynindən vurmuş, o da, əlində olan bıçaqla onu sol əlindən vurmuşdur. Sonra onlar aralaşmışlar, Bəxtiyar avtomobilinə minmiş və oradan uzaqlaşıb getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs əlində nə olduğunu görməmişdir. Mübahisə zamanı bir-birlərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Hazırda Zərərçəkmiş şəxslə barışmışlar. Əməlindən peşmandır. Ağır ürək xəstəsidir, 2023-cü ildə Mediland hospitalda açıq ürək əməliyyatı olunsa da sağalmamış, daimi müalicəyə ehtiyacı var. Son olaraq xəstə olmasını, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını bildirib məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 22 may 2024-cü il tarixdə səhər tezdən o, gündəlik qaydada işə, yəni Şirvan şəhəri, 1 May küçəsində yerləşən marşurutların dayandığı yerə getmiş, həmin vaxt birinci marşurut onun maşını olmuş, o, 06:22-də oradan avtomobili ilə hərəkətə başlamış, həmin vaxt o, marşurut üzrə Şirvan şəhəri H.Əliyev prospektindən Şəhidlər küçəsinə gəlmiş və son dayanacaqda sərnişinləri düşürdükdən sonra gəldiyi yolla 1 May küçəsində yerləşən marşurutların dayandığı yerə getmiş, həmin vaxt o, marşutu 5-ci cərgəyə salmışdır. Bu zaman orada dispeçerlik edən Azər iş görə-görə deyinməyə başlamış, Azərin deyinməyi onun ikinci səfər marşuruta gəlməyi olmuş, o da, ona demişdir ki, o, birinci marşuruta getmiş və oradan qayıdıb ikinci marşuruta girmişdir. Azər həmin vaxt ona “bir dəfə marşuruta getmisən, ikincisi olmaz” demişdir. O da Azərin bu sözündən əsəbləşib sonuncunun üzərinə getmiş və bu zaman Azər əlində olan süpürgənin sapı ilə onun sağ qolundan vurmuş və o, özünü ondan yayındırmaq istəyən zaman Azər süpürgənin sapı ilə onun sağ böyründən vurmuşdur. O, birtəhər süpürgəni Azərin əlində almış və onun sağ ayağına əlində olan süpürgə ilə vurmuşdur. Həmin vaxt bir nəfər tanımadığı şəxs maşından düşərək onları aralamış, daha sonra çıxıb getmişdir. Bundan sonra Azər yaxınlıqda olan təkər təmiri sexindən bıçaq götürüb üzərinə gəlmiş və bir-iki dəfə üzərinə bıçaqla həmlə etmişdir. O, əli ilə onun bıçaq həmlələrindən yayınmaq istəsə də, zərbələrdən biri onun sol əlinə dəymiş və əli kəsilmişdir. O başqa hadisə baş verməsin deyə avtomobilə minərək oradan uzaqlaşıb getmişdir. Mübahisə zamanı Azər ona “əqidəsiz” deyərək onu təhqir etmiş, o da onun ünvanına həmin ifadəni işlətmişdir. Həmin vaxt onun əlində vintaçan olmamış, Azərin əlində olan zədə süpürgəni onun əlində aldığı zaman yaranmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X4 ifadəsində göstərmişdir ki, Şirvan şəhər 9 saylı marşrut xəttində sürücü vəzifəsində işləyir. 22 may 2024-cü il tarixdə işə gəlmiş, ora gəldikdən sonra ona məlum olmuşdur ki , Azərlə Bəxtiyar arasında mübahisə olmasını, süpürgə ilə bir-birlərinə xəsarət yetirdiklərini, Azərin bıçaq götürməsini eşitmişdir. Lakin Azərin bıçaqla kiməsə xəsarət yetiribyetirməməsini bilmir. Hadisə vaxtı dayanacaqda olmamışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, 22 may 2024-cü il tarixdə o, saat təxminən 07 radələrində Şirvan şəhəri, Bayramlı qəsəbəsindən yol maşını ilə Şirvan şəhəri 1 May küçəsində yerləşən dayancağa gəlmiş, məqsədi oradan 9 nömrəli marşurutu ilə Salyan dairəsinə gəlmək olmuş, o, həmin vaxt ora gəldikdə dayanacağa yaxınlaşmış və növbədə olan mikroavtobusun hansı olduğunu soruşmuş, sonra o, orada dayanıb siqaret çəkməyə başlamışdır. Bu zaman iki nəfər şəxslərin bir-biriləri ilə mübahisə etdiyini görmüşdür. Bu zaman həmin şəxslərdən birinin əlində süpürgə və digərinin əlində isə dəqiq görə bilmədiyi bir predmet olmuş, sonra onlar əllərində olan əşyalarla bir birilərinə hücum etməyə başlamışlar və vurmuşlar, həmin vaxt onlar mübahisə edərkən ucadan nalayiq ifadələr də işlətmişlər. Bundan sonra o, görmüşdür ki, həmin şəxslərdən biri oradan təkər təmiri sexinə getmiş və oradan əlində bıçaqla gələrək, digəri ilə mübahisəyə davam etmişdir. Bu zaman əlində bıçaq olan, sonradan adının Azər olduğunu bildiyi şəxs digərinin üzərinə bıçaqla hücum çəkmişdir. Sonra oradan bir nəfər tanımadığı şəxs onları bir təhər ayırmış, o da, mikroavtobusa minmiş, təxminən 5-6 dəqiqə sonra mikroavtobus hərəkət etmiş və oradan uzaqlaşıb getmişlər. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 oğlu ifadəsində göstərmişdir ki, Şirvan şəhər 1 May küçəsində yerləşən avtobus dayanacağının yerləşdiyi yerdə özünə məxsus olan “Hidravlik şlanqların təmiri” sexində işləyir. 22 may 2024-cü il tarixdə Bakı şəhərinə sexə mallar almaq üçün getmiş, həmi gecə Şirvan şəhərinə qayıtmışdır. 23 may 2024-cü il tarixdə sexə getmiş, ora getdikdən sonra dayanacaqda dispeçer işləyən Azərlə sürücü Bəxtiyar arasında mübahisə düşdüyünü eşitmişdir. Hadisəni görmədiyindən hadisənin necə olduğu barədə məlumatı yoxdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X2 ifadəsində göstərmişdir ki, Şirvan şəhər 1 May küçəsində yerləşən avtobus dayanacağının yerləşdiyi yerdə özünə məxsus olan “avtomobil təmiri” sexində işləyir. 22 may 2024-cü il tarixdə işlədiyi sexdə olmuş, ona görə də hadisəni görməmiş, səs-küy eşitməmiş, sonradan da hadisə barədə heç bir məlumatı olmamışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X3 ifadəsində göstərmişdir ki, Şirvan şəhər 1 May küçəsində yerləşən avtobus dayanacağının yerləşdiyi yerdə özünə məxsus olan "xxxx" MMC-də təkər təmiri usatası işləyir. 22 may 2024-cü il tarixdə saat 08:00-dan sexdə olmuşdur. Hadisə zamanı sexdə ikinci mərtəbədə olduğundan və yatdığından aşağıda olan mübahisədən xəbərsiz olmuşdur. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında mübahisə olmuş, mübahisə zamanı Azər təkər təmiri sexindən bıçaq götürmüş və onlar bıçaqla birbirilərinə xəsarət yetirmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində Şahid6 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Şirvan şəhəri, 1 May küçəsində yerləşən mikroavtobusların dayandığı yerdə Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında mübahisə düşmüş, mübahisə zamanı tərəflər bir-birilərinə yumruq və təpik zərbələri ilə vurmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs orada olan obyektdən bıçaq götürmüş və Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək ona bıçaqla həmlələr etmişdir . Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: xx.xx.2024-cü il tarixli baxış keçirmə haqqında protokoldan və fotocədvəldən görünür ki, baxış keçilən yer Şirvan şəhəri, 1 May küçəsində yerləşən 138 saylı fərdi yaşayış evidir. Fərdi yaşayış evi bir mərtəbəli olmaqla iki otaq, bir qonaq otağı və 1 mətbəxdən ibarətdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə aralarında olan mübahisə zamanı ona xəsarət yetirdiyi 1 ədəd bıçağı mətbəxdəki dolabda gizlətdiyi bildirmiş və təqdim edə biləcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə mətbəxə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs mətbəxin girişindən sol tərəfdə yerləşən və divara bərkildilmiş dolabın birinci gözündən 1 ədəd bıçağı təqdim etmiş və bıçaq protokolla götürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 xx.xx.2024-cü il tarixli 253 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthindən aşkar olunan xəsarətlər-sol əlin V barmağın tış səthi dəri kəsiyi-iti xassəyə malik alət (əşya) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 22 may 2024-cü il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi. Sol bazunun və sol saidin orta 1/3-də cızıqlar, sağ saidin orta 1/3-də sıyrıq, belin sağ tış hissəsində qançır-küt əşya, ola bilsin taxta parçası-təsirindən törənmiş, müddəti qərarın təsviri hissəsində göstərilən tarix və şəraitə uyğun gəlir və qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan, fotocədvəldən və 1 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, baxış keçirilən yer Şirvan şəhəri, 1 May küçəsində yerləşən mikroavtobusların dayandığı yerdir. Ətrafda çoxlu ictimai iaşə obyektləri, bundan başqa ətrafda kənar şəxslərin intensiv hərəkətləri müşaiət edilir. Bundan başqa hadisə yerinin mikroavtobusların dayandığı və sərnişinlərin çoxluq təşkil etdiyi yer olması müəyyən olunur. Hadisə yerinə baxış zamanı orada olan obyektə quraşdırılmış videonəzarət kamerasından əldə edilmiş görüntüdən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında mübahisə düşmüş, mübahisə zamanı tərəflər bir-birilərinə yumruq və təpik zərbələri ilə vurmuşdur. Bundan başqa videogörüntüdən Təqsirləndirilən şəxs orada olan obyektdən bıçaq götürməsi və Zərərçəkmiş şəxs üzərində hücum çəkməsi və ona bıçaqla həmlələr etməsi görünür. 01 iyun 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. 04 iyul 2024-cü il tarixli “şübhəli olan şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs Sübhan oğlu 04 iyul 2024-cü il tarixdə, saat 13:05-də şübhəli şəxs qismində tutulmuşdur. 05 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Sübhan oğlu Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Şirvan şəhər Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 4 (032)-156/2024 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Sübhan oğlu haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs Sübhan oğlu dərhal həbsdən azad edilməsi, Təqsirləndirilən şəxs Sübhan oğlu barəsində 3 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs Sübhan oğlunun üzərinə ünvan 1 ünvanını hər gün saat 22.00-dan saat 07.00-dək tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək vəzifələrini yerinə yetirmək vəzifəsinin qoyulması, qərarın icrasının Şirvan şəhər Polis Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Şirvan şəhər Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 4(032)-196/2024 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Sübhan oğlu barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin uzadılması barədə vəsatət təmin edilməmiş, xx.xx.1976cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, 9 nömrəli marşurutda nəzarətçi işləyən, ünvan 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Sübhan oğlu barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə seçilmiş 03 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri müddətinin uzadılmasından imtina edilməsi qərara alınmışdır. 03 oktyabr 2024-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Sübhan oğlu barəsində başqa haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 30 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Sübhan oğluna Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir. Azərbaycan Respublikası Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən əldə olunmuş tələbnamədən görünür ki, Dövlət ittihamçısı Azər oğlu əvvəllər məhkum olunmamış şəxsdir. “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 18-1- 35/2-1594/2024 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında yaşayan Əliyev X5 ŞMX PHŞ-nın Poliklinika şöbəsinin ruhi-əsəb, narkoloji kabinetlərində qeydiyyatda yoxdur. xx.xx.2023-cü il tarixli “Mediland Hospital” dan verilmiş elektrokardioqramma məlumatından görünür ki, Dövlət ittihamçısı Azər oğluna sinus ritmi. ÜEO-normal. Ön divarın koronar qan dövranı pozulması diaqnozu qoyulmuşdur. Dövlət ittihamçısı Azər oğlunda açıq ürək əməliyyatı icra edilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Dövlət ittihamçısı Azər oğlu ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir : «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının tövsiyəsinə görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ilə olunan hərəkətlər başa düşülür. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının tövsiyyəsinə görə, şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Bundan başqa, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, əməlindən peşman olması, xəstəliyi Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və belə qənaətə gəlir ki, hazırki vəziyyətdə onun azadlıqdan məhrum edilməsi, qapalı məkanda yerləşdirilməsi həm onun müalicəsinin nəticəsiz qalmasına, həm də sağlamlığna mənfi təsir göstərər. Həmçinin yüngülləşdirici halları, təqsirləndirilən şəxsin ürək xəstəliyindən əziyyət çəkməsini, mütəmadi olaraq müalicə almasını, dərman preparatları qəbul etməsini, əvvəllər məhkum olunmamasını diqqətdən qaçırmır və belə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün isə əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli , üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, cəza çəkdiyi müddətdə yaşadığı Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmasını məqsədəmüvafiq olması qənaətinə gəlir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şirvan şəhər Məhəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 3 ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən həmin hal nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan iş üzrə maddi sübut bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, xuliqanlıq hadisəsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 57 manat 40 qəpik Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. İş üzrə maddi ziyan və mülki iddianın olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinsin, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər şübhəli şəxs qismində həbsdə olduğu və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər ev dustaqlığında saxlanıldığı, cəmi 02 ay 29 gün müddət nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanaraq təyin edilmiş cəzadan 05 (beş) ay 28 (iyirmi səkkiz) gün çıxılsın və qəti olaraq üzərində 02 (iki) il 06 (altı) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın . İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 57 manat 40 qəpik Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar