Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-193/2023 13.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:30 Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 2 yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham olunaraq məhkəməyə verilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,193 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 29 aprel 2023-cü il tarixdə saat 22:10 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri, N.Nərimanov küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarının sağ yan iç cibindən bir ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi 0,193 qram kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, 29 mart 2023-cü il tarixdə, təxmini saat 14-15 radələrində “Azar” adlı sosial şəbəkədə videogörünütülü danışıqla Əfsanə adlı xanımla tanış olmuş və bu zaman bir xeyli söhbət etmişlər. Şahid1 Sumqayıt şəhərində yaşadığını və işlədiyini, istədiyi vaxt gəlib qonağı ola biləcəyini bildirmişdir. Şahid1 isə ona bildirmişdir ki, Şirvan şəhərində yaşayır, o gəlsin qonağı olsun. O, Əfsanəyə bildirmişdir ki, hal-hazırda işdədir, saat 18:00-dan sonra obyekti bağlayıb gələr. Dediyi kimi də etmişdir. Təxmini saat 19 radələrində Sumqayıt şəhərindən çıxmış, yoldan viski, çaxır və meyvə almış, Şirvan şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Əfsanə “Whatsapp” tətbiqi vasitəsilə olduğu məkanı ona göndərmiş, saat 19-20 radələrində Şirvan şəhərinə çatmış və bundan sonra Əfsanə ona görüntülü zəng edərək olduğu yerin ünvanını başa salmış və o, gəlmiş, 2-ci mərtəbəyə qalxaraq evə daxil olmuşdur. Qonaq otağında əyləşib viski içərək bir xeyli söhbət etmişlər. Yarım saat sonra intim münasibətdə olmaq üçün yataq otağına daxil olmuşlar, o, tam lüt vəziyyətdə, Əfsanə isə yarı çılpaq vəziyyətdə olmuşdur. İşıqları söndürmüşdür. Bu zaman qapı açılmış və 3 nəfər tanımadığı şəxs əllərində fanarla otağa daxil olmuşlar, sonradan özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşlarından biri əlini cibinə salmış, öz əlində cibinə narkotik vasitə yerləşdirmiş və onu polis şöbəsinə aparmışlar. Həmin psixotrop maddənin özünə məxsus olmasını bildirməyini tələb etmişlər, o da məcburiyyət qarşısında qalaraq onlarla razılaşmışdır. Narkotik vasitələrdən və psixotrop maddələrdən heç vaxt istifadə etməmiş, eləcə də onların satışı ilə məşğul olmamış, Şirvan şəhərinə Şahid1 ilə görüşüb vaxt keçirmək məqsədi ilə sonuncunun dəvəti ilə gəlmiş, həmin vaxt üzərində psixotrop maddə metamfetamin olmamışdır. Təqsirləndirilən şəxs son sözündə isə CM-nin 234.1-ci maddəsi ilə ittihamı qəbul edib əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməməsinə dair hissədə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilməsə də, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd etməklə göstərmişdir ki, o narkotik vasitələrdən arabir istifadə etmiş, 29 aprel 2023-cü il tarixdə tanışı Şahid1 təklifi ilə onunla vaxt keçirmək üçün təxminən saat 19 radələrində Sumqayıt şəhərindən çıxmış, yoldan viski, çaxır və meyvə alaraq sonuncunun yaşadığı Şirvan şəhərində yerləşən evinə gəlmişdir. Şahid1 ilə qonaq otağında əyləşib viski içərək bir xeyli söhbət etmişlər. Sonra sonuncu ilə yataq otağına daxil olmuşlar, həmin vaxt Əfsanəyə bir neçə dəfə zəng gəlmiş ,sonradan evə 3 nəfər şəxs gəlmiş, polis əməkdaşları olduqlarını bildirib onu polis şöbəsinə aparmışlar. Şirvan şəhər Polis Şöbəsində vəkilin iştirakı və videoçəkiliş ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş,ondan üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşub olduğu halda könüllü təqdim etməsi təklif edilmişdir. O da əynində olan boz rəngli cins şalvarının sağ yan iç cibində saxladığı bir ədəd sellofan bükümdə psixotrop maddə metanfetamini masanın üzərinə qoymuş və həmin bükümün içərisində psixotrop maddə metanfetamin olmasını söyləmişdir. Üzərindən aşkar edilib götürülmüş psixotrop maddə metanfetamin tərəzidə çəkilmiş, çəkisinin 0,23 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı polis əməkdaşlarına bir bükümdə olan metanfetamini Sumqayıt şəhərində əldə edərək özü istifadə etmək üçün üzərində saxlamasını bildirmişdir. Şahid1 ifadəsində göstərdiklərini təkzib etmiş, sonuncuya narkotik vasitə satmamış,narkotik vasitələrin satışı ilə məşğul olmamış, sadəcə istifadəçisidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, xx.xx.2023-cü il tarixdə icraatına ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi narkotik vasitə saxlamaqda, istifadə etməkdə və satışında şübhəli olması barədə daxil olan məlumat və tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar əsasında ŞPŞ-nin ƏİÜ rəis müavini, polis polkovnik leytenantı Farid Vəliyev, TB-nin təhqiqatçısı, polis leytenantı Mustafa Əsgərov, PPXB-nin sahə polisi, polis serjantı Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən Təqsirləndirilən şəxs yeri müəyyən edilərək xx.xx.2023-cü il tarixdə saat 22:10 radələrində Şirvan şəhəri, N.Nərimanov küçəsində piyada hərəkət edən zaman saxlanılıb şəhər polis şöbəsinə gətirilmişdir. Şəhər polis şöbəsinin inzibati binasının otaqların birində saat 22:50-də videoçəkiliş vasitəsilə vəkilin, polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan boz rəngli cins şalvarın sağ yan iç cibindən bir ədəd sellofan büküm aşkar olunmuş, həmin büküm açılıb içərisinə baxış keçirildikdə içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “İphone” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Elektron tərəzi vasitəsilə həmin psixotrop maddə metamfetaminə bənzər kütlə çəkildiyi zaman həmin kütlənin çəkisinin sellofanla birlikdə 0,23 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. Həmin protokol polis əməkdaşları, vəkil və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminə bənzər maddə barəsində ekspertiza rəyi alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan Regional ekspertizası mərkəzinə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, ünvan 5 ünvanında tək yaşayır, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 14 radələrindən tanımış, belə ki, Ramil ilə sosial şəbəkə vasitəsi ilə tanış olmuşdur. Ramil ilə istifadəsində olan (055) ***-**-** mobil nömrə ilə Ramilin istifadə etdiyi (055) ***-**-** mobil nömrə ilə əlaqə saxlamış, bir neçə dəfə “Whatsapp” proqramı vasitəsi ilə yazışmış, görüntülü danışmışdır. Mobil telefonla danışarkən Ramil ona el arasında “patı” adlanan narkotik vasitəni göstərmişdir. O, əvvəllər narkotik vasitədən istifadə etdiyinə görə cəza almış, Ramilin ona göstərdiyi narkotik vasitəni tanımış, həmin vaxt spirtli içkinin təsiri altında olmuşdur. Telefonla danışarkən Ramil ondan harada yaşadığını və nə işlə məşğul olduğumu soruşmuş, evdə tək qaldığını demişdir. Bir-birlərini mobil telefon vasitəsi ilə yaxından tanımışlar. O, spirtli içkinin təsiri altında özü də, bilmədən Ramildən narkotik vasitə “patı”dan istəmişdir. Ramil ona “patı” ilə birlikdə araq və ya viski içkisi də alıb gətirəcəyini demiş, o razılaşmış, lakin Ramil “patı”nı pul müqabilində bir bükümünü 30 manata gətirə biləcəyini söyləmiş, o da razılaşmışdır. Təxminən saat 18 radələrində ona bir saata Şirvan şəhərinə gələ biləcəyini söyləmiş, Ramil ona “Whatsapp” proqramı vasitə ilə zəng edib yolda olduğunu, adını hazırda xatırlamadağı dostu ilə gələcəyini söyləmişdir. Ramil yolda olarkən ondan “konum” istəmiş, o, da, Ramilə “Whatsapp” proqramı vasitəsi ilə “konum” atmışdır. Təxminən saat 21 radələrində Ramil yaşadığı evə tək gəlmiş və Ramili əyani olaraq görmüşdür. Ramil özü ilə birlikdə viski, çaxır və meyvə gətirmiş, birlikdə evdə içmişlər, sonra o, Ramildən bir bükümdə narkotik vasitə “patı”nı istəmiş, elə bilmiş ki, Ramil hazırki münasibətlərinə görə “patı”nı pay verəcəkdir. Ramil əynindəki cins şalvarın cibindən bir bükümdə “patı”nı çıxarıb ona vermiş və “patı”nın müqabilindən ondan 30 manat pul istəmişdir. Onun üzərində 30 manat pul olmadığından 25 manat, 1 ədəd 5 manatlıq və 1 ədəd 20 manatlıq pul əskinası çıxarıb vermişdir. Ramil ondan narkotik vasitə “patı”nın müqabilində aldığı 25 manat pulu cibinə qoyarkən cibində əlavə büküm olduğunu görmüş, lakin Ramildən çəkindiyi və qorxduğu üçün bu barədə heçnə soruşmamışdır. O, Ramildən istədiyini alıb Ramilə “get” demiş, lakin Ramil getmək istəməmiş, əynindəki paltarları soyunmağa başlamış və onun üzərinə gəlmiş, lakin ona toxunmamışdır. O qışqırmış, bir anlıq özünə gəlmiş, içkinin təsirini itirmiş, Ramil onun səsindən qorxub əynini geyinmiş, Ramilə “çıx, rədd ol evimdən” demişdir. Bundan sonra Ramil təxminən saat 22 radələrinə yaxın yaşadığı evdən çıxıb getmişdir. Ramil getdikdən sonra içkinin təsirindən ayılmış, əlindəki bir büküm “patı”ya baxıb çox səhv etdiyini başa düşmüş, düzgün yolda olmadığını dərk etmiş, həmçinin o, məhkumluğunu, valideynlərini, uşağını düşünüb Ramilin ona 25 manata satdığı “patı”nı tualetə atıb suyu çəkmiş, sonradan Ramil ilə heç bir əlaqə saxlamamışdır. Sonradan Şirvan polisinə dəvət olunanda o, Ramilin Şirvan polis işçiləri tərəfindən tutulduğunu bilmişdir. Ramildən ondan əvvəl kiməsə narkotik vasitə satıb-satmaması barədə heç bir söz sual soruşmamış, ona satmış olduğu bir bükümdə metamfetamini kimdən əldə etdiyini bilməmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm aşkar olunmuş, həmin sellofan büküm açılıb içərisinə baxış keçirildikdə içərisində psixorop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. İş materiallarında olan 29 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 30 aprel 2023-cü il tarixli, 18/454 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd sellofan bükümdə, təmiz çəkisi-0,193 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metanfetamindir. Tədqiqata sərf edildi - 0,05 qr, qalıq- 0,143 qramdır. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə, saat 22.30-da şübhəli şəxs qismində tutulmuş, 01 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin 19 saylı Mənzil-Kommunal sahəsi tərəfindən 12 iyul 2023-cü il tarixdə verilmiş 524 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin 19 saylı Mənzil-Kommunal sahəsi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında qeydiyyatda olsa da mənzil satılıb yaşamır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli 3563 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini kimdən, haradan əldə etməsi barədə dəqiq məlumatın olmaması, narkotik vasitələrin satışı ilə məşğul olması, habelə narkotik vasitələrdən istifadə etməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsindən ailə üzvlərinin və yaxınlıqda yaşayan qonşularının xəbərləri olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “İphone 13” markalı mobil telefona baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən Şahid1 istifadəsində olan mobil nömrəyə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yazışmalar müəyyən olunmuş və həmin yazışmaların fotoşəkilləri çəkilərək protokola əlavə edilmiş, bundan başqa mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan Ambulator məhkəmə-psixiatrik ekspertizasının 08 iyun 2023cü il tarixli, 1582 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlik keçirməsi barədə məlumat yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyətindədir. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən qondarma fikirlər söyləməyə patoloji meyl qeyd olunmur. Bununla yanaşı Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə bilərəkdən yalan danışması və yaxud hadisələri təhrif etməsi mümkündür. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan 0,193 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində saxlamış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Halbuki istintaq orqanı Təqsirləndirilən şəxs üzərində olan şəxsi istehlak miqdarından artıq miqdarda 0,193 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlaması qənaətinə gəlib ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətdir. Göründüyü kimi qanunun mənasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satmaq üçün əldə edib saxlaması haqda nəticəyə gəlmək üçün məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib saxlaması sübut edilməlidir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət elən narkotik vasitələri və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahıya əsasən metamfetamin psixotrop maddədir, onun 0.15 qramı şəxsi istehlak miqdarının yuxarı həddidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında»Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki,cinayət qanunvericiliyinə əsasən CM-in 234.1-234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri formal tərkibli olduğundan onların başa çatmış hesab edilməsi üçün təqsirkarın qeyd olunan maddələrlə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. İş materiallarından da görünür ki, onun məqsədi psixotrop maddənin satışına yönəlməmişdir. İş materiallarında bu xüsusatı təkzib edən hər hansı bir sübut mövcud deyil. Bu hal, həmçinin Şahid1 Təqsirləndirilən şəxs 25 manat pul müqabilində ona satdığını bildirdiyi psixtrop maddə metamfetaminin müəyyən edilməməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən pul vəsaitinin aşkar edilməməsi də təqsirləndirilən şəxsin məqsədinin psixotrop maddənin satışına yönəlməməsi qənaətinə gəlməyə imkan verir. İbtidai istintaqı aparan orqan ittihamın sübut olunmasında yaranan, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verməyən şübhələr olmasına baxmayaraq bu şübhələrin aradan qaldırılması üçün qanunda nəzərdə tutulan tədbirləri görmədən, sübutlar arasında ziddiyyətləri aradan qaldırmadan, şahid qismində dindirilmiş Şahid1 ifadəsini nəzərə alaraq ona qarşı CM-in 234.2-ci maddəsi ilə cinayət törətməsi ittihamı irəli sürmüşdür. Halbuki şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə və ehtimallara əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Ona görə də məhkəmə qeyd edilən səbəbdən hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə tövsif edilməsi cinayət qanunvericiliyinə münasibətdə əsaslı və qanuni sayıla bilməz, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında,qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. CPM-in 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlama müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,143 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdən 01 may 2023-cü il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 49 manat 74 məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,143 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-193/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-193/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver